Ermənistan prezidenti beynəlxalq aləmdə qeyri-ciddi şəxs kimi tanınır

Əli günahsız insanların qanına batmış işğalçı dövlətin başçısının heç öz ölkəsində də nüfuzu yoxdur

 Ermənistanda yerli əhalinin kütləvi şəkildə xarici ölkələrə köçməsi intensiv xarakter alıb. Sakinlər acından ölməmək üçün ölkəni tərk edirlər. İşğalçı Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin  və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun mövqelərinə bir neçə dəfə basqın etmələri və bunun da nəticəsində layiqli cavab almaları erməniləri bərk təşvişə salıb. Cəbhədə bir-birinin ardınca ağır itkilər verən Ermənistan ordusu acınacaqlı durumdadır.

Ermənistanda nəşr olunan “Aravot” qəzetinin yazdığına görə, belə davam edərsə, bir neçə ildən sonra ölkədə dövlət məmurlarının qapısında nökərçilik etməyə sadə erməni ailəsi tapılmayacaq. Qəzet yazır ki, hakimiyyət nümayəndələrinin ölkə iqtisadiyyatının ildən-ilə inkişaf etməsi və güclü orduya malik olması barədə hay-küy salmaları cəfəngiyyatdır. Onlar bununla beynəlxalq aləmdə çaşqınlıq yaratmağa, əhalinin ölkəni tərk etməsinin əsl səbəbini ört - basdır etməyə çalışırlar.  Məqalədə bildirilir ki, əsl reallıq isə ondan ibarətdir ki, işçi qüvvəsinin, xüsusilə kənd təsərrüfatında çalışanların ölkəni tərk etməsi nəticəsində iqtisadiyyat sürətlə tənəzzülə uğrayır.

Hətta, iş o yerə çatıb ki, kənd yerlərində çalışanların sürətlə azalması hesabına ölkədə yararlı torpaq sahələrindən istifadə olunması halları kəskin surətdə azalıb.

“Aravot” qəzetinin yazdığına görə, hazırda Ermənistanda əkinə yararlı sahələr istifadəsiz qalıb. Kənd təsərrüfatı məhsullarının istehsalı kəskin surətdə azalıb. Əkinə yararlı sahələrin daha çox hissəsinin gələcəkdə istifadəsiz qalacağı erməni lobbisini də ciddi narahat etməyə başlayıb və bu da Serj Sarkisyanın növbəti dəfə prezident seçilmək şansını heçə endirib. Yerli kütləvi informasiya vasitələri Ermənistan iqtisadiyyatının tənəzzülə uğramasının və ölkə əhalisinin xarici dövlətlərə üz tutmasının əsas səbəbkarının prezident Serj Sarkisyanın olduğunu yazırlar.

Ermənistan kütləvi informasiya vasitələri və ekspertləri  S.Sarkisyanın həm öz ölkəsində, həm də  beynəlxalq aləmdə qeyi-ciddi şəxs kimi tanınmasını artıq açıq şəkildə etiraf  edirlər.

 Serj Sarkisyanın bu günlərdə Almaniyanın məşhur kurort zonası Baden-Badendən qovulması barədə ilk xəbər də erməni kütləvi informasiya vasitələrindən gəlib. Erməni portalı “Armenian Report” Ermənistan prezidentinin adminstrasiyasına yaxın mənbəyə istinadən  yaydığı məlumatda bildirilir ki, prezident S.Sarkisyan 2012-ci və 2013-cü illərdə yay istirahətini həmin şəhərdə keçirib və ətrafında bir neçə erməni oliqarx da olub. Onlar həm oteldə intizam qaydalarını pozublar, həm də kurortu iri məbləğdə borcla tərk ediblər. Ermənistan prezidenti növbəti dəfə özü kimi intizamsız oliqarxlarla otelə gedərkən  ona və ətrafındakılara diplomatik qaydada başa salıblar ki, onlar bu pansionatda arzuorlunmaz qonaqdırlar.

“Armenian Report” xəbər saytının yazdığına görə prezident Serj Sarkisyanın beynəlxalq səviyyədə qəbul olunmaması artıq birinci hal deyil. Bundan əvvəl o, Argentinaya səfəri zamanı da bu ölkənin prezidenti tərəfindən qəbul edilməmişdi.

Yeri gəlmişkən, Ermənistan prezidentinin Argentina səfəri çox biabırçı keçib. Serj Sarkisyan  bir neçə saat gözləsə də, onu  heç kim qarşılamayıb. Sonda biabırçı vəziyyətdən utanaraq ölkəni tərk etmək istəyən Sarkisyanı San-Martin sarayında xarici işlər naziri Hektor Timerman və vitse-prezident Amado Vill qarşılayıblar.

Çıxılmaz vəziyyətə düşən Sarkisyana bildiriblər ki, prezident Kristina Kirşner onu bir qədər sonra qəbul edəcək. Rüsvayçı vəziyyəti bir az yumşaltmaq və Sarkisyanın təhqir olunmuş mənliyinə sığal çəkmək naminə deyilən sözlər də öz nəticəsini verməyib. Ona səfərin  prezident administrasiyasında davam edəcəyi deyilsə  də, Sarkisyanın kiminlə görüşəcəyinə dair heç bir fikir bildirilməyib. Lakin bu görüş də təxirə salınıb və erməni prezident bir neçə saat “Alvear” otelindəki nömrəsində gözləməli olur. Sonra isə görüşün biabırçılığı pik həddə çatır. Belə ki, bu dəfə də Sarkisyana, Argentina prezidentinin ümumiyyətlə, onunla görüşə bilməyəcəyi, səbəb kimi ölkə başçısı Kristina Krişnerin  xəstələndiyi bildirilir...

 Sarkisyana dərdini danışmaq üçün ən münasib yerin qəbiristanlıq olduğunu və ora  getməyi, general San-Martinin qəbrini ziyarət etməyi məsləhət görürlər.

Diqqətə  çatdıraq ki, Argentinada dünyada üçüncü ən böyük erməni diasporu fəaliyyət göstərir. Buna baxmayaraq, həmin ölkədə də əlləri günahsız insanların qanına batmış  işğalçı dövlətin başçısını qəbul edən olmur.

Qeyd edək ki, mövcud olduğu bölgədə Rusiyanın “vassalı” kimi tanınan və iqtisadiyyatının böyük faizinin Rusiya Federasiyası şirkətlərinin əlində olan Ermənistan, qonşu ölkələrə torpaq iddiası etdiyindən mənfi reytinqə sahibdir. Bundan əlavə, iqtisadiyyatı yalnız xarici yardım hesabına saxlanılan Ermənistanın uzaq Latın Amerikası ölkələri ilə ciddi iqtisadi sazişlərin imzalanması gözlənilmir. Bunu Argentinaya səfəri də təsdiqlədi.

Ermənistan kütləvi informasiya vasitələri son illər prezident Serj Sarkisyana bir sıra  beynəlxalq tədbirlərdə göstərilən münasibətlərə istinad edərək bildirirlər ki, o, tamamilə nüfuzdan düşüb. Ona görə də yerli əhali Serj Sarkisyanın və onun ətrafının  istefasını tələb edirlər. “Novosti Armeniya” qəzeti bir qədər əvvəl  Astanada keçirilən Avrasiya Birliyi sammitində Vladimir Putinin Serj Sarkisyana saymazyana münasibətini xatırladaraq yazır: “Putin Ermənistana 300 milyon dollar qiymət qoydu. Rusiya Belarusa 1 milyard dollar, Qırğızıstana 1,2 milyard dollar və Ermənistana isə 300 milyon  dollar ayırdı”.

Belə məqalələrdən birinin müəllifi, erməni şərhçi Naira Ayrumyan yazır: “Avrasiya Birliyi və Rusiya ilə tərəfdaşlıq çoxdan suverenliyin kiçildilməsi kimi qəbul edilir. Ermənistanın  aşağılanmasının növbəti təsdiqi isə, 300 milyon dollarla  qiymətləndirilməsi oldu. Bu, bizim ölkə barədə çox şeydən xəbər verir. Təəssüf ki, Ermənistan öz beynəlxalq nüfuzunu tamamilə itirib, onu xilas etmək üçün Avrasiya məkanı adlanan bu kiçildici müstəvidən ayırmaq barədə qərar vermək lazımdır. O məkandan ki, Ermənistanın yerinin harada olacağını Azərbaycan göstərir”.

Erməni analitikləri və siyasi şərhçiləri  Astana sammitini Serj Sarkisyan hökuməti üçün “siyasi məzhəkə” adlandırıblar.

 Son günlər Ermənistan ordusunun ciddi itkilər verməsi və gənclərin hərbi xidmətdən boyun qaçıraraq ölkəni kütləvi şəkildə tərk etmələrinin də əsas günahının Serj Sarkisyanda olduğunu bildirən   “İrs” Partiyasından olan deputat Armen Martirosyan ölkə başçısını ikiüzlü adlandırıb. Erməni ordusunda baş vermiş insidentlər, həmçinin qoşunların təmas xəttindəki itkiləri   xatırladan  deputat Ermənistanın uğursuzluq zolağına düşdüyünü bildirib: “Ermənistan hansısa uğursuzluq zolağına düşüb və aydındır ki, bu, köklü dəyişikliklər tələb edir. İlk növbədə ölkədə kadr siyasəti dəyişməlidir. Tutaq ki, hansısa nazir, yaxud da qərargah rəisi dəyişdi. Bununla heç nə dəyişməyəcək. Aydındır ki, indiki kadr heyətilə situasiyanı dəyişmək və silsilə faciələrin qarşısını almaq mümkün deyil. Mütləq bütün bunlara kimlərin bais olduğunu müəyyənləşdirmək və ali baş komandan Serj Sarkisyanı zərərsizləşdirmək  lazımdır. Nə qədər ki, orduda daxili münaqişələr, insidentlər və qurbanlar var, məğlubiyyətimiz də bir o qədər yaxın olacaq”.

Erməni deputat bildirib ki, ordudakı itkilər, xüsusilə, son hadisələr göstərir ki, problem ayrı-ayrı adamlarda yox, Sarkisyan hakimiyyətindədir. Ona görə də Sarkisyan başda olmaqla, bu hakimiyyət təcili istefaya getməlidir. Deputat qeyd edib ki, artıq beynəlxalq aləmdə Ermənistan prezidentini məsxərəyə qoyurlar və ölkə başçısını tədricən küncə sıxışdırırlar. Bu da onun qeyri-ciddi olmasından irəli gəlir.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında