Əli HƏSƏNOV: Prezidentlərin Soçi görüşünün nəticələrini pozitiv qiymətləndirmək olar

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsi

- Əli müəllim, avqustun 9-10-da  Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçi şəhərində  Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü keçirildi. Bu görüşün nəticələri haqqında nə demək olar?

- Məlum olduğu kimi, bu görüş iki ölkə başçıları arasında ATƏT-in Minsk  qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə birbaşa keçirilən 12-ci görüşdür.  Əlbəttə,  hər bir görüşdən müsbət nəticə gözləntiləri olur. Çünki görüşdə də qeyd olunduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi  artıq dünyanın ən uzun sürən münaqişələrindən biri “status”unu almaqdadır.  20 ildən artıqdır ki,  bu münaqişə Azərbaycanda, Cənubi Qafqazda dinc həyatı pozmaqla yanaşı, bütün Avrasiyada regional sülhü və təhlükəsizliyi təhdid edir. Odur ki, müxtəlif formatlarda, xüsusən də ölkə prezidentlərinin birbaşa dialoqu çərçivəsində keçirilən belə görüşlər heç zaman izsiz qalmır.

Konkret olaraq Soçi görüşünün nəticələrinə gəldikdə, qeyd etməliyəm ki,  son zamanlar Ermənistanın işğalçı qoşunlarının təxribatçı-diversiya qruplarının silahlı müdaxilələri və münaqişə bölgəsində baş verən qanlı toqquşmaların fonunda bu görüşün keçirilməsi zəruri idi. Əslində, Rusiya Prezidenti cənab V.Putinin təşəbbüsünü də, ilk növbədə, pozulmuş atəşkəsin bərpasına yönəlmiş sülhyaratma təşəbbüsü kimi dəyərləndirmək olar.  Rusiya Prezidentinin çıxışından da göründü ki, onun ölkəsi Minsk qrupunun üzvü və bölgənin ən böyük dövləti kimi Cənubi Qafqazda malik olduğu missiyanı - sülh və təhlükəsizliklə bağlı daşıdığı məsuliyyəti dərindən dərk edir və dövlətlər arasında hərbi münaqişənin yaranmasının dolayısı ilə bütün Qafqaza göstərəcəyi mənfi təsiri dərindən anlayır.  Cənab V.Putin ikitərəfli və üçtərəfli danışıqlarda əsas diqqəti, ilk növbədə, atəşkəs rejiminin bərpası və qorunmasına, münaqişənin danışıqlar və sülh yolu ilə həll olunmasına, tərəflər arasında etimad mühitinin yaradılmasına yönəltmişdi. Digər tərəfdən, Rusiya Prezidentinin münaqişənin “bu qədər  uzanmasını  proseslərin müsbət dinamikasına xələl gətirən bir amil” kimi dəyərləndirməsi də bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsinin həllinə pozitiv yanaşması kimi qiymətləndirilə bilər. Odur ki, Rusiyanın mövqeyini ümumi formada belə ifadə etmək olar: mövcud status-kvo tezliklə, sülh və danışıqlar yolu ilə aradan qaldırılmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev həmişə olduğu kimi,  bu görüşdə də öz ölkəsinin Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə, Cənubi Qafqazda möhkəm regional sülhün bərqərar olmasına hamıdan çox çalışdığını, amma eyni zamanda işğal altında olan torpaqların qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT-nin dörd qətnaməsinin yerinə yetirilməsini,  qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının vacibliyini də əsas şərt kimi irəli sürmüşdür. Prezident İlham Əliyev Rusiya Prezidentinin iştirakı ilə keçirilən bu formatlı görüşdə, BMT qətnamələrinə istinad edərək, ilk dəfə idi ki,  Ermənistanı  işğalçı dövlət  adlandırmış və bu dövlətin  işğal olunmuş torpaqlardan qeyd-şərtsiz çıxmasının ən mühüm şərt olduğunu bəyan etmişdir.

O ki qaldı Ermənistan Prezidentinin mövqeyinə, bu ölkənin danışıqlardakı “arqument torbası”, həmişəki kimi, bu görüşdə də boş idi. Azərbaycan torpaqlarının işğalı faktı və bu işğalın nəticələrinin aradan qaldırılması ilə bağlı BMT-nin məlum qətnamələri qarşısında Sarkisyanın irəli sürdüyü “arqumentlər”in heç bir əsası yox idi. Onun mövqeyi Azərbaycanın ünvanına  kiçik əyalət şikayətlərindən təşkil olunmuş və heç bir real həqiqəti əks etdirməyən “riyakarlıq buketi” təsiri bağışlayırdı.

Azərbaycanı hansısa “şərtə əməl etməməkdə” günahlandırmaq və Rusiya  Prezidentinə “bu qonşu ölkə haqqında kiçik vassal şikayətləri etmək” imperiya dövründə kiçik vassalların Rusiya çarına ünvanladığı “şikayət  ərizələri”ni və “donosları”nı xatırladır. BMT-nin 4 qətnaməsi ortada ola-ola, Azərbaycanı hansısa kiçik bəhanələrlə günahlandırmağa başqa ad da vermək olmur.

Danışıqların ümumi yekununa gəldikdə, analitiklərin  fikrincə,  Soçi görüşünün nəticələri, ümumən, pozitiv qiymətləndirilə bilər. Doqquz  aydan sonra ölkə rəhbərləri səviyyəsində birbaşa təmasların bərpa olunması, habelə digər formatlarda keçirilən görüşlər Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanma prosesinə öz müsbət təsirini göstərəcəkdir.

- Serj Sarkisyan görüşdən sonra Ermənistan mətbuatına verdiyi açıqlamasında Azərbaycanı hədələyib və ölkəsinin Azərbaycanın bütün yaşayış məntəqələrini “Ağdama çevirmək” gücündə olduğunu iddia edib.

- Açığını deyim ki, Sarkisyanın əvvəllər və indi verdiyi bu tipli açıqlamalar  Ermənistana  ekstremist  təfəkkürlü insanların rəhbərlik etdiyini açıq göstərir. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəllərində müsahibələrinin birində, o, etiraf etmişdi ki, ermənilər Xocalı soyqırımını törətməklə azərbaycanlılara qarşı cəza aksiyası həyata keçiriblər. Ancaq Sarkisyan unudur ki, indi nə ötən əsrin 90-cı illərinin əvvəlləridir, nə də Azərbaycan həmin ölkədir. Elə həmin açıqlamasında Sarkisyan iqtisadi və hərbi gücün Azərbaycanın tərəfində olduğunu etiraf edir. Buna görə, biz də öz növbəmizdə onların nəzərinə çatdırmaq istərdik ki, əgər Ermənistan rejimi öz taleyini bundan sonra da sınamaq istəyirsə, qoy işğalçı siyasətini davam etdirsin.

 - Əli müəllim,  dünən qardaş Türkiyənin tarixində ilk dəfə birbaşa  seçkilər yolu ilə ölkə prezidenti seçilmişdir. Nəticələr artıq bəllidir. Rəcəb Tayyib Ərdoğan bu seçkilərdə qalib gəlib. Bütövlükdə seçkinin nəticələrini və cənab Ərdoğanın qələbəsini necə dəyərləndirirsiniz?

- Əvvəla,  türk xalqını bu seçki münasibətilə ürəkdən təbrik edirəm. Həmişə olduğu kimi,  bu seçkilər də  demokratik və azad şəraitdə keçirildi və ədalətli seçkidə AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan qalib gəldi. Dost və qardaş ölkənin  prezidenti kimi, seçkilərdə qazandığı uğura görə, cənab  Ərdoğanı təbrik edirik və ona Türkiyənin  gələcəyi naminə həyata keçirdiyi siyasətində uğurlar arzulayırıq. Xalqın seçimi həmişə ən müdrik qərardır və ona subyektiv qiymət vermək düzgün deyil.  Türk xalqı belə məsləhət bilib və öz müdrik qərarını səsvermə yolu ilə izhar edib. Bu seçimin nəticəsi olaraq türk xalqına və Türkiyə Cümhuriyyətinə uğurlar arzulayırıq. Dost və qardaş ölkə kimi Azərbaycan Türkiyə ilə strateji tərəfdaşlığını və müttəfiqliyini  indiyə qədər olduğu kimi,  bundan sonra da davam etdirəcəkdir. Arzu edirik ki, həmişə olduğu kimi, bu dəfə də yeni seçilmiş Türkiyə Prezidenti cənab Ərdoğan qardaş ölkəni ən doğru yolla gələcəyə aparsın və bu vəzifədə ilk xarici səfərini də Azərbaycana etsin.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında