Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artır

Bu gün ölkəmizin beynəlxalq imici yüksəkdir. Bunun müxtəlif səbəbləri vardır. Son 10 ildə Azərbaycanda gedən sürətli iqtisadi inkişaf  onun bütün parametrlərdə irəliləyişinə təsir göstərmişdir.  Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə baxmayaraq, iqtisadiyyatımız inkişaf etməkdə, hərbi potensialımız isə güclənməkdədir. Ümumi daxili məhsul 3,5 dəfə artıb və iqtisadiyyatımız şaxələndirilib.  Hazırda qeyri-neft sektoru ümumi daxili məhsulumuzun 55 faizini təşkil edir.

Bütün beynəlxalq maliyyə təsisatları ölkədə aparılan islahatları yüksək dəyərləndirir. Hələ maliyyə böhranı illərində əsas reytinq agentlikləri - S&P, Moody’s və Fitch Azərbaycanın kredit reytinqini artırmışlar. Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına Qlobal Rəqabət Cədvəlində 39-cu yeri vermişdir. Bu, o deməkdir ki, biz planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına maksimal dərəcədə keçə və eyni zamanda, rəqabətədavamlı iqtisadiyyat yarada bilmişik. Azərbaycanda qısa müddətdə 1 milyon 200 min iş yeri yaradılıb. Büdcə kəsiri Avropa İttifaqı ölkələri üçün qəbul edilən limitlər çərçivəsindədir. Xarici borc ümumi daxili məhsulun səkkiz faizini təşkil edir. Maliyyə vəziyyəti sabitdir. Sosial proqramlar həyata keçirilir. O cümlədən xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir. Yəni, bu daxili amillər, iqtisadi gücümüz, dünyada artan nüfuzumuz bizə imkan verir ki, bundan sonra da prinsipial xarici siyasətimizi aparaq.

Azərbaycan dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatlarda Azərbaycana olan etimad bunun göstəricisidir. Regionda Azərbaycanın rəyi nəzərə alınmadan heç bir addım atılmır. Bunun əyani sübutu BMT Təhlükəsizlik Şurasına seçilməyimiz idi. Bu, tarixi bir hadisə idi. Dünyanın birinci aparıcı qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz gənc müstəqil dövlət üçün böyük diplomatik və siyasi uğur idi. Əslində, bu, ölkəmizin imicini, qısa müddət ərzində nə qədər böyük yol keçdiyini göstərir. Beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti – 155 ölkə bizim namizədliyimizi dəstəklədi. Biz iki il ərzində BMT Təhlükəsizlik Şurasında həlledici səs hüququ olan ölkə kimi beynəlxalq hüququ və ədaləti müdafiə etdik.

Azərbaycanın dünya dövlətləri ilə münasibətləri balanslaşdırılmış şəkildə qurulmuşdur.  Bütün qonşularla, – təbii ki, Ermənistan istisna olmaqla, – bizim çox sağlam, bərabərhüquqlu münasibətlərimiz formalaşmışdır. 

Eyni zamanda, son illərdə yenə də bizim təşəbbüsümüzlə üçtərəfli formatlar da müəyyən edilmişdir.  Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları mövcuddur.  Xarici işlər, İqtisadiyyat və Sənaye nazirlikləri səviyyəsində görüşlər keçirilir. Artıq prezidentlər səviyyəsində də bir görüş keçirilmişdir. Bunun da çox böyük faydası vardır. Burada, əlbəttə ki, həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir.

Türk ölkələri ilə, müsəlman dövlətləri  ilə əlaqələrimiz yüksək templə inkişaf edir. Sözsüz ki, türk-islam aləminin bir parçası olan Azərbaycan üçün bu əlaqələrin mövcudluğu çox vacibdir və dövlətimiz bu əhəmiyyəti görür və inkişaf etdirir. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Prezident İlham Əliyev çıxışlarında hər zaman qeyd edir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır.

Bundan əlavə, Avropa ölkələri də bizim ənənəvi tərəfdaşlarımızdır. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Dövlət başçımızın Avropa ölkələrinə səfərləri, Avropanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunu əyani şəkildə göstərir. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Bizim ixrac məhsullarımız daha çox Avropa məkanına yönləndirilir. Biz Avropanın bütün  sahələrdəki müsbət təcrübəsini öyrənirik və götürürük.

Azərbaycanda geniş miqyasda infrastruktur, neft-qaz layihələri həyata keçirilir. Dövlət başçımızın dediyi kimi, yaxın illərdə ölkəmizə on milyardlarla dollar sərmayə qoyulacaqdır. Burada, əlbəttə ki, Avropa şirkətləri fəal iştirak edəcəklər. Əlavə olaraq  son illərdə Asiya ölkələri ilə bizim əməkdaşlığımız çox sürətlə inkişaf edir.  Bu gün Azərbaycan  Asiyanın inkişaf etmiş ölkələri Çin, Yaponiya, Cənubi Koreya, İran, Malayziya ilə  sıx iqtisadi münasibətlər qurmuşdur. Bu gün Azərbaycan birtərəfli münasibətlərə deyil, hərtərəfli iqtisadi, siyasi, mədəni münasibətlərə üstünlük verən ölkədir.  Çünki bu gün dünyada tam şəkildə müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyildir. Bəzi hallarda bu müstəqil siyasət adı altında birtərəfli və radikal siyasət aparılır. Lakin balanslaşdırılmış siyasətin bizə gətirdiyi uğur məhz budur ki, biz bütün ölkələrlə səmimi mühit yarada bilmişik.

Bu gün NATO, Avropa Birliyi, Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla beynəlxalq təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya,  Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək, iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirməsi ölkəmizin etibarlı imicinin formalaşdırılmasına zəmin yaratmışdır. Regional təhlükəsizlik sahəsində  Azərbaycanın qazandığı imicin nəticəsi kimi ötən illər ərzində Azərbaycan  Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulan aparıcı ölkələrdən biri olub. Bir sıra Qərb ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi baxımından strateji əhəmiyyəti, onun regionun aparıcı dövlətinə çevrilməsi Avropa İttifaqı ilə tərəfdaşlığın xeyli möhkəmlənməsinə gətirib çıxarıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri kimi regional infrastruktur layihələrinin uğurla həyata keçirilməsi  bu sahədə mühüm əhəmiyyət kəsb edib.

Dövlət başçımız çıxışlarında enerji diplomatiyasından danışarkən bildirmişdir:  “Bu gün enerji təhlükəsizliyini ölkələrin milli təhlükəsizliyindən ayırmaq mümkün deyildir. Azərbaycan enerji təhlükəsizliyini tam şəkildə təmin edib və başqa ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirak edir. Son vaxtlar imzalanan sazişlər bizim imkanlarımızı böyük dərəcədə artıracaq və Azərbaycanı dünya üçün, Avropa üçün daha da önəmli ölkəyə çevirəcəkdir. “Şahdəniz-2”, TANAP, TAP layihələri Avropanın ən böyük infrastruktur layihələridir. Azərbaycan liderliyi öz üzərinə götürüb. Bu layihələrin icrası nəticəsində biz böyük bazara çıxış əldə edəcəyik. Avropa məkanı da yeni qaz mənbəyinə çıxış əldə edəcəkdir. Yeni qaz mənbəyi - ən önəmlisi budur, yeni marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu gün yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır”.

Bu gün Azərbaycan beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir. Xüsusilə artıq dörd beynəlxalq humanitar forumun Bakıda keçirilməsi Azərbaycanın siyasi imicinin ən yüksək pillədə qərar tutduğunun göstəricisidir.  Dünyanın bir sıra yerlərində qanlı qırğınlar hələ  davam etsə də, sülh bərqərar olmasa da Azərbaycan multikulturalizmin beşiyinə çevrilmişdir. Azərbaycanda dövlət səviyyəsində multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan – həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. 

Bu gün tolerant  mühit multikulturalizm ənənələrinin məhz Azərbaycanda daha çox yaşadıldığının, dövlət səviyyəsində qorunduğunun əyani sübutudur. Ölkəmiz çoxmillətli, çoxkonfessiyalı məkan adını uğurla daşıyır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın coğrafi vəziyyəti təbii ki, ölkənin inkişafına da təsirini göstərmişdir. Azərbaycan o ölkədir ki, burada mədəniyyətlər, sivilizasiyalar görüşür, birləşir. Bizim gücümüz birliyimizdədir. Milli və dini müxtəlifliyimiz bizim gücümüzü daha da artırır. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bütün dinlərin nümayəndələri bərabər hüquqa malikdir. Bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və eyni zamanda, tikilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havası, əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi daha da gücləndirir.  Bəli, bütün bu faktlar onu sübut edir və təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Azərbaycanda təşkil olunan möhtəşəm tədbirlərdə dünyanın  görkəmli ictimai-siyasi xadimləri öz müsahibələrində heyrətlərini gizlətməmiş Azərbaycanın bu nailiyyətini xüsusi vurğulamışlar.

Beləliklə, qeyd etdiyimiz bu nüanslar Azərbaycanın hazırda dünyanın aparıcı dövlətlərindən birinə çevrilməsinə, eləcə də regional və beynəlxalq layihələrdə söz sahibi olmasına zəmin yaradır. İqtisadiyyatı şaxələndirmək, neft və qeyri-neft sektorunu inkişaf etdirmək, ixrac sənayesini təkmilləşdirmək, beynəlxalq hüququn prinsiplərinə uyğun dostluq və əməkdaşlıq münasibətləri qurmaq, beynəlxalq terrorizmlə mübarizədə qətiyyətli addımlar atmaq Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirmişdir.

 

Anar TURAN,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında