Azərbaycan – Türkiyə strateji tərəfdaşlığı tarixi dostluqdan, qardaşlıqdan güc alaraq daim inkişaf edir

Qardaş ölkənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri ikitərəfli münasibətlərin inkişafına təkan verəcək

Azərbaycan – Türkiyə dostluğu, qardaşlığı tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalqın arasındakı ən təbii hisslərdən bəhrələnir, ondan güc alır. Ona görə də iki qardaş ölkə arasındakı münasibətlər uzun illərdir ki, inkişaf edir, daha da möhkəmlənir. Türk dünyasının böyük oğlu Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” müdrik kəlamı ilə ifadə etdiyi iki mühüm strateji tərəfdaş arasındakı mövcud əməkdaşlıq hazırda özünün ən yüksək səviyyəsinə çatıb. Qardaş ölkənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bunu bir daha təsdiqləyir.

Türkiyə Cümhuriyyətinin tarixində ilk dəfə keçirilən prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin səsini alaraq cümhurbaşqanı seçilən cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərə gəlməsi iki ölkə arasındakı əlaqələrin ən yüksək səviyyədə olduğunun göstəricisi, münasibətlərimizin dostluq, qardaşlıq prinsipləri əsasında formalaşmasının bariz nümunəsi hesab edilir.

Xatırladaq ki, Türkiyədə bu il martın 30-da baş tutan və olduqca gərgin keçən bələdiyyə seçkilərində o vaxt Türkiyə Cümhuriyyətinin Baş naziri olan Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası səslərin 44 faizdən çoxunu toplayaraq qalib olduqdan sonra aprelin 4-də cənab R.T. Ərdoğanın ilk xarici səfərini məhz Azərbaycana etməsi bir daha təsdiqlədi ki, bizim dövlət münasibətlərimizin əsas ana xəttini sıx strateji müttəfiqlik əlaqələri təşkil edir. Dövlət başçısı İlham Əliyevin də ötən il prezident seçkilərində qələbədən sonra ilk səfərini Türkiyəyə etməsi bu prosesin bir ənənə halını alması üçün atılan prinsipial addım kimi dəyərləndirilir.

Bu məqamda onu da qeyd etmək yerinə düşərdi ki, cənab İlham Əliyevin 2003-cü ildə - Baş nazir təyin olunduqdan sonra səfər etdiyi ilk xarici ölkənin Türkiyə olması da təsadüfi deyildi. Bu, münasibətlərin səviyyəsinin göstəricisi hesab oluna bilər. 2004-cü il aprelin 13-15-də Prezident İlham Əliyevin Türkiyəyə dövlət başçısı kimi ilk səfəri də əlaqələrin inkişafı baxımından çox uğurlu olub. Həmin səfər zamanı iqtisadi-siyasi və mədəni əlaqələrin inkişafını nəzərdə tutan 5 mühüm sənəd imzalanıb. Azərbaycanın dövlət başçısının 2008-ci il iyulun 24-də Türkiyəyə növbəti səfəri zamanı isə cənab İlham Əliyev Qars şəhərində Bakı - Tbilisi - Qars dəmir yolunun Türkiyə hissəsinin təməlinin qoyulması mərasimindəki nitqində çox mühüm məqamlara toxunub, bu dəmir yolunun Azərbaycanı, Gürcüstanı və Türkiyəni nəqliyyat dəhlizinə çevirəcəyini və ümumən, regionda əməkdaşlığın genişlənməsi üçün önəmli layihə olduğunu bildirib.

Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi böyük layihələr bu gün dünya enerji xəritəsinə yeni çalarlar gətirib. 2006-cı ildə Bakı -Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Avropanın enerji xəritəsini xeyli dəyişdirib. Bu mənada, 2010-cu il enerji sahəsində iki ölkə arasındakı əməkdaşlığın inkişafı baxımından yaddaqalan olub. Belə ki, Azərbaycan Prezidentinin həmin il iyunun 7-8-də Türkiyəyə işgüzar səfəri zamanı aparılan müzakirələrin parlaq nəticəsi olaraq dövlət başçısı İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Türkiyənin BOTAŞ şirkəti arasında Azərbaycandan Türkiyəyə və Türkiyə ərazisindən təbii qazın satışı və nəqlinə dair bəyannamə, Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi arasında təbii qazın satışı və nəqlinə dair anlaşma memorandumunun imzalanması ölkələrimizin enerji sahəsindəki əməkdaşlığının yeni mərhələdə inkişafına bariz nümunədir. Bu sənədlər iki qardaş ölkənin qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində göstərdiyi birgə səylərin və qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinə rəvac verir.

Yeni böyük tarixi əhəmiyyəti olan TANAP layihəsinə gəldikdə isə, aparılan müzakirələr nəticəsində “Şahdəniz-2" layihəsi çərçivəsində əldə ediləcək təbii qazın 6 milyard kubmetrlik hissəsinin Türkiyəyə satışına, 10 milyard kubmetrlik hissəsinin də Türkiyə ərazisindən Avropaya tranzit daşınması ilə əlaqədar qardaş ölkə rəhbərliyi ilə 2011-ci il oktyabrın 25-də hökumətlərarası müqavilə, 2011-ci il dekabrın 24-də isə ilkin razılaşma imzalanmışdır. Petkim, TANAP layihələrinə birlikdə qoyulacaq sərmayə isə təxmini hesablamalara görə, 15-20 milyard dollara bərabərdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il iyunun 26-da Türkiyəyə işgüzar səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər enerji sahəsindəki əməkdaşlığın inkişafı baxımından önəmli idi. Dövlət başçımızın Türkiyəyə həmin səfərində ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya üçün mühüm əhəmiyyət kəsb edən sənəd — Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə hökumətlərarası müqavilə imzalandı. Bunun ardınca, BOTAŞ və ARDNŞ arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşma ilə yanaşı, Türkiyə hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi” də imzalandı. Bunlar iki ölkənin tarixində çox önəmli bir hadisə, iqtisadi, siyasi cəhətdən güclənən Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşacaq transmilli layihənin hüquqi bazasını təşkil edən mühüm sənədlərdir.

