İnformasiya təhlükəsizliyi dövlətçiliyin mühüm şərtidir

 Bu gün Azərbaycan çox mürəkkəb, siyasi proseslərə həssas bir regionda yerləşməklə bərabər, həm də bu proseslərin içində birbaşa və ya  dolayısı yolla iştirak edir. Ölkəmizi özü istəmədən belə, bir sıra siyasi qarşıdurmalarda yaranan qruplaşmalara cəlb etmək üçün cəhdlər edilir. Şübhəsiz ki, müstəqilliyimiz bərpa edildikdən sonra Azərbaycan dövləti maksimum dərəcədə beynəlxalq intriqalardan uzaq durmağa çalışmış və özünəməxsus siyasət yürütməklə vəziyyətdən sabit çıxmışdır. Onsuz da Ermənistanın Azərbaycana qarşı təcavüzü bizim üçün əlavə problemə ehtiyac olmadığını aydın izah edir. Lakin Yaxın Şərqdə cərəyan edən son hadisələr, Rusiya-Ukrayna münaqişəsi göstərdi ki, qütblərarası mübarizədə bütün tərəflər Azərbaycanı yanında görmək istəyir. Bu isə bizim üçün həm siyasi dividenddir, həm də əlavə problem. Ölkə rəhbərliyi bu məsuliyyəti dərk edərək, qonşularla münasibətləri pozmamağa üstünlük verir və Qərbə inteqrasiyanı hədəf götürsək də, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmağa önəm verir.

Son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası sürətlə inkişaf edib, ölkəmizin güclü iqtisadi və hərbi potensialı formalaşıb, cəmiyyət həyatının bütün sahələri müasirləşib. Dövlətimiz ümumdünya səciyyəli proseslərin fəal iştirakçısına çevrilib, mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifi və təkanverici qüvvəsi kimi beynəlxalq arenada böyük nüfuz qazanıb. Qarşıda duran bütün əsas vəzifələr düşünülmüş və məqsədyönlü, elmi əsaslara malik dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurla icra olunub, respublikamız “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan strateji hədəflərə doğru inamla irəliləməkdə davam edib.

Azərbaycanda qısa dövr ərzində dünyanın aparıcı maliyyə və iqtisadi qurumlarının, beyin mərkəzlərinin diqqətini cəlb edən yüksək nəticələr əldə olunub. Təsadüfi deyil ki, 2013-cü ilin aprelində Davos Dünya İqtisadi Forumu məhz Bakıda keçirilib. Sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər isə həqiqətən də heyrətamizdir. 2004-cü ildən sonra ötən dövr ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizlik isə 4,8 faizə enib. Azərbaycanda müasir sosial-iqtisadi infrastruktur yaradılıb, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunub. Minlərlə istehsal obyekti yaradılıb, müasir texnologiyalara əsaslanan zavod və fabriklər, texnoparklar fəaliyyətə başlayıb. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin nəqliyyat-logistika mərkəzinə çevrilib. Regional inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi bölgələrin simasını əsaslı şəkildə dəyişdirib və müasirləşdirib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq.  Bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbət göz qabağındadır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğurdur. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. BMT-nin üzvü olan 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir.

Azərbaycanın bu gün dünyada diqqət mərkəzində olma səbəblərindən biri də Bakıda keçirilən beynəlxalq forumlardır. Bu gün Bakı humanitar mərkəz, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Beynəlxalq Humanitar forumlara, Davos İqtisadi Forumuna, İnternet Forumuna və digər mötəbər tədbirlərə ev sahibliyi etməyimiz bunu bir daha təsdiqləyir. Hesab edirik ki, 2015-ci ildə birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə, Azərbaycan öz inkişaf səviyyəsini, yüksək potensialını bütün dünyaya bir daha təqdim edəcək.

Məlum olduğu kimi, bu günlərdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirilib. Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə akademik Ramiz Mehdiyev bu məsələlər barədə ətraflı danışmış və bir sıra məqamlara aydınlıq gətirmişdir.

Qeyd olunmuşdur ki, son illər Azərbaycanda demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğu prosesində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər mənfi hallara qarşı mübarizənin gücləndirilməsi sahəsində də mühüm nailiyyətlər əldə edilmişdir. Söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində ciddi addımlar atılıb, bir sıra qanunvericilik islahatları həyata keçirilib. Senzuranın ləğvindən və kütləvi informasiya vasitələrinin fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən dövlət orqanının fəaliyyətinə xitam verildikdən sonra KİV-lərin inkişafında yeni mərhələ başlanıbdır. Azərbaycan Respublikasının Konstitusiyası, “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” və digər qanunlar KİV-lərin maneəsiz informasiya əldə etmək və yaymaq hüququna tam təminat verir. Qanuna görə, KİV-in və jurnalistlərin qanuni fəaliyyətinə hər hansı müdaxilə inzibati və cinayət məsuliyyəti doğuran hal hesab edilir. Akademik R. Mehdiyev demişdir:

- Bu gün kütləvi informasiya vasitələrinin əməkdaşları yaxşı bilirlər ki, Azərbaycan dövləti milli informasiya resurslarının inkişafına hərtərəfli dəstək göstərir. Bu məqsədlə 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi” Konsepsiyası təsdiq olunub, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu təsis edilib. Bu günədək media layihələrinin maliyyələşdirilməsi üçün fonda dövlət büdcəsindən 17 milyon manatdan artıq vəsait ayrılıb. Azərbaycanda milli mətbuatın, milli televiziya və radionun yubileyləri dövlət səviyyəsində qeyd olunur, KİV əməkdaşlarına fəxri adlar və mükafatlar verilir, redaksiyalara birdəfəlik maddi yardımlar göstərilir. Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlərin mənzil-məişət problemləri dövlət vəsaiti hesabına həll edilir. Məlum olduğu kimi, 2013-cü ildə 156 KİV əməkdaşı yeni mənzillə təmin edilib, həmçinin 250 mənzilli daha bir binanın təməli qoyulub və inşası davam etdirilir. 

Prezident Administrasiyasının rəhbəri bildirmişdir ki,  Azərbaycan Cənubi Qafqazda və MDB məkanında KİV-in kəmiyyəti və keyfiyyəti baxımından öncül yerlərdən birini tutur. Bu gün Azərbaycanda 5000-dən artıq KİV uçota götürülüb və ya müvafiq dövlət orqanında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet, 100-ə yaxın jurnal, 52 televiziya və radio kanalı, 30-a yaxın informasiya agentliyi, 300-dən artıq aktiv internet informasiya resursu, onlarca jurnalist təşkilatı fəaliyyət göstərir.

Lakin bütün bunlara baxmayaraq, bu gün uğurları təbii qarşılayan, sevinən və yaxud alqışlayan tərəflər olduğu kimi, bunu hansısa yolla qaralamağa çalışan, ona kölgə salan təbliğata qoşulan və ya bu təbliğatı təşkil edən qüvvələr də mövcuddur.  Hörmətli akademik bildirmişdir ki, Azərbaycanın sürətli inkişafı, güclü, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, ölkəmizin regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində fəallığı müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmin edən ayrı-ayrı dairələri ciddi narahat edir. Son bir neçə ildə ölkəmizə qarşı aparılan davamlı kampaniyanın əsasında da məhz bu amil durur. Etiraf etməliyik ki, Azərbaycanda mövcud olan tolerant mühitdən, demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr ayırdıqları maliyyə hesabına ölkəmizin daxilində müxtəlif qeyri-hökumət təşkilatlarından və KİV-dən ibarət öz dayaq nöqtələrini, “5-ci kolon”unu formalaşdırmağa nail olublar. Onlar müvafiq tapşırıq əsasında Azərbaycanın daxili və xarici siyasətini ləkələmək məqsədi güdən, əsassız, subyektiv mülahizələrdən ibarət, bir çox hallarda isə iftira xarakterli donoslar hazırlayır və ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən xarici təşkilatlara göndərir, onların əsasında da həmin qurumların bəyanatları hazırlanır və yayılır. Son illər Azərbaycanın səyləri nəticəsində ABŞ-ın bir çox ştatı, dünyanın 10 ölkəsi Xocalı soyqırımını tanıyıb. Lakin Ermənistanın Azərbaycana qarşı bütün resurslarının tükəndiyi, heç bir mübarizə potensialının, arqumentinin qalmadığı bir vaxtda isə daxili antimilli ünsürlər, Vətəni satanlar, müxalifətə yaxın QHT və media öz xalqına, dövlətinə qarşı xəyanət yolu tutaraq düşmənlə işbirliyinə gedir və onun mövqeyini gücləndirməyə çalışırlar. Bəzi QHT və media mənsubları böyük qrantlar müqabilində ölkəni daxildən parçalamağa hesablanmış xarici kəşfiyyat orqanlarının dəyirmanına su tökən fəaliyyətləri ilə gündəmdən düşmürlər.

Bu gün  cəmiyyətimiz qarşısında duran ən ağrılı problem - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüquq normalarına uyğun həllidir. Beynəlxalq birliyin susqunluğu, ikili standartları, ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazilərini işğal altında saxlayır, BMT-nin müvafiq qətnamələrini, digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri icra etməkdən boyun qaçırır. Məhz cəzasızlıq mühiti, beynəlxalq birliyin oxşar işğal faktlarına ayrı-seçkiliklə yanaşması Ermənistanı qoşunların təmas xəttində atəşkəsi pozmağa, çoxsaylı insan ölümünə səbəb olan diversiya cəhdlərinə sövq edir. Müşavirədə PA rəhbəri  konkret olaraq bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə, elektron informasiya resurslarının Azərbaycan qanunlarının tələblərinə məhəl qoymadan, qeyri-peşəkar, bəzi hallarda isə ermənilərin maraqlarına uyğun fəaliyyətindən, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin yaranmış situasiyada milli maraqlara zidd, qeyri-adekvat davranışından söhbət açmış və onları bu yoldan çəkinməyə çağırmışdır. Akademik  ayrı-ayrı “ekspertlər” tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi arsenalının say və texniki göstəricilərinin mediada fəal müzakirə olunduğunu qeyd etmiş, bəzi KİV-in ordunun ali komanda heyəti barədə şayiələr yaymasından danışmış və dövlətin hərbi sahədə siyasəti haqqında həqiqətə uyğun olmayan, qərəzli məlumatların  dərc edilməsini bildirmişdir.

 Həqiqətən, bu yaxınlarda təmas xəttində ermənilərin kəskin fəallaşması və ordumuz tərəfindən dəf edilməsi zamanı bəzən həqiqətə heç bir halda uyğun olmayan şayiələr yaymaqla və şəhid olan əsgərlərimiz barədə insafsızcasına yalan yayan bəzi media qurumları açıq-aşkar xalqın daxili birliyini, ordusuna olan inamını pozmaqla məşğul idi.  Bəzi saytların açıq-aşkar cəmiyyətin bütövlüyünə xələl gətirməsi əhali arasında narahatçılıq yaratmağa cəhd etməsi cəmiyyətimizin özü tərəfindən şiddətlə qınanıldı.

Qeyd etdiyimiz faktlar barədə müşavirədə kəskin danışan akademik  bir sıra informasiya resurslarının, bir tərəfdən Ermənistan kəşfiyyatı üçün məlumat ötürücüsünə çevrilməsindən, digər tərəfdən də düşmənin Azərbaycan əleyhinə apardığı mənəvi-psixoloji müharibəyə “töhfə” verərək həm əsgərlər, həm də əhali arasında çaşqınlıq, ruh düşkünlüyü yaranmasına səbəb olmasını vurğuladı. Ramiz Mehdiyev bu yolu tutanların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyətə cəlb olunacağını bir daha xatırlatdı. O, 2007-ci ildə təsdiq olunmuş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında öz təsdiqini tapan məqamları xatırladaraq bildirmişdir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir. Buna görə də, formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, atılacaqdır.

Bu gün vahid informasiya məkanının mövcud olduğu şəraitdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, cəmiyyətimizi, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Akademik müşavirədə haqlı olaraq bildirmişdir ki, KİV Azərbaycanın konstitusiya quruluşu, ərazi bütövlüyü, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, milli təhlükəsizlik və digər bu kimi məsələlərdə kifayət qədər həssas davranmalı, cəmiyyətə milli təəssübkeşliyin nümunəsini təqdim etməli, onun obyektiv və operativ informasiya ehtiyacını ödəmək missiyasını milli maraqlarla uzlaşdırmalıdırlar. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir.

Heç bir halda maddi maraqlar və ədalətli informasiya təminatını həyata keçirməyə mane olmamalı və milli maraqlar arxa plana keçməməlidir. Çünki Azərbaycanın parlaq gələcəyini təmin etməyin yollarından biri də məhz budur:  İnformasiya təhlükəsizliyini dövlətçiliyimizin, müstəqilliyimizin qarantı hesab etmək.

 

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında