Avqustun əvvəlindən etibarən cəbhədə baş verən proseslər Azərbaycanın həm Milli Ordusu barədə fikir formalaşdırdı, həm də jurnalistlər ordusu haqqında. Min şükürlər ki, həmin hadisələr həqiqi ordumuz barədə həm düşməndə, həm də bədxahlarımızda kifayət qədər qorxu və təlaş hissi yaratmaqla bərabər dostlarımızda, müttəfiqlərimizdə yetərincə müsbət təəssürata səbəb oldu. Düşmən əsgərləri açıq - açığına Azərbaycan Ordusundan xahiş edirdilər ki, atmayın, yaxın günlərdə prezidentlər görüşəcəklər. Elə işğalçı dövlətin siyasətçi və diplomatları da bu fikirdə olduqlarını gizlədə bilmirdilər. Çünki Azərbaycan Ordusu düşmənə öz sözünün kəsərini çox qısa müddətdə göstərdi və tökülən şəhid qanları yerdə qalmadı.
Ancaq, çox təəssüf ki, həmin günlər, hətta bütöv avqust boyu Azərbaycan mətbuatında elə yazılara, elə məlumatlara rast gəldik ki, çox zaman həmin “informasiyaların” birbaşa İrəvanda hazırlanıb ötürüldüyünü zənn edənlər də tapılırdı və onları qətiyyən qınamaq olmazdı. Bu sətirlərin müəllifi olaraq mən dəfələrlə “Facebook” səhifəmdə yazmışdım ki, qardaşlar, bizim düşmənlərimiz Azərbaycan Ordusunu ələ salmaq üçün “Azadlıq radiosu”na və “Yeni Müsavat” qəzetinə istinad edirlər. Bu şəkildə pərakəndəlik olmaz, yazmayın! Gündəlik erməni mətbuatına ötəri də olsa nəzər salmaq kifayət idi ki, dediyim həmin faktların təsdiqini görək. Çox təəssüf ki, 2014-cü ilin avqust sınağından mətbuat vasitələrimiz o qədər də üzüağ çıxmadılar. İnternet saytlarından birində verilmiş “Biz jurnalistlər ordumuzla birlikdə Dağlıq Qarabağın içərilərinə doğru irəliləyirik” ifadəsinin mənasını isə indiyədək başa düşə bilmirəm. Bu “xəbər” heç İrəvanda hazırlanmış “xəbərə” də oxşamırdı. Qərəz...
Mərhum akademik Budaq Budaqov bir dəfə redaksiyamıza verdiyi müsahibədə qeyd etmişdi ki, hansısa məsələyə akademik Ramiz Mehdiyev münasibət bildirirsə, deməli, o sahədəki vəziyyətin çox ciddi müzakirəyə ehtiyacı var. Yuxarıda qeyd etdiyimiz “zaman - mətbuat”, “mətbuat - milli maraqlar”, “media- milli dövlətçilk” məsələlərinin də geniş və ciddi müzakirəyə ehtiyacı olduğunu ali dövlət qurumlarımız gizlətmədilər. Avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsi keçirildi. Prezident Administrasiyası xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev, hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Səadət Yusifova, dövlət orqanlarının mətbuat xidmətlərinin və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin iştirak etdiyi müşavirədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev geniş məruzə ilə çıxış etdi. Məruzədə qeyd olundu ki, bu toplantının əsas məqsədi Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etmək və mövzu ətrafında fikir mübadiləsi aparmaqdır.
Prezident Administrasiyasının rəhbəri son illər Azərbaycanın sürətli tərəqqi dövrünü yaşadığını, dövlətimizin beynəlxalq nüfuzunun gündən-günə yüksəldiyini qeyd etdi, ölkədə demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu nəzərə çatdırdı. Natiq həmçinin söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlarından da danışdı. Əslində, həmin hüquq və azadlıqlarımızın hansı səviyyədə qorunduğunu hamıdan yaxşı bilən məhz elə xəbər, məlumat, informasiya yayan qurumlarımızın rəhbərləridir.
Bu, bir faktdır ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolumuz, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyimiz fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Respublikamızın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər. Akademik haqlı olaraq qeyd etdi ki, müxtəlif xarici anti-azərbaycan dairələrin və onların nəzarətində olan daxili qrupların təxribatçı fəaliyyəti heç zaman hakimiyyəti öz iradəsindən, müstəqil siyasətindən çəkindirməyəcək, cəmiyyəti müəyyən olunmuş inkişaf yolundan, strateji seçimindən geri döndərməyə nail olmayacaqdır. Bundan sonra da Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə müvafiq ölçü götürüləcəkdir.
Yuxarıda qeyd etdiyimiz məsələyə–avqustun əvvəlində Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində müşahidə olunan gərginlik zamanı bəzi kütləvi informasiya vasitələrinin, xüsusilə, internet resurslarının qanunvericiliyin tələblərinə zidd və qeyri-peşəkar fəaliyyətinə, habelə aidiyyəti dövlət orqanlarının informasiyanın verilməsinə məsul olan struktur bölmələrinin öz funksiyalarını lazımi qaydada yerinə yetirə bilməməsinə toxunan akademik narahatlıq hissi ilə qeyd etdi ki, cəbhə xəttində vəziyyət barədə yanlış məlumatlar, hərbi hissələrimizin dislokasiyası və hərəkəti, həlak olmuş hərbçilərin sayının süni şəkildə şişirdilməsi və bu mövzuda müxtəlif spekulyativ informasiyaların yayılması, cəbhə bölgəsində yaşayan əhali və ölkə ictimaiyyəti arasında çaşqınlıq yaratmaq cəhdləri, düşmənin maraqlarına xidmət edən məlumatların sızdırılması və s. barədə konkret faktlar mövcuddur və Prezident Administrasiyasının rəhbəri həmin faktlardan bəzilərini konkret olaraq göstərdi.
Ancaq dövlət rəsmisi bu faktları söyləməklə, bəzi mətbuat vasitələrinin ya təcrübəsizlikdən, ya məsuliyyətsizlikdən, ya da elə bilərəkdən törətdiyi həmin əməllərin başlı-başına buraxılmayacağını da xatırlatdı. Natiq qeyd etdi ki, dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlar dövlət sirri kateqoriyasına şamil edilir və onların ictimailəşdirilməsi qanuna müvafiq məsuliyyət yaradır. Beynəlxalq praktikada belə hallarda qanunvericiliyin tələblərinə uyğun sanksiyaların tətbiq olunduğunu diqqətə çatdıran Ramiz Mehdiyev əlavə etdi: “Formasından və məzmunundan asılı olmayaraq Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə istənilən qəsdə və ya qəsd cəhdlərinə, o cümlədən cəmiyyətin informasiya təhlükəsizliyini və milli maraqlarını təhdid edən hallara qarşı hüquqi çərçivədə zəruri addımlar atılmalıdır və xəbərdarlıq edirəm ki, bundan sonra da atılacaqdır”.
Akademik daha sonra qeyd etdi ki, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdən ibarətdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq mətbuat vasitələrinin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. Xatırladaq ki, bu mühüm məsələ Azərbaycan dövlətinin və ictimaiyyətin ciddi nəzarətindədir. Qərəzlə, səhvən, bilmədən və ya hansısa səbəb üzündən milli maraqlarımıza, dövlətçilik mənafelərimizə ziyan vuran istənilən əməlin sahibləri ilk növbədə qanun qarşısında cavab verməlidirlər və verəcəklər.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.