Vladimir Jirinovski: Güclü lideri olan çiçəklənən Azərbaycan var

“Azərbaycan MDB məkanında real müsbət nümunədir”

Ölkəmizin son 20 ildə, xüsusən  2003-cü ildən  bəri keçdiyi möhtəşəm inkişaf yolu, əldə edilmiş sosial-iqtisadi uğurlar  dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir və yüksək qiymətləndirilir.  Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, balanslı, prinsipial, regionda və dünyada baş verən dəyişiklikləri, hadisələri, prosesləri nəzərə alan xarici siyasətin uğurları müasir dövrün tanınmış siyasətçiləri, aparıcı ekspertləri tərəfindən etiraf və təqdir edilir. Artıq elə bir gün olmur ki, Avropanın, Asiyanın və Latın Amerikasının hansısa ölkəsində kütləvi informasiya vasitələrinin Azərbaycan haqqında yazdığı məqalələr, xoş sözlər barədə eşitməyək.

Son günlər isə bu qəbildən olan müsahibələrin birini şimal qonşumuz olan Rusiya Federasiyasından eşitdik.  Özünün emosional çıxışları və qəribə təklifləri ilə region oxucularına yaxşı tanış olan, qatı millətçi mövqeyi ilə seçilən Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski  belə Azərbaycan Prezidentinin yürütdüyü siyasi kursu yüksək qiymətləndirir, cənab İlham Əliyevin güclü liderlik keyfiyyətlərini, onun rəhbərliyi altında Azərbaycanın dinamik inkişaf etdiyini və çiçəkləndiyini, ölkəmizin etibarlı dost və tərəfdaş olduğunu xüsusi vurğulayır.

Söhbət RLDP sədrinin iyulun 24-də “Rossiya–24”  telekanalına verdiyi müsahibədən gedir.  Vladimir Jirinovski öz müsahibəsində  respublikamızın bütün təzyiqlərə duruş gətirdiyini  söylədikdən sonra Azərbaycanın çiçəklənən ölkə və cənab İlham Əliyevin güclü lider olduğunu qeyd edib.  Qonşu ölkənin tanınmış siyasətçisinin ümummilli liderimiz  Heydər Əliyevi şəxsən tanıdığını deyib və ulu öndər haqqında yüksək fikirlər söyləyib.

Bu isə o deməkdir ki,  V.V.Jirinovski  Azərbaycanın müstəqil, balanslı siyasət yürüdən, istənilən təzyiqə duruş gətirməyi bacaran ölkə olduğunu etiraf etməklə yanaşı, gənc müstəqil respublikamızın uğurlarının hamı tərəfindən qəbul edildiyini təsdiqləyir. Ölkəmiz haqqında nəhayət ki, obyektiv fikir səsləndirən partiya sədri Azərbaycanın inkişafının əsas səbəbini belə açıqlayıb:  “Çünki onun İlham Əliyev kimi güclü lideri var. Məhz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dinamik inkişaf edən və çiçəklənən ölkəyə çevrilib”.

Vladimir Jirinovskinin bu müsahibəsi Azərbaycanda öz əks-sədasını tapınca Ermənistanda böyük qan-qaraçılığa və təşvişə səbəb olub. Bunun  səbəbi isə  odur ki,   rusiyalı deputat  Moskva ilə Bakı  arasındakı  əlaqələrin yüksək səviyyədə olduğunu dilə gətirir və əlavə edir ki, Rusiya Azərbaycana daha çox diqqət ayırmalıdır. Çünki Azərbaycan  həm də müsəlman ölkəsidir. Rusiya Azərbaycan vasitəsilə Türkiyə və İranla da münasibətlərini yaxşılaşdıra bilər.  Ermənilərin qulağı eşidən yerdə Türkiyənin və Azərbaycanın adının müsbət mənada çəkilməsi isə mütləq İrəvanda “zəlzələ yaradır”. Çünki Sarkisyan iqtidarı təkcə İrəvanı deyil, bütövlükdə Ermənistanı siyasi baxımdan hədsiz dərəcədə həssas olan seysmik əraziyə çevirib. Belə bir siyasətçinin  Azərbaycanın regionda və İslam aləmindəki  əhəmiyyətini vurğulaması,  Rusiya xarici siyasətinin cənub vektorunu Azərbaycan vasitəsilə gücləndirməyi təklif etməsi Ermənistanı silkələməyə bilməzdi.  Bu amil bir daha Azərbaycanın həm də qlobal siyasətdə, güclü dövlətlər arasında münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsində oynaya biləcəyi mühüm potensialını açıq göstərir.

