Prezident İlham ƏLİYEV: Əsas məqsədimiz Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün bütün imkanlardan istifadə etməkdir

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış”  İnkişaf Konsepsiyasında bildirilir ki, 2020-ci ildə ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə Azərbaycanın əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, respublikamızın regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.

Qarşıya qoyulan vəzifəni həyata keçirmək üçün yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaqdır. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur. Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur.

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. Konsepsiyada ixracyönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.

Ad çəkilən konsepsiyada həmçinin vurğulanır ki, qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi, nəticədə, bölgələr üzrə əhalinin yaşayış səviyyəsinin tarazlaşdırılmasına nail olunması nəzərdə tutulur.

“Şahdəniz-2” layihəsinin gerçəkləşdirilməsi,  Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərlərinin  çəkilişi yaxın gələcəkdə Avropanın qazla təminatında Azərbaycanın statusunu daha da yüksəldəcəkdir. İqtisadiyyatın klasterlər əsasında inkişafı çərçivəsində neft, qaz emalı və neftkimya zavodlarından ibarət kompleksin inşası da planlaşdırılır. Konsepsiyada bütün bunlarla yanaşı, diqqətə çatdırılır ki, kompleksin təşkili zəruri investisiyaların cəlb edilməsinə, ekoloji normativlərə riayət olunmasına, son məhsulun istehsalına qədər olan texnoloji zəncirin qurulmasına, hazır məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsinə, bu sahədə ixracın həcminin və çeşidinin genişlənməsinə imkan yaradacaqdır.

Bununla bərabər, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin investisiya fəallığı daha da artırılacaq, onun şaxələndirilməsi istiqamətində zəruri addımlar atılacaq, o cümlədən xarici ölkələrdə sərmayə qoyuluşlarına mühüm yer ayrılacaqdır. Bu isə ölkənin enerji siyasətində etibarlılıq amilinin rolunun artırılmasına və dünya enerji bazarları ilə inteqrasiya əlaqələrinin gücləndirilməsinə xidmət edəcəkdir. Eyni zamanda, qeyri-neft sənayesinin inkişaf etdirilməsi məqsədi ilə ölkənin malik olduğu təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi genişləndiriləcək və onlardan istifadənin səmərəliliyi yüksəldiləcəkdir.

Sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılacaq, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərcikləri yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye şəhərciyi infrastrukturunun formalaşdırılması qeyri-neft emal sənayesinin inkişaf etdirilməsi ilə bağlı dövlət investisiya siyasətində əsas istiqamət olacaqdır. Bu baxımdan, hər bir iqtisadi rayonun potensialı nəzərə alınmaqla, xüsusi iqtisadi zonaların yaradılması və sənaye şəhərciklərinin (o cümlədən,  Sumqayıtda neft-kimya məhsullarının emalı, Balaxanıda məişət tullantılarının emalı və Gəncədə metal məmulatların istehsalı üzrə sənaye şəhərcikləri) qurulması mühüm addımlardır.

Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin (kimya sənayesi, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti sənayesi və s.) inkişaf etdirilməsi və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənəcəkdir. Ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaların cəlb edilməsinin intensivləşdirilməsi məqsədi ilə stimullaşdırıcı mexanizmlər tətbiq ediləcək, ixracyönümlü qeyri-neft sektorunun inkişafı məqsədilə dövlət və özəl sektorun investisiya əməkdaşlığı inkişaf etdiriləcəkdir.

“Azərbaycan 2020: Gələcəyə baxış”  İnkişaf Konsepsiyasının qəbulundan ötən müddətdə sənəddə nəzərdə tutulan tədbirlər arasında sənayenin inkişafı məsələlərinə xüsusi önəm verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropanın “Neurope.eu” informasiya portalına verdiyi müsahibədə  vurğulamışdır ki, Azərbaycan əvvəllər aqrar ölkə hesab olunurdu. 1970-1980-ci illərdə sənayenin inkişafı üçün ciddi addımlar atıldı, yüzlərlə yeni sənaye müəssisəsi yaradıldı. Amma SSRİ-nin süqutu keçmiş sovet respublikaları arasında əlaqələrin itirilməsinə səbəb oldu. Ümumilikdə, planlı iqtisadiyyat uğursuzluqla nəticələndi. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təcavüzü, həmin dövrdə ölkədə baş alıb gedən anarxiya, istehsal müəssisələrinin köhnəlməsi, texnoloji cəhətdən gerilik iqtisadi tənəzzülə və istehsal prosesinin dayanmasına gətirib çıxardı. Yalnız ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində 2000-ci illərin əvvəllərində istehsalı 1990-cı ilin səviyyəsinə qaldırmaq mümkün oldu.

Son 10 ildə neft və qaz sahəsində əldə edilən gəlirlərin müəyyən qismi xüsusi proqramlar çərçivəsində milli iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı sənayenin formalaşdırılmasına yönəldilmişdir. Elə bunun nəticəsidir ki, qeyri-neft sektorunda hər il 10 faiz artım qeydə alınır. Bundan əlavə, sahibkarlığın inkişafına göstərilən hərtərəfli dəstək, iri sərmayə proqramlarının həyata keçirilməsi, sosial-iqtisadi infrastrukturun yenidən qurulması və qabaqcıl texnologiyalara əsaslanan rəqabətədavamlı müəssisələrin yaradılması sənaye istehsalı həcminin 2,7 dəfə artmasına səbəb olmuşdur.

Prezident İlham Əliyev demişdir:” Hazırda əsas məqsədimiz Azərbaycanı güclü sənaye ölkəsinə çevirmək üçün bütün imkanlardan istifadə etməkdir. Artıq sənayenin şaxələndirilməsi və modernləşdirilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Biz mövcud təbii və iqtisadi resursları istehsal dövriyyəsinə cəlb edirik, yeni istehsal sahələri və sənaye parkları yaradırıq, innovasiyaların tətbiqini sürətləndiririk. Buna görə də 2014-cü il “Sənaye ili” elan olunmuş, cari ildə həyata keçiriləcək tədbirlərin ümumi planı hazırlanmış və təsdiq edilmişdir. Eyni zamanda, “Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın hazırlanması nəzərdə tutulur. İnanırıq ki, topladığımız təcrübə və Azərbaycanın iqtisadi potensialı bizə məqsədlərimizə çatmaq imkanı verəcəkdir”.

Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayenin inkişafının sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Dövlət başçısı tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması aparılan işləri daha da genişləndirmiş və sənayeləşməni sürətləndirmişdir. Artıq Azərbaycanda müasir standartlara cavab verən, rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən çoxsaylı sənaye müəssisələri fəaliyyət göstərir.

Sənayenin dinamik inkişafını Sumqayıt şəhərinin timsalında daha aydın görmək olar. Ölkə Prezidenti cənab İlham Əliyev son illərdə bir neçə dəfə Sumqayıt şəhərində olmuş, burada sənaye potensialının möhkəmləndirilməsinin, yeni iş yerlərinin açılmasının vacibliyi ilə bağlı dəyərli fikirlər söyləmişdir. Cənab İlham Əliyev Sumqayıtın müasir sənaye mərkəzinə çevrilməsi üçün konkret planların olduğunu bildirmişdir: “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret planlar vardır. Əslində, Sumqayıt sənaye şəhəri kimi formalaşmışdır, yaradılmışdır. İndi isə Sumqayıt müasir sənaye şəhəri kimi inkişaf edir. Burada yaradılan və tikilməkdə olan, tikiləcək sənaye müəssisələri Azərbaycanda sənayeləşmə proqramının icrası üçün çox vacib rol oynayacaqdır. Artıq bu proqramın icrasının birinci mərhələsindəyik. Burada böyük Sumqayıt Texnologiya Parkı yaradılıb, ona yaxın müasir müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdə istehsal olunan məhsullar xaricə də ixrac edilir, ölkə daxilində də istehlak olunur. Növbəti dövrdə Sumqayıtda yeni kimya müəssisələrindən ibarət sənaye şəhərciyi yaradılacaqdır. Bu məqsədlə müvafiq göstərişlər verilmişdir. Burada həm dövlət, həm özəl sektorun iştirakı ilə böyük müəssisələr, eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılacaqdır”.

Dövlətimizin başçısı sənayeləşmə siyasətinə mühüm önəm verilməsi ilə bağlı iyulun 21-də  Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında isə demişdir: “Sement zavodunun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycanda yerli istehsal genişlənsin, idxalı əvəzləyən istehsal yaradılsın. Qeyri-neft sektorunun inkişafı bizim prioritetimizdir. Bildiyiniz kimi, bu il Azərbaycanda “Sənaye ili” elan edilib və sənaye istehsalının yaradılması, genişləndirilməsi bizim əsas məqsədimizdir. Yəni, dövlət siyasətimizin bütün istiqamətləri bu zavodda demək olar ki, öz əksini tapıb”.

Heç şübhəsiz, Azərbaycanda son illərdə yaradılan sənaye müəssisələri, infrastruktur layihələrinin icrası, sənayeləşmə ilə bağlı atılan addımlar gələcəkdə daha da gözəl nəticələrə gətirib çıxaracaqdır. Bu gün ölkəmizdə gedən iqtisadi proseslər düzgün  istiqamətləndirilir və burada əsas məsələ təhlükəsizliyi tam şəkildə təmin etməkdir. İlk növbədə, enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq tam  təmin edilib. Hazırda biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk.

Azərbaycan Prezidenti  İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində də iqtisadiyyatın ən mühüm sahələrindən biri olan sənayenin inkişafı istiqamətində görülən işlərdən ətraflı danışmışdır: “Sənayenin inkişafı diqqət mərkəzindədir. Texnoparklar yaradılır, dövlət burada da öz üzərinə böyük məsuliyyət götürür, böyük maliyyə töhfəsini verir. Çünki texnoparkların yaradılması, orada təmizlik işlərinin aparılması, infrastrukturun qurulması, yollar, xətlər və sair - bütün bunlar dövlət hesabına olan məsələlərdir. Biz bunu dövlət büdcəsi hesabına özəl sektorun fəaliyyəti üçün edirik. Yəni, biz özəl sektora qayğı göstəririk, real praktik addımlar atırıq”.

Hazırda Azərrbaycanda dövlət texnoparklar yaradır. Şirkətləri cəlb etmək üçün lazım gəldikdə kreditlər ayırır və bu istiqamətdə təşviqedici addımlar atır. Dövlətimizin başçısı ölkədə texnologiya parkları ilə yanaşı, sənaye klasterlərinin yaradılmasının vacibliyinə də diqqət çəkərək demişdir: “Bu da dünyada uğur gətirən bir təcrübədir. İnkişaf etmiş ölkələrdə bu, vardır. Bütün məhsulun tsikli bir yerdə cəmləşməlidir - xüsusilə bu layihənin icrası nəticəsində poladtökmə, metallurgiya kombinatının, alüminium sənayesinin inkişafı sahəsində biz bütün bu zənciri - istehsal, emal, kiçik və orta sahibkarlığın inkişafını təmin etməliyik ki, Azərbaycanda son məhsul buraxılsın. Hesab edirəm ki, bu istiqamətdə əlavə tədbirlər də görülməlidir”.

Azərbaycanın sənayeləşdirmə siyasətində innovativ texnologiyaların tətbiqi də diqqət mərkəzində saxlanılır. İqtisadiyyatın dinamik inkişafını asanlaşdırmaq və rəqabətliliyi artırmaq üçün qabaqcıl elmi və texnoloji nailiyyətlərə əsaslanan İKT sahələrini inkişaf etdirmək, bu sferaya yerli və xarici sərmayələri cəlb etmək, ixtisaslı mütəxəssis bazası yaratmaq istiqamətində  xüsusi addımlar atılır. Elə buna görə də Yüksək Texnologiyalar Parkı və İnformasiya Texnologiyalarının İnkişafı Fondu təsis edilmişdir. Hazırkı mərhələdə innovasiyaya əsaslanan güclü iqtisadiyyatın yaradılması əsas vəzifələrdən biridir.

 

Əlipənah BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında