Azərbaycan - Türkiyə əlaqələri ən yüksək zirvədədir

Bu əlaqələr dostluq, qardaşlıq təməli üzərində qurulub

Bu gün bizim birliyimiz artıq dünya çapında bir amildir və Türkiyə nə qədər güclü olsa, biz də o qədər özümüzü güclü hiss edəcəyik. Türkiyənin uğurları bizi çox sevindirir. Mən əminəm ki, bizim qardaşlıq əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcəkdir.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın xüsusilə son illərdəki dinamik inkişafı, Azərbaycandakı infrastrukturun inkişafı, həqiqətən, dünyanın da heyranlıqla izlədiyi bir prosesdir. Burada hörmətli qardaşımın və komandasının iradəsinin, həqiqətən, çox böyük rolu var. Mən də istər on bir illik baş nazirliyim müddətində, istərsə də bundan sonra, həmin gündən bu günə Azərbaycanın haradan haraya gəldiyini görməkdən məmnunam. Çünki qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir.

Rəcəb Tayyib ƏRDOĞAN

Türkiyə Cümhuriyyətinin Prezidenti

 

Müstəqil Azərbaycan dövlətini zamanın ağır sınaqlarından uğurla çıxartmış Heydər Əliyev siyasi kursu öz müsbət nəticələri ilə Qafqazda marağı olan bütün qüvvələri heyrətləndirməkdədir. Bu siyasi kursun gündən-günə daha böyük miqyasda özünü təsdiq etməsi və müasir  siyasət düzənində gedən proseslərə yeni töhfələr verməsi artıq dünyanın hər yerində yüksək səviyyədə etiraf edilir və qəbul olunur. Heydər Əliyev siyasi kursunun ən mühüm tərkib hissələrindən olan yaxın qonşularımızla, əməkdaşlığa böyük önəm verilməsi isə daha böyük uğurlar qazanmağımıza stimul olur. Bu sırada qardaş Türkiyə Cümhuriyyəti ilə hərtərəfli əməkdaşlığın gündən-günə genişləndirilməsini  məxsusi olaraq qeyd etməliyik.

 Prezident İlham Əliyevin və qardaş ölkənin dövlət və hökumət rəsmilərinin gündəlik fəaliyyətində özünəməxsus yer tutan bu əməkdaşlıq artıq bir çox ölkələr üçün nümunə səviyyəsinə gəlmişdir. Həm Azərbaycanda, həm də Türkiyədə dövlət başçısı seçilmiş şəxslərin  yaşatdığı “birinci səfər” ənənəsinin təməlini də məhz bizim ulu öndərimiz Heydər Əliyev qoymuşdur. Qardaş ölkədə Mustafa Kamal Atatürk dövründən sonra ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə prezident seçilmiş Rəcəb Tayyib Ərdoğan da həmin ənənəyə öz töhfəsini verdi. Qardaş ölkənin Prezidenti bir qədər də irəli gedərək Bakı səfəri çərçivəsində Heydər Əliyevi “ata” və “ulu öndər” adlandırdı. İndiyədək türk siyasətçilərinin hamısı  Heydər Əliyevi bütün azərbaycanlıların ümummilli lideri deyə yada salırdılar. Cənab Ərdoğan isə Bakıda olarkən “Heydər ata” ifadəsini bir neçə dəfə işlətdi. Türkiyə Prezidentinin Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif olunması və onun  ümummilli liderimizin abidəsini ziyarət etməsi də bu qarşılıqlı məhəbbətin, qardaşlıq münasibətlərinin təzahürü idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla  təkbətək və geniş tərkibdə keçirdiyi görüşdən sonra mətbuata verdiyi bəyanatda dost ölkə Prezidentinin Bakı səfərini yüksək qiymətləndirdi. Dövlət başçımız aparılan danışıqların böyük səmərə verəcəyinə əmin olduğunu ifadə edərək bildirdi ki, bu gün biz ikitərəfli görüşümüzdə, eyni zamanda, heyətlərlə birgə görüşümüzdə ikitərəfli əlaqələrimizin bütün istiqamətlərini müzakirə etdik və bir daha əmin olduq ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir, ən yüksək zirvədədir. Bizim əlaqələrimiz dostluq, qardaşlıq üzərində qurulubdur. Bu gün biz dostluğumuzun, qardaşlığımızın gözəl binasını bu möhkəm təməl üzərində inşa edirik.

 Dövlət başçımız ölkələrimiz arasındakı siyasi əlaqələrin  gündən-günə genişləndiyini yada salaraq söylədi ki, biz beynəlxalq təşkilatlarda bir-birimizə daim dəstək veririk, xarici siyasətlə bağlı məsləhətləşmələr aparılır: “ Fürsətdən istifadə edərək, Türkiyə dövlətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində göstərdiyi səylərə görə və Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün minnətdarlığımı bildirmək istəyirəm. Bu, bizim üçün çox önəmlidir. Türkiyə bütün dövrlərdə bu məsələ ilə bağlı öz siyasətini açıq şəkildə aparmışdır, daim Azərbaycanın yanında, haqqın, ədalətin, beynəlxalq hüququn yanında olmuşdur. Bu məsələ bu gün də müzakirə edildi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgə üçün ən böyük təhdiddir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri uzun illərdir ki, işğal altındadır, 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkün var. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, BMT Təhlükəsizlik Şurası — dünyanın ən ali qurumu bu münaqişə ilə bağlı 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması tələb edilir. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və münaqişə hələ ki, öz həllini tapmayıb. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əminəm ki, belə də olacaq".

 Dünya ictimaiyyəti, xüsusən,  türk xalqları yaxşı bilirlər ki, son illər Azərbaycanın iştirak etmədiyi beynəlxalq tədbirlərdə Türkiyə rəsmi Bakının mövqelərini müdafiə edir, Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirlərdə isə Azərbaycan Ankaranın mənafelərini qoruyur. Prezident İlham Əliyevin Praqada keçirilən beynəlxalq tədbirlərin birində Türkiyənin əleyhinə cəfəngiyyat söyləyən Serj Sarkisyana dediyi : “Türkiyə burada iştirak etmir, ancaq mən buradayam” - ifadəsini türk mətbuatı “Əliyevdən Sarkisyana sərt sillə” kimi manşetə çıxartmışdı. Həmin əməkdaşlıq nümunələrini yüksək qiymətləndirən dövlət başçımız birgə bəyanatda daha incə məqamlara toxundu: “Eyni zamanda, Azərbaycan da bütün beynəlxalq qurumlarda daim Türkiyənin yanındadır. Bu gün, eyni zamanda, biz gələn il Ermənistanda qeyd ediləcək qondarma, sözdə ”soyqırımı" ilə bağlı fikirlərimizi bölüşmüşük. Türkiyə ilə Azərbaycan həm xarici işlər nazirləri, həm səfirliklər səviyyəsində birgə fəaliyyət göstərir və göstərəcəklər. Diaspor təşkilatlarımız da, ictimai təşkilatlar da bu işlərdə birgə fəaliyyət göstərir və göstərəcəklər ki, biz dünyada qondarma “erməni soyqırımı”nın ifşası ilə bağlı öz işlərimizi əlaqələndirilmiş şəkildə aparaq. Ermənistan və dünya erməniliyi beynəlxalq ictimai rəyi çaşdırmaq, yalan üzərində tarix qurmaq istəyir, Türkiyəyə qarşı əsassız ittihamlar irəli sürür. Bunların heç bir tarixi əsası yoxdur. Bu, yalandır, böhtandır, iftiradır. Biz birgə səylərlə və bizə yaxın olan ölkələrlə birlikdə erməni yalanını bundan sonra da birgə ifşa edəcəyik".

İndi artıq heç kəsə sirr deyil ki, bu gün bütün dünyanı narahat edən birinci problem ölkələrin enerji təhlükəsizliyinin təmin olunması məsələsidir. Bir sıra ölkələr bu sarıdan ciddi çətinliklərlə üz-üzə qalıblar. Azərbaycan isə nəinki özünün, həm də, dostlarının və müttəfiqlərinin enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Rəcəb Tayyib Ərdoğanla danışıqların nəticəsi barədə məlumat verən Prezident İlham Əliyev bu barədə daha böyük əminliklə danışırdı: “Hər zaman olduğu kimi, bizi birləşdirən enerji layihələri də müzakirə mövzusu oldu. İki il bundan əvvəl TANAP layihəsinə əziz qardaşımla imza atanda biz təxminən görürdük ki, bu, nəyə gətirib çıxaracaq. Bizim əsərimiz olan TANAP layihəsi bu gün dünyanın diqqətini cəlb edir. Artıq bizim qruplarımız, komandalarımız işə başlamışlar. Əminəm ki, bu tarixi layihə vaxtında icra ediləcəkdir”.

 Rəcəb Tayyib Ərdoğanın Bakıda verdiyi bəyanatın bütün cümlələri Azərbaycan - Türkiyə münasibətləri mövzusunda yazan qələm sahibi üçün ayrıca bir mövzu kimi qəbul edilə bilərdi. Ancaq biz bu qısa yazıda həmin bəyanatdakı iki məqamın üzərində dayanmaq istərdik. Birinci məqam son illər Azərbaycanda həyata keçirilən hərtərəfli islahatların nəticəsinə verilən qardaş qiyməti idi:  “Qardaş Azərbaycandakı bu inkişaf bizi də xüsusilə məmnun edir. Əminəm ki, qardaşların güc qazanması gələcəyə nikbin baxmağımıza da inamı artırır. Ticarət sahəsində atacağımız addımlarda da müəyyən etdiyimiz hədəflərimiz var. İnşallah, bu hədəflərə də çatacağıq. 15 milyard dollarlıq bir hədəfimiz var və inşallah, bu hədəfə də çatacağıq. Hər iki tərəfdə bu iradənin olduğunu görürük, bilirik. Bu məsələdə heç bir tərəddüdümüz yoxdur”.

  Cənab Ərdoğanın bəyanatından seçdiyimiz ikinci məqam isə sırf siyasi məzmunlu idi. Türkiyə Prezidenti Bakıda Azərbaycan ictimaiyyətinə söz verdi ki, biz sabah Böyük Britaniyada, NATO-nun sammitində Azərbaycanın haqqını tələb edəcəyik: “ İndi buradan NATO zirvəsinə gedəcəyik. NATO zirvəsində də, xüsusilə bu zirvə ilə bağlı keçmişdən bu günədək keçirilən bütün tədbirlərdə Azərbaycana verilmiş sözlər vardır. Bu sözləri, təbii ki, orada da diqqətə çatdıracağıq. Bir qədər əvvəl digər ölkələrə verilən sözlər necə yerinə yetirilirsə, Azərbaycana verilən sözlərin də yerinə yetirilməsini orada da əlaqədar ölkələrdən istəyəcəyik. Bu, artıq bir ianə və bir lütf deyil, bir haqdır. Bunların yerinə yetirilməsi lazımdır. Bu məsələdə də qətiyyətimizi xüsusilə ifadə edəcəyik”.

Dost ölkə başçısının Bakı səfəri barədə qələmə aldığımız sətirləri bilavasitə cənab Rəcəb Tayyib Ərdoğanın  öz sözləri ilə başa çatdırmaq istəyirik. Ali qonağın şərəfinə verilən ziyafətdə azərbaycanlı həmkarından sonra çıxış edən Türkiyə Prezidenti dedi: “Bu gün adambaşına milli gəlirin səkkiz minə çatdığı Azərbaycan var. Haralarda idi, indi haraya gəldi.Türkiyədə isə bu göstərici 11 min dollara çatmaqdadır. Belə bir Türkiyə var. Təbii ki, biz bu uğurlarla fəxr edirik. Amma bunlar bizim üçün kifayət deyil. Bunu, inşallah, daha da irəli aparacağıq”. Biz də inşallah!-deyirik.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında