Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlaması

 

 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyinin Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyan ilə əlaqədar açıqlamalarına münasibət bildirən bəyanat yayıb.

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumat verdiyi kimi, Karen Petrosyan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun tərkibində təxribat törətmək məqsədilə Ermənistan-Azərbaycan sərhədi istiqamətindən Azərbaycan ərazisinə daxil olmuşdur. Kəşfiyyat-diversiya qrupunun hücum və təxribatının qarşısı Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən alınmış və qrupun tərkibində olan Karen Petrosyan əsir düşmüşdür. Həmçinin nazirliyin məlumatında bildirilib ki, naməlum və qəfil şəraitdə keçinən Karen Petrosyanın ölümünün səbəbləri tibbi ekspertlər tərəfindən açıq və şəffaf şəkildə araşdırılmış və onun ölümü barəsində dərhal Beynəlxalq Qırmızı Xaç Komitəsinə məlumat verilmişdir.

Azərbaycandan fərqli olaraq, bu ölkənin ərazilərini işğal edən Ermənistan tərəfindən əsir və girovluqda olan Azərbaycan vətəndaşlarına münasibətdə beynəlxalq humanitar hüquq, xüsusilə “Müharibə qurbanlarının müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəaları daimi olaraq kobud şəkildə pozulur. Ermənistan tərəfindən əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının kütləvi şəkildə öldürülməsi, onlara dəhşətli işgəncələr verilməsi, mənəvi əzablar, onların amansız və insan ləyaqətini alçaldan rəftara məruz qoyulması, özünüöldürmə həddinə çatdırılması, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi kimi dəhşətli əməllər törədilmişdir.

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş 4000-dən artıq azərbaycanlının taleyi haqqında bu günə qədər heç bir məlumat verilmir. 

Bəyanatda qeyd edilir ki, öz doğma torpaqlarını və ata-analarının məzarını ziyarət edən Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən xüsusi qəddarlıqla işgəncələrə və alçaldıcı rəftara məruz qalması, Həsən Həsənovun isə qətlə yetirilməsi, işğalın ilk günündən Ermənistan silahlı qüvvələrinin mütəmadi əsasda qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhəd xətti boyunca mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların hədəfə alınması, Ermənistan silahlı qüvvələrinin 31 iyul – 1 avqust tarixində qorxaq və alçaqcasına törətdiyi terror-təxribat əməli və 7 avqust tarixində bunun davam etdirilməsinə cəhd  Ermənistanın beynəlxalq hüquq, insaniyyət və mənəviyyatdan kənar siyasətinin göstəricisidir.

Bütün bunların müqabilində Ermənistanın Karen Petrosyanın işinin məqsədyönlü şəkildə şişirdilməsi və ona siyasi don geyindirilməsi cəhdləri bu ölkənin törətdiyi vəhşilikləri ört-basdır etmək məqsədi daşıyır.

ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanın Ermənistanın bu kimi qeyri-insanı rəftarına, o cümlədən Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənovun taleyinə, eləcə də 31 iyul-1 avqust tarixində Ermənistan tərəfindən törədilmiş terror-təxribat əməlinə biganə qalaraq, Ermənistan və radikal erməni diasporunun təbliğat maşınının təsiri altında verdikləri bu bəyanat anlaşılmaz və qəbuledilməzdir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin bu kimi həssas məsələlərdə birtərəfli və qərəzli fəaliyyət nümayiş etdirmələri Azərbaycan cəmiyyəti tərəfindən də birmənalı qarşılanmır.

Minsk qrupunun həmsədr ölkələri, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi üzərlərinə düşən öhdəlik və məsuliyyətə uyğun olaraq, bu kimi bəyanatların əvəzinə BMT-nin Nizamnaməsi, Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında tezliklə işğalın nəticələrinin aradan qaldırılması və münaqişənin həllinin təmin olunmasına doğru səylərini artırmaları və səfərbər etmələri daha məqsədəuyğun olardı.

Bəyanatda deyilir: “ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ və Fransanı münaqişənin həlli ilə əlaqədar prinsipiallıq nümayiş etdirməyə, başsağlığı və narahatlıq ifadə edərkən ikili və qərəzli olmamağa çağırırıq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında