Türkiyənin milli qurtuluş savaşının şanlı avqust səhifəsi

Türkiyənin və qəhrəman Türk Ordusunun tarixində 30 Avqust zəfəri milli qurtuluş savaşının dönüş nöqtəsi hesab olunur. 1919-cu ildə böyük öndər Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanan mücadilə məhz həmin gün özünün ən parlaq zirvəsinə yüksəlmişdi. Elə bir zirvəyə ki, bu, bütün dünyanı heyrətə salmışdı.

Türkiyəni işğal etməyə çalışan qüdrətli dövlətlər 30 Avqust zəfərindən sonra - türk xalqının Vətənə olan sonsuz sevgisi, azadlıq eşqi qarşısında aciz qaldıqlarını etiraf etməyə məcbur oldular. Düşmən öz qoşununu Türkiyə ərazisindən çıxardığı zaman onun əsgər və zabitləri Vətən uğrunda şəhid olan türklərin al qanına boyanmış aylı-ulduzlu bayrağa heyrətlə, təəccüblə baxmış, onun qarşısında baş əyməyi də unutmamışdılar. Bu, qəhrəman bir millətin əfsanə hesab olunan reallaşdırma əzminə, düşmənin belə həsəd aparmasından və buna hörmətlə yanaşmasından irəli gəlirdi. Milli qurtuluş savaşının qələbə ilə nəticələnməsində “Türk Ordusunun böyük hərbi hücumu” adı ilə tarixə düşmüş əməliyyatın mühüm rolu olmuşdur. Bu əməliyyatdan əvvəl bütün hücum planları dəqiqliklə və məxfiliklə hazırlanırdı. Çətin maddi şəraitin hakim olduğu bir zamanda türk xalqının topladığı vəsaitlər hesabına döyüş üçün silah-sursat alınmışdı. Ölkənin hər tərəfindən əli silah tutan yeniyetmə və gənclər, hətta qocalar da düşməni Vətəndən qovmaq üçün ordu sıralarına qoşulmağa can atırdılar. Xalq işğala məruz qalmış torpaqları azad etmək məqsədilə öz lideri ətrafında sıx birləşdi. 1922-ci il yay aylarında azadlıq mücadiləsinin banisi Mustafa Kamal paşa cəbhədəki vəziyyəti yerində öyrənmək və ordunun hərbi əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsinə şəxsən nəzarət etmək üçün qərb cəbhəsinə yollanmaq istəyirdi. Ancaq Yunanıstan və digər dövlətlər onun hər addımını diqqətlə, qorxu içərisində izləyirdilər. Onların Mustafa Kamal paşanın qərb cəbhəsinə gəlməsindən xəbər tutmaları, böyük öndər tərəfindən hazırlanan hərbi əməliyyat planının uğurla həyata keçirilməsinə maneçilik törədə bilərdi. Ona görə də səfərin sirr olaraq saxlanılması mühüm əhəmiyyətə malik idi.

Ankara bu məqsədlə guya, Mustafa Kamal paşanın 1922-ci il iyulun 24-də Konyaya gələrək ingilis generalı Tovnşedlə görüşəcəyi barədə xəbərlər yaydı. Atatürk iyulun 23-də qərb cəbhəsi qərargahında İsmət paşadan cəbhədəki vəziyyət haqqında məlumat aldı. İyulun 28-də isə o, Ağşəhərdə Fevzi Çakmak və İsmət İnönü ilə keçirdiyi məxfi görüşdə özünün hazırladığı hərbi əməliyyat planını müzakirəyə çıxardı. Bu əhəmiyyətli görüşün daha geniş bir diskussiya və müşavirə mahiyyəti qazanması məqsədilə bəzi hərbi korpusların komandirləri də Ağşəhərə çağrılmışdılar. Belə gərgin günlərdə komandirlərin müşavirə keçirmələri şübhə yarada bilərdi. Buna görə də iyulun 28-də zabitlər arasında futbol yarışı təşkil olundu. Hərbi korpuslara mənsub zabitlərlə keçirilən bu yarışı korpus komandirləri də “seyr etdilər”. Türkiyə mətbuatı da Ağşəhərdə keçirilən futbol matçına geniş yer verdi. Hətta Mustafa Kamal paşanın, İsmət paşanın, sahə qərargah rəisi Asim bəyin yarışı izləməsinin zabitlərdə böyük ruh yüksəkliyi yaratdığı barədə məlumatlar da qəzetlərdə dərc olundu. Bununla da gizli keçirilən fövqəladə müşavirədən heç kəsin xəbəri olmadı.

Türk Ordusu hücuma tam hazır vəziyyətə gətirilmişdi. Ancaq bəzi dövlətlər “sülh”dən dəm vurduqlarına görə, Yunanıstanla danışıqlar aparılmadan hərbi əməliyyatlara başlanılması həmin dövrdə beynəlxalq ictimaiyyət tərəfindən “düzgün” başa düşülməzdi. Buna görə də Türkiyə diplomatları qonşu ölkənin diplomatları ilə növbəti danışıqlara başladılar. Türk tərəfi, öz ordusunu qeyri-şərtsiz Anadoludan çıxarmağı Yunanıstandan bir daha tələb etdi. Ancaq yunanlar bu tələbi cidd-cəhdlə rədd etdilər və həmin ərazilərin onlara aid olduğunu dəfələrlə vurğuladılar. Beynəlxalq ictimaiyyətin “gözləri” qarşısında aparılan sülh danışıqları bir daha nəticə vermədi.

Mustafa Kamal paşa aparılan danışıqlar barədə ətraflı məlumat aldıqdan sonra 1922-ci il avqustun 18-də gecə Ankaradan qərb cəbhəsinə getdi. Bunu gizli saxlamışdılar. Hətta mətbuata və xəbər agentliklərinə Mustafa Kamal paşanın avqustun 21-də Çankaya köşkündə ziyafət verdiyi bildirilmişdi. Əslində, isə o, qərb cəbhəsi qərargahında “Böyük hərbi hücum” əməliyyatına hazırlıqları yoxlayırdı.

Atatürk Konyada olması haqda xəbərlərin yayılmaması üçün poçtları nəzarət altına aldırmış, onların xarici dövlətlərlə əlaqəsini tamamilə kəsmişdi. Avqustun 20-də gecə o, korpus komandirləri ilə növbəti müşavirəni keçirdi və bu müşavirədə qərara alındı ki, Anadolunun düşmən işğalından azad olunması üçün hərbi əməliyyatlar avqustun 26-da başlansın. Hücuma hazırlaşan Türk Ordusu avqustun 26-da sübh cağını gözləyərkən, yunan ordusunun zabitləri general Trikopislə birlikdə Afyonda keçirilən əyləncəli gecədə “Böyük Yunanıstan” şərəfinə badələr qaldırır, tostlar deyirdilər.

“Böyük hərbi hücum” planlaşdırıldığı kimi avqustun 26-da başlandı. Yunanıstan və Türkiyə hökumətləri isə müharibənin başlanması ilə əlaqədar ilk rəsmi açıqlamalarını avqustun 28-də yaydılar. Türkiyə mətbuatı da cəbhə barədə xəbərləri elə həmin gün dərc etmişdi. Türk Ordusu döyüşlərdə misilsiz şücaətlər göstərərək avqustun 30-da düşməni tam məğlubiyyətə uğratdı. Bundan sonra böyük öndər Atatürk döyüşdən qələbə ilə çıxan hərbi birliklərə “Ordular, hədəfiniz Aralıq dənizidir, irəli!” əmrini verdi. Türk Ordusu bu əmri qəhrəmanlıqla yerinə yetirdi.

Türkiyə düşməndən tam azad olundu. Ancaq buna nail olmaq üçün qəhrəman türk xalqı min bir cəfaya qatlandı, çətinliklərə sinə gərdi. Nəhayət, öz istiqlaliyyətini qazandı, milli qurtuluş savaşı tarixə qızıl hərflərlə yazıldı. Məhz bu savaşın nəticəsində daim Mustafa Kamal Atatürkün prinsipləri ilə yaşayan, güclənən, yüksələn, müstəqil, dünyəvi, hüquqi, demokratik və xalq hakimiyyətinə əsaslanan Türkiyə Cümhuriyyəti quruldu. Bu gün Türkiyə regionun ən qüdrətli dövlətinə çevrilib. Qəhrəman Türk Silahlı Qüvvələri isə öz döyüş qabiliyyətinə görə, bu gün dünyanın ən qüdrətli orduları ilə müqayisə olunur. Qazi Mustafa Kamal Atatürkün “Yurdda sülh, cahanda sülh!” prinsipini bayraq edən Türk Ordusu regionda və dünyada sülhün, təhlükəsizliyin qarantı kimi çıxış edir. Türk Ordusunun qəhrəmanlıq nümunəsi – 30 Avqust isə bu gün qardaş ölkədə və Azərbaycanda Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü kimi geniş qeyd olunur.

 

İbrahim RAUFOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında