Bakıda Avropanın siyasi mühitinə yeni ab-hava gətirəcək iqtisadi layihənin icrasına start verildi

“Cənub” qaz dəhlizini “Köhnə qitə”də “XXI əsrin layihəsi” adlandırdılar

Mən hesab edirəm ki, bu gün bu sahədə – neft-qaz sahəsində yeni beynəlxalq komanda formalaşır. Komandanın bütün üzvləri bu gün salondadırlar. Əminəm ki, bizim birgə fəaliyyətimiz uğurlu olacaq və komandamız qələbə qazanacaqdır. Qoy yolumuz açıq olsun!

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Üç il bundan əvvəl – 2011-ci ilin yanvarında mən və Prezident İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzaladıq. O gündən Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu planları reallaşdırmaq üçün birgə çalışmışlar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün əlavə 5 il tələb olunacaq. Bu dəhliz başa çatdırıldıqdan sonra Qafqazdan Türkiyəyə, Yunanıstan və Albaniya ərazilərindən keçərək 2000 kilometrlik məsafəni qət edəcək və Xəzər dənizini Avropa İttifaqının mərkəzi ilə birləşdirəcək. Lakin bu layihə yalnız kəmər deyil, XXI əsrin mühüm strateji, enerji dəhlizidir. Bu, sözün əsl mənasında, geostrateji bir layihə olacaq.

Joze Manuel BARROZU

Avropa Komissiyasının sədri

 

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyamızın uğurları sıralanmaqdadır. Həmin strategiyanın ilk fazası kimi qiymətləndirilən “Əsrin müqaviləsi” faktiki olaraq, Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafının təməlinin qoyulmasında müstəsna əhəmiyyət kəsb etdi. Sonrakı mərhələlərdə Bakı-Tbilisi -Ceyhan neft, Bakı-Tbilisi- Ərzrum qaz ixrac kəmərlərinin çəkilməsi, Azərbaycan neftinin dünya bazarına çıxarılması təmin edəcək Trans-Anadolu, Trans-Adriatik kəmər layihələrin icrasına start verilməsi, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsi üçün imzalanan beynəlxalq saziş və digər layihələr ölkəmizə beynəlxalq aləmdə özünəməxsus nüfuz qazandırmışdır.

Ancaq iqtisadçı ekspertlərin fikrincə, bu il sentyabrın 20-də Bakıda təməli qoyulan “Cənub” qaz dəhlizi Heydər Əliyev neft strategiyasının zirvəsi, bu strategiyanın zəfərlərinin təntənəsi kimi qiymətləndirilir.

“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunmuş beynəlxalq əhəmiyyətli təntənəli mərasimdə iştirak edən dövlət və hökumət rəsmilərinin sırasına nəzər salmaq kifayətdir ki, bu layihənin Avropa üçün daşıdığı əhəmiyyətin miqyası barədə təsəvvür yaransın.

Heydər Əliyev neft strategiyasının ölkəmiz, xalqımız və dost ölkələr üçün xüsusi əhəmiyyət kəsb etdiyini xatırladan Azərbaycan Prezidenti dedi ki, 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması və 1996-cı ildə “Şahdəniz” qaz müqaviləsi üzrə sazişin bağlanması xalqımız üçün çox önəmli hadisələr idi: “Çünki bu gün “Cənub” qaz dəhlizinin resurs mənbəyi “Şahdəniz” qaz yatağıdır. “Şahdəniz” dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur.

Bu kəmərin yeni xəttinin tikintisi, əslində, bu gün başlayır. Azərbaycan artıq “Cənub” qaz dəhlizinin birinci hissəsini 2007-ci ildə istifadəyə vermişdir. Ondan sonrakı dövr ərzində biz böyük layihə üzərində işləyirdik. Bildiyiniz kimi, bir neçə variant var idi. 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində Trans-Anadolu kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir. TANAP layihəsi və onun həyata keçirilməsi tarixi hadisədir. Məhz TANAP layihəsinin razılaşdırılmasından sonra artıq “Cənub” qaz dəhlizinin konturları görünməyə başlamışdır. 2013-cü ildə TAP layihəsi - Trans-Adriatik kəmərinin əsas ixrac marşrutu kimi seçilməsi də tarixi hadisə idi. Eyni zamanda, keçən il artıq qazın satışı ilə bağlı kontraktlar imzalanmışdır. Yəni, bu gün bizim önümüzdə bütün üfüqlər açıqdır, yollar aydındır. Sadəcə olaraq, biz birgə səylərlə “Cənub” qaz dəhlizinin tamamlanmasını təmin etməliyik və bunu edəcəyik.

Bir sözlə, son illər ərzində Azərbaycan öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparır. Yəni, bugünkü mərasim, sadəcə olaraq, görülən işlərin zirvəsidir. Əgər əvvəlki dövrlərdə dediyim məsələlər öz həllini tapmasaydı, bu gün “Cənub”qaz dəhlizindən söhbət belə gedə bilməzdi. Hazırda layihə tam hazırdır. Bu gün dəhlizin tikintisi başlayır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, bütün bu işləri tərəfdaş ölkələrlə birgə edək, əlaqələndirmə yüksək səviyyədə olmalıdır”.

Məsələnin siyasi tərəfinə gəlincə isə dövlət başçımız yüksək səviyyəli əlaqələndirmə işlərinin vacibliyini vurğuladı: “Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır”.

Beş il əvvəl Avropada yaşanmış qaz böhranını yada salan natiq – Bolqarıstan Respublikasının Prezidenti Rosen PLEVNELİEV iqtisadi məzmunlu tədbirdə çıxış etməsinə baxmayaraq, birbaşa siyasi hadisələrin törətdiyi fəsadlardan başladı: “Ukraynada baş vermiş böhran bir daha onu nümayiş etdirdi ki, Avropa nə dərəcə qazdan asılıdır və bu, bizim Avropa İttifaqının gündəliyinin ən başlıca məsələsinə çevrilib və burada müdrik siyasətin nə dərəcədə əhəmiyyətli olduğu vurğulanıb. “Cənub” qaz dəhlizi bu illər ərzində yaşanmış asılılığın sonu olacaq. Bizim regionu və daha geniş məkanı– Avropanı asılılıqdan azad edəcək. Burada rəqabətlilik, bazarların azad olması və ədalətli qiymətlərin təklif edilməsi baxımından da irəliləyiş olacaq. Türkiyə–Bolqarıstan, Yunanıstan–Bolqarıstan əlaqələndirici kəmərlər də “Cənub” qaz dəhlizinin əhəmiyyətli tərkib hissəsi olacaq. Bu, Bolqarıstanı da, Rumıniya, Serbiya və digər ölkələri də qazla təmin edəcək”.

 Bolqarıstan dövlətinin başçısı Azərbaycanla əməkdaşlığın perspektivlərinə eyham edərək vurğuladı ki, Avropaya yenidən heç bir xəbərdarlıq lazım deyil, biz artıq dərslərimizi öyrənmişik. Biz artıq real işə başlamalıyıq.

“Cənub” qaz dəhlizinin siyasi əhəmiyyəti barədə fikirlər Gürcüstanın Baş naziri İrakli QARİBAŞVİLİ-nin çıxışında da özünə yer tapmışdı: “Onu da əlavə etmək istərdim ki, Azərbaycan və Türkiyə ilə birlikdə biz daha bir mühüm layihə üzərində çalışırıq – Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi. Bu, çox ümidverici bir layihədir. Geniş əhatə sahəsinə malik olan bir layihədir. Əminik ki, bizim üçtərəfli əməkdaşlığımız Əfqanıstanla bağlı bütün təşəbbüslərdə öz rolunu oynayacaqdır... Bu, bizim ölkələrimiz üçün prioritet məsələdir. Qonşu dövlətlər üçün azad ticarət çox nəhəng bir töhfə olacaq. Bu baxımdan Avropa İttifaqı ilə azad ticarət sazişinin əhəmiyyətini digər ölkələrə də şamil etmək istərdik”.

“Mənim ölkəm Avropa İttifaqının enerji siyasətinə sadiqdir”, – ifadəsi ilə gündəlikdəki məsələyə münasibət bildirən Monteneqronun Baş naziri Milo CUKANOVİÇ öz çıxışında qeyd etdi ki, Adriatik hövzəsi ölkələri – Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiyanı birləşdirəcək kəmər çox əhəmiyyətli bir məsələdir: “Bizim və qonşularımız üçün bu, yeni enerji imkanları açmaqdadır. Qərbi Balkanlarda bu layihələrin əhəmiyyəti çox böyükdür. İstənilən halda enerji məsələsi milli maraqlarla məhdudlaşmır. Bu sahədə əməkdaşlıq çox vacibdir və biz buna böyük əhəmiyyət veririk. ...Əminəm ki, biz ölkələrimiz üçün yeni gələcək yaradırıq”.

Tədbirdə daha çox maraqla qarşılanan və daha böyük siyasi çalar kəsb edən çıxışlardan biri də Avropa Komissiyasının sədri Joze Manuel BARROZUNUN videomüraciəti idi: “Bir daha qeyd edim ki, Avropa İttifaqı müasirləşmə islahatları ilə bağlı Azərbaycanın bütün təşəbbüslərini dəstəkləyir və müxtəlif sahələrdə daha dərin münasibətlər yaratmaq istəyir. Şübhə etmirəm ki, bundan sonra da Avropa İttifaqı və xüsusilə Avropa Komissiyası bu layihəni mənim və enerji məsələləri üzrə komissar Günter Ottinger qədər dəstəkləyəcəkdir.

Şəxsən mən artıq Avropa Komissiyasının sədri kimi deyil, Azərbaycanın dostu qismində “Cənub” qaz dəhlizi ilə bağlı irəliləyişi və ümumən, münasibətlərin inkişafını məmnuniyyətlə izləyəcəyəm”.

 Xatırladaq ki, bir həftə əvvəl Avropa Parlamentindəki ermənipərəstlərin qəbul edib yaydıqları anti-Azərbaycan qətnamə cənab Barrozunun bu fikirlərinin qarşısında, təxminən, milçək vızıltısı qədər dəyər kəsb edir.

Daha bir siyasi məqam. “Türkiyə Respublikasının hökuməti olaraq, həm Türkiyə Böyük Millət Məclisində hökumətlərarası müqavilələrin və eyni zamanda, ev sahibliyi müqavilələrinin təsdiqi də tamamlanmışdır. İcazə verin, açıq şəkildə söyləyim ki, Türkiyə və Azərbaycanın tərəfdaşlarımızla əməkdaşlıq şəraitində reallaşdırdığı bu layihələr, bir az əvvəl dediyim kimi, yalnız bölgəyə deyil, eyni zamanda, geniş bir coğrafiyaya sülh və sabitlik gətirəcək layihələrdir”. – Bu fikirləri Türkiyənin energetika və təbii sərvətlər naziri Taner YILDIZ səsləndirdi və əlavə etdi ki, köklü bağlarımızın olduğu Cənubi Qafqaz Türkiyə baxımından vazkeçilməz əhəmiyyətdədir. Şərq ilə Qərb, Şimal ilə Cənub arasındakı ticarət, enerji və nəqliyyat dəhlizlərinə əlavə olaraq mədəniyyətlərin qarşılıqlı təsirini təmin edən və bölgənin sülh, sabitlik və rifah qovşağına çevrilməsi geniş Avrasiya coğrafiyası ilə bağlı baxışımızın əsasını təşkil edir. “Bu gün təməlini qoyacağımız “Cənub” qaz dəhlizi layihəsi yalnız bir enerji və ya nəqliyyat layihəsi deyildir. “Əsrin müqaviləsi”ndən bəri qardaş Azərbaycan ilə inkişaf etdirdiyimiz layihələr bütün ətraf ölkə və bölgələrə sülh gətirmək məqsədi daşıyan layihələrdir. Bakı-Tbilisi-Ceyhan layihəsi ilə Qafqazı Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-Ərzurum layihəsi ilə Qafqazı Anadoluya bağladıq. “Cənub” qaz dəhlizi layihəsi və onun onurğa sütunu olan TANAP ilə Avropanı və Qafqazı bir-birinə bağlayır və sanki, bir sülh dəhlizi açırıq. Bu, iki ölkənin ən azı 10 ildən bu yana gecə-gündüz çalışaraq birlikdə ortaya qoyduğu böyük bir hədəfin göstəricisidir”.

Mühüm siyasi fikirlərdən birini isə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos HOKSTAYN söylədi: “Biz fəxr edirik ki, Bakı-Tbilisi-Ceyhan layihəsinin inkişafı və həyata keçirilməsi istiqamətində Azərbaycana mühüm dəstək vermişik. Sabiq Prezident Klintondan Prezident Obamaya qədər hər bir ABŞ Prezidenti bu layihənin qəti tərəfdarı olub”.

ABŞ rəsmisi qeyd etdi ki, Azərbaycan ilə bizim enerji tərəfdaşlığımız güclüdür və yeni layihələr meydana çıxdıqca daha da güclənəcək. İyun ayında Prezident Obama məktubunda dediyi kimi, bu layihənin icrası Avropanın qaz təchizatının genişləndirilməsi baxımından mühüm addımdır və ABŞ onu dəstəkləməyə hazırdır.

Ancaq onun başqa bir fikri soydalarımızın və Azərbaycanı sevən istənilən dostumuzun yadından çıxmayacaq: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra enerji sahəsində lider olub. Əminəm ki, Siz bundan sonra da bu işləri cəsarət və əzmkarlıqla, açıq, ədalətli və şəffaf şəkildə davam etdirəcəksiniz. Firavanlığın təmin edilməsində ABŞ Sizin yanınızda olacaq”.

Bütün çıxışlardan sonra Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Yunanıstanın Baş naziri Antonis Samaras, Bolqarıstan Prezidenti Rosen Plevneliev, Albaniyanın energetika naziri Damian Giknuri, İtaliyanın iqtisadi inkişaf nazirinin müavini Klaudio de Vinsenti, Monteneqronun Baş naziri Milo Cukanoviç, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ticarət və investisiyalar naziri Lord Livinqston, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn, bp şirkətinin baş icraçı direktoru Robert Dadli, Azərbaycanın energetika naziri Natiq Əliyev və ARDNŞ-in prezidenti Rövnəq Abdullayev “Cənub” qaz dəhlizinin təməlinə qoyulacaq ilk borunu imzaladılar və “Cənub” qaz dəhlizinin təməli qoyuldu. Fikrimizcə, bu təməlqoyma mərasimi XXI əsr Avropasının həyatındakı ən mühüm iqtisadi və siyasi addımlardan biri idi. Uğurlu olsun!

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında