Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ictimaiyyətin, dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və KİV rəhbərləri ilə avqustun 29-da keçirdiyi müşavirədə onların, bütövlükdə ictimaiyyətin diqqətini informasiya təhlükəsizliyi məsələlərinə cəlb etdi. Etiraf etməliyik ki, qloballaşma şəraitində bu problem çox böyük dövləti, ictimai, hüquqi və elmi əhəmiyyət kəsb edir. İlk növbədə, hörmətli akademikin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi inkişaf, demokratik islahatlar, insan hüquq və azadlıqlarının genişləndirilməsi və digər sahələrdə tərəqqisi dünyada hamı tərəfindən tanınmışdır və dövlətimizin, ölkə Prezidenti cənab İlham Əliyevin siyasətinin beynəlxalq arenada nüfuzu getdikcə artır.
Lakin beynəlxalq münasibətlərdə dövlətimizin nüfuz və təsiri nə qədər qüvvətlənirsə, ona hər bir vasitə ilə mane olmağa çalışan rəqiblərimizdə bir o qədər də narahatlıq doğurur. Əslində, bəzi beynəlxalq ictimai təşkilatlar tərəfindən dövlətimizə qarşı informasiya təxribatı aparılır. Və ictimai-siyasi sahədə informasiya mübarizəsinin getdiyini demək olar. Onu da nəzərə almaq lazımdır ki, ölkəmizin informasiya təhlükəsizliyində hər hansı bir boşluqdan istifadə etməyə çalışan, güclü havadarları olan Ermənistanla münaqişə davam edir.
Akademik Ramiz Mehdiyev düzgün qeyd edir ki yeni informasiya-kommunikasiya mühiti ölkənin təhlükəsizliyi məsələlərinə ciddi təsir göstərir. Eyni zamanda, söhbət yalnız bilavasitə təhlükəsizliklə bağlı olan “dövlət sirri” məsələlərindən deyil, həm də ictimai sahə ilə bağlı problemlərdən gedir. Bəzən qloballaşma dövrünə xas olan genişlənən informasiya mübadiləsinə istinadən müəyyən beynəlxalq ictimai, qeyri-hökumət təşkilatları belə bir fikir irəli sürürlər ki, guya, internet sahəsinə qoyulan hər hansı bir məhdudiyyət söz azadlığının məhdudlaşdırılmasının eynidir. Guya, müasir dövrdə vətənpərvərlik lazımsız, zərərli bir şeydir, şəxsi həyat azadlığı milli dəyərlərdən daha önəmlidir, informasiya əldə etmək sahəsində insan hüquqları dövlət maraqlarından üstün olmalıdır və sair və ilaxır. Əslində, indiki şərait hər bir dövlətdən informasiya təhlükəsizliyi məsələlərinə ciddi diqqət tələb edir. Və yalnız dövlətdən deyil, həm də dövlət və qeyri-dövlət kütləvi informasiya vasitələrindən, alimlərdən, müəllim və tərbiyəçilərdən və s. Hər kəsin fəaliyyət və biliklərini təcrübədə tətbiqetmə aspekti vardır.
İnformasiya texnologiyalarının inkişafı həqiqətən hər hansı bir ölkə, hətta ABŞ kimi güclü dövlət üçün də informasiya təhlükəsizliyi sisteminin yaradılmasını çətinləşdirir. Elə “E.Snouden əhvalatı”nı xatırlamaq kifayətdir. Lakin məsələ yalnız informasiya mühafizəsi üzrə yeni yüksək texnologiyalı vasitələrin hazırlanmasının zəruri olduğunda deyil, həm də ondadır ki, insanlar şəxsi həyatlarına hər hansı bir müdaxilənin əleyhinədir, amma hər bir informasiyanı öz şəxsi mənafeyi üçün istifadə etməyə razıdır. İctimai görüş dairəsi olmayan və öz şəxsi mənafeyi ilə yaşayan insanların şüurunun bu cür ambivalentliyi bir çox inkişaf etmiş ölkələrdə kollektiv təhlükəsizlik və şəxsi həyata həddindən artıq müdaxilə problemləri arasında qarşılıqlı münasibət üzrə diskussiyalara gətirib çıxardı. Əslində, hörmətli akademik öz məruzəsində dolayısı ilə cəmiyyəti bu problemi görməyə, onun nə qədər təhlükəli olduğunu hiss etməyə çağırır.
Hər bir dövlət yayılmasının ona zərər vura biləcəyi hər hansı informasiyadan qorunur və həmişə qorunacaqdır. Bu, onun hüququdur. Və hörmətli akademik çox düzgün olaraq ictimaiyyətin, KİV mənsublarının və mütəxəssislərin diqqətini bu məsələlərə cəlb edir. Burada problem ondan ibarətdir ki, indiki şəraitdə bu məsələlərdə aşkar surətdə ifadə olunmuş əxlaqi-sosioloji, kulturoloji və hətta şəxsi-psixoloji kontekstlər özünü göstərir. İnternet buna gətirib çıxarıb ki, adi bir insan xüsusi əhəmiyyətə malik məlumat əldə edə və bununla özünə, ailəsinə, digər insanlara və ölkəsinə zərər vurduğunu düşünməyərək onu başqalarına ötürə bilər. Müasir informasiya təcrübəsində həmin kontekstlər xüsusi əhəmiyyət kəsb edir. İndi təhlükəsizliklə əlaqədar qərarların qəbul edilməsində çox şey zahirən siyasətdən uzaq olan həyat fəaliyyəti sahələrini tənzimləyən əxlaqi səmtləşmə, prioritetlər və adət-ənənələrdən asılıdır.
Mənəvi səmtləşmələrin vacibliyini aydın nümayiş etdirən yalnız bir misal göstərək: hər hansı bir “təşkilat”ın əməkdaşı evə gələrkən noutbukun qarşısında oturub internet vasitəsilə dostu ilə əlaqə yaradır və onunla öz işində əldə etdiyi məlumatları bölüşür. Bundan sonrakı hadisələri hər kəs öz təxəyyülündə canlandıra bilər. Bizim üçün isə, hətta bu “əməkdaş”ın harada işlədiyini konkretləşdirməyərək, başlıcası odur ki, o, özəl həyatında işi ilə bağlı informasiyanı başqa şəxsə ötürür, həmin məlumatlar isə başqası tərəfindən həmin təşkilatın, hətta dövlətin maraqlarına qarşı istifadə edilə bilər. Bu, dövlət, xüsusi xidmət orqanları əməkdaşı, jurnalist və ya həkim ola bilər. Peşə etikasının pozulması kimi başlanan hal sonradan vətəndaş deqradasiyasına, tənəzzülünə və xəyanətə gətirib çıxarır. Fikrimizcə, Ramiz Mehdiyev çox haqlı olaraq ictimaiyyətin diqqətini jurnalistlər və KİV-in davranışına cəlb edir. Müasir cəmiyyətdə informasiya sahəsində bir sıra məsələlər jurnalistlərin davranışından, onların vətənpərvərliyindən asılıdır. Vətənpərvərlik onların siyasi yönümündən və partiya mənsubiyyətlərindən asılı olmayaraq, hər şeydən üstün tutulmalıdır.
Bu baxımdan dərc olunan materialların təhlili göstərir ki, şəxsin həmin məsələlərə fərdi münasibəti ilə bağlı olan bütün detalları biz kifayət qədər düzgün, lazımınca qiymətləndirmirik. Fikrimizcə, bu məsələlərə münasibətinə görə vətəndaşların əksəriyyətini iki qeyri-bərabər qrupa bölmək olar: bəziləri kollektiv təhlükəsizliyin şəxsi həyat üzərində üstünlük təşkil etməli olduğunu, azlıq təşkil edən digərləri isə orta bir mövqe – həm şəxsi həyatı, həm də təhlükəsizliyi nəzərə almaqla – tapılmasını vacib hesab edir. Bundan başqa, özəl həyatın daha vacib olduğunu düşünənlər də var, lakin onlar müharibə şəraitində, mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycanın təhlükəsizliyini şəxsi maraqlardan üstün tutanlar arasında azlıq təşkil edir. Əlbəttə ki, dövlət və cəmiyyətin təhlükəsizliyi daha vacib və önəmlidir, çünki insanlar həm də terrorçuların, kibercinayətkarların və müxtəlif növ casusların hücumuna məruz qala bilərlər.Buna görə də nəyin bahasına olursa - olsun, onların kollektiv təhlükəsizliyini təmin etmək lazımdır.
Respublikamızda demokratik islahatların aparılması davam edir, ölkənin modernləşdirilməsi hüquqi dövlət prinsiplərinin, informasiya almaq hüququ da daxil olmaqla, insan hüquqlarının müdafiəsinin inkişaf etdirilməsini nəzərdə tutur. Bu proseslər artıq çoxdan gedir. Amma hüquq və vəzifələr, intizam və azadlıq, kollektivin hüququ və fərdin azadlığı arasında tarazlığı pozmaq olmaz. Azərbaycan modernləşdirilməsinin gücü də məhz yenilik və sabitlik, özəl, dövləti və ictimai olanlar arasındakı tarazlığın saxlanılmasına əməl olunmasındadır. Tarazlığın pozulması, ən azı, insan hüquqları məsələlərinə laqeydlik qədər təhlükəli, dağıdıcı ola bilər.
Ölkədəki islahatlarda hər şeyin şəffaf olmasına nə qədər səy göstərilsə və haqq qazandırılsa da, informasiya axınları üzərində nəzarətin olması vacibdir. Əlbəttə ki, bu işdə çətinliklərin də, problemlərin də olduğunu görmək lazımdır. Bundan başqa, təbii ki, ümumi məqamların olduğuna rəğmən, müxtəlif cəmiyyətlər üçün onlar fərqlidir. Hər bir cəmiyyət özünə görə unikaldır, şəxsi həyata müdaxilə həddinin dərkində də fərqlidir. Lakin bu hüdudlar hər bir cəmiyyətdə vardır, eləcə də hər bir cəmiyyətdə dövlətin təhlükəsizlik, sərhədlərin mühafizəsi, güc işlətmə üzərində nəzarət etmək kimi hüquqları qorunur. Hər kəsin ayrılıqda özəl həyata müdaxilə həddi barəsində suala cavab verməsini nəzərdə tutan sosioloji rəy sorğuları fərdi cavablarda peşə və ya dini qrup, ailə və fərd çərçivəsində disbalansın xüsusiyyətlərini üzə çıxarmır.
Burada qeyd etmək istərdik ki, təhlükəsizlik, hər halda, insanın xoş əhvalı, onun rifahı və ona psixoloji və mənəvi zərərin vurulmaması ilə bağlıdır. Söhbət ondan gedir ki, subyektin davranışı, dəyərləri, bəzi məsələlərə aid ümumi və subyektiv tələblər arasındakı ziddiyyətlər, heç olmasa, gələcəkdə izah və həll edilməlidir. Bu işlə peşəkar ekspertlər məşğul olmalıdır və ilk növbədə, çox şey jurnalistlərdən, qəzet redaktorlarından və digər KİV əməkdaşlarından asılıdır. Dövlətimizin, Prezident Administrasiyası rəhbərinin bu məsələyə ciddi diqqət yetirməsi hər birimizin və bütövlükdə, ölkəmizin xeyrinədir.
Burada bütün mədəniyyətlər üçün ümumi olan məqamlar vardır. Məsələn, çox vaxt biz informasiyada açıqlıq və şəffaflığı müdafiə edirik. Məlumatları təhrif etdiklərinə görə başqa dövlətlərin informasiya siyasətini tənqid edirik. Amma bilirik ki, bu cür sirləri olmayan dövlət və korporasiya siyasəti yoxdur.
Əxlaqda, məsələn, çox vaxt həddindən artıq açıq – saçıqlıq ona gətirib çıxarır ki, insanlar ədəb qaydalarını pozmağa başlayırlar. Özəl həyatda müəyyən sirlərin mövcudluğu isə onları qoruyur. Burada ən vacibi odur ki, sirlərin bəzilərinə bəlli olması onların şüurlu və dərkolunmaz motivlərin təsiri altında adi insanlara qarşı istifadə edilməsinə səbəb ola bilər. Nəzərə almaq lazımdır ki başqalarının sirlərinə yiyələnmiş insanlar onlardan yenə də şəxsi məqsədləri üçün sui-istifadə edə bilər. Bir çox başqa şeylərə toxunmayaraq vurğulayaq ki, biz (insanlar) ümumiyyətlə, tələm-tələsik ümumi nəticə çıxarmağa, onun təsiri altında hərəkət etməyə meyilliyik. Bəzən öz fəaliyyət imkanlarımızı və hüquqlarımızı və s. bir-biri ilə qarışıq salırıq.
Nəticədə, əksəriyyət əmindir ki, dövlət öz xalqını qorumalıdır, amma bu işdə bizim - münaqişədə bulunan, həm də təsir, nüfuz, ərazi, tərəfdaş – istehlakçı və əlbəttə, informasiya uğrunda daimi mübarizənin getdiyi sahələrdə maraqları olan ölkə vətəndaşlarının -nə dərəcədə məsuliyyət daşıdığımız barədə də düşünmək böyük əhəmiyyət kəsb edir. Bu məsələlər dövlət və onun vətəndaşları olaraq, bizim üçün çox vacibdir.
İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.