Dövlət proqramları məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynadı

Azərbaycan torpaqlarının erməni işğalçıları tərəfindən  işğal olunması   bir milyondan çox  qaçqın və  məcburi köçkünü ciddi  problemlərlə üzləşdirdi. Öz yurd- yuvalarından didərgin salınan  bu insanlar Azərbaycanın  müxtəlif  bölgələrində, çadır  şəhərciklərində  ağır  sosial durumda yaşamağa məcbur olmuşdular. Ancaq müstəqil Azərbaycan dövləti  öz vətəndaşlarına  sahib çıxdı, onların  sosial  problemlərinin həlli ilə mütəmadi  məşğul olmağa başladı.

 Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu  dövrdə  qaçqınlara   xüsusi  qayğı  göstərmiş, dəfələrlə onların məskunlaşdığı  çadır  şəhərciklərində olmuşdu.   Ümummilli lider   bu insanların  problemlərini özünün bir nömrəli problemi adlandırırdı.  Heydər Əliyevin  siyasi kursunu  uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev də hakimiyyətdə olduğu illərdə   problemin  həllini hər an diqqət mərkəzində  saxlamışdır.

Prezident İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılış mərasimində demişdir: “Görülən bütün bu işlər bir daha onu göstərir ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu günə qədər 140 min məcburi köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür. Yəni bu, böyük bir işdir, elə bil ki, yeni böyük bir şəhər salınmışdır. Onu da bilməliyik ki, dünyada ən çox qaçqın-köçkün olan ölkə Azərbaycandır. Azərbaycanın əhalisi artır. Ancaq, eyni zamanda, məcburi köçkünlərin də sayı artmaqdadır. 1992-ci ildə onların sayı bir milyon idi, indi isə artıq 1 milyon 100 min, bəlkə də 1 milyon 200 min məcburi köçkün vardır”.

Bu qədər əhalinin   sosial vəziyyətinin   yaxşılaşdırılması  üçün Azərbaycan  dövləti  çox  ciddi  tədbirlər  həyata  keçirmiş, məcburi  köçkünlərin  mənzillə  təmin olunması,  sosial  vəziyyətinin yaxşılaşdırılması, məşğulluğunun  təmin olunması  üçün xüsusi  dövlət proqramları  qəbul olunmuşdur.

Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” məcburi  köçkünlərin  həyat şəraitinin  yaxşılaşdırılmasına yönəldilən ilk əhəmiyyətli sənəd oldu.

Sözügedən proqramın uğurla həyata keçirilməsi nəticəsində, məcburi köçkün ailələrinin əksər problemləri öz həllini tapıb. Onu da xüsusi vurğulamaq yerinə düşər ki, dövlətin həyata keçirdiyi tədbirlər ilk növbədə yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın başlıca problemi olan mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmişdi.  Dövlət başçısı məcburi köçkün ailələri ilə keçirdiyi görüşlərin birində demişdir: “Dövlət Proqramı qəbul edilib və ilk mərhələdə ən ağır vəziyyətdə yaşayan soydaşlarımızın problemləri həll olunub. Artıq Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi yoxdur. İndiki mərhələdə digər yerlərdə yararsız binalarda yaşayan soydaşlarımızın problemləri həll olunmalıdır. Bakıda, digər rayon mərkəzlərində məcburi köçkünlər üçün çoxmərtəbəli evlər tikilir”.

 2004-cü ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə, həyat şəraitinin yaxşılaşdırılmasına yönələn Dövlət Proqramının qəbulu bu sahədə ciddi keyfiyyət dəyişikliklərinin əldə edilməsinə səbəb oldu. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə proqrama edilən əlavələr bu kateqoriyadan olan insanların yeni mənzillərlə təminatında xüsusi mövqeyi ilə seçildi. Bu sahədə mövcud problemlərin həllini sürətləndirmək məqsədilə Prezident İlham Əliyevin məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı sərəncam qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında strateji əhəmiyyəti ilə diqqəti çəkir.

Sənəddə deyilir ki, Azərbaycan Prezidentinin 1 iyul 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və 31 oktyabr 2007-ci il tarixli sərəncamı ilə həmin Dövlət Proqramına edilmiş əlavələr uğurla icra olunur. Ötən müddətdə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınıb. 100 min nəfərdən çox insan yeni evlərə köçürülüb. Sərəncamların icrası nəticəsində 130 təhsil, 50-yə yaxın səhiyyə, onlarla rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, müvafiq infrastruktur yaradılıb. Ümumiyyətlə, Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu il fevralın 27-də Qəbələ rayonu ərazisində 155 məcburi köçkün ailəsi üçün tikilmiş iki beşmərtəbəli binanın, noyabrın 10-da Yevlax rayonu ərazisində 612 məcburi köçkün ailəsi üçün tikilmiş çoxmərtəbəli binalardan ibarət məhəllənin, noyabrın 11-də Ağdam rayonu ərazisində 689 məcburi köçkün ailəsi üçün Quzanlı qəsəbəsinin yaxınlığında tikilmiş yeni qəsəbənin, Füzuli rayonunun Horadiz şəhərində tikilmiş Olimpiya İdman Kompleksinin açılışı olub, məcburi köçkünlər yeni mənzillərə köçürülüb.

Prezidentin sərəncamı ilə təsdiqlənən əlavələrə görə, Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2 yataqxanada müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binaları tikilmiş və həmin ailələr bu binalara köçürülmüşdür.

Bu illər ərzində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu  dövlət proqramına uyğun olaraq  yüzlərlə məcburi köçkün ailəsinin məskunlaşdığı yataqxanaların təmirini həyata keçirmiş, məcburi köçkünlərin məskunlaşdığı yerlərə yollar, su, işıq xətləri çəkmiş, məktəblər tikmiş, təmir etmiş və s. işlər görmüşdür.

Dövlət Neft Fondunun maliyyələşdirdiyi dövlət proqramları ilə bağlı mühüm işlər görülüb, yeni qəsəbələrin tikintisinə başlanılıb. Ümumiyyətlə, ötən dövr ərzində  qaçqınlar və məcburi köçkünlər üçün Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, İmişli, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri ərazisində 77 qəsəbə (zəruri sosial-texniki infrastrukturla) salınmışdır ki, bunun da 63-ü  MKSİF tərəfindən tikilmişdir. Həmin qəsəbələrdə də 21 548  köçkün ailəsi məskunlaşmışdır.

Bununla yanaşı, Prezident İlham Əliyev son illər dəfələrlə məcburi köçkünlərlə şəxsən görüşüb. Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda hər bir məcburi köçkünə 1040 manat  vəsait xərcləyir.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan sərəncama əsasən, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələr edilib. Həmin əlavələrin icrası 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır.

Goranboy rayonu ərazisində 525 məcburi köçkün ailəsi üçün tikilmiş beşmərtəbəli 9 yaşayış binası, Şəki şəhəri ərazisində 423 məcburi köçkün ailəsi üçün salınmış qəsəbə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni məhəllə istifadəyə verilmişdir.

Bundan başqa, Ağcabədi şəhərində bütün zəruri sosial-texniki infrastruktur obyektlərinə malik 556 ailəlik beşmərtəbəli 10 yaşayış binası, Bərdə rayonu ərazisindəki fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış 195, İmişli rayonu ərazisindəki fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr salınaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Mingəçevir şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb binalarında müvəqqəti məskunlaşmış 502, Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində isə 768 məcburi köçkün ailəsi üçün yeni  yaşayış  məhəlləsi salınmışdır.

Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin inşası başa çatdırılmış, Füzuli rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün fərdi ev tikilmişdir. Beləliklə, 2012-ci il ərzində 22765 nəfərdən ibarət 4553 məcburi köçkün ailəsi yeni mənzillərə və evlərə köçürülmüşdür. 

Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə salınmış, 40 min ailə 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Yeni salınmış yaşayış məntəqələrində 139 məktəb, 6 musiqi məktəbi, 51 uşaq bağçası, 55 tibb məntəqəsi, 45 mədəniyyət mərkəzi, 2 Olimpiya İdman Kompleksi tikilmiş, 648 kilometr yol, 815 kilometr su, 1412 kilometr hava elektrik, 333 kilometr qaz xətləri çəkilmiş, 715 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılmışdır.

Əlbəttə, görüləsi  işlər çoxdur. Dövlət başçısının qarşıya qoyduğu bütün  vəzifələrin   davamlı olaraq  həyata keçirilməsində  MKSİF  bütün qüvvələri səfərbər etmək əzmindədir. Məqsəd budur ki, məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşsın, onlar da rahat mənzillərdə yaşasınlar.

Prezident İlham Əliyev  bu yaxınlarda   Ağdam məcburi köçkünləri ilə  görüşündə   demişdir :  “Azərbaycan dövləti məcburi köçkünlərin problemləri ilə mütəmadi qaydada məşğuldur və bu məsələlərin həlli üçün böyük vəsait ayrılır. Qaçqınlara, köçkünlərə ayrılan vəsait artır. Hər il ancaq tikinti işlərinə 300 milyon manat vəsait ayrılır ki, bu vəsaitdən istifadə edilərək qəsəbələr salınır və son illərdə hər il ən azı 20 min köçkün yeni evlərə köçürülür, onların şəraiti yaxşılaşır. Yəni, bir sözlə, biz hər il demək olar ki, bir kiçik şəhər yaradırıq və bunu davam etdirəcəyik. Əminəm ki, növbəti illərdə bu proses daha da sürətlə gedəcək. Çünki ölkəmizin maliyyə vəziyyəti yaxşıdır, yaxşılaşır və ən ağır vəziyyətdə yaşayanlar üçün biz, ilk növbədə, bu addımları atmalıyıq” .

 

 M.MÜKƏRRƏMOĞLU,

“ Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında