Beynəlxalq aləmdə nüfuzu getdikcə artan müstəqil Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan beynəlxalq siyasi, hərbi təşkilatlarla əlaqələrin inkişafına böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir. Bu gün beynəlxalq ekspertlər ümumi regional və qlobal təhlükəsizliyin birgəlik prinsipi çərçivəsində təmin edilməsi, mənafelərin qorunması və qazanılmış təcrübələrin paylaşılması istiqamətində Azərbaycanın atdığı addımları yüksək qiymətləndirirlər. Bu mənada, ölkəmiz artıq 20 ildir ki, dünyanın qüdrətli hərbi-siyasi təşkilatlarından biri olan Şimali Atlantika Alyansı ilə “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində əməkdaşlığı yüksək səviyyədə davam etdirir. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 4-də Uelsdə NATO-nun sammitində iştirakı zamanı bu məqamlar, həmçinin region və ölkəmiz üçün əhəmiyyət kəsb edən digər məsələlər xüsusilə diqqət mərkəzində olub.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövlət başçısının bu il yanvarın 15-də Brüsselə işgüzar səfəri zamanı ölkəmizin və onun həyata keçirdiyi xarici siyasətin NATO üçün necə böyük əhəmiyyət daşıdığı bir daha vurğulanmışdı. Ölkə rəhbərimiz ilə birlikdə keçirdiyi mətbuat konfransında Şimali Atlantika Alyansının Baş katibi Anders Foq Rasmussen qeyd etmişdi ki, bugünkü görüş NATO-nun Sizin tərəfdaşlığınıza sədaqətli olduğunu və buna çox əhəmiyyət verdiyini göstərir. Baş katib bunun alyansın Cənubi Qafqaz regionuna və bu regionun lider dövləti olan Azərbaycana böyük marağının nəticəsi olduğunu gizlətməmişdi. Çünki Azərbaycan, həm də NATO-ya üzv olan bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayır, Qafqazda isə sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edən ölkədir. Azərbaycan NATO üçün vacib və əhəmiyyətli tərəfdaşdır.
Şimali Atlantika Alyansının Uels sammitində biz bunun bir daha şahidi olduq. Bununla belə onu da qeyd etmək lazımdır ki, həmin sammitdə Azərbaycan Prezidenti İlham Əliyevin ciddi faktlara əsaslanaraq yüksək siyasi-diplomatik üslubda qurulmuş çıxışı da ölkəmizin milli mənafeyinin bu arenada təmin olunmasına həlledici təsir göstərmişdir. Dövlət başçımız Cənubi Qafqaz regionunun ən mürəkkəb münaqişəsinə və bu problemə diqqət çəkərək demişdir ki, Azərbaycan regional təhlükəsizlik və sabitlikdə mühüm rol oynayır. Bununla belə, bu gün regionumuzdakı təhlükəsizliyə ən böyük hədə Azərbaycan ərazisinin iyirmi faizini təşkil edən Dağlıq Qarabağ və yeddi ətraf rayonu işğal altında saxlayan Ermənistanın işğalçılıq siyasətidir. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Əfsuslar olsun ki, Ermənistan onlara məhəl qoymamaqda davam edir və münaqişə həll olunmamış qalır. Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir.
Düşmənin canına qorxu salan bu çıxış Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin NATO sammitində Ukrayna məsələsi ilə eyni vaxtda müzakirəyə çıxarılmasını təmin etmişdir. Bununla yanaşı, problemin əsas mahiyyəti İSAF proqramında iştirak edən tərəfdaş ölkələrin, BMT və digər beynəlxalq təşkilatlardan, həmçinin Avropa İttifaqından olan ali nümayəndələrin diqqətinə çatdırılmışdır. Bu isə məsələni aktuallaşdırmış və Azərbaycanın Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmini istiqamətindəki təşəbbüskarlığı yüksək qiymətləndirilmişdir. Uelsdə Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan prezidenti Serj Sarkisyanın və ABŞ Dövlət katibi Con Kerrinin birgə görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsinin aparılmasını dünyanın aparıcı dövləti olan ABŞ-ın bu təşəbbüslərdə fəal iştirakının təzahürü kimi qiymətləndirmək olar.
Qlobal proseslərə diqqətlə nəzər salsaq, bir daha görərik ki, Azərbaycanın təhlükəsizliyinin qorunması, Cənubi Qafqaz regionunda sülh və sabitliyin tam bərpa olunması bu gün həm də NATO və ona üzv olan dövlətlər üçün əsas prioritetlərdən birini təşkil edir. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qısa zamanda həlli məsələsi beynəlxalq ictimaiyyətlə yanaşı, Şimali Atlantika Alyansının da diqqət mərkəzindədir. Əslində, NATO Dağlıq Qarabağ probleminin həllində birbaşa rol oynamır. Ancaq təşkilata üzv olan dövlətlər münaqişə ətrafında aparılan danışıqları maraqla izləyir, bəzən isə konkret mövqe ortaya qoyurlar.
Bu günədək Şimali Atlantika Alyansının rəhbərliyinin verdiyi bəyanatlardan da məlum olur ki, təşkilat münaqişənin həllində ölkələrin ərazi bütövlüyü prinsipinin əsas götürülməsi məsələsində qətiyyətlidir. Xatırladaq ki, hələ 2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin yekun bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinin vacibliyi vurğulanmışdır.
Ermənistanın ciddi etirazlarına baxmayaraq, 2010-cu il noyabrın 20-də Lissabonda keçirilən Zirvə toplantısında Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi İrəvanı təşvişə salan çox əhəmiyyətli bəyanat qəbul edilmişdi. Bəyanatın 35-ci maddəsində NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıdığını bir daha təsdiq etmişdir. Lissabon tədbirində bir daha qeyd olunmuşdu ki, Azərbaycan sammitə beynəlxalq təhlükəsizliyə dəstək qüvvələrinin əhəmiyyətli bir üzvü, önəmli bir müttəfiqi kimi qatılıb. Bəyan edilmişdi ki, münaqişələrin qarşısının alınması və Avrasiya məkanında təhlükəsizliyin təminatında müttəfiqlik vacib rol oynayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 29-da Belçika Krallığına səfəri çərçivəsində NATO-nun o zamankı Baş katibi Yaap de Hoop Sxefferlə görüşündə də bu məsələ müzakirə mövzusu olmuşdu. Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycanın dövlət başçısı Şimali Atlantika Alyansının ədalətli mövqeyinə görə təşkilat rəhbərliyinə təşəkkürünü bildirərək demişdi ki, biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsipinə əsaslanan qəti mövqeyinə görə NATO-ya minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik.
Dövlət başçımızın 2012-ci ilin fevral ayında Belçikaya səfərində də NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenlə alyansın Brüsseldəki mənzil-qərargahında keçirdiyi görüşdə bir daha regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlar müzakirə olunmuşdur. Görüşdə bu münaqişənin mümkün qədər tez həll olunacağına və Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyinə böyük ümid bəslənildiyi bir daha vurğulanmışdır.
2012-ci il may ayının 21-də NATO-nun Çikaqoda keçirilən sayca 25-ci sammiti Əfqanıstan məsələsinin müzakirəsi ilə yanaşı, Azərbaycan üçün digər mühüm bir hadisəylə – Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Şimali Atlantika Alyansının ədalətli mövqeyinin növbəti dəfə bəyan edilməsi ilə də yadda qaldı. Sammitin yekununda qəbul olunan bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təkrarən bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır.
Bəyannamənin 47-ci bəndində qeyd olunurdu ki, NATO Cənubi Qafqazda və Moldovadakı həlli yubanan regional münaqişələr barədə narahatlığını bəyan edir: “Biz Azərbaycanın, Ermənistanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəklənməsinə sadiq qalırıq və BMT-nin Nizamnaməsi və Yekun Helsinki sənədinə, bu prinsiplərə və beynəlxalq hüququn normalarına əsaslanan regional münaqişələrin sülh yolu ilə nizamlanmasına yönəldilmiş səyləri dəstəkləməkdə davam edirik”.
