Prezident İlham Əliyevin söykəndiyi dağ

 

Dövlətin rəhbəri olmaq, bir ölkənin prezidenti vəzifəsini daşımaq nə qədər şərəfli və qürurvericidirsə, bir o qədər də çətin və məsuliyyətli, hər anı sınaqlarla dolu ağır yükdür. Bir ölkə və millətin taleyi Tarixin hökmü ilə sənə tapşırılırsa, bütün başqa keyfiyyətlərdən əlavə, həm də dərin səbrin, tükənməz dözümün olmalıdır.

Məqamı gələndə böyük siyasət naminə düşmənlə də əl verib görüşməli, söhbət etməlisən, bəzən səviyyəsi, ləyaqəti səndən qat-qat aşağı olanların ən mötəbər beynəlxaq kürsülərdən rəhbərlik etdiyin dövlətin ünvanına yağdırdığı böhtanları, yalanları da təmkinini pozmadan sonacan dinləyib cavabını verməlisən, hərdən Vətən üçün fədakar çalışmalarını görüb, etiraf etməyən nankorlara da, insafsızca ağa qara deyənlərə də, xəbislərə də, riyakarlara, lap yolunu azmış, haqlı-haqsız asi düşmüş vətəndaşlarına da dözümlü yanaşmalısan, ehtiyac duyulanda mərhəmətini əsirgəməməlisən.Başqa yol yoxdur! Çünki prezidentlik yalnız ali vəzifə deyil, həm də Taledir, məxsusi bir düşüncə, yaşam tərzidir.

Artıq 11 ildir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin başçısıdır və bu illər boyunca biz onu daim məhz belə gördük: dövlətinə, millətinə bağlı, ümummilli maraqlarda yenilməz, güzəştsiz, xalqı üçün, Vətəni üçün yanan, yurdun hər qarışının yüksəlişi üçün usanmadan çalışan, ən ülvi məramı Azərbaycanı davamlı firavanlığa qovuşdurmaq olan qətiyyətli, tələbkar, ardıcıl və həm də mərhəmətli, xeyirxah, əfv etməyi bacaran, tövbə yolunu açıq saxlayan müdrik rəhbər kimi.

İnsan yaxşıya, xoş güzərana tez adət edir və sanki az öncə tam fərqli bir gerçəklik içərisində yaşadığını asanca unudur. Bəlkə, bu elə məhz belə də olmalıdır. Bunun özündə də həyatın müəyyən məntiqi var – ömür qısadır, insan bu gün dünəndən, sabah bugündən daha yaxşı güzərana sahib olmalıdır...

Olsun! Lakin minnətdarlığımızı ifadəni də bacaraq və bizim rifahımız üçün edilmişləri də unutmayaq! 11 il əvvəlki Azərbaycanla bugünkü Azərbaycanı müqayisə edin və yaddan çıxarmayın ki, Prezident İlham Əliyev o Azərbaycanı irəlilətməyə qüdrətli Heydər Əliyevdən sonra başlamışdı. 20-25 il əvvəllə isə tutuşdurma aparmağa heç ehtiyac yoxdur.

Yer-göy qədər fərq var.

Heydər Əliyev dövrünün müstəqil Azərbaycanı ilə İlham Əliyev zamanının Azərbaycanını ona görə qarşılaşdırıram ki, qurucu Heydər Əliyevdən sonra parlaq nəticələr əldə etmək, Dövlətçilik Ustadının nailiyyətlərindən daha cazibədar yüksəlişlərə yetmək əsl hünərdir.

Bakıya, ətrafınıza, bütün Azərbaycana baxın.

Azərbaycanı Azərbaycanın içərisindən seyr edin, yurdumuza xaricdən nəzər salın, ya xaricdən baxan qərəzsiz, valeh əcnəbilərin söylədiklərini dinləyin, oxuyun.

Qəlbində ədalət hissi və Allah xofu olan hər kəs, ən azı, bütün bu müvəffəqiyyətlərə, Azərbaycanın, bir zamanlar ulu öndərin arzuladığı kimi, “dünyaya Günəş kimi doğmasına” fərəhlənməli, qürrələnməli, “əhsən!”, “sağ ol!” kəlmələrini dilə gətirməlidir.

İnkişafın, irəliləyişin, artımın İlham Əliyev miqyasları bizdə heç vaxt olmayıb, bunun özü artıq bir tarixi fenomendir.

Ölkənin cavan, uzaqgörən, tədbirli rəhbəri isə ən müxtəlif maneələrə, eniş-yoxuşlara, kiminsə bu müstəsna səyləri və bəhrələri qiymətləndirib- qiymətləndirməməsinə bənd olmadan özünəxas təvazö və inamla düzlüyünə (və nurlu sabahlarına!) inandığı dürüst yolu ilə irəliləyir.

Füsunkar Bakının qızmar gündüzlərindən sonra hər axşam minlərlə insan dincəlmək, dəniz havasıyla asudə nəfəs almaq üçün Sahil bağına axışır. Dünyanın ən irəli getmiş ölkələrindən paytaxtımıza təşrif gətirən əcnəbilərin çoxu gecədən xeyli ötənədək əsrarəngiz Milli Parkımızda gəzib-dolaşmaqdan doymaq bilmir.

Erkən səhər saatlarından isə Dənizkənarı bulvar səhhətinin qayğısına qalanlar üçün bir sağlamlıq vahəsinə çevrilir. Piyada gəzən kim, qaçan kim, körpələrini, uşaqlarını sübhün saf dəniz havasına çıxaran kim.

Yəqin, indi çoxlarının huşundan silinib ki, Sahil bağının yenidən qurulması başlananda, Bayıl səmtində bununla bağlı söküntü işləri aparılanda nə qara-qışqırıqlar qoparılırdı, düşmən dəyirmanına su tökməkdə pərgar olanlar bu gedişatı necə siyasiləşdirirdi, beynəlxalq təşkilatlara, xarici mətbuata iftira, qarayaxma ilə aşıb-daşan xəbis etirazları nə təhər səxavətlə ötürürdülər.

Avropa Şurasına da gedib çıxmışdı o qəbil föhşnamələr. İttihamlara cavab verirdik, izah edirdik, bütün bu inşaatın insanlarımızın daha gözəl yaşayışı üçün həyata keçirildiyini təsdiqləyirdik.

Aylar sovuşdu, orada həmin söhbətlərə yenə qayıtdıq, söküntü və tikintilər nəticəsində yaranmış göyçəkliklərin fotolarını aparıb göstərdik, Bakıya dəvət etdik, özləri gəlib quru yerdə yaradılmış gözəllik möcüzəsi ilə üz-üzə qaldılar.

...Başlandı Füzuli küçəsi boyunca, Dəmiryol vağzalından Beşmərtəbəyə sarı söküntülər. İçərisixıltlılar, qəlbi hislilər tanış boyat hay-küyləri indi bu ətrafda körükləməyə girişdilər. Bakı elə camaatın şifahi ənənəylə “Qış bulvarı” adı verdiyi daha bir sevimli istirahət zolağı qazandı.

Ora hər axşam izdihamlıdır, hər axşam insanlıdır.

İndi o gözəlliklərdən öz payını götürənlərin, o bulvarlara çıxanların arasında, qətiyyən şübhəm yoxdur ki, dünənki “şeypurçular”, irinli cızmaqaraları təşkil edənlərin özləri də, ailə üzvləri də var. Vicdanları nə deyir onlara?

Bir peşmançılıq, təəssüf hissi keçirmi içərilərindən, ya bəlkə, axşam gəzintidən qayıdandan sonra yenə qələmə əl atırlar, bu səfər Dağlı məhəlləsində – keçmiş Sovet küçəsi həndəvərində aparılan söküntülər, ya sabah ayrı ərazidə başlanacaq digər yeni quruculuqlar üçün cızılan layihələrin əleyhinə boğaz yırtmağa hazırlaşırlar?!

Şüşə kimi hamar yollar, bir zamanlar Qərb kinolarında görə bildiyimiz möhtəşəm körpülər, bir-birindən çəkici mütənasib tikililər, ən ucqar kəndlərdəki hətta bir vaxtlar ən iri şəhərlərdə belə rast gəlinməyən məktəblər, mədəniyyət sarayları, şəhərləşən rayonlar, bolluqla, zənginliklə aşıb-daşan dükan-bazar, geyim-keçimimiz, süfrəmiz... Bunlar Prezident İlham Əliyevin əsərləridir. Bunlar hələ elə dərhal zahirdən görünənlərdir.

Prezident İlham Əliyevin Azərbaycan dövləti və millətinin təhlükəsizliyi, tərəqqisi, özünütəsdiqi istiqamətində saysız müqavimətləri, əngəlli maneələri, ciddi təhdidləri adlaya-adlaya çağdaş qəliz dünyamız içərisində reallaşdırdığı nə qədər cahanşümul, millətəxeyir işlərin təfərrüatlarından, pərdəarxası dramatik səhifələrindən əksəriyyət xəbərsiz qalır.

Xarici müdaxilələrsiz, sülh, əmin-amanlıq və daxili sabitlik şəraitində, günü-gündən boy ataraq, firavanlaşaraq yaşayırıq.

Hərdən ətrafı seyr edin, yaxın-uzaq qonşular barədə fikirləşin, yenə özümüzə baxın.

Nail olunmuş hər yaxşılığın arxasında ağıl var, iradə var, əzm var, canatma var, mübarizə var.

Və nəhayət, şəxsiyyət var.Bunların hamısının tədbirli memarı var. Bu şəxsiyyət, bu memar Prezident İlham Əliyevdir!

Görməyi, dəyərləndirməyi, minnətdar olmağı bacaraq!

Naşükürlük, qədirbilməzlik elə naqisliklərdir ki, bizə qətiyyən yaraşmaz, belə əskik cəhətləri millətimin heç bir sıra nəfərində görmək istəməzdim.

2003-cü ilin artıq xeyli uzaqda qalmış payızını xatırlayıram. Prezident İlham Əliyev ona ümid bəsləyənlərin qarşısında nitq söyləyirdi.

Qısa, altıca sözlük, ancaq tutumu çox geniş, çəkisi xeyli ağır, mükəmməl proqram siqləti daşıyan bir cümlə də işlətdi:“Mən Azərbaycan xalqına yaxşı Prezident olacağam”,  – dedi.

Və hakimiyyətdə olduğu 11 il boyunca hər gününü bu vədini sübut etməklə başladı.

Əməkləri və sevgiləri səmərini də verdi.

Ləyaqətli yurddaşımız İlham Əliyev Azərbaycan xalqına yaxşı Prezident olmağı bacardı!

Arxayınlaşmağa, ayaq saxlayıb nəfəs dərməyə isə Böyük Yol və Əlahəzrət Vaxt icazə vermir!

Hələ eramızdan 3 əsr əvvəl dahi yunan filosofu Epikür yazırdı ki, nə qədər yoldayıq, yolun indi keçdiyimiz hissəsini əvvəlkindən daha uğurlu etməliyik. Yalnız yolu başa vurandan sonra könül asudəliyi ilə sevinmək olar!

Prezident İlham Əliyevin, Azərbaycan Dövlətinin, Millətimizin getdiyi yol isə elə bir müqəddəs amaldır ki, onun sonu yoxdur, inşallah ki, heç zaman da bitəcəyi, nəhayəti olmayacaqdır. Əsl sevinci də dolğunluğu, bütövlüyü ilə həmin yolu daha sonra keçənlər yaşayacaqlar.

Lakin yol davam etdikcə bizə sarı daşlar da atılacaq, badalaqlar da vurulacaq, barılar da yaradılacaq, növ-növ sancmalar da hökmən olacaq.

Bir başqa hünər də büdrəməmək, daim şax yerimək, müdam qələbəyə köklənmək və bununla da dargözü, istəməyəni, müxalifi, düşməni daha da sarsııtmaq, rəzil etməkdir.

Elə Prezident İlham Əliyev edən kimi!

O, Böyük yolunu gedir və hər gəvəzələyən nadürüstə zaman itirməyə, hər bir hərzə-hədyana cavab verməyə, baş qatmağa nə macalı var, nə həvəsi.

Amma hərdən əks-cəbhədən atılan daş, əks-qütbdən dikələn yava sözlər dəyərlərimizə tuşlanırsa, anındaca onların cavabı verilməlidir.

Bunun üçün isə bizlər varıq: Böyük Yolun həqiqətinə inananlar, Prezidentin ardıcılları, silahdaşları, məsləkdaşları!

Azərbaycana düşmən qüvvələrin xaricdən təzyiqləri, tovlayıb tora saldıqları, ələ aldıqları milli xainlər vasitəsilə ölkə içərisində nələrsə törətməyə cəhdləri tam zavala uğrayıb. Onların illərcə çəkdiyi zəhmət, sərf etdikləri milyonlar boşa gedib və heyrət içərisində Azərbaycan xalqında Prezident İlham Əliyevə olan məhəbbətin, ehtiramın gizlincini, sehrini axtarırlar, xalqla liderin özlərində olmayan səmimi birliyinin gücü onları şaşırdır, mat qoyur.

Bu əsnada, 2014-cü il iyulun 30-da panika, isterika içərisində həmin halsızlığın, taqətsizliyin, tam çöküşün ifadəsi olan bir müraciət yayılır.

Bu müraciətin altındakı imza kimliyi və hansı yuvanın quşu olması Azərbaycan insanına çoxdan bəlli Leyla Yunusundur və məhz həmin tarixdə o imzanın seçilməsi də səbəbsiz deyil. Nəyi bilməsələr də, ölkəmiz əleyhinə çoxdan apardıqları kəşfiyyat və casusluq fəaliyyətlərinin təcrübəsindən o tayda yaxşı qanırlar ki, onların adamı Leyla Yunus artıq doymuş məhluldur, onun ətrafında halqa tam daralıb, o, ifşa olunub və həbsi saat, gün məsələsidir.

Bu arada öz aləmlərində sanki qabaqdangəlmişlik edərək artıq nimdaşlaşmış bu alətbaşıdan son istifadələrini edirlər. Müraciət dərc edilir və özlərinə yaraşan, özlərinə çox xas olan hissləri bizə şamil edirlər: “Sizi, həqiqətən, izahedilməz qorxu və həyəcan basıb”.

Çox istəyirəm millət bunu aşkar dərk etsin ki, Leyla Yunus və onabənzərlərin nişana aldığı yalnız iqtidar, dövlətin başçısı deyil, bu xalqdır, bu ölkədir, bu ölkənin bütün tarixi boyu qazandığı ən şirin, ən müstəsna sərvəti olan müstəqil dövlətidir.

Bakıda “Eurovision” mahnı müsabiqəsi keçirildi. O müsabiqəyə bütün dünyanın televiziyalarda canlı yayımla tamaşa etdiyi dəqiqələrdə tez-tez ölkəmizin gözəlliklərini əks etdirən reklam çarxları fırladılırdı, Azərbaycan haqqında xoş sözlər, təriflər səslənirdi. Beləcə, Azərbaycan dünyanı fəth edirdi, saniyələr ərzində bizə rəğbət bəsləyənlərin, marağı oyananların sayı milyon-milyon artırdı, bir mədəniyyət hadisəsi Azərbaycana, yüz milyonlarla xərc çəkilsə belə, qazanılmasına müyəssər olunmayacaq siyasi faydalar gətirirdi.

Düşmənlər də bunu görürdü, yanıb-yaxılırdı.

2015-də Birinci Avropa Oyunları keçiriləcək, 49 ölkədən 6000 idmançı gələcək, yenə bütün dünya televiziyaları ağızdolusu “Azərbaycan” söyləyəcək.

Şöhrətimizin, Azərbaycanın ad-sanının sayğı dalğası bir qədər də ənginləşəcək.

Buna sevinməmək, bununla öyünməmək olarmı? Bunun əleyhinə gedən gör Azərbaycana necə yağı münasibət bəsləməlidir.

Buyurun, beləsi var - Leyla Yunus. Bütün dünya ölkələrinə rəsmən müraciət edib ki, həmin yarışların Azərbaycanda keçirilməsinə imkan verməsinlər. Sözünüz varmı, əziz vətəndaşlarımız?!

Kimlərsə, o sıradan Leyla Yunus da altına ləçər imzalarını atdıqları üfunətli yazıların guya onların öz iltihablı beyinlərinin məhsulu olduğuna inandığımızı düşünürsə, çox yanılır.

Kimin haradan qısqırdıldığı, kimin yalının haradan, kimin buyruğunun hansı mərkəzdən, hansı ağadan gəldiyi yetərincə bilinir və görəcəksiniz, asta-asta çox maskalar yırtılacaq, hələ çox iyrənc sifətlər faş olacaq.

Neyləməli, bu, istiqlalın yoludur, tab gətirməli, yolumuzu daha səbatlı davam etdirməliyik.

Belə fəsadlar əvvəllər, XX yüzilin ikinci onilinin bitəcəyində də olub, bu cür murdarlıqlara 1990-cı illərin əvvəllərində də şahid kəsilmişik.

 Nə acı ki, yenə də rast gəlinir.

Azərbaycan Prezidentinin apardığı müstəqil siyasəti heç vəchlə həzm edə bilməyən, cənab İlham Əliyevin şəxsiyyətinin qüdrəti qarşısında acizliklərini hiss edən, dünyanın ən üzüntülü iqtisadi böhranı şəraitində belə Azərbaycanın müvazinətini itirməməsindən, misli görünməmiş tərəqqiyə nail olmasından şoka düşənlər gerçəkdən vahimə içərisindədirlər ki, baş tutmayan məkrlərinə sərf etdikləri, yeyib-dağıtdıqları külli miqdarda maliyyənin hesabatını nə təhər verəcəklər.

Pozucu, təxribatçı səylərinin fiaskosundan üşənən, qurduqları casus şəbəkəsi tədricən ifşa edilib darmadağın olan xarici əqrəblər və onların içərimizdən ələ alınmış, tora salınmış tör-töküntüləri qorxunc təşvişin, ümidsiz həyəcanın son həddindədirlər.

Daha demaqogiya keçmir!

Sizin kəşfiyyat bir ucdan şəbəkə qurub əleyhimizə iş aparırdısa, bizim əks-kəşfiyyat da ölkəmizin, dövlətimizin və xalqımızın mənafeyi, maraqları naminə ayıq-sayıq idi. Səbirlə, aramla, vasvasılıqla dəlilləri, sübutları toplayırdı. O həddə qədər ki, ifşa məqamında cınqırınızı çıxarmaq imkanınız olmasın.

Faktlar, inkaredilməz sübutlar, ifşaçı əşyayi dəlillər o qədər boldur ki, daha heç bir insan haqları örtüyü dalında gizlənərək ucuz demaqogiyalara qısılmaq mümkün olmayacaq. Sizin bir müddət işinizə yaramış, dalında gizləndiyiniz əski psevdodemokratiya zirehlərinizi sübutlar, faktlar artıq yetərincə şəffaflaşdırıb. Onlar daha süzülərək yırtıq-yırtıq olub, bu üzündən o üzü görünür. Başını kola salanlar çöldə qalmış quyruqlarını, başqalarının görmədiyi xəyallarını beyinlərindən çıxarsın! Hələ tam ayılmayanlar da ayılsın!

İnişil Londonda Avropa Şurası Parlament Assambleyası Mədəniyyət, Elm, Təhsil və Media Komitəsinin xətti ilə təşkil edilmiş bir konfransda iştirak edirdim. Mətbuatın vəziyyəti, problemləri ilə əlaqədar müxtəlif ölkələrin parlamentlərindən dəvət olunmuş deputatların məruzələri səslənirdi. Sonra sual-cavablar başlandı. Dəvət edilmədən bu tədbirə qatılmış bir qadın ayağa qalxdı. Sual vermək əvəzinə Azərbaycan əleyhinə rəzil sözlər yağdırmağa başladı. Onun sözünü yarımçıq kəsərək Rəyasət Heyətinə müraciət etdim ki, qonağı prosedurlara əməl etməyə çağırın, xanım sual vermək əvəzinə çıxış edir. İrad nəzərinə çatdırılsa da, həmin qadın yenə Azərbaycan əleyhinə böhtanlar püskürməyə başladı.

Yenə ayağa qalxıb uca səslə onun səsini kəsdim, sədarətə bir daha bildirdim ki, qonaq çıxış etməməli, sual verməlidir. Ondan bir daha tələb etdilər ki, nəhayət, sualını formalaşdırsın. Yenə əvvəlki kimi, Azərbaycanı söyməyə başladı, yenə qalxdım, qəti etiraz etdim və onun nabələd auditoriyanı çaşdıraraq ölkəmiz haqqında səhv, həm də xoşagəlməz təəssürat yaratmaq planı baş tutmadı.

Əlbəttə, o vaxt başqa bir ölkədən filan qədər xərc-xəcarət çəkilərək məxsusi olaraq Böyük Britaniyaya bu toplantıda Azərbaycan haqqında mənfi təəssürat yaratmaq üçün göndərilmiş həmin şəxsin hədəfi heç də başqaları kimi, normal sual verib, cavab almaq deyildi. Niyyətinə yetməməsi onu pərt etmişdi və sonradan internet şəbəkəsində həmin insident barədə yazdı da.

Bu, Azərbaycana münasibətdə açıq düşmən mövqedə olan və dövlətimizə zidd işlər aparan, məhz bu xislətinə görə də ölkəmizdən vaxtilə qovulmuş, hüquq müdafiəçisi papağı altında xüsusi xidmət orqanlarının agenti funksiyalarını icra edən keçmiş amerikan diplomatı, indi cildini dəyişmiş Rebekka Vinsent idi.

Dabbaqda gönünə bələd olduğumuz, ölkəmizə qarşı nifrətini gizlətməyən və antiazərbaycan casus şəbəkəsi formalaşdırmaqda bilavasitə sistemli canfəşanlıqları olan belə bir adamla və onun mənsub olduğu zümrənin təmsilçiləri ilə bizimkilərdən cici-bacılıq, sıx əməkdaşlıq, informasiya mübadilələri edənləri, demək, əleyhimizə səmtləndirilmiş çuğulçuluğa qurşananları necə özümüzünkü sayaq?

Xəbər yayılıb ki,o qəbil sapı özümüzdən  “balta”ların biri də nəzarətə götürülüb.

Amma hələ daha neçəsi var!

Beş-on il əvvəl nəzərimizi yayındıra, diqqətimizi azdıra bilərdilər. İndisə kimin ipinin hara bağlı olduğundan, kimin düyməsinin hansı nöqtədən basılmasından agahıq. Nə qədər tamam gec deyil, heyif etməsinlər özlərini, qayıtsınlar haqq yoluna.

Azərbaycan dövlətdir, güclü dövlətdir, onun qadir rəhbəri, sadiq vətəndaşları var və bu QÜDRƏTİN istiqlalına, müstəqilliyinə zərbə vurmaq, çat salmaq kimi xam xəyallar məhvə məhkumdur! Bizi nədə aldatmaq olsa da, sözdə və sözlə aldatmaq mümkün deyil. Leyla Yunus imzalı həmin müraciətdən elə Leyla rəngdə və xislətdə olan çox onatayların qoxusu gəlir.

Qəlp, qondarma canıyananlıqla riyakarcasına, yekə-yekə tövsiyə edir, Prezidenti guya öz ətrafından, öz komandasından, silahdaşlarından qorunmağa çağırır: “Bu, sadəcə söz deyil: “Yüz manatın olmaqdansa, yüz dostun olsun”. Dost sənin bayramlarında rəqs edən adam deyil. Dost rejimin zəncirli itləri üstünə cumanda yanında olan, çiyin-çiyinə dayanan, səninlə birgə parçalanmaqdan qorxmayanlardır”.

Prezident İlham Əliyev unudulmaz Heydər Əliyevin oğludur və ulu öndərdən ona həm irsən, həm də şəxsi nümunə ilə nəsib olan ən ümdə keyfiyyətlərdən biri də elə dostluqdakı dəyanət, etibar, sabitqədəmlikdir. Məhz dostların ona, onun dostlara sarsılmaz sədaqəti böyük Heydər Əliyevi uzun dövlətçi və siyasi həyatı boyu hifz edən, daim müzəffər saxlayan başlıca dayaqlardan olmuşdu.

Tanrı Prezident İlham Əliyevə elə bir alın yazısı qismət edib ki, onun həyatı heç də həmişə rəvan olmayıb. Sovet İttifaqının əvvəlinci simalarından olan atası Kremldən uzaqlaşdırılaraq təqib edilməyə başlayanda o da dünyanın sərt üzlərini, etibarlı və etibarsız insanları, birüzlüləri və dönükləri görüb.

İlham Əliyev gənc bir insan yaşından yaşlı olmağı, erkən ağsaqqallaşmağı bacarıb, mətanətinə güvənib, qəddar əyyamlarda sınmayıb, mərdliyini qeyb etməyib, ailənin bütün qayğılarını çəkib və təbii ki, həmin sınaqlı dövrlərdə yanında dostları olub.

İlham Əliyevin bir insan və bir Prezident kimi ən başlıca məziyyəti də elə dostluqda möhkəmliyi, dönməzliyi, həssaslığı, vəfasıdır. Və onu yaxşı Prezident edən bəlkə ən mühüm amil Azərbaycan  xalqını, bu xalqın hər sədaqətli balasını ən məhrəm, ən əziz dost saymasıdır.

Biz Prezident İlham Əliyevlə Avropa Şurası Parlament Assambleyasında 2 il birgə işləmişik. İlham müəllim AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idi və həmin başlanğıc dövr bu qurumdakı fəaliyyətlərimizin ən gərgin, ən mübarizəli mərhələsi idi.

Yenicə başlayırdıq, hələ orada Türkiyədən savayı dostlarımız, müttəfiqlərimiz, bizə dəstək verənlər yox idi.

Erməni nümayəndə heyəti də quruma bizimlə eyni vaxtda qəbul edilmişdi. Lakin bizdən fərqli olaraq, qolları uzun erməni lobbisi tədbir tökmüşdü, nümayəndə heyəti Strasburqa gəlib çatmamışdan onların müxtəlif ölkələrdən olan havadarları hazırlanmışdı.

Bizim Avropa Şurasında ilk məqsədlərimizdən biri informasiya blokadasını qırmaq, Ermənistanın işğal siyasətinin iç üzünü açmaq idi.

Məhz o narahat günlərdə mən cənab İlham Əliyevin nə qədər cəsur, nə qədər iti zəkalı, nə qədər vətənpərvər bir şəxsiyyət olduğunu yaxın məsafədən izlədim.

Həm də o həftələr, aylar, illər içərisində İlham Əliyevin necə yetkin rəhbər və dost olduğu isbata yetdi.

O, Azərbaycan Prezidentinin oğlu və nümayəndə heyətinin rəhbəri idi. Bizlərə tapşırıqlarını verib gedişatı müşahidə edə, yalnız zəruri anlarda qızğın diskussiyalara qatıla bilərdi. Lakin əksinə edirdi. Həmişə sinəsini qabağa ilkin verirdi. Ermənistanın terrorçu, işğalçı, insanaqənim dövlət siyasəti aparması ilə bağlı ən sərt bəyanat və çıxışlar İlham Əliyevdən gəlirdi. Bir-iki dəfə sessiya əsnasında Avropa Şurası rəhbərliyinin belə kəskin mövqeyə görə ona gileyli etirazları da səslənmişdi. Lakin erməniyə qahmar çıxan bu iradlar İlham Əliyevi ədalətli, doğru mövqeyindən döndərmək iqtidarında deyildi.

Və həm də İlham müəllim bizə, nümayəndə heyəti üzvlərinə demirdi ki, siz də mənim kimi edin. Sadəcə, öz igid nümunəsini göstərirdi.

Əslində, bu da döyüş meydanı idi, bu da barışmaz rəqiblərin qarşı-qarşıya dayandığı səngər idi.

Biz çiyin-çiyinə çarpışdığımız həmin sınaq meydanında, ekstremal vəziyyətlərdə Prezident İlham Əliyevin necə saf dost, necə adil rəhbər, necə ötkəm yurdsevər, necə atəşin millətpərvər olmağını görmüşük.

Bizi o inamımızdan ömrümüzün sonunacan daha heç bir qüvvə döndərə bilməz.

Andreas Qrossun Azərbaycana qarşı münasibətinin necə qərəzli olmasından ayrıca bəhs etməyə lüzum yoxdur. Son 14 ildə, Avropa Şurası ilə Azərbaycanın işbirliyi dönəmində A.Qross bizə nə qədər sərt yanaşıb, necə kəskin tənqidlər edib, bəzən nə qədər haqsız, qeyri-obyektiv olub, - az qala, hamıya məlumdur. O, son prezident seçkilərində də Azərbaycana Avropa Şurasının müşahidə missiyasının tərkibində ilk növbədə nöqsan, əyər-əskiklər axtarışı məqsədilə gəlmişdi. Həm də əhalinin seçki təcrübəsinin daha zəif olduğunu fərz etdiyi və deməli, qüsurların daha çox tapıla bilməsi ehtimalı böyük olan ucqar rayonları seçmişdi. Gəldi, müşahidə etdi, getdi, Avropa Şurasında çıxışı da oldu. Əvvəldən-sonacan seçki qutularının yanında oturub bütün gedişatı izlədiyindən ayrı-ayrı şəxslərin naşılıq ucbatından törətdiyi yanlışları da tutmuşdu və onlar barədə danışırdı. Amma mütləq əksəriyyətin namizəd İlham Əliyevə səs verdiyini etiraf edirdi. Onu təəccübləndirən və ona heyrətamiz gələn (və həm də onu qeyzləndirən) əsas cəhət isə bu idi ki, axı niyə seçicilərin yüzdə doxsanı İlham Əliyevi istəyir, onun yanındadır, tərəddüdsüz ona səs verir?!

Zavallı nə bilsin! Bu, xalqın sevgisidir! Bu, sənin xoşuna gəlməyə bilər, bu, sənin ürəyincə olmaya bilər, sən bunun niyə belə olmasını qəbul etməyə bilərsən, amma bu, həqiqətdir. Və həmin danılmaz həqiqətlə barışmağa məhkumsan! Leyla Yunusun ona yad olan Azərbaycan dilinə dönməyən diliylə yayılan müraciətində qanımıza susamışların, uğurlarımızdan bağırları çatlayanların puç məqsədlərindən törəmiş belə bir çürük ifadəsi də yer alır: “Arxalanacağınız, güvənəcəyiniz heç kim yoxdur”.

Həyasızlığın hüdudu olmazmış! Gör kim kimə nə deyir!

Ermənistanın əlləri qana bulaşıq cinayətkar başçısının az öncə Praqada keçirilən, Türkiyənin təmsil olunmadığı “Şərq Tərəfdaşlığı” sammitində meydanı boş zənn edərək dərə xəlvət, tülkü bəy inamı ilə qardaş ölkənin ünvanına hədyanlar yağdırmasına Prezident İlham Əliyevin bütün Azərbaycanı da, Türkiyəni də riqqətə gətirən, qəhərləndirən mərdanə, vüqarlı cavabı yadınızdamı: “Türkiyə burda yoxsa da, mən burdayam və sizin cavabınızı verəcəyəm”.

Bu gün Azərbaycanda Prezident İlham Əliyevin arxalanacağı, güvənəcəyi kim var?

Elə Prezident İlham Əliyevin sözləri ilə deyirəm: onu sevən, ona inanan, sonacan da həmişə onunla bir yolda olacaq mən varam!

Və əminəm ki, mənim kimi yüzlər, minlər, on minlər, milyonlar var!

Bunu da qiymətli yurddaşımız İlham Əliyev Böyük Yolunun birinci addımını atarkən, 2003-cü ilin 31 oktyabrında and içərək ölkənin idarəçiliyinə başladığı ilk gündəcə bütün səmimiyyəti ilə bəyan etmişdi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam.

Yəqin, bir xırda şərtlə ki, həmin azərbaycanlı da azərbaycanlı olmaq istəyə, özünü bu millətin, bu ölkənin, bu mənəviyyat aləminin, bu ruhun bir parçası saya, bu ölkəyə, bu dövlətə qanı qaynaya, bu yurd üçün daşı daş üstünə qoymaq istəyi ola.

Bütün vədləri kimi, Prezident İlham Əliyev bu vədinə də əməl etdi.

Onun sadiq dostlarının sayı Prezidenti olduğu və daha ağ günləri üçün çalışdığı bütün azərbaycanlıların sayı qədərdir.

...Həyatın bütün yaxşı-yamanını dadıb keçmiş dünyagörmüş atalarımız: “Arxası dağ olanın başı göylərə çatar”, – söylədilər.

Prezident İlham Əliyev kürəyini ən uca, ən möhtəşəm dağa – xalqına söykəyib və hər an milləti ilə əl-ələ, ürək-ürəyədir.

Əlbəttə ki, başı daim zirvələrdə olacaq.

Bəs sizin arxanızda nə durur, kim var?

Heçlik, yoxluq, iflas!

Arxası yad olanların əvvəl-axır başı daşa dəyər.

Yazıqlar olsun!

 

Rafael HÜSEYNOV,

Milli Məclisin deputatı, akademik

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında