Əvvəlki nəsillərin görkəmli nailiyyətlərini inkişaf etdirərək müstəqil Azərbaycanın bu günü və sabahı üçün böyük tarixi əhəmiyyət kəsb edən neft strategiyasının hazırlanması və həyata keçirilməsi gələcək nəsillər üçün xoş güzəranın təməlini qoydu.
Heydər ƏLİYEV
Ümummilli lider
Özünün 150 ildən artıq tarixi ərzində böyük inkişaf yolu keçmiş Azərbaycan neft sənayesi həmişə şanlı uğurları ilə dünya mütəxəssislərinin diqqət mərkəzində olmuşdur.
Ancaq etiraf etməliyik ki, xalqımız bu sərvətdən yalnız XX əsrin sonralarında — müstəqillik qazandıqdan sonra tam bəhrələnmək imkanı qazanmışdır. Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasının məhsulu olan yeni neft strategiyamız və həmin strategiyanın reallaşdırılması üçün hazırlanmış neft diplomatiyasıdır. Adı çəkilən strategiya Azərbaycanın təbii sərvətlərindən xalqımızın bəhrələnməsinə xidmət etdisə, neft diplomatiyamız Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənilməsi üçün dünyanın Qafqazda marağı olan bütün mərkəzlərinin maraqlarının ödənilməsinə şərait yaratdı. Bu isə Azərbaycanın dostlarının daha da çoxalması demək idi.
Ulu öndər çox qısa müddətdə elə bir strategiya və diplomatiya ərsəyə gətirdi ki, hətta, Azərbaycanın bədxahları da gördüklərinə, eşitdiklərinə mat qaldılar. Çünki həmin strategiya ölkəmizin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, dövlət müstəqilliyimizin əbədiləşdirilməsinin də qarantına çevrildi. Sonralar “Əsrin müqaviləsi” adlandırılan Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının birgə işlənməsi məqsədiylə imzalanmış “Hasilatın Pay Bölgüsü Sazişi” adlı sənəddə, demək olar ki, dünyanın bütün qütbləri iştirak edirdilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə adı çəkilən sazişi imzalamış beynəlxalq konsorsiumdakı şirkətlər elə ölkələri təmsil edirlər ki, həmin ölkələr Qafqazda sülh və sabitliyin növbəti dəfə pozulmasına qətiyyən imkan verməzlər. Halbuki, müqavilənin imzalanmasından cəmi bir il əvvəl Azərbaycanın qalan ərazilərinin də işğal və ya ilhaq ediləcəyi barədə təhdidlər eşidir, dövlət müstəqilliyimizin növbəti dəfə itiriləcəyi təhlükəsinin həyəcanını yaşayırdıq. Böyük dövlət xadimi Nikolay Baybakovun dediyi kimi Heydər Əliyev dünya şirkətləri ilə möhtəşəm neft sazişini inzalamaqla həm Azərbaycanın ərazi bütövlüyünün bərpasına zəmin yaratdı, həm dövlət müstəqilliyinin əbədiləşdirilməsinə nail oldu, həm də öz xalqına uzunmüddətli sosial rifah bəxş etdi.
Dövlət müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə hamı ölkənin qarşısındakı iqtisadi və sosial çətinliklərin aradan qaldırılmasının əsas yolu kimi neft və qaz hasilatının artırılmasını görürdü. Ancaq hasilatı necə artırmaq olardı? Bir tərəfdən, bu məqsədi reallaşdırmaq üçün maliyyə imkanları yox idi, bir tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi, siyasi, iqtisadi təcavüzü günün reallığı idi, digər tərəfdən isə ölkəni bürümüş daxili ziddiyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirirdi. Bundan başqa, xarici neft şirkətləri ilə danışıq aparan mütəxəssislər Azərbaycanın maraqlarının təmin edilməsinə nail ola bilmirdilər. Azərbaycan neftinə maraq göstərən xarici neft şirkətləri ilə hələ 80-ci illərin axırlarından aparılan danışıqlar artıq 1993-cü ilin yazında başa çatmaq üzrə idi. Həmin dövrdə Azərbaycan elə bir müqavilənin imzalanmasına yaxınlaşmışdı ki, o nəinki xalqın mənafelərini nəzərə almırdı, hətta, həmin sənəd imzalansaydı, ölkənin qiymətli təbii sərvəti talan ediləcək, iqtisadiyyatımıza böyük ziyan vurulacaqdı.
1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Xüsusilə qeyd edilməli məqam ondan ibarət idi ki, ulu öndər Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük siahdaşı məhz Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyev idi. Əsas şirkətlərlə danışıqları da elə cənab İlham Əliyev aparırdı. Sonralar ulu öndər xatırladırdı ki, 1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin başlanğıcı olmuşdu: “1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
Xatırladaq ki, “Əsrin müqaviləsi”ndən sonra xarici ölkələrin neft şirkətləri ilə ARDNŞ arasında ölkəmizə 60 milyard ABŞ dolları həcmində sərmayə gətirilməsini nəzərdə tutan 21 neft sazişi imzalanmışdır. Bu gün həmin sazişlərin həyata keçirilməsində dünyanın 14 ölkəsinin 30 neft şirkəti iştirak edir.
Təbii ki, istehsal olunan neft-qaz o zaman xalqa və dövlətə səmərə verər ki, bu sərvət dünya bazarına çıxarılsın. Ona görə də Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri də Azərbaycan neftinin dünya bazarına nəqli yollarının dəqiq müəyyənləşdirilməsi idi. Xalqımızın və dövlətimizin mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi əsas götürüldü və geridə qalan illər sübut etdi ki, bu variant həqiqətən Azərbaycanın maraqlarını tam təmin edir.
Müqavilənin imzalanmasından sonrakı illərdə həyata keçirilmiş tədbir və layihələrin nəticələrinə diqqət yetirərkən görürük ki, respublikamızın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış investisiya mühiti, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan beynəlxalq əməkdaşlıq bugünkü Azərbaycan reallıqlarını mümkün etmişdir. Bu müqavilənin nəticələri Azərbaycanı Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında xüsusi rol oynayan bir ölkəyə çevirmişdir. Dövlətimizin neft siyasətinin əsasını istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarına hörmətlə yanaşılması məsələləri təşkil edir.
Son zamanlar ölkəmizin neft siyasətinin daha böyük uğurları sıralanır. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və ölkəmizin qaz ehtiyatlarının təxminən 50 faizini təşkil edir. Ancaq son illərdə uğurlu kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron” qaz yataqları da aşkarlanıb. 2,5 trilyon kubmetr həcmində qiymətləndirilən bu ehtiyatlar həm Azərbaycanın, həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayacaq. Bu ehtiyatların dünya bazarına çıxarılması məqsədilə düşünülən “Cənub” qaz dəhlizinin təşəbbüskarı da məhz Azərbaycandır. Bu layihənin icrası nəticəsində həm Azərbaycan, həm də onun qonşuları və Avropa ölkələri böyük fayda götürəcəklər.
“Əsrin müqaviləsi”nin müəllifi olmuş respublikamızın liderlik keyfiyyətlərinin göstəricisi olan üç layihə - “Şahdəniz-2”, TANAP və TAP Avropanın enerji xəritəsini dəyişdirəcək, Azərbaycanı çox önəmli iqtisadi və enerji tərəfdaşına çevirəcək və ən vacibi, Azərbaycan xalqının bundan sonra da iqtisadi və maliyyə məsələlərinin həlli sahəsində rifahını təmin edəcəkdir. Dövlət başçımızın qeyd etdiyi kimi, biz bu layihələrin icrası nəticəsində bundan sonra ən azı yüz il ərzində qaz ixracatından böyük fayda götürəcəyik və Azərbaycanın dünyadakı rolu daha da artacaqdır.
Xatırladaq ki, dövlətimiz öz neft siyasətini yaxın tərəfdaşları və dostları ilə əməkdaşlıq çərçivəsində daha da inkişaf etdirir. Məsələn, Azərbaycanla Türkiyənin birgə təşəbbüsünün bəhrəsi olan TANAP, Trans- Anadolu layihəsi “Cənub” qaz dəhlizinin reallaşmasına həlledici təsirini göstərəcəkdir. Bu məqsədlə Trans-Adriatik qaz kəmərinin reallaşması üçün bütün məsələlər öz həllini tapmışdır. Bakıdan Avropaya, İtaliyaya qədər uzanacaq TAP layihəsi əməkdaşlığın yeni formatı kimi ölkələr arasındakı birgə fəaliyyəti daha da genişləndirəcək. İlkin hesablamalara görə, 45 milyard dollar vəsaitin sərfini nəzərdə tutan kəmərlərin çəkilişi üçün Azərbaycan da öz maliyyə imkanlarını ortaya qoyur.
Bəs “Əsrin müqaviləsi” bizə – dövlətimizə və xalqımıza hansı səmərələri verib? Bu sualın cavabını möhtərəm dövlət başçımızın müxtəlif nitq və çıxışlarında dəfələrlə eşitmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə və bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik edib. Dövlətimiz “Böyük iyirmilər”in sammitlərinə dəvət alır. Biz kosmosa öz rabitə peykimizi çıxartmışıq. Azərbaycan kosmik ölkələr ailəsinin üzvüdür. Bakı dünyanın bütün mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Respublikamızın paytaxtı ilə paralel olaraq bütün regionları bərabər şəkildə inkişaf edir. Ölkədə yoxsulluq və işsizlik səviyyəsi minimuma endirilib, milyondan artıq yeni iş yerləri yaradılıb. Prezident İlham Əliyevin dediyi kimi, bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi səmərələrdir. Deməli, həmin uğurlar həm də bu günlər 20 yaşını qeyd etməyə hazırlaşdığımız “Əsrin müqaviləsi”nin nəticələridir. Daha böyük nəticələr isə hələ öndədir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Mətbuat Şurası və “SOCAR-AQŞ” MMC-nin kütləvi informasiya vasitələri təmsilçiləri üçün birlikdə elan etdiyi “Əsrin Müqaviləsi – Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli” mövzusunda yazı müsabiqəsinə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.