Azərbaycan demokratik dəyərlərin bərqərar olduğu müasir, hüquqi, sivil dövlətdir. Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə sürətli inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi strategiyaya əsaslanan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən məqsədli və planlı şəkildə həyata keçirilən demokratikləşmə prosesi cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Respublikamızda müxtəlif yönümlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin müstəqil, sərbəst və azad fəaliyyəti üçün yaradılmış əlverişli şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir. Konstitusiyamızın ana xətti və mahiyyəti tamamilə beynəlxalq normalara, əsas insan hüquq və azadlıqlarına uyğundur. Bunu, nüfuzlu beynəlxalq təşkilatların tanınmış ekspertləri də təsdiqləyirlər.
Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan bir müddət sonra ölkədə insan hüquqlarının müdafiəsinə dair dövlət proqramları və digər qanunvericilik aktları qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da genişləndirilməsi və insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi öz əksini tapıb. Vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də müvəffəqiyyətlə davam etdirilir .
Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması və beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəlməsi erməni lobbisi tərəfindən maliyyələşdirilən və onların diktəsi ilə hərəkət edən bəzi xarici dairələrin ciddi təşvişinə səbəb olub. Belə qərəzli beynəlxalq təşkilatlar heç bir fakta əsaslanmadan ölkəmiz haqqında yalan və böhtanla dolu hesabatlar hazırlayaraq beynəlxalq aləmdə mənfi rəy yaratmağa cəhd edirlər. “Human Rights Watch”, “Freedom House” “Amnesty İnternational”, Sərhədsiz Reportyorlar və digər ermənipərəst təşkilatlar artıq özlərini yalançı və qərəzli beynəlxalq təşkilat kimi təsdiq ediblər. Son illər bu qeyri-hökumət təşkilatlarının respublikamız haqqında hazırladıqları qərəzli hesabatlar da bundan xəbər verir. Təəssüf edirik ki, artıq Avropa Parlamenti kimi nüfuzlu bir qurum da onlarla bir sıradadır. Bu parlamentin son günlər ölkəmizdə insan hüquqlarına dair qəbul etdiyi qərəzli qətnamə də deyilənləri təsdiqləyir.
Avropa Parlamentinin Azərbaycanda insan hüquqları ilə bağlı qəbul etdiyi qətnamə tamamilə əsassız və qeyri-obyektivdir. Azərbaycanda qanunun aliliyi, insan hüquqlarının qorunması, ifadə və sərbəst toplaşmaq azadlığı və məhkəmə sisteminin müstəqilliyi tam şəkildə təmin olunub. Son illər bu sahədə daha qətiyyətli addımlar atılıb və beynəlxalq konvensiyalara uyğun qanunvericilik aktları qəbul olunub. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə qeyd olunduğu kimi, ölkəmizdə siyasi baxışlarına və fəaliyyətinə görə heç kim təqib və mühakimə olunmur. Qanunun aliliyinin təmin olunduğu istənilən demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da heç kəs özünü qanundan üstün hesab edə bilməz. Qərəz və yalanların yığnağı olan bu qətnamə yalnız Azərbaycana siyasi təzyiq göstərmək məqsədi daşıyır. Qətnamədə Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq-mühafizə sisteminə hörmətsizlik, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək cəhdi açıq şəkildə özünü büruzə verir.
Konkret cinayət əməllərinə görə həbs olunmuş və ya məhkum edilmiş şəxslərin “dərhal, qeyd- şərtsiz azad olunması”, anarxiya və özbaşınalığa yol aça biləcək “sərhədsiz azadlıq” tələbləri, Azərbaycanla əməkdaşlıq edən digər beynəlxalq qurumlara qarşı təzyiq və şantaj cəhdi və s. bu sənədin və onu qəbul edənlərin məkrli simasını açıq nümayiş etdirir. AP-nin Azərbaycana təzyiq göstərmək üçün Beynəlxalq Olimpiya Komitəsinə və quruma üzv olan ölkələrə çağırışı bunu bir daha təsdiq edir.
Avropa Parlamenti Ermənistanın işğalcı siyasətinə son qoymaq tələbi ilə çıxış etmək əvəzinə, “xalq diplomatiyası” bəhanəsi ilə düşmənlə sıx əməkdaşlıq edən Leyla Yunus və Arif Yunus kimi ünsürlərin azad olunmasını, onların cinayətkar fəaliyyətinə maneçilik törədilməməsini “tələb edir” və bu tipli fəaliyyəti dəstəkləyir.
Onu da qeyd edək ki, hər dəfə Azərbaycanda hər hansı bir mühüm əhəmiyyətli beynəlxalq tədbir keçirilən ərəfədə bəzi beynəlxalq təşkilatların qərəzli hesabatları dərc olunur. Biz zaman-zaman bunun şahidi olmuşuq. Avropa Parlamentinin Azərbaycanda insan hüquqları ilə bağlı qəbul etdiyi qətnamə də məhz belə bir vaxta təsadüf edir. Məlum olduğu kimi, bu il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin təməlinin qoyulması mərasimi keçirilir. Belə bir tədbir ərəfəsində Avropa Parlamentinin qəbul etdiyi qətnamənin süni şəkildə meydana çıxarılması Avropa İttifaqı və Azərbaycan arasında münasibətlərin daha da inkişaf etməsinə və Avropa İttifaqının özünün enerji təhlükəsizliyinin gücləndirilməsinə əvəzsiz töhfə verəcək bu layihənin uğuruna heç bir əsası olmayan “insan hüquqları” adı altında xələl gətirmək cəhdi kimi qiymətləndirilməlidir.
Azərbaycana qarşı məqsədyönlü şəkildə yürüdülən siyasi sifariş və ikili standartlardan qaynaqlanan bu qətnamə Avropa Parlamenti daxilində Avropa İttifaqının özünün təməl prinsnplərinə zidd fəaliyyət göstərən qüvvələrin mövcudluğuna dəlalət edir. Artıq bu fakt beynəlxalq aləmdə də öz təsdiqini tapıb.
Avropa Parlamenti, həmçinin “Human Rights Watch”, “Freedom House” “Amnesty İnternational”, Sərhədsiz Reportyorlar kimi özlərini insan hüquqlarının və demokratiyanın carçısı kimi təqdim edən beynəlxalq təşkilatlar, nədənsə, ən elementar hüquqlardan belə məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasına göz yumur, bu ədalətsizliyi görməməzliyə vururlar. Bu haqsızlıq onların əsl məkrli niyyətlərindən və ikili standartlara xidmət etmələrindən xəbər verir.
Azərbaycanın kənar təsirlərə tabe olmadan müstəqil siyasət yeritməsi və bu yolla irəliləməsi ölkəmizin beynəlxalq aləmdəki siyasi nüfuzunu getdikcə artırır. Təbii ki, bu siyasət normal əməkdaşlığa və tərəfdaşlığa əsaslansa da, bölgədə marağı olan bəzi xarici qüvvələr bütün bunlardan qıcıqlanır və müxtəlif vasitələrlə respublikamızın inkişafına, reytinqinin getdikcə artmasına süni əngəllər törətmək istəyirlər. Belə qərəzli təşkilatlar “insan hüquq və azadlıqlarının pozulması” vasitəsindən tez-tez istifadə edirlər. Onlar bu yolla Azərbaycana təzyiq etməyə çalışır, ölkəmizin müstəqil siyasət yürütməsinin qarşısını almağa cəhd edirlər. Belə təşkilatların qərəzli münasibətləri, böhtanla dolu hesabatları, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq qəbul olunmur. İlk növbədə, ona görə ki, Azərbaycanda insan hüquq və azadlıqların pozulması ilə bağlı problemlərdən danışarkən, yalnız qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpasından söhbət getməlidir.
Azərbaycan haqqında hesabatlar hazırlayan beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə həmin insanların öz ata-baba ocaqlarında yaşamaq hüququnun qorunması məsələsi öz əksini tapmır. Belə ermənipərəst təşkilatlar yalnız hansısa formada Azərbaycanın demokratik inkişafı, insan hüquq və azadlıqları sahəsində vəziyyətə, bir sözlə, ölkəmizin təmiz imicinə zərər gətirməyə çalışırlar. Lakin bütün bunlar ölkəmizi tutduğu yoldan döndərə bilməz. Azərbaycan özünün müəyyənləşdirdiyi inkişaf yolu ilə qətiyyətlə irəliləyir, insan hüquq və azadlıqlarının qorunması istiqamətində bütün vasitələrdən istifadə edir.
Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının fundamental prinsiplərinin bərqərar olmasına zəmin yaradan ardıcıl, məqsədyönlü qanunvericilik aktlarının, tədbirlərin və bu sahədə aparılan islahatların əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1993-cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan əsl müstəqilliyini əldə etməklə yanaşı, insan hüquqlarının təmini, inkişaf etdirilməsi, qorunması sahəsində mühüm nailiyyətlərə imza atdı. Məhz ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyindən sonra ölkəmizdə hüquqi dövlət quruculuğuna başlandı, söz, fikir və mətbuat azadlığı etibarlı şəkildə təmin edildi, insanların sərbəst toplaşmasına, öz fikirlərini azad ifadə etmələrinə şərait yaradıldı, digər demokratik prinsiplərin cəmiyyətdə təşəkkül tapması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bu sahədə demokratik prinsiplərə tam cavab verən qanunvericilik bazası yaradıldı. Bundan sonra müstəqil dövlətimizin beynəlxalq aləmə inteqrasiyası geniş vüsət aldı.
İnsan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoyan ulu öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edirdi. Böyük tarixi şəxsiyyət bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edilib.
Ölüm cəzasının ləğv edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb.
Beləliklə, keçmiş sovet konstitusiyalarından fərqli olaraq, ilk dəfə bizim Konstitusiyamızda dövlət hakimiyyətinin bölgüsü prinsipi həyata keçirilib. Konstitusiyanın “Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan III fəsli bütövlükdə məhz insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Burada insanlara doğulduğu andan mənsub olan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqların hər biri ətraflı şərh edilir, onların həyata keçirilməsinə təminat verilir.
Demokratik inkişaf yolunu seçən Azərbaycan Respublikasında insan hüquqları və əsas azadlıqlarının təminatı istiqamətində aparılan islahatların sürətləndirilməsi və səmərəsinin artırılması məqsədilə ölkəmiz bu sahə ilə birbaşa məşğul olan beynəlxalq təşkilatlarla əməkdaşlığı və həmin qurumlara üzv olmağı prioritet vəzifə kimi qarşıya qoydu. Respublikamızın Avropa Şurasına üzv olması, müstəqillik dövründə qəbul olunan məcəllə və qanunların Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanıb qəbul edilməsi, Avropa və dünya standartlarına uyğunlaşdırılması ölkəmizin beynəlxalq aləmdə reytinqini getdikcə artırdı. Ölkəmizin hazırda bu qurumun ən fəal üzvlərindən birinə çevrilməsi də məhz insan hüquq və azadlıqlarına yüksək önəm verilməsininn nəticəsidir.
Ulu öndərin bilavasitə rəhbərliyi ilə 1996-2003-cü illərdə amnistiya haqqında 7 qanun imzalanmış, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma bu amnistiya aktları şamil edilmişdir. Heydər Əliyevin bu humanist addımından sonra müstəqil dövlətimizin beynəlxalq aləmdəki reytinqi getdikcə artdı.
Ulu öndər Heydər Əliyevin ideyalarını davam etdirən Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir. Təkcə bir faktı qeyd edək ki, ölkə Prezidentinin sərəncamları ilə son on ildə 35 160 nəfərdən çox məhkum azadlığa buraxılmışdır.
Yüksək humanizm prinsipləri ilə daim diqqətdə olan Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən 2013-cü ilədək, yəni fəaliyyətinin 10 ili ərzində 23 əfv sərəncamı imzalayıb. Dövlətimizin başçısı bu müddətdə 3 amnistiya aktına imza atıb. 2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564 , 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. Bundan əlavə, Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə iki dəfə amnistiya aktı qəbul olunub. Bu mərhəmət sayəsində on minlərlə məhkum azadlığa qovuşmuşdur.
Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixili sərəncamı ilə respublikamızda hər il 18 iyun- İnsan Hüquqları Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq edilib. 2009-cu ildə ölkəmizdə keçirilmiş və əhali tərəfindən yüksək dəstəklənmiş Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan referendumda da əsas məqsədlərdən biri insanların azad, firavan, sərbəst yaşaması üçün təkmil qanunvericilik bazasını müasirləşən və dünyaya sürətli inteqrasiya yolu ilə irəliləyən Azərbaycanın inkişafına uyğunlaşdırmaq idi. Ölkə başçısının “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması barədə sərəncamından sonra “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq olunub ictimai müzakirəyə çıxarılması həyata keçirilən islahatların davamlı olmasından xəbər verir.
Dövlətimizin başçısı İlham Əliyev, hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb.
Azərbaycanda hər il milli bayramlar ərəfəsində amnistiya aktlarının və əfv fərmanlarının qəbul olunması artıq ənənə halını alıb. Bunu beynəlxalq təşkilatların ekspertləri də yüksək dəyərləndirlər. Ancaq Avropa Parlamentinin ölkəmiz haqqında belə qərəzli və heç bir fakta əsaslanmayan absurd qətnamə qəbul etməsi təəssüf doğurur.
Azərbaycanın üzv olmadığı və qarşısında heç bir öhdəlik daşımadığı Avropa Parlamentinin bütün etik normalara, diplomatik qaydalara, Avropa İttifaqı ilə bir çox sahələr üzrə əməkdaşlıq əlaqələrinin ruhuna zidd və ikili standartların bariz nümunəsi olan belə sənədlər qəbul etməsi yolverilməzdir.
Qətnaməni hazırlayan 46 Avropa Parlamenti deputatının və onların Azərbaycandakı mənbələrinin kimliyi bu sənədin necə və hansı məqsədlə ərsəyə gəldiyini izah edə bilər. “5-ci kolon”un sifarişlə hazırladığı bu donosların qətnamə halına salınaraq qəbul edilməsi bir qrup ermənipərəst işbazın AP-nin adından spekulyasiya cəhdindən başqa bir şey deyil.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.