Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması dövlətimizə imkan verir ki, xarici arenada da öz kəsərli sözümüzü deyək və maraqlarımızı yüksək səviyyədə müdafiə edək.
Bu, bir faktdır ki, dövlət başçımızın qətiyyəti nəticəsində son illər həm siyasi, həm də iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Prezident İlham Əliyevin dediyi kimi, bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. İqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq.
Xarici siyasətin uğurla icra edilməsi üçün isə mütləq hər dövlətin özünə layiq tərəfdaşları olmalıdır. Bu baxımdan fəxr edə bilərik ki, Azərbaycan dünyada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Beynəlxalq təşkilatlarda Azərbaycana olan rəğbətin nəticəsidir ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasına seçkilər zamanı tarixi bir nailiyyətə imza atmışdı. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğur idi. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə namizədliyimizi dəstəkləmiş və bizə inanmışdır.
Həm Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasına iki dəfə sədrlik etməyimiz, həm də, ümumiyyətlə, beynəlxalq təşkilatlarla əməkdaşlığımız imicimizi müsbət mənada çox dəyişmişdir. Yəni Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və təbii ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına dövlətimizin beynəlxalq arenadakı mövqeyi daha da möhkəmləndiriləcək.
Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş və müstəqil xarici siyasətin əsas prioritetlərindən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Təəssüf ki, rəsmi Bakının bütün cəhdlərinə və səylərinə baxmayaraq, geridə qalan müddət ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Doğrudur, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən bu məzmunlu müxtəlif bəyanatlar səslənmiş, Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq hələlik konkret heç bir nəticə yoxdur.
Şübhəsiz, indiyə qədər müşahidə olunan uğursuzluqların başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir. Dövlət başçımızın dönə-dönə beynəlxalq təşkilatların tribunasından səsləndirdiyi kimi dünya ictimaiyyəti və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bu isə o deməkdir ki, məsələ ilə məşğul olan vasitəçilər vəziyyəti olduğu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın.
Rəsmi İrəvanın münaqişənin həllinə münasibəti bütün dünyanın gözü qabağındadır. Ermənistanın işğalşılıq siyasətindən əl çəkə bilməyən mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi məsələnin həlli başqa yolla da mümkündür. Bunu bizim dövlət heç vaxt inkar etməmişdir və açıq bəyan edirik ki, hərbi yol da istisna deyil. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, müvafiq qurumların yaratdığı beynəlxalq hüquq işləmir.
Bu gün biz Prezident İlham Əliyevin müəyyən etdiyi prinsiplər əsasında hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Ancaq bu variantın seçilməsi üçün də səbr və təmkin nümayiş etdiririk. Dövlət başçımız hesab edir ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışırıq ki, məsələ dinc yolla həll edilsin. Dövlət başçımızın bu ilin iyul ayında diplomatik missiya rəhbərlərinin iştirakı ilə keçirilən beşinci müşavirədə söylədiyi kimi, bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər.
Dövlət başçımız həmin tədbirdə həmişəkindən bir qədər də artıq qətiyyət və prinsipiallıq nümayiş etdirərək dünya ictimaiyyətinə xüsusi bir mesaj ünvanlamışdı: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
Hesab edirəm ki, diplomatların fəaliyyəti ilk növbədə bu istiqamətə yönəlməlidir. Çünki hələ ki, geniş dünya ictimaiyyəti Qarabağla bağlı həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq".
Prezident əlavə edir ki, beynəlxalq hüquqda tarixi amillər öz rolunu oynayıb, presedent hüququ vardır. Ona görə bizim mövqeyimizi möhkəmləndirən kifayət qədər amillər var: tarixi, hüquqi və siyasi. Bir sözlə, həm tarixi, həm hüquqi tərəf bizim mövqeyimizi dəstəkləyir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Digər beynəlxalq təşkilatlar da müvafiq qərar və qətnamələr qəbul ediblər və həmin sənədlər artıq çox möhkəm hüquqi zəmindir. Bütün bunları nəzərə alan Prezident xəbərdarlıq edir ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması qətiyyən mümkün deyildir: “Əlbəttə ki, Azərbaycan dövləti buna heç vaxt imkan verməyəcək və heç bir ölkə qondarma “Dağlıq Qarabağ Respublikasını” müstəqil qurum kimi tanımayacaqdır. Orada keçirilən qanunsuz referendumlar dünya birliyi tərəfindən tanınmayıb və tanınmayacaqdır. Məsələnin həlli ölkəmizin ərazi bütövlüyü çərçivəsində olacaqdır. Başqa variant yoxdur! Mən bunu bir daha bəyan etmək istəyirəm. Heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir! Biz sadəcə olaraq istəyirik ki, bunu nə qədər mümkündürsə tez edək. Ancaq edəcəyik”.
Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin kiminsə istəyinə uyğun olaraq yarımçıq şəkildə deyil, köklü olaraq həll edilməsini vacib saymışlar. Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunur: “Onu da qeyd etməliyəm ki, əlbəttə, bu münaqişədən xalqımız, qaçqınlar və köçkünlər əziyyət çəkir. Ancaq biz məsələni köklü şəkildə həll etməliyik. Yəni, məsələnin yarımçıq şəkildə həll edilməsi, sadəcə, bir mərhələ ola bilər və təbii ki, mərhələli həll üstünlük təşkil edir və edəcəkdir. Ancaq biz əsas hədəfi yaddan çıxarmamalıyıq. Azərbaycanlılar işğal edilmiş torpaqlara, Dağlıq Qarabağa, - o da işğal edilmiş torpaqdır, - qayıtmalıdırlar. Azərbaycan öz suverenliyini bərpa etməlidir. Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır. Siz diplomatlar yaxşı bilirsiniz və biz bu məsələni öyrənmişik - dünyada, Avropada nə qədər muxtariyyətlər vardır. Orada bütün məsələlər çox gözəl tənzimlənir. Bizim məsələdə də bu yanaşma üstünlük təşkil etməlidir”.
Bizim bu şəkildə – qətiyyətlə danışmağımızın bir neçə səbəbi vardır. Əvvəla, dövlətimiz gündən-günə qüdrətlənir, ikinci, diplomatiyamızın İlham Əliyev tərəfindən müəyyən edilmiş hücum taktikası öz səmərəsini verir, digər tərəfdən isə Ermənistanın inkişaf potensialı yoxdur. Prezident üçüncü amili daha çox qabardır: “Bunun səbəbidir ki, ildən-ilə oradan miqrasiya artır və onların rəsmi statistikasına görə, bu ilin birinci rübündə 40 min erməni ölkəni tərk edib. Amma real rəqəmlər ondan da böyükdür. Bu, il ərzində 100 mini keçəcəkdir. Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanı ayaqda saxlayan ancaq xarici yardımdır, diaspordur və bəzi ölkələrin Ermənistana xüsusi münasibətidir.”
Məhz həmin amillər – Azərbaycanın sürətlə inkişaf etməsi, diplomatiyamızın mütəşəkkil şəkildə hücum taktikasını davam etdirməsi və Ermənistanın gündən-günə çökməsi fonunda dünyada gedən proseslərin inkişafı onu göstərir ki, biz hər il, hər ay öz məqsədimizə yaxınlaşırıq və məqsədimiz ərazi bütövlüyümüzü bərpa etmək, Azərbaycan bayrağını Şuşada, Xankəndidə qaldırmaqdır. Bu mühüm məqsədə çatmaq üçün ölkə ictimaiyyətinin bütün fərdləri, bütün cəmiyyət öz səylərini birləşdirmişdir. Bu, bizim milli məsələmizdir. Azərbaycanda bundan vacib məsələ yoxdur və bu məqsədə çatmaq üçün biz hər gün çalışırıq və çalışacağıq.
Dövlət başçımızın qeyd etdiyi kimi, bizim xarici siyasətimizlə bağlı olan əsas istiqamətlər müəyyən edilib, strateji xətt seçilib və davam edir. Qonşularla münasibətlərimiz çox müsbətdir. Bütün qonşularla, - təbii ki, Ermənistan istisna olmaqla, - bizim çox sağlam münasibətlərimiz vardır. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Burada həm siyasi, həm iqtisadi komponent mövcuddur. Xalqımız və dövlətimiz istəyir ki, hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun. Azərbaycanın xarici siyasəti daim axtarışdadır, daim yeni əməkdaşlıq formaları haqqında fikirləşirlər, təşəbbüslər göstərilir ki, istənilən sahədə uğurlarımız daha çox olsun.
Bir sözlə, Azərbaycanın siyasəti, iqtisadiyyatı, sosial həyatı kimi, diplomatiyası da öz inkişaf mərhələsini yaşayır. Xalqımızın və dövlətimizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll olunması üçün seçilmiş hücum diplomatiyası da elə həmin inkişafın göstəricilərindən biridir. Əminik ki, bu taktikanın əməli nəticələrini görəcəyimiz gün uzaqda deyil.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.