 Azərbaycan Prezidentinin təkcə siyasətçi və dövlət başçısı deyil, həm də böyük bir xalqın şəriksiz lideri olduğunu söyləyən Vladimir Jirinovski bildirir ki, İlham Əliyevin necə lider olduğunu bütün Rusiyaya nümayiş etdirmək lazımdır. Bizim fikrimizcə, bu məqam siyasi etika baxımından bir qədər başqa şəkildə də işlədilə bilərdi. Çünki bir ölkə prezidentinin fəaliyyətinin başqa ölkə prezidentinə nümunə göstərilməsi təcrübəsi yoxdur.  RLDP sədrinin fikrincə ,  digər ölkələrdə ruslara və rus dilinə münasibətin pisləşdiyi bir zamanda Azərbaycanda çoxsaylı rus məktəbləri fəaliyyət göstərir  və onların heç birinin hansısa problemi yoxdur.  Deputat  bildirib ki, Azərbaycanda rus teatrı, rus dilində universitet fəaliyyət göstərir. O, Azərbaycanı misal çəkərək həmişə pis nümunələr haqqında danışmağa gərək olmadığını deyib.

“Rossiya–24” telekanalının həmsöhbətinin bu fikri bir daha təsdiq edir ki, Azərbaycan həqiqətən də başqa xalqların mədəniyyətinə hörmətlə yanaşan, dini və milli azadlıqların tam təmin olunduğu tolerantlıq nümunəsidir. Amma nümunə göstərilməsi bununla da bitmir.  Rusiyalı deputat jurnalistdən, deməli, həm də böyük tamaşaçı auditoriyasından soruşur:  “Biz həmişə  insanlarımızı xarici kurortlara istirahətə dəvət edirik. Rusiyalılar nəyə görə Azərbaycan kurortlarına getməsinlər?! Lənkərana, Astaraya, subtropikə”.

Partiya sədri öz soydaşlarını və Rusiyada yaşayan çoxsaylı xalqların nümayəndələrini inandırmağa çalışıb ki, Azərbaycan həqiqətən də dost ölkədir. Həqiqətən də bu, yeganə ölkədir ki, bizdən nəsə qoparmaq, almaq istəmir. Əksinə, onlar bizimlə yaxşı münasibətlər qurmağa çalışırlar. Biz isə heç vaxt bunun üçün  nə isə etməmişik.  Deputat Rusiyada yaşayan ermənilər başda olmaqla  (statistika sübut edir ki, ermənilərin böyük əksəriyyəti artıq Ermənistanda deyil, Rusiyada yaşayır) bütün insanları əmin  edir ki, Azərbaycan özünü təmin edən, heç kimdən və heç nədən asılı olmayan ölkədir. Azərbaycanın başlıca məqsədi öz qonşuları və dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələr qurmaq və inkişaf etdirməkdir.  Partiya sədrinin fikrincə, Azərbaycan   Rusiya ilə münasibətlərini  də məhz bu istiqamətdə qurmaq istəyir.

Bir sözlə, yuxarıda qeyd etdiyimiz kimi, müasir Azərbaycanın həqiqətləri artıq dünyanın hər yerində, hətta, erməni lobbisinin ən güclü olduğu ölkələrdə belə məhz həqiqət kimi qəbul edilir və açıq şəkildə səsləndirilir. Səsi dünyanın hər yerində maraqla eşidilən Vladimir Jirinovskinin  müsahibəsinin Ermənistanda hansı şəkildə eşidiləcəyi və qarşılanacağı isə artıq başqa bir maraq ünvanıdır.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında