Avropa Parlamentinin Azərbaycan barədə son qətnaməsi tamamilə qərəzli və əsassızdır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin sentyabrın 18-də yaydığı məlumatda bildirildiyi kimi, Avropa Parlamenti guya Azərbaycanda insan və hüquq və azadlıqlarının pozulmasına dair qətnamə qəbul etmişdir. Biz hələ layihə şəklində olarkən həmin qətnamənin qərəzli və subyektiv olduğu barədə qurum rəhbərliyinə rəsmi etirazımızı bildirmişdik. Buna baxmayaraq qətnamə qəbul olundu.. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi başda olmaqla bütün dövlət qurumları və ictimaiyyət nümayəndələri ermənipərəst qüvvələrin və erməni lobbisinin diktəsi əsasında hazırlanmış bu qətnaməyə etiraz edir. Həmin məsələ ilə bağlı bizim fikirlərimiz aşağıdakılardan ibarətdir:

Son zamanlar Avropa Parlamenti və digər Avropa təşkilatlarında bəzi siyasətçilər Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindən biri olan Azərbaycana qarşı qərəzli kampaniyalara və kəskin hücumlara başlamışlar. Bu qərəzli kampaniyada almaniyalı deputat Aleksandr Graf Lambsdorf və onun təmsil etdiyi yaxın ətrafı xüsusi fəallıq nümayiş etdirirlər.

Cənab Lambsdorfun ALDE qrupu adından təqdim etdiyi qətnamə layihəsi bu kampaniyanın tərkib hissəsidir. Belə ki, qətnamə layihəsinin tərtibatı, yoxlanılmamış faktlara istinad edilməsi, bölgədə olan geosiyasi gerçəkliklərin nəzərə alınmaması, suveren dövlətə qarşı sərt və qeyri-adekvat sanksiyaların tətbiqinin tələb edilməsi, hüquqi məsələlərin siyasi müstəvidə həllinə çağırışlar bu sənədin tələsik və açıq-aşkar qərəzli hazırlanması ilə bərabər, məqsədyönlü şəkildə antiazərbaycan xarakteri daşımasından xəbər verir.

Qətnamə layihəsində diqqəti çəkən məqam ondan ibarətdir ki, müəllif Azərbaycanda baş verən hadisələrə yalnız mənfi prizmadan yanaşır, şəxsi mülahizələri əsasında qəbuledilməz ümumiləşdirlmələrə yol verir, müasir sivil dünyanın ən vacib dəyərlərindən biri olan hüququn aliliyi prinsipinə məhəl qoymadan siyasi dəyərləndirmələrə əsaslanır. Sual olunur: Qətnamə müəllifinin bu yanaşması təsadüfdürmü? Qətnamə ilə yaxından tanış olduqda bu sənədin təsadüfən deyil, əksinə məqsədyönlü şəkildə belə formatda təqdim edildiyinin şahidi oluruq. Misal üçün, müəllif qətnamədə ümumi formada göstərir ki, ölkədə jurnalistlər təqib olunur, lakin bunun sübutu olaraq hər hansı konkret fakta istinad edilmir.

Digər bir misal: Qətnamədə barələrində istintaq tədbirləri davam edən şəxslərin dərhal və qeyri-şərtsiz azad edilməsi tələb olunur. Müəllif belə tələb irəli sürməklə barələrində istintaq tədbirləri davam edən şəxslərin ədalətli məhkəmə baxışı hüququnun pozulmasına və istintaqın gedişinə birbaşa müdaxiləyə çağırış etmiş olur və bununla da insan hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyaların və digər sənədlərin müvafiq müddəalarına qarşı çıxır.

Dərin təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, müəllif QHT-lərin fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyi düzgün qiymətləndirmir, onların fəaliyyətində mövcud olan qeyri-şəffaflığa və məsuliyyətsizliyə bəraət qazandırır. Bununla bağlı qeyd etməliyəm ki, QHT-lər haqqında Qanuna edilmiş son dəyişiklik və düzəlişlər qeyri-hökumət təşkilatlarının fəaliyyətində şəffaflığı artırmaq məqsədi daşıyır. Həm dövlət, həm də özəl sektoru əhatə edən bu dəyişiklik və düzəlişlər Azərbaycan cəmiyyətinin bütün sahələrində korrupsiya ilə mübarizəyə yönəlmiş hərtərəfli tədbirlərin tərkib hissəsidir. Lakin müəllif bu hadisələri düzgün qiymətləndirməyə cəhd göstərmək istəməmişdir.

Nə üçün Lambsdorf hesab edir ki, Azərbaycanda davam edən istintaq və sonrakı məhkəmə proseslərində digər suallarla yanaşı, qeyri - şəffaf QHT rəhbərləri xaricdə və öz ölkələrində daşınmaz əmlakları və digər mülkiyyətlərinin mənbəyi barədə əsaslı və qanuni sübutlar təqdim etməməlidirlər? Nəhayət, nə üçün Lambsdorf bir sıra həbs edilmiş, barələrində istintaq işləri davam edən və ya məhkəmə qərarları qəbul olunmuş şəxslərin “dərhal və qeyd-şərtsiz azad olunmasına və onlara qarşı qaldırılan bütün ittihamların rədd edilməsinə” çağırış edərək, məhkəmələrin səlahiyyətinə aid olan sırf hüquqi məsələni siyasi müstəvidə saxlamağa və onun Azərbaycana qarşı siyasi təzyiq formasında həll edilməsinə çalışır?

Azərbaycan tərəfi hesab edir ki, hüquq-məhkəmə qaydalarına uyğun olaraq, siyasi məhbus olması və ya saxta ittihamlarla həbs olunması iddia edilən hər bir məhbusla bağlı iddiaçı tərəf (beynəlxalq və yerli QHT-lər, beynəlxalq təşkilatlar və s.) məhkəmə iddiası qaldırmalı və kimin siyasi məhbus olub-olmamasını və ya saxta ittihamlarla həbs edilib-edilməməsini məhkəmə müəyyən etməlidir. Digər tərəfdən, əgər cənab Lambsdorf və onun havadarları doğrudan da insan hüquqlarının və fundamental azadlıqların təmin edilməsinə çalışırlarsa, onda niyə 22 ildən artıq bir müddət ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının kütləvi, kobud və davamlı şəkildə pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində bir dəfə də olsun məsələ qaldırmamış və məsələ ilə bağlı biganəlik nümayiş etdirmişlər?

Nə üçün Lambsdorf və tərəfdarları ayrı-seçkiliyə yol verərək indiyədək Azərbaycan ərazilərini işğal altında saxlayan və buna görə tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi qarşısında beynəlxalq hüquqi məsuliyyət daşıyan Ermənistan dövlətinə qarşı sanksiyaların tətbiq edilməsini tələb etməmişlər? Beləliklə, qətnamənin əsl məqsədi aydın olur: Azərbaycana qarşı siyasi təzyiqlər edərək onu ikinci dərəcəli məsələlərlə məşğul edərək, işğal altındakı ərazilərinin azad olunması kimi prioritet məsələnin həllindən yayındırmaq. Biz Avropa Parlamenti kimi nüfuzlu qurumun belə absurd mövqe tutmasını qətiyyətlə pisləyirik.

 

Elxan SÜLEYMANOV,

Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında