Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimləri təbrik edərək demişdir: Bu gün sizinlə görüşdə ölkə Prezidenti cənab İlham Əliyevin bir fikrini diqqətə çatdırmaq istəyirəm: “O ölkələr inkişaf edir ki, orada təhsilə, elmə, inellektual məhsulların yaradılmasına böyük investisiyalar qoyulur”. Həqiqətən də ölkələrin inkişafı onların iqtisadi qüdrəti ilə deyil, elmin və təhsilin səviyyəsi ilə ölçülür. Güclü iqtisadiyyatın qurulmasında ali, orta ixtisas və peşə təhsilinin rolu heç vaxt indiki qədər aktual olmayıb. Bu, ondan irəli gəlir ki, hər bir cəmiyyət inkişaf etmək, irəli getmək istəyir. Güclü kadr potensialı olmadan isə bunu təmin etmək mümkün deyil. Azərbaycanın inkişafının gənc milli kadrların yetişməsindən, təhsilin səviyyəsindən asılı olduğunu görən ümummilli liderimiz ötən əsrin 70-ci illərindən bu sahəyə diqqəti artırmış, həmin tarixdən ulu öndərin adı ilə bağlı olan təhsil strategiyası xalqımızın intellektual potensialının yüksəlişinə öz töhfəsini vermişdir. Ölkəmiz müstəqillik qazandıqdan sonra da ümummilli liderimiz təhsili milli dövlət quruculuğunun vacib şərti kimi əsas vəzifələr sırasına çəkmiş, Azərbaycan təhsili milli məqsəd və mənafelər əsasında qurularaq beynəlxalq təhsil sisteminə inteqrasiya olunmuşdur.
Qeyd olunmuşdur ki, ümummilli liderimizin təhsillə bağlı müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycanda uğurla yerinə yetirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında təhsil sistemi dinamik inkişaf yoluna çıxıb. Son 10 ildə muxtar respublikada 56 min 926 şagird yerlik 142 orta məktəb binası tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Ümumtəhsil məktəblərinə 3409 kompyuter dəsti verilmiş, hər 12 şagird bir kompüterlə təmin olunmuşdur. Təhsil müəssisələrindəki kompüterlərin 84 faizi internetə qoşulmuş, 600-ə yaxın elektron lövhə quraşdırılmışdır. Bütün bunların nəticəsidir ki, təhsildə keyfiyyət göstəricisi ilbəil artır. Ali məktəblərə qəbulun təhlilindən görürük ki, yüksək bal toplayanların sayı bu il də artıb. Əgər 2013-cü ildə tələbə adını qazananların 312-si 500-dən yuxarı bal toplamışdırsa, 2014-cü ildə 347 abituriyent 500-700 intervalında yüksək nəticə göstərmişdir.
Ali Məclisin sədri gənclərə müraciət edərək demişdir: Yeni cəmiyyət quruculuğunda sizin üzərinizə mühüm vəzifələr düşür. Daim bu vəzifələri düşünməli, onun icrasına çalışmalısınız. Vəzifə - birinci növbədə yaxşı təhsil almaqdan ibarətdir. Yaxşı təhsil almadan intellektual səviyyəni yüksəltmək, kamil mütəxəssis və əsl vətəndaş kimi yetişmək mümkün deyil. Öz üzərinizdə daim işləməli, mütaliə etməlisiniz. İnformasiya texnologiyalarının sirlərinə dərindən bələd olmalı, müasir elmi-texniki yenilikləri öyrənməlisiniz. Hansı sahədə işləməyinizdən və harada yaşamağınızdan asılı olmayaraq daim doğma Azərbaycanımıza sədaqətli olun!
Ali Məclisin sədri ümummilli liderimiz Heydər Əliyevin “Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarətdir” fikrini xatırlatmış, gənclərə Azərbaycanımızı ümummilli lider Heydər Əliyev kimi sevməyi, Azərbaycan naminə çalışmağı və fədakarlıq göstərməyi arzulamışdır.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev tədbirdə çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızda təhsilə diqqət və qayğı ən yüksək səviyyədədir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların yüksək maddi-texniki baza və ən müasir informasiya kommunikasiya texnologiyaları ilə təchizatı bu qayğının bariz nümunəsidir.
2013-2014-cü tədris ilində ali məktəblərə qəbul göstəriciləri haqqında məlumat verən Piri Nağıyev bildirilmişdir ki, bu il məktəbi bitirən 3993 nəfərdən 3115-i ali və orta ixtisas məktəblərinə sənəd vermişdir. Əvvəlki illərin məzunları ilə birlikdə sənəd verənlərin ümumi sayı 5664 nəfər olmuşdur. Məzunlar arasında xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 174 nəfər təşkil etmişdir. Muxtar respublikamızda həm orta ixtisas təhsili müəssisələrinə, həm də hərbi təhsil sahəsinə maraq xeyli artmışdır. 2014-2015-ci tədris ili üçün ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə muxtar respublika üzrə sənəd verən 1760 nəfərdən 909-u cari ildə IX sinfi bitirənlər, Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün sənəd verən 1020 nəfərdən isə 990-ı muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləridir.
Qeyd olunmuşdur ki, bu il ali və orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında iştirak edən məzunlardan 1725-i tələbə adını qazanmışdır. Muxtar respublikada ali təhsil müəssisələri üçün yaradılan şəraitin nəticəsidir ki, yüksək bal toplayan abituriyentlər ixtisas seçimi zamanı muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində oxumağa daha çox üstünlük vermişlər. Belə ki, yüksək bal toplayan abituriyentlərdən 156 nəfəri Naxçıvan Dövlət Universitetinə qəbul olmuşdur.Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, məktəbi yüksək qiymətlərlə bitirən məzunlardan 14-ü qızıl, 13-ü isə gümüş medala layiq görülmüşlər.
Valideyinlər adından çıxış edən Azərbaycan Respublikasının əməkdar müəllimi Səidə Səfərova qeyd etmişdir ki, muxtar respublikanın hərtərəfli inkişafından təhsilə də böyük pay düşmüş, şagird və tələbələrin təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Övladının 620 bal toplayaraq Bakı Dövlət Universitetinin “Kompüter elmləri” ixtisasına qəbul olunduğunu bildirən Səidə Səfərova yaradılan şəraitə görə valideynlər adından minnətdarlıq etmişdir.
Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin məzunu Gültac Zeynalzadə çıxışında bildirmişdir ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, ən müasir informasiya texnologiyaları ilə təmin edilməsi şagirdlərin daha yaxşı oxumalarına şərait yaradır. Gültac Zeynalzadə göstərilən qayğıya görə tələbə-gənclər adından minnətdarlıq etmiş, savadlı, vətənpərvər gənclər kimi yetişəcəklərinə və göstərilən etimadı doğruldacaqlarına söz vermişdir.
Sonra ali məktəblərə qəbul imtahanlarında 500-700 arası bal toplayaraq tələbə adını qazanmış məzunlara “Naxçıvan 2003-2013: hədəflər, inkişaf və nəticələr” kitabı və pul mükafatı təqdim olunmuşdur.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.