Qərbin ikili standartları və Ermənistanın qeyri-konstruktiv mövqeyi Qarabağ münaqişəsinin həllini yubadan əsas əngəldir

 Ən ağrılı problemlərimizdən biri – Dağlıq Qarabağ münaqişəsinin həllinin 20 ildən çoxdur ki, düşmən dövlətin yürütdüyü işğalçılıq və separatizm siyasəti  və bu işlə məşğul olan beynəlxalq qurumların yararsız fəaliyyəti ucbatından yubanır. Hər il müəyyən vaxtlarda müşahidə olunan canlanmalar da Ermənistanın işğalçı rejiminin beynəlxalq hüquqa göstərdiyi etimadsızlıq baxımından nəticə vermir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  Ermənistanda realist yanaşmaların üstünlük təşkil edəcəyi təqdirdə qısa müddət ərzində münaqişə ilə bağlı irəliləyiş ola bilər. Lakin, təəssüf ki, S.Sarkisyan iqtidarı öz xalqını acından öldürmək üçün hələ də Qarabağ kartından uğurla istifadə edir.

Bu gün  Azərbaycanın hərtərəfli inkişafı danılmazdır. Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz  açıq-aydın özünü büruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır, Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik vəziyyət yaşanır. Demək olar ki, Ermənistanda demoqrafik fəlakət yaşanır və bunu İrəvanın rəsmi orqanları da təsdiqləyirlər.

 Hər bir ölkə hər halda çalışmalıdır ki, öz müstəqilliyini qorusun, öz seçimini müdafiə etsin, öz dövlətinin gələcəyi haqqında düşünsün. Hər halda, ötən bu bir neçə ildə güclər nisbəti çox ciddi şəkildə Azərbaycanın xeyrinə dəyişildi. Bu müqayisəni 15-20 il bundan əvvəllə aparsaq, fərqin böyüklüyü heyrətamizdir.

Dövlət başçımız hər zaman  danışıqlar prosesində müsbət dəyişikliklərin olacağına ümid etmiş və beynəlxalq təşkilatları öz vəzifə məsuliyyətini dərk etməyə çağırmışdır.  Prezident dünya birliyinin  nəticəsiz fəaliyyətindən danışarkən demişdir: “Mən bunu qeyd etməliyəm, onların fəaliyyətinin hələ ki, heç bir nəticəsi olmayıb. Bu da reallıqdır. Biz vasitəçilər tərəfindən, onların dövlət başçıları tərəfindən müsbət bəyanatları eşidirik. Onların içində xüsusilə qeyd etməliyəm ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatlarında status-kvonun qəbuledilməzliyi haqqında sözlər deyilib. Bu, çox müsbət haldır. Eyni zamanda, onlar daim təkrarlayırlar ki, danışıqlara alternativ yoxdur. Bilirsiniz, müasir dünyada hər bir sahədə kifayət qədər alternativ var. Sadəcə olaraq, biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll edilsin. Azərbaycan öz konstruktiv mövqeyini ortaya qoyur və ümid edirəm ki, danışıqlarla bağlı prosesdə vasitəçilər daha da fəal rol oynayacaqlar. Sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməlidir, işğal edilmiş torpaqlardan çıxmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Razılaşmanın prinsipləri bundan ibarətdir”.

Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Bu fikirləri bugünkü hərbi potensialımız da təsdiqləyir. Hazırki hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, – ən müasir texnikadır, – bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, yəni biz müharibədən çəkinmirik, əksinə öz haqqımızı güc yolu ilə tələb etməyə hər zaman hazırıq. Lakin biz sülh prinsiplərini də qiymətləndiririk və bundan qarşı tərəf sui-istifadə etməkdədir.

Ermənistandan fərqli olaraq, bu gün beynəlxalq ictimaiyyət bizi güclü şəkildə dəstəkləyir. Biz beynəlxalq ictimaiyyətin tam əksəriyyəti ilə çox konstruktiv münasibətlər qurmuşuq. Avropa ölkələri ilə ikitərəfli əlaqələrimiz çox uğurla inkişaf edir. Avropa əsas ticari tərəfdaşımızdır. Azərbaycan ilə Avropa arasında tarixi əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Eyni zamanda, Azərbaycan müsəlman ölkəsi kimi İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Fikrimcə, nəinki coğrafi baxımdan, o cümlədən mədəni və siyasi baxımdan regionumuzda mühüm körpü rolunu oynayırıq. Lakin hər şeyin yaxşı olduğu vəziyyətdə üzləşdiyimiz problemlərdən biri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün pozulmasıdır. Ermənistan-Azərbaycan münaqişəsi bütün regionu təhlükə altına salır. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Tarixdən də bəllidir ki, ermənilər bu torpaqlara vaxtilə çar Rusiyasının İrandakı səfiri Qriboyedovun köç planına əsasən yerləşdirilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Qarabağ sözünün özü Azərbaycan mənşəli addır. Bu sahədə bütün coğrafi toponimlər xalqımıza məxsusdur. Eyni zamanda, beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanımayıb. Dünyanın ən ali beynəlxalq orqanı - BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, qətnamələrin icrasına gəldikdə, bir irəliləyiş yoxdur. Bu isə bir daha ikili standart siyasətinin aparıldığını göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çoxdur ki, mexanizm yoxdur. Ermənistan ərazilərimizi tərk etmək istəmir. Onlar işğal etdiyi ərazilərdən çıxmaq istəmir. Onlar hər bir şeyi olduğu kimi, saxlamaq istəyirlər. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Bu, beynəlxalq vasitəçilərin göstərdiyi səylərə tam ziddir. ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri - Birləşmiş Ştatlar, Rusiya və Fransa - onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymurlar. Onlar dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar. Onlar Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur. Əfsuslar olsun, münaqişə həll olunmayıb. Azərbaycan çox konstruktiv şəkildə çıxış edir. İyirmi ildən artıqdır ki, biz danışıqlar prosesinə sadiq qalmışıq. Lakin hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec ya tez nə isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar. Əfsuslar olsun ki, Ermənistan rəhbərliyindən adekvat yanaşmanı görmürük. Adekvat yanaşmayan dövlətlərə qarşı dərhal sanksiyalar tətbiq edilir. Serbiya dövlətinə, Liviyaya, İraqa, Əfqanıstana, İrana, hətta son Ukrayna olaylarında nəhəng Rusiyaya belə sanksiyalar tətbiq edildiyi halda Ermənistanın işğalçı mövqeyi öz layiqli cəzasını almır.

ATƏT iki dəfə faktaraşdırıcı və vəziyyəti qiymətləndirən missiyasını işğal edilmiş ərazilərə göndərib. Onların hesabatında aydın şəkildə göstərilir ki, hər şey dağıdılıb. Bu, işğal edilmiş ərazilərdə erməni vandallığının nəticəsidir. Ərazi bütövlüyü beynəlxalq hüququn əsas prinsipidir. Erməni tərəfinin daim istinad etdiyi öz müqəddəratını təyinetmə prinsipi ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Bundan başqa, ermənilər artıq öz müqəddəratını təyin ediblər. Onlar, əslində, Azərbaycanın tarixi torpaqları hesabına yaradılmış Ermənistan dövlətinə malikdirlər. Bunu dünyada təbliğ etmək lazımdır. Ölkə rəhbəri bütün beynəlxalq təşkilatlar qarşısında çıxış edərkən bu məsələyə haqlı olaraq toxunur. Bu gün həmin bu fikir bütün Avropada, Amerikada təbliğ olunmalıdır. Çünki bu həqiqətdir. Dünyaya erməni lobbisi tərəfindən yalan informasiyalar yayılır. Lakin biz öz təbliğat yollarımızı elə qurmalıyıq ki, asan şəkildə Qərb insanı Azərbaycan həqiqətini öyrənə bilsin.

Rusiya imperiyasının dağılması nəticəsində — 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ilk fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla artıq ikinci erməni dövlətinə sahib olmaq istəyirlər. Ermənilər dərk etməlidirlər ki,  bu münaqişə Ermənistanın tam məhvinə və fəlakətinə aparır.

Məsələ burasındadır ki, son illər ərzində ABŞ ilə Şimali Atlantika blokunun Avropadan olan bəzi üzvləri arasında da  beynəlxalq təhlükəsizliklə bağlı ciddi fikir ayrılıqları müşahidə olunmaqdadır. Rəsmi Vaşinqton NATO-dan bütün dünyada öz istəyinə uyğun və ona lazım olan məqamda hansısa ölkəni cəzalandırmaq, yaxud planetin hansısa bölgəsinə qoşun çıxararaq, öz iradəsini reallaşdırmaq məqsədilə istifadə etməyə çalışmışdır. Qərb ölkələrinin yeni şəraitdə Cənubi Qafqazın təhlükəsizliyi ilə bağlı yürütdüyü fərqli siyasət və Rusiya ilə yaratdığı tərəfdaşlıq münasibətləri əksər region ölkələrinin, o cümlədən  Azərbaycanın bu sahədəki mövqelərinə və fəaliyyətinə adekvat təsir göstərmişdir. Məsələn, yeni şəraitə uyğun olaraq 18 noyabr 2010-cu ildə  Rusiyanın təşəbbüsü ilə Xəzər hövzəsi ölkələrinin 3-cü Bakı sammiti keçirildi və Azərbaycan da Rusiya, Qazaxıstan, İran və Türkmənistan prezidentlərinin  “Xəzərdə təhlükəsizlik sahəsində birgə əməkdaşlıq” haqqında sazişinə imza atdı. Bəhs olunan saziş  Xəzər hövzəsində birgə təhlükəsizliyin təmin edilməsi prinsipləri ilə yanaşı, həm də transsərhəd bölgələrdə terrorizmə, cinayətkarlığa, qaçaqmalçılığa və narkotik dövriyyələrə qarşı ümumi mübarizənin mexanizmlərini  özündə əks etdirmişdir ki, onu  mütəxəssislər bütövlükdə  “bölgədəki yeni geosiyasi və hərbi-geostrateji şəraitin əyani nəticəsi kimi” dəyərləndirmişlər. Bəziləri sazişin əsas xüsusiyyətlərindən biri kimi  “Xəzər bölgəsinin təhlükəsizlik məsələlərinə hər hansı kənar qüvvələri buraxmadan, bilavasitə sahilyanı ölkələrin daxili potensialı hesabına regional  sülhün və sabitliyin təmin edilməsi prinsipini” qeyd etmiş, digərləri Xəzəryanı dövlətlərin “regionun təhlükəsizliyi məsələsində yerli və beynəlxalq amillərin tarazlığının yaradılmasını” və s. ön plana çəkmişlər. Lakin, necə deyərlər: “görünən dağa bələdçi lazım deyil”. Fakt faktlığında qalır ki, bu gün Qərb Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləsə də, Cənubi Qafqazda mövcud olan problemlərin həllində hələ ki, qətiyyət nümayiş etdirmir. Bir sıra ekspertlər, Qərbin Rusiya ilə onsuz da soyuq olan münasibətlərinin daha da pisləşə biləcəyindən ehtiyat etdiyini bildirirlər. Hər halda, hər iki qütb müharibəni dəstəkləmədiklərini bəyan etsə də, konkret işə gəldikdə Ermənistana qarşı loyallıq sərgiləyir, sülhün bərqərar olması üçün əməli iş görməkdən çəkinirlər.

Sual olunur: Nə üçün qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərlərinə qarşı sanksiyalar tətbiq olunmur? Bu gün xalqımıza qarşı terrorçuluqda adları hallanan  “Dağlıq Qarabağ” liderləri Avropada telemarafonlar keçirirlər, pullar yığırlar. Sonra o pulları bizim əleyhimizə istifadə edirlər. Onların “rəhbərləri”ni Qərbin aparıcı ölkələrində qəbul edirlər. Vizalar verilir, onlar orada “nümayəndəliklər” açırlar.

Prezident İlham Əliyevin bu barədə konkret fikri belə oldu ki, Azərbaycana qarşı riyakar siyasət, ikili standart siyasəti davam edir. Biz bununla heç vaxt barışmayacağıq. Bu məsələyə münasibətdə xalqımızın fikri çox qətidir.

 

Anar TURAN,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında