Azərbaycanın sədaqətli dostlarından və genişmiqyaslı əməkdaşlıq etdiyimiz ölkələrdən olan Səudiyyə Ərəbistanı Krallığının xalqı öz Milli Gününü qeyd edir. Bizim bu xalq ilə əlaqələrimizin tarixi kökləri vardır. Ancaq dövlətlər arasında rəsmi siyasi-diplomatik münasibətlər ölkəmizin ikinci dəfə öz dövlət müstəqilliyinə qovuşmasından sonra mümkün olub.
Belə ki, Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın dövlət mustəqilliyini tanıyan ilk ölkələrdəndir. 1991-ci ilin oktyabrında elan etdiyimiz dövlət müstəqilliyimizi rəsmi Ər-Riyad heç iki ay yarım keçməmiş – dekabrın 30-da tanıyıb. Sonrakı il fevralın 24-də isə iki ölkə arasında diplomatik əlaqələr yaranıb. Bu ölkədə Azərbaycanın səfirliyi 1994-cü ilin aprel ayında fəaliyyətə başlayıb. Beş il sonra isə Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyi açılıb.
Bakı ilə Ər-Riyad arasında münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hələ 1994-cü il iyulun 13-də Səudiyyə Ərəbistanına rəsmi səfər etmiş ulu öndər səfərdən qayıdarkən mətbuata verdiyi müsahibədə demişdi: “...Səudiyyə Ərəbistanı dövləti və məlik Fəhd ibn Əbdül Əziz al-Səud Ermənistanın Azərbaycana təcavüzünü qəti pisləyir və hesab edir ki, təcavüzkar məhkum edilməli, işğal olunmuş torpaqlardan çıxmalı və Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır...” Krallıq hökuməti 2002-ci ilin avqustunda qondarma Dağlıq Qarabağ respublikasında kecirilən prezident seckilərini pisləmiş və Azərbaycanın ərazi bütövlüyünu növbəti dəfə dəstəkləməklə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə öz münasibətini bir daha ortaya qoymuşdu.
Bu ölkə Azərbaycanın istənilən probleminin aradan qaldırılmasında qardaşcasına yardımçı olmaqla yanaşı, Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının bərabər işlənməsi məqsədilə yaradılmış beynəlxalq konsorsiumda da iştirak etmişdir. 1994-cü il sentyabrın 20 - də Bakıda imzalanan “Əsrin müqaviləsi”ndə bu ölkənin Delta-Hess şirkəti də (2,72 faiz payla) iştirak edirdi. 2002-ci ildə Səudiyyə İnkisaf Fondu Bakı şəhərində orta məktəb binalarının tikinti layihələrini həyata kecirmək məqsədilə Azərbaycan hökumətinə 35,7 milyon rial həcmində kredit ayrılması barədə qərar qəbul etmişdi.
Əməkdaşlığın daha intensiv mərhələsi 2003-cü ilin payızından sonra başlamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına 2005-ci il martın 8-də həyata keçirilən səfəri iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir. Bu səfər ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərdə yeni mərhələ oldu. Məhz həmin mərhələdə Səudiyyə Ərəbistanı Krallığının İnkişaf Fondu ilə Vəlvələçay-Taxtakörpü kanalının tikinti layihəsinin maliyyələşdirilməsinə dair 18 milyon dollarlıq kredit sazişi, Səudiyyə Ərəbistanı Krallığı hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş imzalanıb.
Dövlətlərimiz BMT və İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq qurumlarda da sıx əməkdaşlıq edir və daim bir-birini dəstəkləyirlər. Azərbaycanın 2012- 2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2009-cu ildə Bakı şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi və bu kimi digər məsələlərdə Səudiyyə Ərəbistanının köməyini və dəstəyini yaxından hiss etmişik. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının xarici işlər nazirinin iqtisadiyyat və mədəniyyət işləri üzrə müavini Yusif bin Tarrad əs-Sədan ilə görüşündə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyini, əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında müştərək komissiyanın səmərəli fəaliyyətini qeyd etmişdir.
Bu ölkə ilə siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, mədəni əlaqələrimiz də dövri olaraq inkişaf edir. 2007-ci ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad, Ciddə və Dəmmam səhərlərində Azərbaycanın mədəniyyət gunləri kecirilib. Mədəniyyət gunlərində Azərbaycanın elm və incəsənət xadimlərindən ibarət böyük nümayəndə heyəti istirak edib.
Sonrakı ilin iyun ayında isə Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət günləri kecirilib. Mədəniyyət günlərində yüz nəfərdən artıq Səudiyyə numayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə dost ölkənin mədəniyyət və informasiya naziri İyad bin Əmin əl-Mədəni rəhbərlik edirdi. Həmin il ölkələrarası əməkdaşlığın genişləndirilməsində xüsusi xidmətləri olan Səudiyyə səfiri Azərbaycanda yüksək səviyyədə mükafatlandırılıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Əli Həsən Əhməd Cəfər iki olkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkisaf etdirilməsində xidmətlərinə gorə “Söhrət” ordeni ilə təltif olunub.
Enerji ehtiyatlarına görə dünyanın öndə gedən ölkələrindən biri, dünya birliyində, xüsusilə İslam ölkələri arasında yüksək nüfuza malik olan Səudiyyə Ərəbistanı Krallığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərar və qətnamələri dəstəklədiyini dəfələrlə bəyan edib. Rəsmi Ər-Riyad Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını qəti şəkildə bəyan etmiş iki-üç dostumuzdan biridir.
Sentyabrın 23-də dost ölkənin Milli Günü qeyd olunur. Dar günümüzdə və xoş anlarımızda daim yanımızda olmuş dostlarımızın milli bayramını təbrik edən minlərlə soydaşımızın sırasına biz də qoşuluruq.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.