Trans-Anadolu təbii qaz boru kəməri layihəsi sırf ticari yatırım olmaqdan daha üstün bir məna daşıyır. Belə ki, TANAP layihəsi “Şahdəniz-2” qazı ilə işləməyə başlayacaqdır. Ancaq gələcəkdə bu boru kəməri ilə Azərbaycanın digər yataqlarından əldə ediləcək təbii qazın da daşınması da mümkün olacaqdır. Bundan başqa, Azərbaycan ərazisindən tranzit keçəcək Xəzərin o tayındakı qaz mənbələri də TANAP boru xəttinə istiqamətləndiriləcəkdir.

Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq imzalanan əhəmiyyətli sənədlərdə də öz əksini tapmışdır. Türkiyənin keçmiş Prezidenti Abdullah Gülün 2010-cu il avqustun 16-da Bakıya səfəri zamanı “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilə imzalanıb. Xatırladaq ki, bundan əvvəl, 2007-ci il noyabrın 6-8-də cənab Abdullah Gülün Azərbaycana səfəri çərçivəsində də iki dövlət arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamə və ümumilikdə, 5 mühüm sənəd imzalanmışdı. Ancaq “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə” strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin konkret əsaslarla davamı hesab olunur. Bu baxımdan, Türkiyə - Azərbaycan Strateji Əməkdaşlıq Şurasının iclaslarının keçirilməsi və burada mühüm əhəmiyyətə malik məsələlərin müzakirə olunması iki ölkə arasındakı isti münasibətlərin səviyyəsini göstərir.

Təbii ki, müstəqil Azərbaycan Respublikası bütün beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələrini özünün xarici siyasətinə uyğun qurur və inkişaf etdirir. Ancaq bəzi məqamlarda münasibətlərin inkişafında yardımçı vasitələr və ya ölkələr də əhəmiyyətli rol oynayırlar. Bu mənada ölkəmiz ilə Şimali Atlantika Alyansı arasında tərəfdaşlığın inkişafında rəsmi Ankara ilə münasibətlər müsbət rol oynayır. Çünki qardaş ölkə uzun illərdir NATO-nun üzvüdür və NATO ölkələri arasında Türkiyə ordusunun çox görkəmli yeri var. Əlbəttə, Türkiyənin bu istiqamətdə bütün sahələrdə edəcəyi məsləhətlər, yardımlar bizim üçün önəmlidir.

Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Bir neçə il əvvəl Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik əlaqələrin yenidən bərpa edilməsi barədə söhbətlər baş qaldıranda, hətta bu məsələ ilə əlaqədar protokollar imzalananda qardaş Türkiyə Cümhuriyyətinin dövlət rəsmiləri qəti mövqe nümayiş etdirdilər: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyincə, bu ölkə ilə hər hansı bir diplomatik əlaqələrdən və ya sərhədlərin açılmasından söhbət gedə bilməz”.

Qətiyyətlə bildirildi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından keçir. Üstəlik, Türkiyə-Ermənistan sərhədlərinin 1993-cü ildə bağlanmasının əsas səbəbi bir daha xatırladıldı. Məlum oldu ki, həmin vaxt Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Türkiyə Ermənistanla sərhədlərini bağlayıb və bütün diplomatik əlaqələri kəsib. Hətta, bəzi Qərb dövlətləri Türkiyəyə Ermənistanla sərhədləri açmaqla əlaqədar təzyiqlər göstərsə də, bunun heç bir nəticəsi olmadı.

Müasir dünyada qloballaşma prosesləri dərinləşdikcə regional əməkdaşlıq amili daha qabarıq şəkildə reallığa çevrilir. Bir sıra məşhur strateqlərin ifadə etdiyi bu fikirlər əsassız deyil. Təsadüfi deyil ki, hazırda dünya birliyində hər bir dövlətin eyni istiqamətli dəyərlər ətrafında birləşməsi üçün çağırışlar edilir və bu çağırışlar cavabsız qalmır. Yəni ölkələr qloballaşmanı dəstəkləyir və inteqrasiya proseslərinə töhfə verməyə çalışmaqla yanaşı, özünün əsas maraq və mənafelərini daha yüksək səviyyədə qorumaq, təmin etmək üçün səylərini əsirgəmir, birgəlik, çoxşaxəlilik, qarşılıqlı faydalı, bərabərhüquqlu əməkdaşlıq prinsiplərini üstün tuturlar.

Bu mənada, Türkiyə ilə Azərbaycan arasında güclü siyasi-hərbi, iqtisadi, mədəni əlaqələrin qurulması, istər bu dövlətlər, istərsə də bəzi önəmsiz səbəblərdən bunun əleyhinə olan bəzi digər dövlətlər üçün də çox böyük əhəmiyyət kəsb edir. Çünki bu strateji müttəfiqlik regional inkişafa böyük töhfə olmaqla yanaşı, sülhün, sabitliyin, təhlükəsizliyin də nüvəsini təşkil edir, Cənubi Qafqaz regionundakı yüksəlişə yeni stimul verir. Bundan isə dünyanın bütün ölkələri yalnız fayda əldə edəcək.

 

İbrahim RAUFOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında