(əvvəli qəzetimizin 7-10 sentyabr tarixli saylarında)
Bu yerdə müsahibimiz Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakurudze Bakı təəssüratına da yer ayırmağı unutmadı:
– Əslində, mən bundan əvvəl Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəndə tədbirin yüksək səviyyədə təşkil edildiyini görmüşdüm. Forum çox vacib və aktual məsələlərə həsr olunmuşdu. Bütün bəşəriyyətin sülh şəraitində birgəyaşayışı, mədəniyyətlərarası dialoq, müxtəlif millətlərin həmrəyliyi, dini tolerantlıq forumda müzakirə edilən əsas məsələlərdən idi. Bakı fantastik bir sürətlə yeniləşir, Qafqazın cazibəli sivilizasiya mərkəzi kimi inkişaf edir. Bakı bu gün həm də gözəl Qafqazda möhkəm sülhün zəruriliyini dünyaya anlatmağa çalışan nəhəng bir tribuna kimi nüfuzlu beynəlxalq məclislər mərkəzidir. Azərbaycanda özümə yeni dostlar, elmi partnyorlar da tapdım.
Naxçıvanla əlaqələrin çoxtərəfli önəmi üzərinə qayıdan universitet rəhbəri söylədi ki, bu qardaşlıq və əməkdaşlıq əlaqələri gündən-günə genişlənməkdədir. Biz əlaqələrimizin genişlənməsində ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığına mühüm əhəmiyyət veririk. Ötən ilin yanvarında Acarıstan Muxtar Respublikasının paytaxtı Batumidə səfərdə olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova Batumi Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim edilmişdir. Elmi şuranın qərarı ilə Naxçıvan MR Ali Məclisi sədrinə fəxri doktor adının verilməsi Batumi Dövlət Universitetinin həyatında əlamətdar hadisədir. Bu, həm də Azərbaycan və Gürcüstan arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Rektor 2010-cu ildən Azərbaycan Respublikasının Batumi şəhərində Baş Konsulluğu açıldığı dövrdən bəri universitetlə diplomatik qurum arasında sıx əlaqələr qurulduğunu xüsusi olaraq qeyd etdi. O, hər il universitetdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı təntənəli tədbirlərin keçirildiyini bildirdi. Bu mərasimlərdə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri, Acarıstan Muxtar Respublikası Ali Sovetinin sədri, nazirlər, Batumi şəhər meri, Gürcüstanın digər regionlarından qubernatorlar, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, universitetin tələbə və müəllim heyəti, Acarıstan ictimaiyyətinin, habelə kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirlər.
Bununla yanaşı, rektor Batumi şəhərindəki Baş Konsulluğun universitetdə keçirdiyi silsilə tədbirlərdən də söz açdı. O, “Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illiyi” mövzusunda konfransda baş konsul Hüseyn Nəcəfovun çıxışını xüsusilə qeyd etdi. Universitet kollektivinin yaxın dostuna çevrilən diplomat Azərbaycanın müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər, uzun illərdən bəri davam edən Dağlıq Qarabağ münaqişəsi və ölkə torpaqlarının 20 faizinin işğalının acı nəticələri barədə geniş məlumat verdi. Hüseyn Nəcəfov belə tədbirlərdə müstəqillik illərində Azərbaycanın əldə etdiyi uğurlardan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında və möhkəmlənməsində ölçüyəgəlməz xidmətlərindən də ətraflı söz açır. Baş konsul Heydər Əliyevin başladığı və onun yolunun sadiq varisi, hazırkı Prezident İlham Əliyevin uğurla davam etdirdiyi islahatlar nəticəsində bu gün Azərbaycanın dünyanın ən sürətlə inkişaf etməkdə olan ölkələrindən birinə çevrildiyindən də öyünclə danışır.
Baş konsulun xanımı, şərqşünas Aysel Nəcəfova da tədbirlərimizdə fəal iştirak edir. O, konfransda “Azərbaycan - Odlar yurdu” mövzusunda məruzəsilə qonaqların diqqətinə Azərbaycan xalqının zəngin, çoxəsrlik tarixi və mədəni irsi, çağdaş yenilikləri, mədəni-tarixi irsin qorunub saxlanmasında və bərpasında Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevanın göstərdiyi xüsusi xidmətlər barədə ətraflı məlumat verdi.
Alyoşa Bakuridze belə birgə elmi- mədəni tədbirlərin gürcü gənclərə dost və qonşu Azərbaycanın zəngin tarixi və mədəniyyətini yaxından tanıtmaq imkanı yaratdığını vurğuladı. O, artıq iki ildir ki, Hüseyn Nəcəfovun universiteti politologiya kafedrasında beynəlxalq əlaqələrdən ingilis dilində təmənnasız olaraq mühazirələr oxuduğunu məmnuniyyətlə yada saldı. Bununla yanaşı, baş konsul tələbələrlə mütəmadi görüşərək, onlara diplomatiyadan nəzəri və praktiki dərslər də keçir. Onun təklifi ilə Batumi Dövlət Universitetinin kitabxanasında “Heydər Əliyev kitab fondu” yaradılıb. Azərbaycanın Mədəniyyət Nazirliyinin bu məqsədlə Baş Konsulluğa göndərdiyi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, Azərbaycana dair digər ədəbiyyat həmin fonda hədiyyə edilib və bu kitabxana ilbəil zənginləşməkdədir.
Öyrəndik ki, Batumi və Naxçıvan dövlət universitetləri arasında bağlanmış müqaviləyə uyğun olaraq, tələbə və müəllim mübadiləsi həyata keçirilir. Hər iki tərəfin elm və təhsil müəssisələrində keçirilən beynəlxalq elmi konfranslarda gürcü və azərbaycanlı alimlərin iştirak və çıxış etmələri humanitar sahədə əlaqələri daha da genişləndirmişdir. Batumi Dövlət Universitetində yaradılmış “Acarıstan–Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyası dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsidir. Biz Azərbaycan kitabları fondu və auditoriya ilə maraqla tanış olduq, bu ali məktəbin timsalında acarların xalqımıza məhəbbətinin əyani şahidi olduq.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Maqutadze bizi universitetin auditoriyaları və yay məktəblərinin fəaliyyət göstərəcəyi xüsusi kabinetlə də tanış etdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Batumi Dövlət Universitetinin fəxri doktoru Vasif Talıbovun adından hədiyyə edilmiş universitet tələbələrinin istifadəsi üçün kompyuterlər, printerlər, notbuklar, proyektorlar və interaktiv lövhələr bu kabinetdə qurulub. Xanım Maqutadze məlumat verdi ki, bağışlanan avadanlıq üçün universitetdə 2 otaq ayrılmış və burada tələbələrə azərbaycan dili öyrdiləcək. Türkşünaslıq bölməsində və Acarıstan MR-də yaşayan azərbaycanlı uşaqlar üçün “Bazar günü” məktəbində azərbaycan dili dərsləri də butada keçiləcək.
YERİ GƏLMİŞKƏN: Bakıya dönəndən sonra Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Naxçıvan Dövlət Universitetinin keçmiş rektoru İsa Həbibbəyli ilə görüşdük və ona Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridzenin salamlarını yetirdik. İsa müəllim keçmiş həmkarı ilə Naxçıvanda və Batumidə olan görüşlərini səmimiyyətlə xatırladı. Gürcü dostu haqqında ürəkdolusu danışran akademik qeyd etdi ki, ixtisasca həkim olan professor Bakuridze Naxçıvan–Acarıstan dostluq münasibətlərinin inkişafında mühüm işlər görən, bu əlaqələrin inkişafına böyük töhfələr verən ziyalıdır. Belə insanların gördüyü işlər uzun illər xalqlarımızın birliyinə xidmət edəcəkdir. Dostum Alyoşa çox nüfuzlu və bacarıqlı təhsil və elm təşkilatçısı, o cümlədən Batumi Dövlət Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əlaqələrin təməlini qoyan və möhkəmləndirən alimdir. Bildiyimə görə, o, Bakıda Azərbaycan Tibb Universiteti və Slavyan Universitetləri ilə də əlaqələr yaratmaqdadır. Böyük əməllər sahibi olan gürcü dostumuza özümün və ziyalılarımızın adından uğurlar arzulayıram.
Mirvari şəhər–Batumi …
Batumi Gürcüstanın Qara dəniz limanı və Acarıstan Muxtar Respublikasının paytaxtıdır, liman şəhəridir. Əhalisinin əksəriyyətini gürcü müsəlmanları olan acarlar təşkil edir. Batumi limanı regiondakı iri transmilli layihələrin, o cümlədən Avropa–Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarından biridir.
Qafqazın ünlü istirahət mərkəzlərindən biri olan bu cənnətmisal şəhər botanika bağlarının nadir nümunələri ilə seçilir və tropik bitkilər baxımından zəngindir. Batumini gürcülər və bura dincəlməyə gələn turistlər Qara dəniz sahillərində yerləşən “mirvari şəhər” adlandırırlar. Bu da səbəbsiz deyil. Subtropik iqlim hökm sürdüyündən şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları olduqca təbii bir peyzaj yaradır. Orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Batumidə qeydə alınmış ən aşağı temperatur -7 °C, ən yüksək temperatur isə 40 °C-dir. Subtropik iqlim qurşağında yerləşən Batumi ilin bütün fəsillərində əsrarəngiz gözəlliyi ilə turistlərin diqqətini cəlb edir.
Şəhərdə təxminən 150-160 min adam yaşayır. Bu isə Acarıstan əhalisinin yarısı deməkdir. Yay aylarında gələn turistlərin sayı 600 min nəfəri keçir. Bu isə ölkə xəzinəsinə böyk həcmdə maliyyə axını deməkdir. Şəhər müasir və köhnə Batumi adı ilə ikiyə ayrılır. Köhnə Batumi öz tarixi keçmişi və ənənələri ilə gözəldir. Buradakı binaların əksəriyyəti XIX əsrə aiddir. Şəhərin görməli yerləri arasında Orta Məscid, Acarıstan Dövlət Muzeyi, Batumi Botanika Bağı, İsa Məsihin 12 həvarilərindən (apostollarından) biri olan Müqəddəs Matveyin abidə məzarının yerləşdiyi və Roma dövründən qalma Apsaros qalası, XX əsrdə tikilmiş, gürcü memarlığını əks etdirən köhnə poçt binası, Qara dəniz sahilindəki Batumi Dövlət Parkı, akvarium, Tərs bina, Roma kolizeyinin modeli, müxtəlif biçimli qüllələr diqqəti cəlb edir.
Gürcüstan müstəqilliyini əldə etdikdən sonra Batumi sürətlə inkişaf etdirilib. Burada qısa müddətdə ilk göydələnlər inşa olunub, bir-birinin ardınca “Şeraton”, “Radisson”, “Hilton”, “Hyatt”, “Kempinski”, “Mandarin oriental” kimi məşhur otellər istifadəyə verilib. Batumidə saysız-hesabsız müxtəlif həcmli otellər də var. Kiçik bir şəhərdə 228 otel fəaliyyət göstərir və bu şəbəkədə otaqların ümumi sayı 2460, yataq sayı isə 4900-dür. Çoxsaylı fontanlar və botanika parkları şəhərə xüsusi gözəllik verir. Bakıda olduğu kimi, burada da musiqili fontan var.
Şəhərdə hər şey və hər kəs nəzərə alınıb. Gözdən əlil insanlar üçün bütün küçələrdə xüsusi yer örtükləri döşənilib. Həmin örtüklər tək sıra şəkildə düzülüb və digər yer örtüklərindən öz üzərində olan fərqliliyi ilə seçilir. Bu da gözdən əlil insanların hərəkəti üçün çox əlverişli şərait yaradır. Velosiped sürücüləri də diqqətdən kənarda qalmayıb. Onlar üçün də xüsusi yol ayrılıb. Belə yolları həm şəhərin bütün küçələrində, həm də sahil boyunca görmək mümkündür.
Batumi çimərlikləri tər-təmiz olsa da, dəniz kənarında uzanmaq üçün isti qum tapmaq çətin məsələdir. Dənizə girmək üçün də əziyyət çəkməlisən, çünki həm dərindir, həm də xırda daşlar ayağı əzdikcə hərəkət çətinləşir. Amma sudan nə kanalizasiya iyi gəlir, nə də dəniz kənarında zir-zibil, qarpız qabıqları görmək mümkündür.
Dənizkənarı park şəhərin bəzəyidir. Burada çimərlik mövsümü may ayında başlayır və oktyabr ayınadək davam edir. Bakı bulvarından fərqli olaraq, şəhər boyunca dənizdə çimmək də olur. Onu da deyək ki, Batumidə dəniz sahili ilə uzanan yol ölkəmizin paytaxtının adı ilə “Baku street” adlanır. Yol boyunca ARDNŞ-in (SOCAR) yanacaqdoldurma məntəqələri bir-birini əvəz edir. Acarıstanın paytaxtı Batumini bizə doğmalaşdıran bir mühüm amil də var. Bu da Batumidə yaşayan acarların müsəlman olmalarıdır.
Bəzi tarixi mənbələrdə göstərilir ki, vaxtilə Batumidə 20-yə yaxın məscid olub. Lakin sovet dövründə onların çoxu dağıdılıb. Şəhərin mərkəzindəki Orta Məsciddə olarkən söylədilər ki, bu, Batumidə müsəlman dünyasının yadigarı kimi qalan və fəaliyyətini bu gün də davam etdirən 3 məsciddən biridir. XIX əsrin ortalarında tikilib, şəhərin müsəlman əhalisi bu məsciddə ibadət edir.
Batumi insan zehninin və əməyinin təbiətin gözəlliyi qoynunda– yamyaşıl, meşəli dağ yamaclarında yaratdığı bənzərsiz bir şəhərdir. Onun dünəndən gələn öyünclü səhifələrinə bu gün yeni bir salnamə həkk olunur. Azərbaycanlıları həmişə mərhəm bir cazibə ilə özünə çəkən bu şəhər bu gün qapılarını soydaşlarımızın üzünə daha geniş açmışdır. Biz də bu qapıdan rahatlıqla keçib Batuminin bugünkü güzəranı, sabaha yönəlik yüksəlişi ilə qardaş sevgisi ilə tanış olduq.
Namiq QƏDİMOĞLU,
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”
Bakı–Tbilisi–Batumi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.