Qeyd edək ki, Çikaqo sammitinin yekun bəyannaməsini beynəlxalq aləmdə böyük nüfuza malik olan ölkələr, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa və ABŞ kimi nəhəng dövlətlər də imzalamışlar. Sənədi ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin imzalaması onu deməyə əsas verir ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə vasitəçilik edən tərəflər ölkəmizin ərazi bütövlüyünü tanıdıqlarını bir daha qeyd etməklə yanaşı, münaqişənin də məhz ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardırlar. Bu, Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın haqq işinin, həm də ümumilikdə, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə dəstəklənməsi deməkdir.
Bütün bunları nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il sentyabrın 4-də Uels sammitindəki çıxışında Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi çərçivəsində həlli məsələsində tutduğu mövqeyə görə NATO-ya bir daha təşəkkürünü bildirərək demişdir: “Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir”.
Azərbaycanın dövlət başçısının çıxışındakı məqamlar NATO-nun Uels sammitinin yekun bəyannaməsində öz əksini tapdı. Bəyannamənin 30-cu maddəsində deyilir ki, alyans tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcək. Beləliklə, sənəddə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək ifadə olundu, Şimali Atlantika Alyansı ölkəmizlə yanaşı, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini müdafiə etdi.
Bütün bunlarla yanaşı, bəyannamədə ərazi bütövlüyünə və müstəqilliyinə dəstək verilən ölkələr arasında təcavüzkar Ermənistanın adının çəkilməsi maraqlı məqamdır. Beynəlxalq ekspertlərin də haqlı olaraq dediyi kimi, başqa ölkənin torpağının 20 faizini zəbt edən, aqressiv, dağıdıcı xarici siyasət aparan, təkcə Azərbaycana deyil, ətrafındakı bütün qonşu ölkələrə torpaq iddiası ürəli sürən bir dövlətin bu şəkildə dəstəklənməsi paradoksal haldır. Digər bir qrup beynəlxalq ekspertlər isə qeyd edirlər ki, həqiqətən də Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə dəstək verilməlidir. Çünki bu gün faktiki olaraq Ermənistan müstəqil deyil, o, forpostdur, vassal dövlətdir. Müstəqil olaraq nə daxili, nə də xarici siyasəti var. Ermənistanın iqtisadi, hərbi resursları, ərazisi də faktiki olaraq başqa ölkənin nəzarətindədir. Yəni bu “dövlət”, necə deyərlər, kölə vəziyyətinə düşüb.
Ancaq biz diqqəti digər bir məsələyə yönəltmək istərdik. Belə ki, NATO-nun Uels sammitinin yekun bəyannaməsinin 31-ci bəndində deyilir ki, Qafqazda, habelə Moldova Respublikasında münaqişələrin dinc yolla həlli beynəlxalq hüquq prinsiplərinə, BMT Nizamnaməsinin və 1975-ci ildə qəbul olunmuş Helsinki Yekun Aktının prinsiplərinə əsaslanmalıdır. Bəyannamədə millətlərin öz müqəddəratını təyin etməsi hüququ haqqında bir kəlmə də yoxdur. Bəyannamədə hətta, belə bir ifadə olsaydı belə, bütün dünyaya yaxşı bəllidir ki, sənəddə adları çəkilən BMT Nizamnaməsi və Helsinki Yekun Aktı xalqların öz müqəddəratını təyin etməsi hüququnun dövlətlərin ərazi bütövlüyünü pozmadan həyata keçirilməsini nəzərdə tutur, yəni söhbət daxili təyini-müqəddərat hüququndan gedir. Bu isə Ermənistan rəhbərliyinə ciddi xəbərdarlıq, sərt mesaj kimi qəbul edilməlidir.
Dünyanın nüfuzlu hərbi, siyasi təşkilatı olan Şimali Atlantika Alyansının Ermənistan ilə Azərbaycan arasındakı münaqişəyə yanaşmada ədalətli mövqedən çıxış etməsi rəsmi İrəvanda bu dəfə də təlaşla qarşılanmışdır. Erməni mətbuatında yayılan məlumatlardan belə anlaşılırdı ki, Ermənistan prezidenti Serj Sarkisyan NATO-nun Uels sammitinin yekun bəyannaməsində “ərazi bütövlüyünün dəstəklənməsi” məsələsi inadla qeyd olunduğu üçün toplantıdan pərt olmuş vəziyyətdə qayıdıb. Rəsmi İrəvan sənəddə “xalqların öz müqəddəratını təyin haqqı” məsələsinə toxunulmamasından, bu məsələyə eyham vuracaq bir cümlənin belə qeyd olunmamasından da çox narahatdır.
Hər iki istiqamətdə Azərbaycanın mövqeyinin NATO tərəfindən dəstəklənməsi bir tərəfdən ölkəmizin öz mövqeyini beynəlxalq hüquq normaları çərçivəsində müəyyənləşdirməsi ilə əlaqədardırsa, digər tərəfdən demokratik dəyərlərə əhəmiyyət verən “Odlar yurdu”nun geostrateji mövqedə yerləşməsi, Avrasiyanın enerji və nəqliyyat dəhlizi olma potensialından irəli gəlir. Məlumdur ki, ölkəmizin Əfqanıstanda aparılan NATO-nun antiterror əməliyyatlarına hava məkanından istifadə və tranzit marşrutları formasında verdiyi siyasi dəstək bütün dünyada, o cümlədən Şimali Atlantika Alyansında razılıqla qarşılanır.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycan Uels sammitinin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir. Azərbaycanın hərbi kontingenti lap ilkin vaxtlardan İSAF qüvvələrində xidmət edir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq-mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub.
İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizinin Azərbaycan tərəfindən təmin edildiyini bildirən dövlət başçımız demişdir: “Bundan əlavə, gələcəkdə iştirak edəcəyimiz ”Qətiyyətli dəstək" əməliyyatı üçün mühüm tranzit imkanları yaradacaq Bakı -Tbilisi — Qars dəmir yolu xəttinin çəkilməsi gələn bir neçə ay ərzində başa çatdırılmalıdır. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf verə bilər”.
Bəli, ölkə rəhbərimizin vurğuladığı kimi, müstəqilliyin ilk illərində durğunluq və böhrandan davamlı sabitlik və sürətli iqtisadi artıma keçmiş ölkə kimi Azərbaycan öz təcrübəsini Əfqanıstan ilə bölüşməyə və həmin ölkədə müxtəlif yenidənqurma və sərmayə layihələrində iştirak etməyə hazırdır. Bu və digər proseslərdə Azərbaycanın rolu böyükdür. Bu baxımdan Şimali Atlantika Alyansının Azərbaycan ilə əlaqələrə xüsusi əhəmiyyət verməsi də təbiidir.
Sonda qeyd edək ki, güclü dövlətin qurulması və dünyada özünəlayiq yer tutması üçün onun güclü iqtisadiyyata, qüdrətli orduya, çevik xarici siyasətə daim ehtiyacı var. Azərbaycan Respublikası da 1993-cü ilin iyunundan başlayaraq iqtisadiyyatın inkişafı, ordunun formalaşması, xarici əlaqələrin ölkəmizin milli maraqlarını təmin edəcək şəkildə möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Nəticədə, bu gün ölkəmiz dünyanın inkişaf etməkdə olan dövlətləri sırasında özünəlayiq yer tutub. Təsadüfi deyil ki, bu regionda maraqları olan istənilən dövlət və ya beynəlxalq təşkilat Cənubi Qafqaza dair siyasətlərini rəsmi Bakının mövqeyinə uyğun formalaşdırır, bütün məsələlərdə Azərbaycan rəhbərliyinin fikrini əsas götürür. Şimali Atlantika Alyansının son sammitinin nəticələri də belə deməyə əsas verir.
İbrahim RAUFOĞLU
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.