Heydər Əliyev: Hər bir azərbaycanlı Azərbaycana ata ocağı kimi baxmalıdır

 

Dünya təcrübəsi göstərir ki, dövlətçiliyin inkişafında diaspor amili mühüm yerlərdən birini tutur. Bu, dövlətin beynəlxalq aləmdə nüfuzunun artması və təsir imkanları əldə etməsi ilə bağlıdır. Bundan əlavə, beynəlxalq münasibətlər sistemi diasporu özündə siyasət, mədəniyyət, cəmiyyətlər, birliklər və s. birləşdirən institutlaşmış funksional tərkib kimi qəbul edir.

Azərbaycan Respublikası da beynəlxalq aləmin tərkib hissəsi olduğuna görə, diaspor amili dövlətçiliyimizin inkişafı və Azərbaycanın dünyadakı nüfuzunun və təsir imkanlarının artması yönündə mühüm əhəmiyyətə malikdir.

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlətin öz xarici siyasətini uğurla həyata keçirməsi üçün diasporun rolu əhəmiyyətli dərəcədə yüksəkdir.  Hər hansı bir xalqın dünyada güclü diaspora malik olması beynəlxalq qurumlarda həmin dövlətin xeyrinə qərarların qəbul edilməsində xüsusi rol oynayır. Yəni dövlət digər dövlətlərin daxilində müəyyən rıçaqlara sahib olur ki, bu da öz növbəsində, xarici siyasətdə köməyini göstərir. Buna görə də dövlətin özü də  diasporunun güclənməsi üçün vacib işlər görməyə çalışır.

Bu il iyulun 7-də Xarici İşlər Nazirliyində keçirilmiş Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində nitq söyləyən  Prezident İlham Əliyev  diaspor təşkilatları ilə əlaqələri daha da möhkəmləndirməyi səfirlərimiz qarşısında ciddi vəzifə kimi qoyaraq demişdir: “Əlbəttə ki, diaspor təşkilatları ilə bizim səfirliklərimiz fəal əlaqədə olmalıdırlar. Bilirəm ki, bu belədir. Əvvəlki illərdə müəyyən ziddiyyətlər olmuşdur. Diaspor nümayəndələri ilə keçirilən görüşlərimdə də, ondan sonra keçirilən qurultayda da dəfələrlə demişəm ki, diaspor təşkilatları səfirliklərlə bir yerdə olmalıdırlar. Çünki səfirlik Azərbaycanın xarici siyasətini aparan qurumdur. Diaspor təşkilatları səfirliklər ətrafında birləşməlidirlər. Öz aralarında mübahisə aparmamalıdırlar və öz fəaliyyəti ilə ölkəyə zərbə vurmamalıdırlar. Əlbəttə, hesab edirəm ki, bizim dövlət siyasətimiz burada öz nəticəsini göstərmişdir və bilirəm ki, indi əksər hallarda diaspor təşkilatları səfirliklərlə bir yerdə işləyirlər, çalışırlar, tədbirlər keçirirlər. Hesab edirəm ki, bu, bizim gücümüzü artırır, eyni zamanda, diaspor nümayəndələri də özlərini daha rahat hiss edirlər. Çünki bilirlər ki, möhkəm, güclü Azərbaycan dövləti onların arxasında dayanıb. Onlar da bilirlər ki, Azərbaycan dövləti öz vətəndaşlarını daim müdafiə edir və edəcəkdir. Bir çox hadisələr bunu artıq göstərmişdir”.

Azərbaycan diasporunun  dövlətimiz ilə birgə və qarşılıqlı fəaliyyəti ölkəmizin yenidən müstəqilliyinə qovuşması və ümummillli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra başlanmışdır. Məhz ümummilli liderin Azərbaycan rəhbərliyinə   qayıtmasından sonra ölkəmizin diasporla bağlı vahid dövlət strategiyası müəyyənləşdirildi. Diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə — 1991-ci il dekabrın 16-da  dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi  Günü elan etmişdi. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik olmuş, birlik ideyasının reallaşması istiqamətində stimula çevrilmişdi.

 Müstəqil Azərbaycan  hər zaman xarici siyasətə və xarici dövlətlərlə güclü əlaqələrin yaradılmasına  böyük önəm vermişdir. Müstəqilliyimizin bərpasının ilk illərində çətin bir dövrdən keçsək də, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bu çətin dövr tez bir zamanda sona çatdı.  Düzgün  müəyyənləşdirilmiş xarici və daxili siyasət Azərbaycanın dünyaya  inteqrasiyasına, tanınmasına gətirib çıxardı. Belə sürətli inkişafı davam etdirmək üçün  ulu öndər  yeni islahatlar həyata keçirdi. Qarşıya qoyulan ən önəmli vəzifə xarici dövlətlərdə yaşayan azərbaycanlılarla sıx əməkdaşlıq yaratmaq idi. Nəzərə alsaq ki, təxmini hesablamalara görə, dünyada 50 milyondan çox azərbaycanlı yaşayır və bunun da böyük bir hissəsi Azərbaycandan kənardadır, deməli, bu strategiyanın həyata keçirilməsi çox zəruri idi.

Ümummilli lider Heydər Əliyev  yaxşı bilirdi ki, Azərbaycanın xaricdə nüfuz qazanması üçün məhz xaricdə yaşayan həmyerlilərimizin birgə fəaliyyəti çox önəmlidir. Bunu nəzərə alaraq  diaspor qurumlarına təşkilatlanmaq və Azərbaycanın maraqlarına xidmət etmək üçün yardımlar etməyə başladı.  Bu barədə müxtəlif  qanunvericilik aktları qəbul olundu. Bu  sahədə  ən mühüm sənədlərdən biri 2001-ci il mayın 23-də imzalanmış “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə” sərəncam idi. Bu sərəncam xaricdə yaşayan soydaşlarımızın dövlətimiz ilə əlaqələrinin möhkəmləndirilməsi, onlar arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyətləri və təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün tarixi sənəd hesab olunur. 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı baş tutdu. Bu, dünya azərbaycanlılarının birliyi və təşkilatlanması üçün atılan böyük bir addım idi.

 Qurultayda xaricdəki soydaşlarımızla sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Ümummilli lider Heydər Əliyevə məxsus bu ideya Azərbaycan diasporunun formalaşdırılması prosesini sürətləndirməyə xidmət edirdi. Belə bir qurumun yaradılması ideyası ümummilli liderin 2002-ci il iyulun 5-də “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanı ilə reallaşmağa başladı.

 Ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarına hər müraciətində Vətənin önəmindən bəhs edirdi. Ana Vətəndən  uzaqda yaşamaq olar, amma Vətəni unutmaq olmaz – ideyası ilə həmvətənlərimizə müraciət edən Heydər Əliyev dünya azərbaycanlılarının daşıdığı məsulliyyəti də onlara bildirməyi unutmamışdı: “Hər bir azərbaycanlı Azərbaycana ata ocağı kimi baxmalıdır”.  Bu gün Azərbaycan diasporunun güclənməsi, birgə fəaliyyət göstərməsi  Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün dünya siyasi arenasında öz sözünü deməyi bacarır və beynəlxalq birliyə uğurla inteqrasiya olunur. 

Dünya azərbaycanlılarının birliyinin yaradılması və sıx əməkdaşlığı istiqamətində ümummilli liderimizin işıqlı ideyaları Azərbaycan Prezidenti  İlham Əliyevin  siyasi strategiyasının əsas istiqamətlərindən birini  təşkil edir. Məhz bunun nəticəsidir ki, nəinki öz ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması, həmçinin dünya azərbaycanlılarının milli həmrəyliyi və birliyi getdikcə daha sürətlə möhkəmlənmiş,  beynəlxalq aləmdə ölkəmizin  nüfuzu  xeyli artmışdır. Hazırda  azərbaycançılıq ideologiyası dünyada mühüm yerlərdən birini tutur,  beynəlxalq birliyin republikamıza olan  marağı daha da artıb. Çünki azərbaycançılıq ideologiyası inkişafa, tərəqqiyə, sülhə, dinc birgəyaşayışa xidmət edir.

Xaricdə yaşayan azərbaycanlıların yaşayış tərzi, fəaliyyətləri, diaspor təşkilatları ilə əməkdaşlıqları dövlətimizin daim diqqət mərkəzində saxlanılması Prezident İlham Əliyevin fəaliyyətində əsas xətti təşkil edib. Dövlətimizin başçısı bu məsələyə münasibət bildirərkən demişdir: “Xaricdə yaşayan bütün soydaşlarımız hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bizim qardaşlarımızdır və hər an doğma Vətən sizi qarşılamağa hazırdır”. Bu sözlər özlüyündə dövlətimizin xaricdə yaşayan soydaşlarımıza nə qədər önəm verməsinin bariz nümunəsidir.

 Respublikamızın rəhbəri İlham Əliyev müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri ilə görüşərkən hər an doğma Vətənimizin, milli adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində fəaliyyətlərini daha da  gücləndirmək tövsiyələrini vermişdir: “Biz istəyirik ki, siz yaşadığınız ölkələrdə güclənəsiniz, daha möhkəm mövqeyə sahib olasınız. Siyasi aləmdə, biznesdə, bu ölkələrin mədəni həyatında sizin möhkəm mövqeyiniz Azərbaycanın adının daha da yüksəlməsi deməkdir. Ölkəmiz haqqında həqiqətlər daha dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılmalıdır. Əlbəttə, hər bir ölkənin səfirliyi vardır və bu səfirlik ölkənin maraqlarını təmsil edir. Amma diaspor üzvləri də Azərbaycanın elçiləridir. Sizin fəaliyyətinizdən çox şey asılıdır. Siz Azərbaycana dəstəksiniz, Azərbaycanın da hökuməti və dövləti sizə dəstəkdir”.

 “Diaspor üzvləri də Azərbaycanın elçiləridir” ifadəsi dövlətin diaspor siyasətnə verdyi önəmin daha bir parlaq təzahürü kimi qiymətləndirilməyə layiqdir. Bu, Prezident İlham Əliyevin diaspor təşkilatlarının birgə əməkdaşlığı və yaşadıqları regionlarda Azərbaycan haqqında əsl həqiqətlərin olduğu kimi çatdırılmasında fəaliyyəti ilə əlaqədar verdiyi qərarlarda da özünü göstərir. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bazasında  Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması və həmin qurumun əsasnaməsinin təsdiq olunması ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları digər xalqların diaspor qurumları və müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını daha da genişləndirmişdir. Ölkə başçısı İlham Əliyevin prezidentliyinin on ili ərzində Azərbaycan diasporu milli maraqlarımızın müdafiəsi işində də fəal iştirak edib və bu istiqamətdə müxtəlif ölkələrdə tədbirlər, forum və konqreslər təşkil olunub. Azərbaycana qarşı müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yol verilmiş ədalətsizliklərə diaspor təşkilatları dərhal kəskin etirazlarını bildiriblər.

Dövlətimizin başçısı İlham Əliyevin  prezidentliyi dövründə diaspor sahəsində ən yaddaqalan hadisələrdən biri də Dünya Azərbaycanlılarının III qurultayının keçirilməsidir. 2011-ci il iyulun 5-də Bakıda, Heydər Əliyev Sarayında  keçirilən III  Qurultayda  qeyd edilmişdir  ki, qurultayın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etməsi bu möhtəşəm tədbirin ictimai-siyasi məzmununu daha da zənginləşdirmişdir. Qeyd edək ki, III qurultayda 42 ölkədən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak edib. Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunmuşlar. Ümumilikdə, qurultayda 1872 nəfər iştirak etmişdir. Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olub. Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırıb. Dünya Azərbaycanlılarının III Qurultayının iştirakçıları arasında vaxtilə Azərbaycanda yaşamış yəhudi, rus, ukraynalı, bolqar, ahıska türkü və digər xalqların xarici ölkələrə miqrasiya etmiş təmsilçiləri də olmuşdur.

İndi Azərbaycan diasporu yeni vəzifələrin həyata keçirilməsinə başlayıb. Azərbaycan icmaları dövlətimizin başçısının rəhbərliyi altında  fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında da fəal iştirak edir, başqa xalqların diaspor təşkilatları ilə əlaqələrini  daha da gücləndirirlər.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında