Son günlər Ermənistan-Azərbaycan dövlət sərhədində və qoşunların təmas xəttində düşmən qüvvələr tərəfindən dəfələrlə təxribatlar
törədilməsi, müxtəlif istiqamətlərdə atəşkəs rejiminin pozulması, hərbçilərin, habelə, mülki əhalinin qətlə yetirilməsi, silahlı qüvvələrimizin mövqelərinə basqın edilməsi ictimaiyyətin hiddətinə səbəb olub. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla söhbət zamanı deputat dedi ki, son günlərin hadisələri beynəlxalq təşkilatların işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etməsinətam əsas verir. Onun fikrincə, artıq hər hansı bir bəhanə üçün əsas yoxdur:
— İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Milli Ordumuzun mövqelərinə bir neçə dəfə basqın ediblər. Bu zaman hərbçilərimiz qətlə yetirilmiş, sərhəd bölgəsində yaşayan əhaliyə ziyan dəymişdir. Biz bu və ya digər məsələlər, ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizliyi, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salması barədə AŞPA-nın növbəti sessiyasında yenidən məsələ qaldıracaq və Ermənistana qarşı sanksiyaların tətbiqini tələb edəcəyik. Onu da qeyd edim ki, biz dəfələrlə belə məsələ qaldırmışıq və AŞPA rəhbərliyinin diqqətini Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsinə yönəltmişik. Təəssüf ki, Avropa parlamentariləri arasında ermənipərəst deputatlar hələ də çoxluq təşkil edir. Söz yox ki, Azərbaycan parlamenti nümayəndə heyəti üzvlərinin apardıqları təbliğat nəticəsində artıq onların çoxu əsl həqiqətləri dərk etməyə başlayıb. Son sessiyaların birində Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi, almaniyalı deputat Kristofer Ştrasserin ölkəmizlə bağlı hazırladığı məruzənin səs çoxluğu ilə qəbul edilməməsi də avropalı deputatların ölkəmiz haqqında reallıqlardan məlumatlı olmasından xəbər verirdi.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində bir sıra nüfuzlu beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət kimi tanımaları barədə rəsmi sənəd qəbul edib. Avropa Şurasının ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyini diqqətə çatdırmaq istərdim. Onu da qeyd edək ki, AŞPA Azərbaycanın ən ağrılı probleminə çox həssas münasibət göstərərək, bu barədə ayrıca sənəd qəbul edib. Ədalətli və obyektiv münasibətin nəticəsi olan həmin sənəd 2005-ci il yanvarın 25-də AŞPA-da təsdiqlənmiş Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana təcavüzü haqqındakı 1416 nömrəli qətnamədir. Bu qətnamədə birmənalı şəkildə Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilmiş ərazi bütövlüyü tanınır, ölkəmizin torpaqlarının qonşu dövlət tərəfindən işğal olunduğu bəyan edilir. Bundan başqa, digər nüfuzlu beynəlxalq qurumlar da Ermənistanı təcavüzkar dövlət kimi rəsmən tanıyıb və işğal etdikləri Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etmələri barədə qətnamələr qəbul ediblər. Lakin beynəlxalq aləmdə ikili standartların nəticəsi olaraq bu vaxta qədər həmin qətnamələr hələ də icra olunmur. Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu barədə AŞPA-nın yay sessiyasındakı nitqində ətraflı məlumat verərək demişdir: “Ermənistan 20 ildən artıqdır Azərbaycan torpaqlarını işğal edib. Dünyanın bütün beynəlxalq qurumları Qarabağı Azərbaycan torpağı kimi tanıyıb. BMT Təhlükəsizlik Şurası başda olmaqla, demək olar, bütün mötəbər qurumlar Ermənistanın işğalı dayandırması ilə bağlı sənədlər qəbul ediblər. Ermənistan həmin sənədlərə əməl etmir. Biz bu qətnamələrin tətbiq mexanizmini mütləq tapmalıyıq. Bəzən bu münaqişəni dondurulmuş münaqişə adlandırırlar, ancaq bu, doğru deyil. Bu münaqişə var və o çözülməlidir. Bu məsələdə dünya birliyinin ikili standartlar tətbiq etməsi məsələsinə də toxunmaq istəyirəm. BMT Təhlükəsizlik Şurasının qətnamələri çox qısa zamanda, hətta bir neçə saat ərzində reallaşdırılır. Azərbaycanla bağlı qətnamələr isə 20 ildən artıqdır sənəd olaraq qalıb. Azərbaycana bu yanaşma mütləq dəyişilməlidir”.
S. Seyidov dedi ki, Ermənistanın Azərbaycan mövqelərinə təxribat xarakterli basqınları, son günlərdə baş verən hadisələr bu ölkəyə qarşı ciddi sanksiyaların tətbiq olunmasına tam əsas yaradır. Ukraynada baş verən hadisələrlə bağlı Rusiyaya ciddi sanksiyalar tətbiq edilirsə, Ermənistan barədə də belə ciddi ölçü götürülməlidir. Biz beynəlxalq təşkilatların tribunasından, o cümlədən Azərbaycanın Avropa Şurasına üzv olduğu vaxtdan indiyədək AŞPA-da bu məsələni dəfələrlə qaldırmışıq. Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən 20 ildir ki, işğal altında saxlandığını, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvalarından didərgin salındığını dönə-dönə vurğulamış və işğalçıya qarşı sanksiyaların tətbiq edilməsinə səsləmişik. Hətta, AŞPA-nın nümayəndələri ölkəmizə rəsmi səfərə və ya hər hansı bir tədbirdə iştirak etmək üçün Azərbaycana gələndə onları məcburi köçkünlər yaşayan yataqxanalar və digər yaşayış məntəqələrinə aparmışıq ki, hər şeyi öz gözləri ilə görsünlər. Bütün bunlara baxmayaraq, hələ də Avropa Şurasında bir üzv ölkənin digər üzv ölkənin ərazilərini işğal etməsi faktına soyuqqanlı yanaşma nümayiş etdirilir və təşkilat bu illər ərzində heç sanksiya barədə düşünmək belə istəmir. Təəssüf ki, Avropada, eləcə də dünyada hələ də tarixin dərslərindən düzgün nəticə çıxarılmır.
Komitə sədri bildirdi ki, ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərir, ancaq indiyədək onlardan bəyanatlardan başqa heç nə eşitmirik. Bu qurumun fəaliyyətsizliyi, Ermənistanın işğalçılıq siyasətinə aşkar şəkildə göz yumması hamıya bəllidir. İstər ATƏT-in Minsk qrupu, istərsə də digər beynəlxalq qurumlar çox yaxşı bilirlər ki, Ermənistan tərəfi danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir, status-kvonun qorunub saxlanılmasına çalışır, həmçinin Madrid sülh planından boyun qaçırır. Qanlı etnik təmizləmə siyasəti həyata keçirən işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsi və sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verir.
S.Seyidovun qənaətinə görə, artıq beynəlxalq birliyin işğalçı Ermənistan dövlətinə sanksiyalar tətbiq etməsi üçün kifayət qədər əsaslar var. Qalır bircə ikili standartlardan əl çəkmək prinsipi. Bu mövqedə olan qurumlar unutmamalıdırlar ki, ikili standartlar “xəstəliyi” həmin qurumları uçruma aparır. Artıq beynəlxalq ictimaiyyət də bu ayrı seçkilikdən təngə gəlib. Nüfuzlu bir qurumun üzdə bir cür danışması, arxada isə başqa cür hərəkət etməsi, hadisələri olduğu kimi qiymətləndirməməsi onlara olan inamı heçə endirir.
Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.