Bunu mütləq dövlətmi deməli idi?...

Avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyilə keçirilmiş məlum müşavirə hələ uzun zaman müzakirə ediləcək. Bu da təbiidir. Çünki Azərbaycan həssas bir dönəmdən keçir, varlığımıza qənim kəsilən düşmənlərimiz var, torpaqlarımız işğal altındadır və dünyanın gözü də buradadır.

Belə olan halda, hər bir insan nə dediyinə, harada dediyinə çox diqqətlə yanaşsın gərək. Amma hörmətli akademikin müşavirə çağırmasını zəruri edən səbəblər onu sübut edir ki, insanlarımız nə dediklərinə, nə yazdıqlarına bəzən heç fikir vermirlər. Təbii ki, bunu bütün insanlara, bütün jurnalistlərə şamil etmək fikrindən uzağıq. Amma çox sayda jurnalistin ölkənin milli təhlükəsizliyini təhdid edəcək davranışları heç də uzaq keçmişə aid deyil.  Doğrudan da, Azərbaycan mediası, sosial şəbəkə fəalları avqust ayındakı məlum hərbi hərəkətlənmə ilə bağlı imtahandan üzüağ çıxa bilmədi. Ordumuz, döyüşən əsgərlərimiz bu yarımqafalı “jurnalistlər” üzündən birə- beş təhlükə ilə üzləşməli oldular. Düşmənin göydə axtardığı kəşfiyyat xarakterli bilgilər Azərbaycan mediasında adi xəbərlər kimi tirajlandı.

 Dövlətin ayrı-ayrı rəsmiləri, elə məsələnin mahiyyətini anlayan bizim kimi sıradan insanlar bu antimilli ünsürlərə dəfələrlə çağırışlar etdi, amma faydası olmadı. Bizə nağıl danışdılar. Nə bilim, guya, bunların əməlləri demokratiyanın, azadlıqların tələbləri imiş... İddia etdilər ki, jurnalistlər istənilən durumda obyektiv informasiyanı hər şeydən üstün tutmalıymış. Sanki, belə şeyləri bilmirikmiş kimi bizə dərs keçməyə cəhd edənlər də oldu. Biz bunları başa sala bilmədik ki, əməlləriniz Azərbaycan dövlətinin milli maraqlarını təhlükəyə atır və siz də jurnalist olmaqla bərabər, bu ölkənin vətəndaşısınız. Anlada bilmədik, anlamadılar.  İş bu yerə çatanda məsələyə dövlət münasibət bildirməli oldu.

 Prezident Administrasiyasının rəhbəri səviyyəsində müşavirə keçirildi və burada hər şey öz adıyla çağırıldı. Akademik Ramiz Mehdiyev açıq mətnlə qeyd etdi ki, Azərbaycanın informasiya təhlükəsizliyi belə “jurnalistlər”in üzündən təhlükə ilə üzbə-üz qalıb. Əslində, dövlət zor, hədə dili ilə də danışa bilərdi. Amma danışmadı. Müdrik bir ağsaqqallıq etdi ki, onun fikirlərini bütün vətəndaşlar anlasınlar. Bilsinlər ki, əməlləri, sadəcə, sıradan bir yaramazlıq deyil, bütövlükdə, milləti təhlükə altına qoyacaq hərəkətdir. Halbuki, dövlətin imkanı və gücü var ki, ölkənin və millətin taleyini təhlükə altına atanlara öz gücünü göstərsin, onları  məcbur etsin ki, qanuna və milli əxlaqa əməl edən adam olsunlar! Amma bu dəfə də humanizm, yumşaq güc üstün tutuldu və dövlət ümid etdi ki, vətəndaşı bu çağırışla haqq yoluna gətirə biləcək.  Kimlərsə bu müşavirədən uzaq gedən sonuclar çıxarmağa başladı. Guya ki, Administrasiya rəhbəri kimlərəsə bu yolla ismarıc verirmiş. Hərçənd, müşavirədə hər şey çox açıq şəkildə deyildi, dövlətin narahatlığı, belə davranışların millətə vura biləcəyi zərərlər haqqında hər kəsin anlaya biləcəyi dildə danışıldı.

Yəni üstüörtülü, ismarıc sayıla biləcək heç bir fikir səsləndirilmədi. İstər Ramiz Mehdiyevin öz çıxışının, istərsə də digər çıxışların ana xətti bu idi ki, siyasi mənsubiyyətindən, ictimai durumundan asılı olmayaraq, hər kəs Azərbaycanın milli təhlükəsizliyini nəzərə almaya bilməz və etməməlidir.

Mədəni, anlaşıqlı bir dildə deyildi ki, ordu, cəbhəyanı bölgələrlə bağlı xəbərlərdə diqqətli olmaq lazımdır.  Hərənin öz istədiyi kimi anladığı bu müşavirənin işığında biz də öz növbəmizdə qaşınmayan yerdən qan çıxarmaq istəyən “həmkarlarımız”a səslənmək istərdik: Gəlin, hər şeyi bir kənara qoyub bu dövlətin təhlükəsizliyinə zərər vuracaq əməllərdən çəkinək. Bir yazı yazarkən, fikir səsləndirərkən özümüzə suallar verək ki, ifadə edəcəklərimdən dövlətimə zərər gəlməz ki?  Örnək üçün, ordu bölmələrinin, hərbi texnikanın yerdəyişməsi haqqında şəkilli xəbərlər paylaşan  jurnalistlərimiz, doğrudanmı, anlamırlar ki, bu əməlləri düşmənə xidmətdən başqa bir şey deyil?  Yaxud, ordumuzun, guya, böyük itkilər verməsi haqda uydurma xəbərləri tirajlayanlar anlamırlarmı ki, bununla ictimai demoralizəyə yol açmış olurlar?  Ermənistan təbliğat maşınının dövriyyəyə buraxdığı yanıldıcı xəbərləri tirajlayanlar necə, düşmənin təbliğat alətinə çevrildiklərinin fərqindədirlərmi?  Bütün bunları və bu qəbildən olanları mütləq elə dövlətmi deməlidir sizə? Özünüz də vətəndaş olaraq bu dövlətin, bu millətin və ən nəhayət özünüzün təhlükəsizliyinizi təhdid edəcək əməllərdən niyə çəkinməyəsiniz axı?  Düşünün, düşünün, bir də düşünün! Özünüzü düşünməmək sizin haqqınızdır, amma bütövlükdə, millətin həyatını təhlükəyə atmaq haqqını sizə heç kim verməyib.

  

Azər HƏSRƏT,

Azərbaycan Mətbuat Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında