Azərbaycan İSESCO ilə əməkdaşlığı genişləndirir

İslam Konfransı Təşkilatı müasir  beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır, dünyada sülhün və əmin-amanlığın  bərqərar olması naminə ardıcıl səylər göstərir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının - İSESCO-nun  dünyada nüfuzu getdikcə artır.  Hazırda  İSESCO islam ölkələrində  genişmiqyaslı  layihələr  reallaşdırır. İslam dünyasında elm, təhsil və mədəniyyətin inkişafında  bu  təşkilatın xidmətləri   böyükdür.

İslam  Konfransı Təşkilatı (İKT) hazırda 57 dövləti özündə birləşdirir. Bundan əlavə, bəzi ölkələrin müsəlman icmalarının, eləcə də bir sıra beynəlxalq və regional təşkilatların nümayəndələri İKT yanında müşahidəçi statusuna malikdirlər. İKT Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir və 1975-ci ildən BMT yanında müşahidəçi statusu almışdır. BMT Baş Məclisinin 36-cı sessiyasında “BMT ilə İKT arasında əməkdaşlıq haqqında” qətnamə qəbul edilmişdir. İKT üzvü olan dövlətlərin ümumi əhalisi bir milyard nəfərdən çoxdur və bir yerdə götürüldükdə bu dövlətlər böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir.

İKT-nin məqsədi təşkilatın üzvü olan dövlətlər arasında İslami həmrəyliyi möhkəmləndirmək, elmi, mədəni, sosial-iqtisadi və digər həyati əhəmiyyətli sahələrdə üzv dövlətlər arasında əməkdaşlığı genişləndirmək, həmçinin beynəlxalq təşkilatlarda üzv dövlətlər arasında yardım məsləhətləşmələr keçirmək, irqi ayrı-seçkiliyin və müstəmləkəçiliyin bütün formalarının ləğvinə,  beynəlxalq sülhün və təhlükəsizliyin ədalətli həllinə, işğal olunmuş müqəddəs yerlərin azad ediməsinə nail  olmaq və sair məsələlərdir.

İSESCO-nun  ölkəmizlə  əlaqələri də ildən-ilə  genişlənməkdədir. Azərbaycan Respublikası 1991-ci il dekabrın 8-də İKT-nin Dakarda keçirilən dövlət və hökumət başçılarının 5-ci konfransında 46-cı tamhüquqlu üzv kimi təşkilata qəbul olunmuşdur. İKT Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq hüququn subyekti kimi qəbul olduğu ilk beynəlxalq təşkilatdır.  Azərbaycanın İKT-yə üzv qəbul olunması həm erməni təcavüzünə məruz qalmış,  eləcə də  həmin  dövrdə informasiya təbliğat imkanları zəif olan ölkəmizin  öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırılması, həm də İKT-nin Ermənistan-Azərbaycan münaqişəsinə münasibət bildirməsi üçün əsas verməklə yanaşı, islam dövlətləri tərəfindən dəstəklənməsi üçün çox zəruri idi.

 İKT xarici işlər nazirlərinin 1993-cü ildə Karaçidə keçirilmiş XXI, 1994-cü ildə Kasablankada keçirilmiş XXII, 1995-ci ildə Konakridə keçirilmiş XXIII konfransları Ermənistan  ilə Azərbaycan  arasında münaqişə haqqında qətnamələr qəbul etmişdir. İKT xarici işlər nazirlərinin 1996-cı ildə Cakartada keçirilmiş XXIV konfransında müvafiq qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” adlandırılmışdır. O vaxtdan etibarən xarici işlər nazirlərinin bütün konfranslarında bu qəbildən olan qətnamələrin adı dəyişilməz qalmışdır. Qeyd etmək lazımdır ki, İKT dövlət və hökumət başçılarının 1997-ci ildə Tehranda keçirilmiş VIII, 2000-ci ildə Dohada IX və 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş X  konfransları eyni adlı qətnamələr qəbul etmişdir.

1997-ci il martın 23-də İKT-yə üzv olan ölkələrin dövlət və hökumət başçılarının İslamabadda ölkənin müstəqilliyinin 50 illiyinə həsr edilmiş növbədənkənar toplantısında qəbul edilmiş bəyannamənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 10-cu maddəsində Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz qətiyyətlə pislənilmiş, işğal  edilmiş ərazilərin azad olunması tələb olunmuşdur. Bundan əlavə, 1997-ci il oktyabrın 4-də BMT Baş Məclisinin 52-ci sessiyası çərçivəsində BMT iqamətgahında keçirilmiş İKT xarici işlər nazirlərinin əlaqələndirmə  toplantısının Yekun Bəyanatında İslam dünyasının digər problemləri ilə yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi də öz əksini tapmışdır.

Azərbaycan Prezidenti Heydər Əliyev Tehran Zirvə konfransındakı nitqində İKT-nin müsəlman dünyasında və beynəlxalq aləmdə apardığı işlərə böyük əhəmiyyət verərək üzv dövlətləri fəal əməkdaşlıq etməyə, müsəlman ölkələrindəki  münaqişələrin sülh yolu ilə  həllində, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında, eləcə də sabit inkişafa nail olunmasında əməkdaşlığın daha da artırılmasının zəruriliyinə diqqət yönəltmişdir. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı İKT rəhbərliyinə və üzv dövlətlərin başçılarına təşkilatın yüksək səviyyəli  toplantılarında Ermənistanın təcavüzkar siyasətini pisləyən, ədalətli qərarlar qəbul  etdiklərinə görə təşəkkürünü bildirmişdir.

Bundan əlavə, konfransda “Azərbaycan Respublikasına maliyyə və iqtisadi yardım haqqında” qəbul edilmiş qətnamədə bütün üzv dövlətlərə, İslam institutlarına və beynəlxalq təşkilatlara Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi üçün müraciət edilmişdir. Konfransın Yekun Bəyanatında isə, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair bənd öz əksini tapmışdır.

Azərbaycanın maraqlarına tam şəkildə uyğun olan və ölkəmizin ədalətli mövqeyini  beynəlxalq səviyyədə dəstəkləyən həmin sənədlər İKT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 2000-ci il noyabrın 12-13-də Dohada keçirilən Zirvə toplantısında bir daha təsdiq edilərək qəbul olundu. İKT-nin Zirvə toplantısında ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində ölkəmizin tarix və mədəniyyət abidələrinin məhv edilməsi və dağıdılması ilə əlaqədar qətnamənin qəbul edilməsi çox zəruri və təqdirəlayiqdir.

Son illər Azərbaycanın İKT ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Heç şübhəsiz ki, təşkilata üzvlüyün ilk illərində Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın xarici siyasətinin əsas məqsədi bu işğalın səbəb və məqsədlərinin, onun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı olmuşsa da, İKT ilə əməkdaşlıq  təkcə bu problemin həlli üçün siyasi sənədlərin qəbul edilməsi ilə məhdudlaşdırılmamış, çoxşaxəli, qarşılıqlı maraq əsasında əməkdaşlıq əlaqələri genişləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ilin dekabrında İKT-nin Məkkədə keçirilmiş 3-cü fövqəladə Zirvə görüşündə iştirakı, eləcə də dövlət başçısının təşəbbüsü ilə 2006-cı il iyunun 19-21-də İKT xarici işlər nazirlərinin növbəti 33-cü  konfransının Bakıda keçirilməsi Azərbaycanın bu təşkilatla əlaqələrinin inkişafında mühüm rol oynamışdır.

Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında münasibətlərin inkişaf  edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir.  Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESCO-nun baş direktoru Əbdüləziz  Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESCO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir.

Bundan əlavə, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2006-cı il  iyunun 10-dan 11-dək “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplomla  təltif etmişdir.

Heydər Əliyev  Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadını olması olduqca əlamətdardır. Onu da qeyd etmək lazımdır ki, Bakının 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın bəhrəsi və Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.

 Azərbaycan Prezidenti İlham Əliyev  bu təşkilatın Azərbaycanın  Dağlıq Qarabağla bağlı  probleminin  dünyaya  çatdırılmasında  rolunu yüksək qiymətləndirib, İSESCO ilə əlaqələrin  Azərbaycan  üçün mühüm əhəmiyyət daşıdığını  bildirib.

 İslam Konfransı Təşkilatının 2008-ci il martın 13-14-də Seneqalın Dakar şəhərində keçirilmiş 11-ci Zirvə konfransı, həmin il iyunun 18-20-də Uqandanın Kampala şəhərində İKT xarici işlər nazirlərinin 35-ci konfransı, eləcə də 2009-cu il mayın 23-25-də Suriyanın Dəməşq şəhərində keçirilmiş İKT xarici işlər nazirlərinin 36-cı konfransı Azərbaycanın maraqlarına tam uyğun olan qətnamələr qəbul etmişdir. Həmin sənədlərdə üzv dövlətlər bir daha erməni təcavüzünü qətiyyətlə pisləmiş, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etmişlər.

Bütün bunlar onu göstərir ki, Azərbaycanı İslam Konfransı Təşkilatının üzvü olan ölkələrlə yalnız milli-mənəvi dəyərlər deyil, beynəlxalq siyasi arenada birgə fəaliyyət də ciddi şəkildə bağlayır. İslam Konfransı Təşkilatı və onun üzvü olan dövlətlər Azərbaycanın haqq işinin tərəfdarı kimi beynəlxalq səviyyədə Ermənistan-Azərbaycan münaqişəsinin ədalətlə, yəni sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipləri əsasında həll edilməsinə dəstək verilməklə təşkilatın nizamnaməsində nəzərdə tutulmuş islami həmrəylik ideyasına sadiqdir.

 Son illər   bu təşkilatla  Azərbaycan arasında  daha isti münasibətlər yaranıb.  Bu münasibətlərin respublikamızın İslam dünyasına  inteqrasiyasında  daha əhəmiyyətli rol oynayacağı  şübhəsizdir.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında