Avqustun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2014-2015-ci ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov və Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış etmişlər.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov, Əlahiddə Ümumqoşun Ordusunun Komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Suliddin Əliyev, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov, “Naxçıvan” Sərhəd Diviziyasının komandiri Asəf Quliyev, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli aidiyyəti sahələr üzrə payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat vermişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirədə çıxış edərək demişdir: Muxtar respublikada payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, hazırda muxtar respublika fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunur. Enerji təminatı sahəsində görülən işlərin davamı olaraq cari ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1" və 1,4 meqavat gücündə ”Arpaçay-2" su elektrik stansiyaları istifadəyə verilmişdir. Haliyədə 36 meqavat gücündə “Ordubad” su elektrik stansiyasının tikintisi davam etdirilir. Bundan başqa alternativ enerji mənbələrindən istifadə olunması istiqamətində də işlər görülür. Qaz təchizatında da ardıcıl tədbirlər görülmüş, itkini minimuma endirmək məqsədi ilə Naxçıvan-Şahbuz orta təzyiqli və Naxçıvan-Sədərək yüksək təzyiqli yeni magistral qaz kəmərləri istifadəyə verilmiş, Naxçıvan-Culfa qaz kəmərində bərpa işləri aparılmışdır.
Qeyd olunmuşdur ki, muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan gündəlik tələbat 80-85 meqavat, təbii qaza olan tələbat 700 min kubmetrdir. Qış mövsümündə isə elektrik enerjisi tələbatı 45-50 meqavat, təbii qaz tələbatı 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən xüsusi diqqət yetirilməli, lazımi mal-material ehtiyatı yaradılmalıdır.
Ali Məclisin sədri müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verərək demişdir: Dövlət Energetika Agentliyi qış aylarında abonentlərin və təsərrüfat subyektlərinin elektrik enerjisi ilə fasiləsiz təchizatı üçün istismar müddəti ötmüş elektrik avadanlıq və xətlərin yenilənməsini diqqət mərkəzində saxlamalıdır. Elektrik enerjisinin keyfiyyətlə ötürülməsi və qəza hallarının qarşısının alınması üçün Naxçıvan şəhərində yerüstü elektrik xətlərinin yeratlı kabellərlə əvəz olunması davam etdirilməli, qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi təmin edilməli, elektrik enerjisindən istifadə zamanı yaranan texniki itkinin minimum həddə saxlanması üçün tədbirlər görülməlidir.
Dövlət Energetika Agentliyinə həmçinin tapşırılmışdır ki, elektrik enerjisindən qanunsuz istifadənin qarşısını almaq məqsədilə aidiyyəti orqanlarla birlikdə reydlərin keçirilməsini davam etdirsin, baş verə biləcək qəza hallarının nəticələrinin operativ şəkildə aradan qaldırılması üçün tələb olunan mal-materialın, avadanlıqların alınıb muxtar respublikaya gətirilməsini və zəruri ehtiyatının yaradılmasını təmin etsin, işçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görsün, qəza-bərpa briqadalarının komplektləşdirilməsi və onların təlimatlandırılması işini mövsüm başlananadək başa çatdırsın.
Müşavirədə təbii qaz yanacağı ilə təminatla əlaqədar vəzifələrdən danışan Ali Məclisin sədri “Naxçıvanqaz” İstehsalat Birliyinə tapşırmışdır ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar qısa müddətdə qaz təchizatı sisteminə texniki baxışı həyata keçirsin, mövcud nasazlıqları vaxtında aşkar edərək aradan qaldırsın. İstifadə müddəti bitmiş qaz sayğaclarının dəyişdirilməsini sürətləndirsin, sayğacdankənar istifadənin qarşısının alınması üçün görülən işlərin səmərəliliyini artırsın. Təbii qaz nəqlinin qış mövsümünə uyğun texnoloji rejimlə həyata keçirilməsi üçün qaztənzimləyici qurğuların tənzimlənməsini təmin etsin. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması diqqət mərkəzində saxlasın, işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görsün. Qəza hallarının aradan qaldırılmasında operativlik təmin edilsin, yeni qaz xətləri çəkilərkən və bərpa olunarkən mövcud standartların tələblərinin gözlənilməsinə diqqət artırılsın. Yaradılmış mal və material ehtiyatlarından səmərəli istifadə olunsun, işlənən materialların yerinə yenilərinin alınıb gətirilməsi və sabit ehtiyatın yaradılması diqqət mərkəzində saxlanılsın. Yeni qaz xətlərinin təhlükəsiz yerlərdən çəkilməsi təmin edilsin, quraşdırılan sayğacların istismar müddəti nəzarətdə saxlanılaraq aidiyyatı orqanlarla birlikdə qaz sayğaclarının təmiri sexi yaradılsın.
Tikintisi və ya əsaslı təmiri aparılan qazanxanaların qış mövsümünədək istifadəyə verilməsinin təmin edilməsi, bütün qazanxanaların fasiləsiz fəaliyyət göstərmələri üçün elektrik enerjisi, təbii qaz və su təchizatı məsələlərinin araşdırılıb, nöqsanların qısa müddətdə aradan qaldırılması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Qeyd olunmuşdur ki, ictimai yaşayış binalarının zirzəmilərindən keçən istilik və su xətlərinin istismara yararlılığı araşdırılmalı, zəruri təmir işləri qısa müddətdə başa çatdırılmalı, bununla yanaşı binaların dam örtüklərinin, giriş qapılarının və pəncərə şüşələrinin təmiri üçün müvafiq tədbirlər görülməlidir. Mənzil fondunda, kommunal infrastruktur obyektləri və şəbəkələrində baş verə biləcək qəza hallarının aradan qaldırılması üçün zəruri ehtiyatların yaradılması təmin edilməlidir. Noyabr ayının sonunadək Naxçıvan şəhərində yeni su və kanalizasiya sistemləri istismara verilməli, istifadəçilərlə müqavilələr bağlanmalıdır.
Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi payız-qış mövsümündə ixtisaslaşdırılmış nəqliyyat vasitələrini cəlb etməklə muxtar respublikaya müntəzəm olaraq yanacaq daşınmasını və zəruri ehtiyatların yaradılmasını təmin etməlidir. Muxtar respublikada aparılan tədbirlər nəticəsində əksər təhsil, səhiyyə, idman və mədəniyyət obyektləri istilik sistemi ilə təchiz olunub, lakin hələlik bəzi müəssisə və təşkilatların qızdırılmasında maye qaz və neft məhsullarından da istifadə olunur. Odur ki, Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə lazımi səviyyədə maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirməlidir.
Müşavirədə digər sahələrlə bağlı tapşırıqlar da müəyyənləşdirilmişdir. Maliyyə Nazirliyi təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə veriləcək yanacaq və qışa hazırlıqla bağlı tələb olunan digər avadanlıqların alınması üçün vəsaitin köçürülməsini təmin etməlidir. Nəqliyyat Nazirliyi ayrılmış marşrut avtobus və mikroavtobusların qrafikə uyğun hərəkətini və nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamalıdır.
Ali Məclisin sədri demişdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar evinin təminatını diqqət mərkəzində saxlamalı, qazanxana təsərrüfatı işçiləri üçün müvafiq kursların yaradılmasına nail olmalı, qış mövsümünədək tələb olunan işlərin həyata keçirilməsi üçün aidiyyəti orqanlarla birlikdə müvafiq tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli rabitə xidməti göstərilməsi üçün lazımi mal-material ehtiyatı yaratmalıdır. Xətt təsərrüfatının etibarlılığının daha da yüksəldilməsi, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməli, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri aparılan zaman yeraltı rabitə qurğularının tikilməsi diqqətdə saxlanmalıdır.
Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi tədbirlərini gücləndirməli, müəyyən olunmuş təhlükəsizlik normaları çərçivəsində elektrik enerjisi və təbii qazdan istifadə ilə bağlı əhali arasında maarifləndirmə tədbirlərini davam etdirməli, Təhsil Nazirliyi ilə birlikdə təhsil müəssisələrində müvafiq izahat işləri aparmalıdır. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların muxtar respublikaya gətirilməsinə və istismarına yol verməməli, bu barədə istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır. Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təminatını diqqətdə saxlamalıdır.
Ali Məclisin sədri qeyd etmişdir ki, qış mövsümündə muxtar respublika ərazisindəki hərbi hissələrdə daxili intizam qaydalarına, şəxsi heyətin ərzaq məhsulları ilə təminatına xüsusi diqqət yetirilməli, tədarük olunan məhsulların keyfiyyəti diqqət mərkəzində saxlanmalıdır. Sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı vaxtında başa çatdırılmalıdır.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti taxıl məhsullarına tələbatın ilboyu dolğun şəkildə ödənilməsi və qiymətlərin sabit saxlanılması məqsədilə tələbata uyğun taxılın muxtar respublikaya gətirilməsi üçün müvafiq tədbirlər görməli, Dövlət Taxıl Fondunda buğda ehtiyatının yaradılmasını təmin etməlidir. İstilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etməli, zəruri yanacaq və avadanlıqların alınmasını təmin etməli, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası barədə cari ilin oktyabr ayının 20-dək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir.
Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulamışdır.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.