İşğalçı Ermənistan ordusunun son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, əsgər və zabitləri, dinc əhalini qətlə yetirməsi, azyaşlı uşaqları yaralaması ictimaiyyətin qəzəbinə səbəb olmuşdur.
İyirmi ildən artıqdır ki, torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistan dövlətinin etnik təmizləmə siyasəti həyata keçirməsi nəticəsində 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Təəssüf ki, müvafiq beynəlxalq təşkilatlar bu acınacaqlı mənzərəni laqeydcəsinə seyr edir, gözdən pərdə asmaq xatirinə hərdənbir bəyanatlar verir və bununla da münaqişənin nizamlanmasında “qəti mövqelərini” bildirirlər. Bu isə onların qəbul etdiyi qərar, qətnamə və bəyanatlara özlərinin hörmətsizliyidir.
Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu 20 ildir ki, yerində sayır. Dünyaya demokratiya dərsi verən ABŞ-ın, Rusiya Federasiyasının, Fransanın ikili mövqeyi, Ermənistanın nazı ilə oynamaları işğalçı dövləti daha da azğınlaşdırıb. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə qəbul etdiyi 4 qətnamənin 20 ildən artıqdır ki, icra olunmaması bu qurumun nüfuzunu heçə endirib. Bu gün də Ermənistan dövləti beynəlxalq hüququn norma və prinsiplərinə saymamazlıq edərək öz işğalçılıq siyasətini davam etdirir, günahsız insanları qətlə yetirir.
Beynəlxalq birlik üzvlərinin bu ədalətsizliyə göz yummaları və ikili standartlardan əl çəkə bilməmələri Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən kəskin pislənilir. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi, Milli Məclisin deputatı Çingiz Qənizadə ilə söhbətimiz də bu barədə oldu.
Həmsədrləri dünyanın qüdrətli dövlətlərindən – ABŞ, Rusiya Federasiyası
və Fransadan ibarət olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini kəskin pisləyən, onların münaqişəni nizamlamaq əvəzinə oyun oynadıqlarını bildirən hüquq müdafiəçisi dedi:
– İyulun 31-dən başlayaraq cəbhə bölgəsində başlanan insident, Ermənistan tərəfindən atəşkəsin pozulması və insan tələfatı ilə müşahidə olunan bu açınacaqlı hadisə əldə olunan razılaşmanı və ATƏT -in Minsk qrupunu, onun fəaliyyətini ayaq altına alıb tapdamaqdan başqa bir şey deyil. Bu saymamazlığı ilə Ermənistan dövləti ATƏT-in Minsk qrupunu və bu qrupun həmsədr dövlətlərini ələ salıb və uşaq oyuncağına çevirib. Təəssüf ki, ATƏT-in Minsk qrupu da Ermənistanın onları alçaltmasına, beynəlxalq aləmdə gözdən salmasına dözür. Söhbət ondan gedir ki, Ermənistan açıq şəkildə ATƏT-in Minsk qrupunu, BMT Təhlükəsizlik Şurasını və digər beynəlxalq təşkilatları saymır və saymamaqda da davam edir. Başqa bir faktı diqqətə çatdırmaq istərdim. Tərəflər arasında snayperlərdən istifadə etməmək haqqında bir anlaşma əldə olunmuşdu. Bu dəfə də göründü ki, Ermənistan tərəfi muzdlu snayperlərdən istfadə etməklə öz çirkin niyyətlərini həyata keçirir.
Regionda yaranan hadisələrdən sonra belə bir sual meydana çıxır. Bu yaxınlarda Ukrayna və Rusiya arasında baş verən gərginlik və bu hadisələrin fonunda Rusiyaya qarşı Avropa İttifaqının və ABŞ-ın ayrılıqda və birlikdə tətbiq etdikləri sanksiyalar-ardıcıl olaraq 3 sanksiya və iyulun 31-də qüvvəyə minən sonuncu sanksiya ilə Rusiyaya qarşı çox kəskin münasibəti ortaya qoydular. Bununla da Rusiya kimi qüdrətli bir dövlətin iqtisadi və digər maraqlarını sıxmaqla ölkədə bir gərginlik yaratdı. Bu, ictimaiyyətin hakimiyyətin əleyhinə yönəlməsinə təkan verən bir faktdır. Göründüyü kimi, Ukrayna ilə bağlı gərginlik baş verən kimi Avropa İttifaqı və ABŞ dərhal narahat olaraq, ən ciddi sanksiyalara əl atdılar, ancaq 20 ildir ki, Ermənistana heç bir sanksiya tətbiq olunmur. Fikir verin, Avropa Şurasında Rusiyanın səsvermə hüququnu əlindən alırlar və gələcəkdə bu qurumdan çıxarılma məsələsini gündəmə gətirirlər. Ancaq bu qurum nədənsə Ermənistanın necə deyərlər, nazı ilə oynayır, işğalçı dövlətə sanksiyalar tətbiq etmir. Nə üçün BMT kimi nüfuzlu bir qurumun 4 qətnaməsi 20 ildir ki, icra edilmir? Bir dövlətin digər dövlətin ərazisini işğal etməsi ilə əlaqədar qəbul edilmiş qətnamələr–Avropa Şurasının, ATƏT-in, İslam Konfransı Təşkilatının və digər beynəlxalq qurumların qərarları olduğu halda, Ermənistana “dur!” deyən yoxdur. Bu qətnamələr sadəcə olaraq tullantı və masa üzərində qalan kağız toplusundan başqa bir şey deyil. Nə üçün bu qətnamələrdən irəli gələn addımlar görünmür?
ABŞ, Avropanın aparıcı dövlətləri, həmçinin mötəbər nüfuzlu qurumlarının rəhbərləri hansısa dövlət bayramlarında Azərbaycan xalqını təbrik etməklə bizə dost olduqlarını və xoş münasibət yaratdıqlarını nümayiş etdirirlər. Bizim xalqımıza belə gözdən pərdə asmaq lazım deyil. Biz sadəcə ərazisinin 20 faizi işğal olunan, 1 milyondan artıq sakini qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş xalq olaraq müharibə tərəfdarı deyilik. Biz tələb edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa kimi dövlətlər üzərlərinə götürdükləri missiyanı yerinə yetirsinlər. Bu müddət ərzində üzərinə götürdüyü missiyanı yerinə yetirə bilməyən dövlətin demokratiyadan, haqq-ədalətdən danışmağa mənəvi haqqı çatmır və onlar könüllü olaraq meydandan çıxmalı və qurduqları oyuna son qoymalıdırlar.
20 ildir ki, dünyanın gözü qarşısında baş verən Ermənistanın vəhşiliyinə, qəddarlığına, günahsız insanları amansızcasına qətlə yetirmələrinə, terror aktlarına ATƏT-in Minsk qrupu və özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi tanıtmaq istəyən beynəlxalq qurumlar göz yumur, arxada isə demokratiyadan, haqq-ədalətdən, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmaqdan dəm vururlar. Bu, onu göstərir ki, Qərb, Avropa və Amerika Ermənistanı dəstəkləməkdə maraqlıdırlar. Əgər həmin dövlətlərə sual versək ki, axı, Ermənistan kimi işğalçı və terrorçu bir dövləti müdafiə etməkdə sizin maraqlarınızın arxasında nə durur–görəsən nə cavab verəcəklər? Bu ölkələrin Azərbaycanla iqtisadi, siyasi, mədəni əlaqələri, əməkdaşlıqları var. Hamıya bəllidir ki, Azərbaycan bu dövlətlər üçün çox önəmlidir. Baş verən bütün siyasi proseslərdə əsas günahkar ATƏT-in Minsk qrupunun həmsədr olduğu dövlətlər, Avropa Şurası, Avropa İttifaqıdır. Çünki məhz onları baş verən bütün hadisələrə göz yumur və günahsız insanların qətlini görməməzliyə vururlar.
Mən bir milyondan artıq soydaşımızın hüquqlarının pozulmasının görməməzliyə vurulmasını siyasi korluq, nankorluq adlandırardım. Nə vaxta qədər bu qurumlar, özlərini super güc sayıb, başqa ölkələrin daxili işlərinə qarışan, daha dəqiq desək, dəlləkliyi suveren dövlətlərin başında öyrənən bu dövlətlər Ermənistanın işğalçılıq siyasətinə göz yumacaq, üzdə beynəlxalq hüququn norma və prinsiplərindən danışacaq, arxada isə terrorçu Ermənistanı qızışdıracaq, ona yardım göstərəcək? Ermənistan kimi kiçik bir dövlətə sanksiya tətbiq etmək o qədər çətindirmi? ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin bu ədalətsizliyi dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bütün bunlara rəğmən demək istəyirəm ki, Avropa, Qərb, Amerika, Rusiyanın özləri də bu oyunlara son qoymalıdırlar.
Bu günlərdə cənab Prezident İlham Əliyevin Soçidə görüşü nəzərdə tutulub. Biz çox arzu edərdik ki, gec də olsa, Rusiya Federasiyası papağını qabağına qoyub fikirləşsin və desin ki, terrorçu və işğalçı dövləti müdafiə etmək daha bəsdir.
Son hadisələr onu göstərdi ki, bütün xalq, böyükdən-kiçiyə hamı, əli silah tutan hər bir Azərbaycan vətəndaşı cənab Prezidentin ətrafında sıx birləşməli, onun işğal altında olan torpaqlarımızla, Dağlıq Qarabağla bağlı bir addım da geri çəkilməməyi və milli mənafelərin qorunması ilə bağlı siyasi kursunu dəstəkləməlidir. Müxtəlif beynəlxalq təşkilatlara, ayrı-ayrı vətəndaşlar, ictimai təşkilatlar adından müraciətlər və bəyanatlar qəbul edilib göndərilməli, siyasi riyakarlığa, ikili standartlara son qoyulması tələb olunmalıdır. Biz təbii ki, bu ədalətsizliyə, özbaşınalığa, siyasi oyunlara göz yummayacağıq və cənab Prezidentimizin dediyi kimi, torpaqlarımızı bütün vasitələrlə azad edəcəyik. Çünki işğal altında olan torpaqlarımızın azad olunması hüququ bizdə qalır. Əgər Ermənistan tərəfi və işğalçı dövlətə dəstək verənlər itkilərin tərəfdarı deyillərsə, onda bu məsələnin sülh yolu və beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olsunlar.
Qələmə aldı: Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.