Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir

Türkiyə Prezidenti ilk xarici səfərini məhz Azərbaycana edir

Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə qardaş Türkiyənin tarixində ilk dəfə olaraq birbaşa seçkilər yolu ilə bu ölkənin 12-ci Prezidenti seçilmiş, zəmanəmizin görkəmli siyasətçilərindən biri Rəcəb Tayyib Ərdoğan Bakıya rəsmi səfərə gəlir. Əlamətdar haldır ki, Türkiyənin dövlət başçısı özünün dəfələrlə qürurla qeyd etdiyi kimi, “qardaş Azərbaycana dərin sevgi, sayğı və məhəbbətini bir daha izhar etmək üçün” ilk olaraq məhz Bakıya təşrif buyurur.

Azərbaycanla Türkiyə arasında tarixən olduqca yaxın siyasi, iqtisadi, mədəni əlaqələr mövcuddur. Sirr deyil ki, xalqlarımızı zamanın çətin sınaqlarından uğurla çıxan dərin dostluq və qardaşlıq əlaqələri bağlayır. Müasir dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət tapmaq çətindir. Dost ölkənin dövlət başçısının Azərbaycana gözlənilən səfəri təbiidir və iki qardaş dövlətin  strateji maraqlarına tam cavab verir.

Rəcəb Tayyib Ərdoğan, şübhəsiz, müasir dünyamızın ən xarizmatik siyasətçilərindən biridir. Son on iki ildə onun rəhbərliyi ilə Türkiyənin ictimai-siyasi həyatının  bütün sahələrində böyük uğurlar əldə olunmuşdur. Bu dövrdə Türkiyədə ümumi daxili məhsulun həcmi üç dəfə artmış, ölkə iqtisadi gücünə görə dünyada 17-ci yerə çıxmışdır. Ölkə bu gün ən yüksək innovasiyalar və ən müasir texnologiyalarla çalışan iqtisadiyyata malikdir. Türkiyə siyasi və demokratik inkişaf baxımdan da təlatümlü Yaxın Şərq regionunun ən sabit və güclü ölkəsidir.

Türkiyə Prezidenti  siyasi karyerasının ən yüksək zirvəsinə çatdığı bir vaxtda Azərbaycana səfər edir. Dünyanın əksər nüfuzlu siyasətçiləri qardaş ölkənin son 100 illik tarixində  Mustafa Kamal Atatürkdən sonra Rəcəb Tayyib Ərdoğanı ən güclü siyasətçi hesab edirlər. Bu ilin 10 avqustunda keçirilən prezident  seçkilərinin elə birinci turunda R.T.Ərdoğanın parlaq qələbəsi onun Türkiyədə siyasi rəqiblərindən xeyli irəlidə olmasına dəlalət edir.

R.T.Ərdoğan açıq, dinamik, hər an cəsarət və qətiyyət nümayiş etdirməyi bacaran siyasətçidir. Opponetləri onu bəzən populizmdə, yüksək pafosçuluqda, hətta reallığı nəzərə almamaqda  suçlayırlar. Lakin R.T.Ərdoğanın zəngin siyasi bioqrafiyasına diqqət yetirsək, görərik ki, müasir dünyada onun qədər ölkəsinin milli maraqlarını nəzərə alan praqmatik siyasətçi çox azdır. R.T.Ərdoğanın uğurlu idarəçiliyi ilə  Türkiyə bölgədə və bütün dünyadakı nüfuzunu, necə deyərlər, siyasi və iqtisadi “çəki”sini artırır. Zaman Türkiyə liderinin xeyrinə işləyir, belə ki, R.T. Ərdoğan çağdaş dünya siyasətinin ən güclü simalarından birinə çevrilir.

XXI əsr dünya siyasət arenasına mahiyyət etibarilə fərqli, yeni tipli siyasətçilər gəlib. Onlar İkinci dünya müharibəsindən sonra bizim adət etdiyimiz zahirən sərt, qaraqabaq, həddən artıq ciddi təsir bağışlayan siyasətçi obrazından seçilirlər. Yeni liderlər “Qordiyev düyünü”nü bir qılınc zərbəsi ilə kəsib atan Makedoniyalı İsgəndər kimi yeni, daha müasir siyasi təfəkkür tərzini və idarəçiliyi təcəssüm etdirirlər. Görünən budur ki, onlar üçün siyasətdə ədalət prinsipləri siyasi konyukturadan və donuq siyasi ehkamlardan daha vacibdir. Şübhəsiz, Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Barak Obama və başqaları məhz bu qəbildən olan liderlərdir.

Türkiyədə 13 il əvvəl əsasını qoyduğu və uzun illər uğurla rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının lideri kimi R.T.Ərdoğan bu ölkənin tarixində hələ heç bir siyasətçiyə nəsib olmayan bir uğura imza ataraq, üç dəfə ardıcıl baş nazir seçilmişdir. Onun rəhbəri olduğu hökumət iqtisadiyyatın bütün sahələrində davamlı, möhtəşəm uğurlar əldə etmişdir. Dünya qlobal maliyyə böhranının ağır fəsadları ilə üzləşdiyi son 5-6 ildə Türkiyə iqtisadiyyatı əvvəlki sürətli inkişaf tempini qoruyub saxlaya bilib. İndi Türkiyə azad sahibkarlığın hüquqi cəhətdən tam qorunduğu liberal bir iqtisadiyyata malikdir. 10-12 il əvvəlki Türkiyədən fərqli olaraq, bu gün türk iş adamları dünyanın müxtəlif ölkələrində uğurla iri biznes layihələri həyata keçirirlər. 

Türkiyə lideri gözəl bilir ki, hər bir ölkənin nüfuzu, hər şeydən əvvəl, onun iqtisadi gücündən asılıdır. Ölkə iqtisadiyyatının yüksəlişində birmənalı olaraq R.T.Ərdoğanın böyük rolu olub. O, hökumətə başçılıq etdiyi illərdə xarici ölkələrə çoxsaylı səfərləri zamanı özü ilə bərabər, hər dəfə 250-300-ə yaxın türk sənayeçisini də aparır. Jurnalistlər “Türkiyənin baş bakanının iki uçaq sərmayəçi və iş adamı ilə səfər etdiyini” artıq adi hal olduğunu yazırlar.

Türkiyə lideri sadə, sıravi insanların halal haqqını müdafiə etməyi bacarır. Türkiyə sosialyönümlü iqtisadi inkişaf modelini seçib. Hökumət imkansız ailələrdən olan istedadlı gənclərə bərabər təhsil imkanları yaradır, yoxsulların pulsuz müalicə olunmalarının qayğısına qalır, türk qardaşlarımızın “əməkçi” adlandırdıqları pensiyaçıların təqaüdlərini artırır. Xalq iqtidarın əməldə qayğısını hiss edir və hökumətin uzun illər siyasi xəttini müəyyən edən şəxsə - R.T.Ərdoğana rəğbətini gizlətmir.

Türkiyə iqtidarı Dağlıq Qarabağ probleminə də çox həssas yanaşır. Qardaş ölkənin lideri Azərbaycanın haqlı mövqeyini ən yüksək mərtəbələrdə cəsarətlə müdafiə edir. Erməni məkri və xəyanətinə yaxşı bələd olan Türkiyənin artıq keçmiş baş naziri hələ hökumətə rəhbərlik etdiyi ilk günlərdə hiyləgər erməni diasporunu şoka salan açıqlama ilə çıxış etdi. “Gəlin arxivləri açaq” dedi. Ermənilər isə arxivlərin açılmasında heç cür maraqlı deyillər. Əlavə şərhə, zənnimizcə, ehtiyac yoxdur.

Özlərini siyasətə həsr edənlərin mübarizə yolu çox vaxt hamar olmur. R.T.Ərdoğanın da siyasi fəaliyyətində problemləri az olmayıb. Türkiyənin ictimai-siyasi həyatına müəyyən təsiri olan, hazırda ABŞ-da yaşayan dini lider Fətullah Gülən və onun tərəfdarları ilə problemləri, “Gəzi parkı”  hadisələri, bir sıra dövlət məmurlarının korrupsiyada suçlanmaları və sair problemlər R.T.Ərdoğanın siyasi taleyini ciddi sınağa çəkib. Lakin qeyri-adi xarizması, gözəl natiqliyi, siyasi uzaqgörənlyi, ən başlıcısı, özünün dediyi kimi, “daim həqiqətin yanında olması” xalqının R.T.Ərdoğana olan dərin inam və etmiadını azalda bilməyib.

Bəli, R.T Ərdoğan zamanın ruhunu duyan, müasir dünyanın siyasi istiqamətini düzgün qiymətləndirməyi bacaran böyük siyasətçilərdəndir. O, xaraktercə də təşəbbüskar insandır, yeni ideyaları tez duyur və onları tətbiq etməyə çalışır. Hazırda Türkiyədə prezident institutunun səlahiyyət imkanlarını genişləndirməyi hədəf götürüb. Düşünürük ki,Türkiyənin üzləşdiyi daxili və qlobal proseslərin milli maraqlar naminə çevik həlli üçün belə bir siyasi islahatın aparılması vacibdir.  

R.T.Ərdoğanın dövlət başçısı  statusunda Azərbaycana səfər etməsi iki qardaş ölkə arasında yaranmış gözəl ənənələrə təkcə sayğı və hörmət əlaməti deyil. Bu həm də Türkiyə liderinin Azərbaycan dövlətinə, şəxsən Prezident İlham Əliyevə olan şəxsi hörmət və ehtiramının göstəricisidir. R.T Ərdoğan Azərbaycan Prezidentinə olan özəl sevgi və qardaşlıq duyğularını heç vaxt gizlətməyib və Azərbaycan liderinin ağıllı və düşünülmüş siyasəti ilə, eləcə də yüksək insani keyfiyyətləri ilə fəxr etdiyini dəfələrlə vurğulayıb.

Xalqımız  R.T.Ərdoğanın Azərbaycana budəfəki gəlişindən də çox məmnundur və bu səfərin də əvvəlki səfərlər kimi xalqlarımız üçün çox əhəmiyyətli olacağını düşünür.  

 

Məsaim ABDULLAYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında