Sentyabrın 12-də Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın Azərbaycana rəsmi səfəri gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Malayziyanın hökumət başçısı ilə təkbətək görüşü oldu. Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Əlaqələrimizin genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Malayziya Baş nazirinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirildi. Səfər çərçivəsində həmçinin Azərbaycan və Malayziya iş adamlarının iştirakı ilə biznes forum keçirildi. Forumda Azərbaycan ilə Malayziya arasında işgüzar əlaqələrin inkişafında bu tədbirin əhəmiyyəti vurğulanaraq qarşılıqlı səfərlərin rolu qeyd edildi. Diqqətə çatdırıldı ki, hazırda Azərbaycan ilə Malayziya arasında imzalanması nəzərdə tutulan 17 sənəd üzərində iş aparılır.
Müsəlman Şərqinin bu iki parlayan ulduzu–Azərbaycan və Malayziya arasında yaranan bu münasibətlər və qeyd olunan rəsmi görüş əslində bəlkə də çoxdan gözlənilən hadisələrdən biri kimi qiymətləndirilir. Çünki İslam Konfransı Təşkilatının iki həlledici səsə malik, hazırda inkişaf tempinə görə dünyanı heyrətləndirən bu iki müsəlman ölkəsi arasında baş tutan bu əlaqələri gələcək perspektivlər vəd edən və inkişafa doğru hədəfləri ilə seçilən görüş hesab etsək yanılmarıq.
Əslində, Azərbaycan ilə Malayziya arasında yüksək səviyyəli əlaqələrin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 1994-cü ildə Mərakeşdə keçirilmiş VII Zirvə toplantısında ilk dəfə olaraq ulu öndər Heydər Əliyev Malayziyanın sabiq Baş naziri Mahathir bin Mohamadla görüşmüş, bununla da iki ölkə arasında münasibətlərin əsası qoyulmuşdur. 2006-cı ildən isə iki ölkə arasında rəsmi əlaqələr intensiv xarakter almışdır. Həmin il Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziyaya rəsmi səfərə gəlmişdir. 2006-cı ilin avqustunda Baş nazir Artur Rasizadə Kuala Lumpurda İƏT-in fövqəladə Zirvə toplantısında iştirak etmiş, 2012-ci ilin noyabrında isə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Malayziyaya rəsmi səfəri olmuşdur. Malayziyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlaması isə ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır.
Malayziya - Cənub Şərqi Asiyada İndoneziyadan sonra ən böyük müsəlman ölkəsidir. 1957-ci ildə Böyük Britaniyanın müstəmləkəçiliyinə son qoyan Malayziya 1963-cü ildə müstəqillik qazanmışdır. Malayziya Federasiyanın 11 ştatı Sinqapur, Saravak və Sabahla birləşmişdir. Lakin 1965-ci ildə Sinqapur bu federasiyadan ayrılmışdır. Malayziya qədim və zəngin tarixə malik öllkələrdən hesab edilir. XV əsrdə burada İslam dini yayıldı və bütün yarımadanı əhatə etməyə başladı. Portuqaliyalılar 1511-ci ildə Malay yarımadasını ələ keçirdilər. Ancaq Hollandiy ilə Portuqaliya arasında Malayziya uğrunda uzun sürən bir mübarizə başlandı. 1641-ci ildə Portuqaliya Malayziyadan geri çəkildi. Hollandlar burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Lakin onlar Malayziyanı 1826-cı ildə təkrar işğal etdilər.
Ölkə əhalisinin təqribən 50 faizini müsəlmanlar təşkil edir. Digər əhali isə Malayziyada yaşayan çinlilər buddizmin maxayana formasını, konfusiçilik və daosizmi qəbul etmişdilər. Burada az sayda insudistlər də bu ölkədə yaşayır. Əhalinin 5 faizi xristiandır. Onlar Cənubi Asiyadan çıxanlar, çinlilər və avropalılardır. Hazırda sürətli istehsal imkanları və inkişaf dinamikasına görə dünyada qabaqcıl yerlərdən birini tutan Malayziya sözün həqiqi mənasında Şərqin əksəri müsəlman ölkələrinə nümunəvi modeli ilə seçilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Malayziya Baş nazirinin Azərbaycana baş tutan bu ilk səfəri tarixi bir səfərdir və əməkdaşlığımızın tarixinə həkk olunacaq. Hər iki dövlət arasında Birgə Bəyannamə imzalandı. Bu bəyannamə əslində gələcək əməkdaşlığımızın inkişafı baxımından çox mühüm sənəddir. Çünki həmin sənəd əməkdaşlığımızın bütün aspektlərini - siyasi, iqtisadi, enerji sahələrini əhatə edir. Bundan əlavə Malayziyanın İKT-nin üzvü kimi Azərbaycana verdiyi tam dəstək təmənnasız amillərə söykənir.
Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, bizim beynəlxalq təsisatlar çərçivəsində də çox müsbət əməkdaşlığımız var, xüsusilə də BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlarda. Mən Malayziyaya minnətdarlığımı bildirirəm ki, bu ölkə Dağlıq Qarabağ məsələsində çox qətiyyətli mövqe tutur və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim müdafiə edir. Bu, beynəlxalq hüquqa uyğun olan bir mövqedir və bizim əməkdaşlığımızı, qardaşlığımızı əks etdirir.
Təəssüflər olsun ki, uzun illərdir Dağlıq Qarabağ və ətraf yeddi rayon erməni işğalı altındadır. Ermənistan beynəlxalq hüququn normalarını açıq-aşkar pozur. Dünyanın ən mühüm beynəlxalq təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib ki, o qətnamələrdə Ermənistan dərhal və qeyd-şərtsiz torpaqlarımızı azad etməyə çağrılır. Amma Ermənistan buna məhəl qoymur. Bizim ölkənin ərazisinin 20 faizi işğal altındadır. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar. Burada Xocalı soyqırımını qeyd etmək istərdim. Yüzlərlə günahsız insanın qətlə yetirilməsi faktı mövcuddur. Bizim məscidlər, məzarlıqlar dağıdılıb. Buna heç bir bəraət qazandırmaq olmaz, bu, vandalizmdir.
Prezident İlham Əliyev Malayziya Baş nazirinə münaqişə barədə ətraflı şərh verdikdən sonra bu görüşün hər iki ölkənin iqtisadi imkanlarının inkişafına hesablandığını və iqtisadi müzakirələrin faydaları barədə fikirlər bildirdi. Razılıq əldə edildi ki, hər iki ölkənin şirkətləri qarşılıqlı şəkildə sərmayə yatırsınlar. Təbii ki, keçirilən biznes forumda da hər iki ölkə öz biznes imkanlarını təqdim edərək praktiki addımlar etdi. SOCAR və “Petroliam Nasional Berhad” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumu əməkdaşlığın yeni səhifəsini açdı.
Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, Malayziya dünyada bizim üçün mühüm tərəfdaş və dost ölkələrdəndir. Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün birgə tədbirlər həyata keçiririk, səylər göstəririk. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal əməkdaşlıq edirik. Malayziya istər iqtisadi və siyasi, istər də sosial inkişaf baxımından böyük nailiyyətlər əldə edib. Bu, bir çox ölkələr üçün örnək ola bilər. Malayziyanın möhkəm, sabit siyasi sistemin və güclü iqtisadi zəminin yaradılması baxımından böyük nailiyyətləri var. Zənnimcə, İslam dövlətlərinin inkişafı, həmrəyliyi əməkdaşlığın gücləndirilməsinə də töhfəsini verir. Hesab edirəm ki, biz səylərimizi birləşdirərək daha çox işlərə nail ola bilərik.
Eyni zamanda, Malayziya Baş nazirinin fikirləri də maraqlı idi. Ölkəmizin bugünkü iqtisadi inkişafı onu heyrətləndirmişdi və dünyanın qabaqcıl iqtisadi potensiala malik bir ölkənin hökumət başçısı kimi o, bunu gizlətmədi. Baş nazir Mohammad Najib Tun Abdul Razakın öz bəyanatında dedi: “Mən təyyarədən endiyim ilk andan çox təsirləndim. Təkcə inkişafın özü deyil, keyfiyyəti də məni valeh etdi. Sizin gələcəyə olan baxışlarınız məndə böyük təəssürat yaratdı. Təbii ki, ölkəmə qayıdandan sonra həmvətənlərimə Azərbaycana səfər etməyi tövsiyə edəcəyəm”.
Bu fikirlər məncə, hər bir azərbaycanlını sevindirməlidir. Baş nazir çıxışına davam edərək bildirdi ki, həqiqətən də Azərbaycan mənim bu günə qədər səfər etdiyim ən gözəl ölkələrdən biri hesab oluna bilər. Bu gün Azərbaycana səfər edən hər bir rəsmi şəxsin dilindən bu cür yüksək sözlərin eşidilməsi artıq ənənə halını almışdır. Çünki, gələn bütün qonaqlar Azərbaycanın qazandığı nailiyyətlərin dünyanın tanınmış reytinq jurnallarında qeyd edildiyi kimi praktikada da şahidi olur və bu mənzərə onların yaddaşında ciddi iz buraxır. Bu gün İslam ölkələrinin bəzilərində baş verən kəskin siyasi proseslər, konfliktlər, daxili xaos, vətəndaş müharibələrinin fonunda bu iki ölkə özünəməxsus inkişaf tərzi və sabitliyi ilə seçilir. Hər iki ölkə daxili və xarici siyasi sabitlik və inkişaf yolu baxımından müsəlman Şərqinə nümunəyə çevrilmişdir.
İqtisadi əlaqələrimizdən danışdıqda Azərbaycan ilə Malayziya arasında 2012-ci ilin dekabrından “Malayziya Hava Yolları” şirkəti ilə birgə yükdaşıma əməliyyatlarının həyata keçirilməsi üzrə razılaşma əsasında Heydər Əliyev Beynəlxalq Hava Limanını əsas tranzit uçuş məntəqəsi seçməsini, daha sonra Azərbaycan və Malayziyanın hava nəqliyyatı qurumları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və 2013-cü ilin fevralında bunun davamı olaraq iki ölkənin “Silk Way Airlines” və “MASkargo” aviaşirkətləri arasında əməkdaşlığa dair sənədin imzalanmasını qeyd etmək lazımdır.
2013-cü il fevralın 8-də Azərbaycanın ilk telekommunikasiya peyki “Azərspace-1” Malayziyanın “Measat Satellite Systems” (MEASAT) aerokosmik şirkəti ilə birlikdə həyata keçirilən uğurlu əməkdaşlıq nəticəsində orbitə buraxılmışdır. “Azərspace-1” peykinin yerləşdiyi 46 dərəcə Şərq uzunluq dairəsinə dair orbital mövqe həmin şirkətdən 15 il müddətinə icarəyə götürülmüşdür.
Ötən dövrdə iki ölkə arasında müdafiə sənayesi sahəsində də əlaqələr inkişaf etmişdir. Malayziyada keçirilən DSA-2014 beynəlxalq müdafiə sərgisi zamanı Azərbaycanın istehsal etdiyi müdafiə sənayesi məhsulları iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, bir sıra şirkətlərlə əməkdaşlıq barədə razılıq əldə olunmuşdur.
Bundan əlavə Malayziya iqtisadiyyatının lokomotivi olan “PETRONAS” şirkətlər qrupunun prezidentinin Azərbaycana ilk səfəri ərəfəsində iki ölkə arasında əməkdaşlığın inkişafına böyük təsir göstərəcək qərarlar qəbul olunmuşdur. Eyni zamanda, Malayziya Avropanın enerji təminatında mühüm rol oynayacaq TANAP layihəsinə investisiya qoyuluşunda maraqlıdır və bu beynəlxalq əhəmiyyətli layihədə iştirak etmək niyyətindədir. Yəni birgə layihələrə qoşulmaq və sıx əməkdaşlıq baxımından böyük perspektivlərimiz vardır. Burada isə ölkələrimiz arasında məsafənin uzaqlığı önəm kəsb etmir. Mədəniyyət yaxınlığı və iqtisadi maraqlar buna tam şəkildə imkan verir ki, Cənub Şərqi Asiyanın bu gün yüksək səviyyədə inkişaf etmiş ölkəsi Cənubi Qafqazın lider dövləti ilə qlobal layihələrdə birgə addımlasın.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.