Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının sıxışdırılması ilə bağlı iddialar əsassız və qərəzlidir

Azərbaycan Respublikası Prezidenti Administrasiyası

ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsi.

- Əli müəllim, bu gün bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanları Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin pisləşdiyini və vətəndaş cəmiyyəti institutlarının sıxışdırıldığını iddia edirlər. Bu iddialara münasibətinizi bilmək istərdik.

- Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycanı güclü, inkişaf etmiş, müasir və nüfuzlu ölkəyə çevirməkdir. Hesab edirik ki, son 10 ildə bu istiqamətdə mühüm uğurlar qazanılıb. Ötən dövrdə qarşıya qoyulmuş əsas vəzifələrdən biri də ölkəmizdə hüquqi dövlət quruculuğu, vətəndaş təşəbbüslərinin dəstəklənməsi və siyasi plüralizmə əsaslanan güclü demokratik cəmiyyətin formalaşmasını təmin etməkdən ibarət olub. Bu məqsədlə mövcud qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması ardıcıl şəkildə davam etdirilib, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin inkişafına maneçilik törədən hallar aradan qaldırılıb, onlara hərtərəfli dövlət dəstəyi göstərilib.

Sirr deyil ki, vətəndaş cəmiyyəti institutlarının inkişafını məhdudlaşdıran ciddi amillərdən biri də bu sahədə qanunların tələblərinin tez-tez pozulması - qeyri-şəffaflıq, maliyyə-uçot sisteminin ən adi tələblərə cavab verə bilməməsi və s. olub. Mövcud boşluqlardan istifadə edən bəzi xarici və daxili dairələr Azərbaycanın milli qanunvericiliyinin tələblərinə zidd olaraq siyasi partiyaların, QHT və KİV-lərin fəaliyyətinə nüfuz edib, onları bu və ya digər qeyri-qanuni yollarla maliyyələşdirib və müvafiq olaraq istiqamətləndiriblər. Məhz bunun nəticəsidir ki, bəzi QHT-lər “xalq diplomatiyası” adı altında işğalçı Ermənistanın xüsusi xidmət orqanlarının nəzarətində olan yerli təşkilatlarla əməkdaşlıq əlaqələri qurub, düşmən ölkənin maraqlarının ifadəçisinə çevriliblər. Ən acınacaqlısı isə odur ki, bu tipli QHT və fiziki şəxslər, bəzi jurnalistlər onları maliyyələşdirən xarici dairələrə arxalanaraq, özlərini milli qanunvericilikdən yüksəkdə tutub, öz qrant layihələrini reyestrdən keçirməkdən, maliyyə hesabatlarını təqdim etməkdən, vergi ödəməkdən və hökumətin digər qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırıblar. Dövlət orqanlarının adekvat addımları isə təəssüf ki, bu gün həmin dairələr tərəfindən “vətəndaş cəmiyyətinə basqı”, QHT-lərin və medianın fəaliyyətinin “məhdudlaşdırılması” kimi qələmə verilir, Azərbaycana qarşı məqsədli qarayaxma kampaniyası təşkil olunur.

Hesab edirik ki, bəzi Qərb dairələri, bir sıra xarici təşkilatlar və media orqanlarının Azərbaycanda guya “avtoritar”, “diktatura” və s. bu kimi idarəçilik metodlarının tətbiq edilməsi ilə bağlı iddiaları əsassız və qərəzlidir.

Azərbaycanda istər qanunvericilik, istərsə də praktiki baxımdan vətəndaş cəmiyyəti institutlarının sərbəst şəkildə fəaliyyət göstərməsi üçün müvafiq şərait tam təmin edilib. Hökumətin əsas tələbi ondan ibarətdir ki, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da QHT-lərin və medianın fəaliyyətində demokratik azadlıqlardan sui-istifadə hallarına yol verilməsin və bu sahədə qanunların aliliyi təmin edilsin. Qanunlar tələb edir ki, QHT-lər öz nizamnamələrinə uyğun fəaliyyət göstərsin, qanun qarşısındakı vəzifələrini və məsuliyyətlərini dərindən dərk etsin, cəmiyyətdə ictimai nəzarət funksiyasını sağlam şəkildə həyata keçirsin, onları siyasətə sürükləyənlərə, siyasi partiyaların əlavəsinə, bəzi xarici dairələrin antiazərbaycan fəaliyyətində ucuz alətə çevirmək istəyənlərə “Yox!” desinlər. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında