Müstəqilliyimizin bərpasından ötən iyirmi üç il ərzində Azərbaycan dövləti böyük və sürətli inkişaf yolu keçib. Suverenlik baxımından Azərbaycan gənc ölkə olmasına baxmayaraq, çox böyük tarixi nailiyyətlər əldə edib. Xüsusən də son on bir ildə qazandığımız nailiyyətlər - daxili siyasi sabitliyin daha da möhkəmlənməsi, dünyada analoqu olmayan davamlı iqtisadi tərəqqi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı mühüm rolu, BMT TŞ-nın qeyri-daimi üzvü seçilməsi, Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik etməsi və s. tam əminliklə deməyə əsas verir ki, xalqımız ulu öndər Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı, Prezident İlham Əliyevin simasında Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirmək iqtidarında olan qüdrətli liderinə qovuşub. Bu illər ərzində görülən işlərin miqyası, Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi naminə qəbul edilən və uğurla həyata keçirilən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz mövqelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Hər bir xalq özünün taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərinin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Azərbaycan xalqı da öz taleyində misilsiz rol oynamış ulu öndər Heydər Əliyevin xatirəsini daim əziz tutur, onun zəngin irsinə, daimayaşar ideyalarına sadiqlik nümayiş etdirir. Ölkəmizin birinci xanımı, Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, ulu öndərimizin ölməz irsini layiqincə yaşadan, humanizm və nəciblik, ölkəmizdə mədəni irsin qorunması, Azərbaycan mədəniyyətinin bütün dünyada layiqincə təbliği kimi missiyaları şərəflə yerinə yetirən Mehriban Əliyevanın fəaliyyəti bu baxımdan da bənzərsizdir. O, özünün bu ictimai fəaliyyəti ilə nəinki Azərbaycanın, eləcə də bəşər tarixinin şanlı salnaməsinə daxil olan görkəmli şəxsiyyətdir. Bu yazıda Mehriban xanım Əliyevanın rəhbərliyi ilə millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan çoxsaylı mühüm layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə humanizmin və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun həyata keçirdiyi xoş məramdan danışmaq istərdim. Fondun yaradılmasının ümdə məqsədlərindən biri də Heydər Əliyevin zəngin irsini, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir.
Heydər Əliyev müasir Azərbaycan dövlətini, onun mükəmməl idarəçilik sistemini, demokratik, hüquqi bazasını, milli neft konsepsiyasını və ölkəmizin hər bir regionunu əhatə edən sürətli inkişaf modelini yaratdı. Ulu öndərin mükəmməl siyasi kursuna, təməl prinsiplərinə əsaslanaraq ölkəmiz regionun yeni parlaq lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm uğurlara imza atır. Heydər Əliyevin bütün ömrü Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdu və bu müdrik siyasi kurs Azərbaycana həmişə uğur gətirib və hələ çox-çox illər bundan sonra da gətirəcəkdir. 2004-cü il mayın 10-da ulu öndərimizin anadan olduğu gün Prezident İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev Fondu da bu mühüm missiyaya xidmət edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi dövlətçilik tariximizdə müstəsna xidmətlər göstərmiş böyük şəxsiyyətin – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin qorunması və təbliği kimi ali bir missiyanı uğurla yerinə yetirir. Heydər Əliyev irsinin qorunması və gələcək nəsillərə ötürülməsi isə Azərbaycan xalqının milli dövlətçilik şüurunun inkişafının və yetişməkdə olan gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının ən vacib şərtlərindən biridir.
Bu gün iftixar hissi ilə deyə bilərik ki, Mehriban xanım Əliyeva Heydər Əliyev siyasi irsinin fundamental prinsiplərinə sadiq qalaraq, Azərbaycan mədəniyyətinin mühafizəsi, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində səmərəli fəaliyyət göstərməkdədir. Məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1996-cı ildə yaradılmış Azərbaycan Mədəniyyətinin Dostları Fondu xalqımızın mədəni irsinin bütün dünyada təbliğinə, qiymətli incəsənət abidələrinin qorunmasına xidmət göstərib. Bu, Mehriban xanımın xalqımızın milli-mənəvi dəyərlərinə sonsuz bağlılığının əyani təzahürüdür. Elə bunun nəticəsidir ki, Mehriban xanım Əliyeva UNESCO kimi nüfuzlu bir təşkilatın xoşməramlı səfiri vəzifəsinə seçilib. Bu, onun mədəniyyətə xüsusi münasibətinin beynəlxalq təşkilatların da diqqət mərkəzində olduğunu təsdiqləyən əyani faktlardan biridir.
Mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində nümayiş etdirdiyi fəallıq, humanist fəaliyyəti Mehriban xanım Əliyevanın qısa vaxt ərzində yüksək nüfuz qazanmasını təmin edib. Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, Azərbaycan muğamı, aşıq sənəti, xalçaçılıq sənəti, tar ifaçılığı sənəti, Novruz bayramı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi- Mədəni İrs Siyahısına daxil edilib. Mehriban xanımın qeyd etdiyi kimi, bunu mədəniyyətimizə verilən ən yüksək qiymət kimi dəyərləndiririk.
Azərbaycanda mədəniyyət sahəsində çox böyük işlər görülür. Bütün mədəniyyət ocaqları təmir və bərpa edilir. Yeni muzeylər, teatrlar tikilir, əvvəllər tikilmiş mədəniyyət infrastrukturu yeniləşir, müasirləşir. Mədəni irsimizin qorunması işində Heydər Əliyev Fondunun fəal iştirakı göz qabağındadır. Bakıda Beynəlxalq Muğam Mərkəzinin inşası və dünyada ilk dəfə olaraq Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi məhz Heydər Əliyev Fondu tərəfindən təşkil olunub. Qəbələ Beynəlxalq Musiqi Festivalı, Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı, dünya şöhrətli musiqiçilər Üzeyir Hacıbəyli, Bülbül, Dmitri Şostakoviç və Şopenin yubileylərinə həsr olunmuş beynəlxalq festivallar müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün əlverişli şərait yaradaraq mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə öz töhfəsini verir.
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva yalnız mədəniyyətimizin və xalqımıza məxsus qiymətli incəsənət əsərlərinin qorunması sahəsində çalışmır, həm də kimsəsiz uşaqlara, qayğıya ehtiyacı olan yeniyetmələrə yardım göstərir. Onun təşəbbüsü ilə uşaq evlərinə, əlil və kimsəsizlərə maddi və mənəvi yardımlar edilir, bu insanların özlərini cəmiyyətin bərabərhüquqlu üzvü kimi dərk etməsi üçün bütün zəruri addımlar atılır. Həyata keçirdiyi bu tədbirlər onun həqiqətən də yüksək mənəvi keyfiyyətlərə, humanist xarakterə malik olduğuna əyani sübutdur.
Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.
XXI əsr bütün dünyada təhsil əsri sayılır. Hazırda ölkələrin inkişafı ilk növbədə orada təhsilin səviyyəsi ilə ölçülür. Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunub ki, bu, təhsilimizin gələcək inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə təhsilin inkişafına qayğı və dəstək, milli təhsilimizin maddi-texniki bazasının təminatı məsələləri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da ən böyük və xeyirxah missiyalarındandır. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Bakıda və bütün bölgələrimizdə minlərlə ən müasir təhsil ocaqlarının tikintisinə, mövcud olanların yüksək standartlar səviyyəsində yenidən qurulmasına rəvac verib. Məhz bunun sayəsində bu gün uşaqlarımız ən müasir avadanlıq və dərs ləvazimatları ilə təchiz olunmuş XXI əsrin müasir məktəblərində təhsil alırlar. Mehriban xanım bəyan edib ki, təhsilə qoyulan sərmayə gələcəyimizə qoyulan sərmayədir, xoşbəxt gələcəyimizin təminatıdır. Biz bu xeyirxah missiyanın ölkəmiz üçün nə qədər vacib olduğunu bu gün əyani olaraq görürük, onun qlobal mənada əhəmiyyətini isə gələcək illərdə indiki yeniyetmələri dünya səviyyəli mütəxəssis, elm sahəsində ixtira və kəşflərin müəllifi kimi görəndə daha aydın dərk edəcəyik.
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanıdılması, nüfuzlu təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlıdır. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir.
Mehriban xanımın gələcək nəslin nümayəndələrinə olan diqqət və qayğısı tək Azərbaycanın hüdudları ilə kifayətlənmir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində qızlar üçün orta məktəb binası istifadəyə verilib. Pakistanın nüfuzlu ingilisdilli “Pakistan Observer” qəzetində Azərbaycanın birinci xanımının fəaliyyətindən bəhs edən məqalədə Mehriban xanım Əliyevanın Azərbaycanın məşhur ziyalı ailəsinə mənsub olduğu qeyd edilərək, onun xeyriyyəçilik fəaliyyətindən geniş bəhs olunub. Müəllif Mehriban xanımın uşaqlara və ahıllara göstərdiyi xüsusi qayğıdan, onlar üçün tikdirdiyi və təmir etdirdiyi çoxsaylı məktəb, səhiyyə ocaqları, musiqi liseyləri və uşaq evlərindən söz açıb, talassemiya və diabetdən əziyyət çəkən uşaqlara xüsusi qayğı göstərildiyini oxucuların diqqətinə çatdırıb. Pakistanlı jurnalist 2005-ci ildə zəlzələ nəticəsində Müzəffərabad şəhərində dağılmış məktəbin yerində Mehriban xanımın təşəbbüsü ilə yeni qızlar məktəbinin tikilməsinə də toxunmuş, bu addımı Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin təzahürü kimi qiymətləndirmişdir.
Azərbaycanın birinci xanımının müdrik sözləri var: “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Ona görə də özgələrin rollarını və obrazlarını gərək öz üzərinə götürməyəsən. Çünki sən də, dünyada yerin də yeganə və bənzərsizdir”. Müdikcəsinə deyilmiş bu sözlərdə böyük hikmət, məna var. Mehriban xanım Əliyevanın da bəşəriyyətdəki yerini və taleyini məhz ulu tarix müəyyənləşdirib və ona bənzərsizlik bəxş edib və üzərinə xalqa sədaqətlə xidmət missiyası qoyub ki, Azərbaycanın birinci xanımı bu missiyanı uğurla həyata keçirir və sözün həqiqi mənasında, öz sadəliyi, nəcibliyi, müdrikliyi, mərhəməti, xeyirxahlığı, fədakarlığı, işgüzarlığı, təəssübkeşliyi, həyata keçirdiyi layihələrlə qısa zaman kəsiyində Azərbaycan xalqının böyük sevgisini və inamını qazanıb.
Mehriban xanım bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır, sevilir və adı hörmətlə çəkilir. Təsadüfi deyil ki, Azərbaycanın birinci xanımı bir çox dünya ölkələrinin ən ali mükafat və ordenlərinə layiq görülüb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiqləyir. Eləcə də Azərbaycanın birinci xanımı Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respublikası Prezidentinin sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə də təltif edilib. Xatırladaq ki, dünyanın məşhur ictimai-siyasi, dövlət, mədəniyyət və elm xadimlərinə, sərkərdələrə verilən “Şərəf Legionu” ordeni 1802-ci ildə imperator Napoleon Bonapart tərəfindən təsis edilib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Həştərxan vilayəti qarşısındakı xidmətlərinə görə” ordeni ilə təltif edilib. Bu günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Küveyt Dövlətinin yüksək mükafatına layiq görülüb. İslam mədəni irsinin dünyada geniş təbliği, Azərbaycanda və ölkə hüdudları xaricində nəcib xeyriyyə fəaliyyəti, təhsilə, tibbə verdiyi böyük töhfələrə görə Mehriban Əliyeva Küveyt Dövlətinin Fəxri diplomu ilə təltif olunub.
Artıq reallıqdır ki, bu gün Mehriban xanım Əliyeva ölkəmizin hərtərəfli inkişafı istiqamətində ən diqqətəlayiq layihələrin ideya müəllifi və dəstəkləyicisidir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə İlham Əliyev bu məsələlərə böyük önəm verərək deyib: “Fonda 10 il ərzində Mehriban Əliyeva rəhbərlik edir. Onun rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir. Mehribanın rəhbərliyi ilə bir neçə istiqamət üzrə konkret proqramlar icra edilmişdir. Bir çox hallarda fondun təşəbbüsləri bir qədər sonra həm ictimai təşkilatlar, eyni zamanda, dövlət qurumları tərəfindən dəstəklənmiş və bir növ dövlət proqramına çevrilmişdir. Xüsusilə, fondun təşəbbüsü ilə başlanmış “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi bu gün geniş vüsət almışdır və dövlət bu proqrama qoşularaq son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikdirə bilmişdir. “Xocalıya ədalət!” kampaniyası da məhz fondun təşəbbüsü ilə başlamışdır. Ondan sonra dövlət qurumları, ictimai qurumlar bu təşəbbüsə qoşulmuşlar və nəticə etibarilə qısa müddət ərzində 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən soyqırımı kimi qəbul etmişdir. Səhiyyə ilə bağlı təşəbbüslər geniş vüsət almışdır. Azərbaycan mədəniyyətinin, mədəni irsimizin qorunması, dünyada təbliği işində fond əvəzsiz rol oynamışdır. Bizim milli sərvətimiz olan muğam sənəti UNESCO-nun Dünya Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir... Ona görə Azərbaycan dövləti adından fonda, fondun bütün işçilərinə minnətdarlığımı bildirmək istəyirəm... Bu gün Heydər Əliyev Fondu ulu öndərin adını şərəflə daşıyır, ulu öndərin xatirəsinə layiq fəaliyyət göstərir”.
Sədaqət ƏZİMOVA,
Bakıdakı 239 saylı orta məktəbin direktoru,
respublikanın əməkdar müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.