Hər bir Qubadlı sakini doğma torpaq uğrunda döyüşə hazırdır 31 avqust Qubadlının işğalı günüdür

Aylar, illər bir -birini əvəz edir. Azərbaycanın müstəqilliyi ildən- ilə möhkəmlənir. Bu gün respublikamız öz inkişaf tempinə görə dünyanı heyrətləndirir. Bütün qazanılan uğurlara baxmayaraq, hələ də torpaqlarımız düşmən tapdağı altındadır. Doğma yurd-yuvalarından didərgin düşən bir milyondan çox qaçqın və məcburi köçkün geri dönəcəkləri günü böyük həsrətlə gözləyirlər.

Elə Azərbaycanın müxtəlif guşələrində məskunlaşan Qubadlı məcburi köçkünləri də bu arzu ilə yaşayırlar. Onlar Prezident İlham Əliyevin yeritdiyi siyasətə inanırlar. Yaxşı bilirlər ki, ulu öndərin siyasi kursuna sadiq olan Prezident İlham Əliyev tezliklə Azərbaycanın düşmən üzərində qələbəsini təmin edəcək və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

 Bəli, bu gün Qubadlı əhalisi məcburi köçkün həyatı yaşayır. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi onların həyat şəraitini yaxşılaşdırmaq üçün icra hakimiyyətinə həmişə yaxından kömək göstərir, bu insanların məşğulluğunu təmin etmək, sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün müxtəlif layihələr həyata keçirir. Nazirlər Kabineti sədrinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu insanlarla tez-tez görüşür, onların vəziyyəti ilə mütəmadi olaraq tanış olur. Təsadüfi deyil ki, 157 ailə son vaxtlar yeni mənzillə təmin olunmuşdur.

Bunu da xüsusi olaraq vurğulamaq lazımdır ki, qubadlılar düşmənə qarşı, sözün əsl mənasında, səngər yaratmışdılar. Bu torpaq uğrunda 238 nəfər şəhid olmuş, 316 nəfər yaralanmış,100-dən çox Qubadlı əhalisi itkin düşmüşdür. Qubadlı ən çox Milli Qəhrəmanı olan rayonlarımızdandır. Onların sayı 8 nəfərdir. Bu gün Bakının və Sumqayıtın Şəhidlər Xiyabanlarında xeyli sayda Qubadlı şəhidi uyuyur. Rayon icra hakimiyyəti bu qəhrəmanların ailələrini həmişə diqqət mərkəzində saxlayır, onların qayğısını çəkir. Söhbət zamanı bildirdilər ki, bu gün hər biri Vətən uğrunda vuruşmağa hazırıq. Onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Nəbinin, Həcərin yurdunun düşmən tapdağı altında qalmasını qubadlılar həqarət hesab edirlər.

 Dəfələrlə Sumqayıtda yerləşən Qubadlı Rayon İcra Hakimiyyətində olmuşam. İcra hakimiyyəti üçmərtəbəli yeni binaya köçürülmüşdür. Burada 150 nəfərlik geniş iclas zalı, işçilər üçün rahat iş şəraiti, qəbul otağı və digər xidməti otaqlar var. İcra hakimiyyətinin köhnə binasına isə rayonun təhsil və səhiyyə şöbələri köçürülmüşdür.

 Doğrudan da, məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərilir. Son on ildə onların həyat şəraitinin yaxşılaşması üçün üç Dövlət Proqramı qəbul olunmuşdur. Bu proqramlardan Qubadlı məcburi köçkünləri də xeyli faydalanmışlar. Qubadlıların kompakt məskunlaşdığı Sumqayıtda, Bakıda və Abşeronda onlar üşün 20 yeni məktəb tikilmiş, 12 məktəb əsaslı təmir olunmuş, bütün məktəblər istilik sistemi ilə təchiz edilmişdir. Bir sıra səhiyyə, mədəniyyət müəssisələri inşa edilmiş, əhalinin məşğulluğunun təmin olunması üçün tədbirlər görülmüşdür. Rayon əhalisinin rahatlığı üçün Sumqayıtdakı “Şəfa” sanatoriyası əsaslı təmir edilmiş, burada 900 nəfərlik iki xeyir-şər yeri düzəldilmş, 67 ailə mənzillə təmin olunmuşdur. Ümumiyyətlə, 67 obyektdə təmir-tikinti işləri aparılmışdır.

İcra başçısı Malik İsaqov deyir ki, bizə əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, məşğulluğunu təmin etmək həvalə olunub, biz də bu işi yerinə yetirməliyik. Elə gün olur ki, bir neçə rayonda məskunlaşan insanlarla görüşməli oluruq, onların problemlərini dinləyir, imkan daxilində köməklik edirik. Heç kəsi qınamalı deyil, Vətəndən uzaq düşən bu insanların problemlərini həll etmək bizim borcumuzdur. Allaha şükür ki, qüdrətli dövlətimiz var. Bizim bütün müraciətlərimiz lazımınca həll olunur. Buna görə Prezidentimizə minnətdarıq. Bütün Qubadlı camaatı cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Prezident seçkiləri də bunu bir daha təsdiq etdi.

İşçilərin gecəsi-gündüzü yoxdur. Doğrudur, rayon əhalisinin sayı o qədər də çox deyil, cəmi 35 836 nəfərdir. Onlar ölkənin 42 rayonunda məskunlaşıblar. Hər bir ailənin də öz qayğısı, öz problemi var. Biləsuvardan başlamış ta Balakənə qədər hər rayonda, hər kənddə Qubadlı məcburi köçkünləri ilə qarşılaşa bilərsən.

Malik müəllim deyir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısına da minnətdarıq ki, bizim hər hansı problemimiz yaranıbsa, yanımızda olub. Bu gün bu şəhərdə Qubadlı uşaqları dərsə gedir, şəhərin park və xiyabanlarında istirahət edir, müxtəlif müəssisələrində çalışırlar. Bir neçə il əvvəl dövlət proqramına uyğun olaraq, Qara İlyasov adına I saylı Qubadlı orta məktəbinin 125 illiyini təntənə ilə qeyd etdik. Və elə Sumqayıtda həmin məktəb üçün yeni bina da inşa edildi.

Ötən il işğalın 20 illiyi tamam oldu. Rayon icra hakimiyyəti bununla bağlı silsilə tədbirlər keçirdi. Qubadlının tarixi ilə bağlı çox qiymətli monoqrafiya (“Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” çap olundu, rayondan olan sair və yazıçıların əsərlərindən ibarət toplu (“20 il Qubadlı həsrəti ilə”) hazırlandı. Kütləvi görüşlər keçirildi, elmi konfrans təşkil olundu. Bir sözlə, Qubadlı heç vaxt unudulmur, bu gözəl diyar haqqında filmlər çəkilir, mahnılar yazılır.

 Qubadlı Rayon İcra Hakimiyyətində gənclərlə mütəmadi olaraq iş aparılır. Onlarla görüşlər keçirilir, ictimai və dövlət işlərinə cəlb olunur, idmanda nailiyyətlər qazanmaları üçün şərait yaradılır. Rayonda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilir. Hərbi xidmətə çağırışqabağı gənclərlə görüşlər əsl bayrama çevrilir.

Söz məktəbdən düşmüşkən, qeyd etmək lazımdır ki, işğaldan sonra Qubadlının təhsil strukturu qorunub saxlanmışdır. Təhsilə dövlət qayğısının nəticəsidir ki, bu il 166 nəfər ali məktəblərə qəbul olunmuşdur. Onlardan 21 nəfəri 500-dən , 8 nəfəri 600-dən yuxarı bal toplaya bilmişdir.

 Zaman Azərbaycanın xeyrinə işləyir. Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır, ordumuz güclənir. Dövlət başçımız dəfələrlə vurğulamışdır ki, biz bir qarış torpağımızı da heç kəsə güzəştə getməyəcəyik. Cənab Prezident İlham Əliyevin apardığı davamlı, məqsədyönlü siyasət qubadlıları bir daha əmin edir ki, onlar yaxın vaxtlarda öz doğma torpaqlarına qayıdacaqlar. Bu, danılmaz həqiqətdir.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında