Siyasi partiyaların dövlət orqanlarının fəaliyyətinə, iqtisadi-siyasi proseslərə, ölkələr arasındakı münasibətlərə fəal şəkildə təsir göstərdiyi danılmaz faktdır. Xüsusilə də xarici siyasət məsələlərində qarşıya qoyulmuş strateji vəzifələrin yerinə yetirilməsində və təbliğində siyasi partiyaların rolu mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın ictimai-siyasi həyatında vacib funksiyaları yerinə yetirən Yeni Azərbaycan Partiyasının da bu mənada yürütdüyü hərtərəfli və məqsədyönlü siyasət ölkəmizin milli maraqlarının qorunması ilə yanaşı, Azərbaycanın haqlı səsinin beynəlxalq arenada daha yaxşı eşidilməsinə kömək edən proqram xarakterli addımların atılmasında nümayiş etdirdiyi fəallıq nümunəvi və təqdirəlayiq fakt kimi ön plana çıxır.
Ümumiyyələ, xarici siyasətin cəmiyyətin həyatında oynadığı rolu qiymətləndirmək asan məsələ deyil. Çünki xarici siyasətin strateji məqsədləri və daha vacib vəzifələri dövlətin, ümumilikdə cəmiyyətin obyektiv maraqlarından və tələbatlarından irəli gəlir. Dövlətin maraq və tələbatları da konstitusiya quruluşunun, suverenitetinin və ərazi bütövlüyünün təmin edilməsindən, eləcə də siyasi, iqtisadi və sosial sabitliyin qorunmasından, həmçinin bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq əməkdaşlığın qurulmasına və inkişafına nail olmaqdan, eyni zamanda dövlətin beynəlxalq arenada mövqelərinin gücləndirilməsinə yönəlik addımların atılmasından ibarətdir. Həmişə dövlətçilik maraqlarından çıxış edən Yeni Azərbaycan Partiyasının 1999-cu ildə keçirilmiş 1-ci Qurultayında qəbul edilmiş proqramda sadalanan amillər ətraflı qeyd edilmiş və Azərbaycanın hərtərəfli güclənməsinə təkan verəcək addımların atılmasının zəruri olması vurğulanmışdır.
Partiyanın proqramında aydın şəkildə yazılmışdır ki, YAP xarici siyasət sahəsində beynəlxalq aləmdə sülh, sosial tərəqqi və xoşməramlı əməkdaşlıq uğrunda mübarizə aparan mütərəqqi qüvvələrlə sıx əlaqələr qurulmasını, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı münasibətlər yaradılmasını, Azərbaycan xalqının möhkəm sülh və əmin-amanlıq şəraitində yaşamaq, dinc quruculuqla məşğul olmaq imkanının təmin edilməsini zəruri hesab edir. Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi arenasına qədəm qoyduğu andan indəyədək ötən müddət ərzində dövlətin xarici siyasət kursunu dəstəkləməklə yanaşı, ölkənin imicinə müsbət təsir göstərəcək tədbir və təbliğat aparılması işini sistemli şəkildə davam etdirmişdir. Dünyanın mühüm siyasi-iqtisadi inkişaf mərkəzlərini əhatə edən regionlarla münasibətlərin inkişafına və güclənməsinə xidmət edəcək addımların atılmasında fəallıq nümayiş etdirməsini partiyanın milli maraqların təmin edilməsi kimi mühüm vəzifəyə böyük önəm verməsinin bariz nümunəsi kimi göstərmək olar.
Azərbaycanın xarici siyasətinin əsas vəzifələri sırasına Avropa Birliyi sisteminə siyasi, iqtisadi, mədəni sahələrdə inteqrasiya, BMT, AŞPA, ATƏT və NATO kimi beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq münasibətlərinin yaradılması məsələlərinin də daxil olduğu məlumdur. Yeni Azərbaycan Partiyası da sadalanan strukturların qlobal və regional təhlükəsizliyin və sülhün təmin edilməsində oynadıqları rolu yüksək qiymətləndirir və həmin beynəlxalq qurumların Azərbaycanın ədalətli mövqeyini əks etdirən sənədlərinin və bəyannamələrinin yayılma coğrafiyasını genişləndirmək istiqamətində əməli işlər görür. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası qlobal və regional siyasi-iqtisadi, mədəni və humanitar birlik və təşkilatların işində yaxından iştirakı ölkəmizin haqq səsinin bir daha ucadan səsləndirilməsi istiqamətində mühüm tribunalar kimi qiymətləndirir. Partiya, xüsusilə də Azərbaycanın xarici siyasətində başlıca yer tutan Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasına yönəlik addımların beynəlxalq aləm tərəfindən dəstəklənməsinin mühüm amil olduğunu önə çıxarır və bunun regional təhlükəsizliyin təmin olunmasında mühüm faktor hesab etdiyini vurğulayır.
Praqmatik, çevik və milli maraqlara söykənən Azərbaycanın xarici siyasəti coğrafi baxımdan geniş əraziləri əhatə edir. Buna görə də Azərbaycan Avroatlantik məkanla yanaşı, Asiya, Afrika və Latın Amerikası ölkələrilə də münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə diqqət ayırır. Daha dəqiq desək, Azərbaycanın xarici siyasətində və iqtisadi münasibətlərində çoxşaxəli prinsip özünü göstərir. Bloklara qoşulmamaq hərəkatında olan ölkəmizin digər güc mərkəzlərinin təsiri altında yox, milli maraqlara xidmət edən faktorlara əsaslanan Azərbaycan dövləti istər qlobal, istərsə regional müstəvidə siyasi-iqtisadi münasibətlərini inkişaf etdirir və bu istiqamətdə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməyin vacib olduğunu qabardır. Bu mənada Prezident İlham Əliyevin cari ilin iyul ayında Azərbaycanın diplomatik xidmət orqanlarının rəhbərlərinin beşinci müşavirəsində dediyi sözlər böyük əhəmiyyət kəsb edir: “Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır”.
Yeni Azərbaycan Partiyası da dövlət başçısının rəhbərliyi altında yürüdülən müstəqil xarici siyasət istiqamətinin daha böyük əraziləri əhatə etməsi işinə öz töhfəsini verməyə çalışır. Qərblə münasibətlərin gücləndirilməsini mühüm amil hesab edən iqtidar partiyası ictimai-siyasi rəyə, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinə və Dağlıq Qarabağ probleminin ədalətli həll olunmasına müsbət təsir göstərmək iqtidarında olan siyasi institutlarla əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir və bu istiqamətdə planlı şəkildə addımlar atır.
Hakim iqtidar partiyasının beynəlxalq əlaqələrində Türkiyənin, ABŞ-ın, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə qarşılıqlı hörmətə və səmərəli əməkdaşlığa əsaslanan münasibətlər yaradılması prioritet istiqamətlər kimi əsas götürülmüşdür. Bu gün sadalanan ölkələrin aparıcı siyasi partiyaları ilə sıx münasibətlər qurmuş Yeni Azərbaycan Partiyası münasibətlərin daha da inkişafı üçün intensiv dialoq aparır. Burada iqtidar partiyası ilə Avropanın siyasi landşaftında təsiri hiss olunan Avropa Xalq Partiyası arasında yüksək münasibətlər yaradıldığını xüsusi vurğulamaq lazımdır. Avropaya inteqrasiyanı mühüm istiqamət seçən Azərbaycan bu siyasi qurumla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır və tərəflər arasında işgüzar əlaqələr mövcuddur. Eyni sözləri Avropanın Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatı barədə də demək olar. Cari ilin iyul ayında Yeni Azərbaycan Partiyasının icra katibi, Baş nazirin müavini Əli Əhmədov sözügedən təşkilatın nümayəndələrilə görüşündə tərəflər arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin vacib olduğunu bildirmiş və hakim iqtidar partiyasının Mərkəzçi Beynəlxalq Demokratlar Təşkilatına üzv seçilməsi üçün yol xəritəsinin işlənib hazırlanması barədə qərar qəbul edilmişdi. Bütün bunlar göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan həqiqətlərinin yayılmasında növbəti mühüm tribuna əldə etməyə çox yaxındır və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi baxımından irəliyə doğru addımlar atmaqdadır.
Avropanın enerji təminatında mühüm rol oynayan Azərbaycan Asiya regionu ölkələrilə də münasibətlərinə böyük önəm verir. Hakim iqtidar partiyası Asiyanın nüfuzlu siyasi təşkilatları ilə əlaqələrinin genişləndirilməsini sürətlə dəyişən qlobal proseslərin fonunda inkişaf etdirilməsini vacib sayır və münasibətlərin keyfiyyətcə yeni inkişaf müstəvisinə keçidi üçün müəyyən addımlar atır. Burada Yeni Azərbaycan Partiyasının Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətlərini ön plana çıxarmaq zəruridir. Beynəlxalq səviyyədə özünü təsdiq etmiş İCAPP ilə iqtidar partiyası arasında əlaqələrin inkişaf dinamikası yüksəkdir və münasibətlər tərəflərin qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Təqdirəlayiq haldır ki, Yeni Azərbaycan Partiyası 2009-cu ildə üzv olduğu və 300-dən artıq siyasi partiyanı özündə birləşdirən İCAPP-da aparıcı rol oynayır və iqtidar partiyasının qurumun rəhbər orqanı olan Daimi Komitəsində təmsil olunması Azərbaycanın milli maraqlarının təşkilat daxilində təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İnformasiya və təcrübə mübadiləsi aparmaq üçün mühüm siyasi platforma olan İCAPP ilə münasibətlər təkcə ikitərəfli dialoqu əhatə etmir. Yeni Azərbaycan Partiyası qurumun VII Baş Assambleyasının Bakı şəhərində keçirilməsinə nail olmuş və qəbul edilmiş Bakı Bəyannaməsində iqtidar partiyasının bilavasitə təklifilə İCAPP-ın qadınlar və gənclər qollarının təsis edilməsi barədə qərar öz əksini tapmışdı. Təşkilatın hər iki qolunun təbdirlərinin Bakı şəhərində mütəmadi keçirilməsinə nail olmuş Yeni Azərbaycan Partiyasının fəal iştirakı sayəsində 51 ölkənin üzvü olduğu İCAPP-ın yekun sənədində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənmiş, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü vurğulanmışdı. Qeyd etmək vacibdir ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü təkliflərin İCAPP üzvləri tərəfindən dəstəklənməsi məhz iqtidar partiyasının Asiyanın siyasi partiyaları ilə qurduğu işgüzar əlaqələr çərçivəsində həyata keçirdiyi təbliğat-təşviqat işləri sayəsində mümkün olmuşdu.
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi də partiyanın istər ölkə daxilində, istərsə ölkə hüdudlarından kənarda həyata keçirdiyi tədbirlərdə yaxından iştirak etməklə yanaşı, beynəlxalq əlaqələrin inkişaf etidirilməsi baxımından da yeni uğurlar üçün fəaliyyət göstərir. Bu günlərdə partiyanın Gənclər Birliyinin Avropa Demokratik Gənclər Birliyinə üzv qəbul olunmasını böyük uğur kimi qiymətləndirmək olar. Gənclər Birliyinin Avropa miqyasında beynəlxalq gənclər təşkilatının sıralarına qoşulması iqtidar partiyasının xarici əlaqələrinin aktivinə yazmaq mümkündür. Dünyanın ikinci siyasi və iqtisadi güc mərkəzi olan Avropanın siyasi müstəvisində gənc siyasətçiləri özündə birləşdirən təşkilatlarla əməkdaşlıq münasibətlərinin yaradılması və inkişaf etdirilməsi dövlətlər arasında münasibətlərin gələcəyinə müsbət təsir göstərməklə yanaşı, yaxın gələcəkdə ölkələrinin idarəçiliyində təmsil olunacaq avropalı siyasətçilərlə konstruktiv və məhsuldar əlaqələrin qurulması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Bir sözlə, Yeni Azərbaycan Partiyasının getdikcə genişlənən xarici əlaqələri Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında böyük imkanlar yaradır. Əminliklə demək olar ki, iqtidar partiyası siyasi proqramına uyğun olaraq, qarşıdakı illərdə də Azərbaycanın qonşu və region dövlətlərilə faydalı münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə, hər bir xalqın milli mənafelərinə qarşılıqlı hörmət olunmasına, beynəlxalq hüquq və prinsiplər əsasında dövlətlər arasında etimad yaradılmasına, eyni zamanda, ortaq mənafeləri müdafiə etməyi nəzərdə tutan dövlətlərarası münasibətlərin inkişafına yönəlik uğurlu xarici siyasət fəaliyyətini davam etdirəcək.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.