Dahi şəxsiyyət, xalqımızın ümummilli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ilk günlərindən onun genişmiqyaslı fəaliyyətində Azərbaycan tarixi və mədəniyyətinin öyrənilməsi, öyrədilməsi, müxtəlif problemlərinin tədqiqi və təbliği məsələləri ön planda durmuşdur.
Azərbaycan tarixinin bir sıra aktual məsələlərinin, o cümlədən xalqımızın mənşəyi, dövlətçiliyimizin təşəkkülü və formalaşması, şanlı keçmişimizin ümumdünya tarixində yeri və sair bu kimi mühüm tarixi problemlərin hərtərəfli, dərindən, ən başlıcası obyektiv tədqiqini ulu öndər ölkəmizə rəhbərliyinin hər iki dövründə tarixçilər qarşısında aktual və təxirəsalınmaz vəzifə kimi qoymuşdu.
Hakimiyyətə gəlişi ilə tariximizə və tarix-mədəniyyət abidələrinə böyük diqqət və qayğı göstərən ulu öndərin birbaşa rəhbərliyi ilə bir sıra tədbirlər həyata keçirilir, ilk növbədə, ən yüksək səviyyədə görüləcək işlərin istiqamətlərini müəyyən edən müzakirələr aparılır, qanunlar, qərarlar qəbul edilirdi. Bu cəhətdən Azərbaycan SSR Ali Sovetinin 1973-cü ilin sentyabrında keçirilən sessiyasının gündəliyinə ərazidəki mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında məsələnin daxil edilməsi və müzakirə olunması diqqəti cəlb edir. Bunun ardınca Azərbaycan KP Mərkəzi Komitəsinin I katibi kimi Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK-nın 10 sentyabr 1976-cı ildə qəbul etdiyi “Azərbaycan SSR-də tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası işini yaxşılaşdırmaq haqqında” qərar bu istiqamətdə mühüm işlər aparmaq üçün geniş üfüqlər açdı.
Məxsus olduğu xalqın tarixinə dərindən maraq göstərən Heydər Əliyev bu sahədə aparılan genişmiqyaslı işlərin qanun çərçivəsində yerinə yetirilməsini təmin etmək məqsədi ilə Azərbaycan SSR Ali Sovetinin 21 iyul 1978-ci il tarixli sessiyasında “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan SSR Qanunu”nun qəbul olunmasına, 27 yanvar 1982-ci ildə isə Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin Nizamnaməsinin Azərbaycan SSR Nazirlər Sovetində təsdiq edilməsinə nail oldu. Beləliklə, ölkə ərazisindəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və qorunması məsələsi qanun və qərarlarla rəsmiləşdirildi, bu sahədə cavabdeh təşkilatların vəzifələri müəyyənləşdirildi, məsuliyyətləri artırıldı.
Burada qeyd etmək yerinə düşər ki, ulu öndər abidələrin qorunmasında hamının, xüsusilə rəhbər işçilərin rolunu həmişə ön plana çəkmiş və qeyd etmişdir ki, abidələrin qorunması hamının, xüsusilə rəhbər işçilərin diqqət mərkəzində olmalıdır. Tariximiz üçün müəyyən əhəmiyyət kəsb edən və yer altından tapılmış hər bir xırda əşya belə qızıl qədər dəyərlidir.
1969-cu ilin sentyabr ayında “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinin, 1969-cu il noyabrın 1-də Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubileylərində Azərbaycan dilində çıxış edən respublikanın yeni rəhbəri Heydər Əliyev bir il sonra, Azərbaycan Pedaqoji İnstitutunun (indiki APU) yarıməsrlik yubileyində Azərbaycan tarixinin tədrisi məsələsindən bəhs etmiş, bununla əlaqədar tapşırıqlar vermişdi. Bundan sonra aparıcı ali məktəblərdə “Azərbaycan tarixi” kafedraları yaradılmış, fənnin tədrisinə ayrılan saatların miqdarı artırılmışdı. Bu məqsədlə ali və orta məktəblər üçün dərsliklər, proqramlar hazırlanmağa başlanmışdı.
Məhz həmin vaxtlar - ulu öndərin Azərbaycanda siyasi hakimiyyətinin birinci dövründə müdrik rəhbərin yaxından köməkliyi və qayğısı ilə Azərbaycan tarixinin 3 cildliyinin nəşri başa çatdırılsa da, bu nəşr onu qane etməmiş, Azərbaycan tarixinin yeni və mükəmməl çoxcildliyinin hazırlanması haqqında tapşırıqlar vermişdi. Ancaq həmin vaxt Azərbaycan tarixinin çoxcildliyinin əsas hissəsi əlyazma şəklində hazırlansa da, I cilddə müəyyən məqamlar, xüsusilə Azərbaycan xalqının etnogenezi məsələsi ümummilli liderimizi razı salmadığı üçün onun çapı baş tutmamışdı. Ulu öndərin 1982-ci ildə Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsi və Moskvada məsul vəzifəyə irəli çəkilməsi, 1987-ci ilin oktyabrında Siyasi Büro üzvlüyündən və SSRİ Nazirlər Soveti Sədrinin I müavini vəzifəsindən istefa verməsi, bundan az sonra ermənilər tərəfindən ortaya atılan Dağlıq Qarabağ problemi ilə yaranan böhranla əlaqədar bu məsələ unudulmuş və arxa plana keçmişdi.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 31 yanvar 1997-ci ildə Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə bu münasibətlə demişdi: “Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər. Bizim tarixçilərimiz, bir tərəfdən, çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəli aparmağa çalışdı. Başqa respublikalarda tarixçilər pis də, yaxşı da olsa, hər halda öz xalqlarının tarixini yaza bildilər. Biz bunu edə bilmədik. Ancaq indi bir tərəfdən, bəlkə yaxşıdır ki, bunu edə bilməmişik. Çünki etsəydik də onu yenidən yazmalıydıq. İndi vəzifə bundan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır”.
Ulu öndərin Azərbaycan Prezidenti kimi bu birbaşa tapşırığı ilə çoxcildliyin düz bir il sonra, 1998-ci ildə başlanan nəşri 2003-cü ildə başa çatdı. Görünür, bu da taleyin bir qisməti imiş ki, Azərbaycan tarixinin çoxcildliyinin keçən yüzillikdə baş tutmayan nəşri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gerçəkləşdi. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il, “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il və “Azərbaycan Respublikasında Dövlət dili haqqında” 2 yanvar 2003-cü il tarixli sərəncamlarından sonra çoxcildlik Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə latın əlifbası ilə 2007-2008-ci illərdə yenidən işıq üzü gördü.
Azərbaycan xalqının zəngin tarixi keçmişi, mədəni irsi daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. O, bu abidələrin qorunmasına, bərpasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına böyük önəm verir və diqqət yetirirdi. XX yüzilliyin 70-ci illərində Qəbələ RLS tikilərkən erməni mühəndislərinin hazırladıqları plana əsasən, Azərbaycanın qədim paytaxt şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Qəbələ yaşayış məskəni dağıdılmalı idi. Bundan xəbər tutan ümummilli liderimiz məsələyə dərhal reaksiya vermiş, Kreml səviyyəsində danışıqlar apararaq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Qəbələ şəhər yerinin dağıdılmasının qarşısını almışdı.
Azərbaycanın tarixi coğrafiyasının öyrənilməsini yüksək qiymətləndirən Heydər Əliyevin hakimiyyətinin ilk illərində bilavasitə onun tapşırığı ilə Azərbaycan və rus dillərində “Azərbaycan SSR xəritələri” adlı atlas nəşr edildi. Həmin vaxt əleyhdarlarımız tərəfindən böyük səs-küylə qarşılanan atlas “Azərbaycan SSR xəritələri” adlansa da, orada Azərbaycan tarixinin qədim dövrlərindən başlayaraq 70-ci illərədək olan zaman çərçivəsinin xəritələri əks olunmuşdu.
Sovet hakimiyyəti illərində orta əsr şəhəri, həmin dövrün şəhərsalma prinsiplərini və ənənələrini çox gözəl şəkildə qoruyub saxlamış Ordubad şəhərində tikinti işləri aparılarkən şəhərin memarlıq üslubu pozulur, görkəminə xələl gətirilir, hətta bəzi tarix-mədəniyyət abidələri dağıntıya məruz qalırdı. Beləliklə, ulu öndər tərəfindən “Azərbaycanın incisi” kimi dəyərləndirilən Ordubad şəhəri müasirlik adı altında inşa edilən tikintilər hesabına öz əvvəlki görkəmini itirirdi. Bundan xəbər tutan Heydər Əliyev 1977-ci ildə Ordubadı “qoruq-şəhər” elan etmişdi. Bununla da şəhərin toxunulmazlığı təmin edilmişdi.
Azərbaycan arxeoloji irsinə və maddi-mədəniyyət nümunələrinə böyük maraq göstərən, onlara hörmət və ehtiramla yanaşan, diqqət və qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev Moskvada, SSRİ-nin ali rəhbərliyində işlədiyi zaman doğma yerlərə - Azərbaycana gələndə vaxtının məhdud olmasına baxmayaraq, ölkə ərazisində indiyədək qalan tarix-mədəniyyət abidələrini də ziyarət edirdi. 1983-cü ilin sentyabrında Azərbaycanda olarkən qədim mədəniyyət, elm, təhsil, ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Şabran şəhərinə getmiş, orada arxeoloji tədqiqatlarla tanış olmuş və bu işin genişləndirilməsini tövsiyə etmişdi. Bundan sonra, Şabranda bir neçə arxeoloji ekspedisiya fəaliyyətə başlamışdı. Həmçinin, həmin vaxt respublika rəhbərliyinə Azərbaycanın orta əsr şəhərlərinin tarixinin hərtərəfli öyrənilməsinin gücləndirilməsi haqqında tapşırıqlar verilmişdi. Tapşırıqlara uyğun olaraq, bir sıra Azərbaycan şəhərlərinin (Gəncə, Bərdə, Naxçıvan, Qəbələ və s.) qədim və orta əsrlər dövrü tarixinin sistemli şəkildə öyrənilməsi üçün arxeoloji ekspedisiyalar işə başlamış, aparılan tədqiqatların nəticəsi olaraq monoqrafiya və məqalələr yazılmışdı.
Heydər Əliyevin həyatının Naxçıvan dövrü də qeyd olunan istiqamətdə aparılan işlərlə zəngin olmuşdur. Məhz onun təşəbbüsü və sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı ildə keçirilən sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarılmış, muxtar respublikanın ali hakimiyyət orqanı olan “Ali Sovet” “Ali Məclis” adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı isə Naxçıvan MR-nın dövlət bayrağı kimi qəbul edilmişdi. Sessiyada, həmçinin sıravi xalq deputatı Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi əsasında 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət verilmişdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr 1991-ci ildə Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında 1989-cu ilin dekabrında baş verən “Sərhəd hərəkatı”nın baş verdiyi gün – 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan olunmuşdu. Naxçıvanda işlədiyi dövrdə Heydər Əliyev Naxçıvanın muxtariyyat statusuna qarşı yönəlmiş hücumları dəf etmiş, onu qoruyub saxlamışdı. 1992-ci ilin martında Türkiyədə olarkən ulu öndər 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələrinə əsasən “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır” fikrinin bir daha vurğulanmasına nail olmaqla, həm ölkə daxilində Naxçıvanın muxtariyyat statusunun ləğv olunmasına çalışanlara, həm bu işdə marağı olan xarici dövlətlərə, həm də düşmən Ermənistana sərt mesaj göndərmişdi. Beləliklə, həyata keçirilən bu tədbirlər nəticəsində Naxçıvanın muxtariyyat statusu qorunub saxlanmışdı. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi vaxt, həmçinin Azərbaycanda siyasi hakimiyyətinin II dövründə də Naxçıvanın tarixinə, tarix-mədəniyyət abidələrinə böyük diqqət və qayğı göstərmiş, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 1993-1998-ci illərdə Naxçıvanda aparılan abadlıq və quruculuq işlərini ümumiləşdirərək qeyd etmişdir ki, Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da quruculuq və bərpa işləri genişlənmişdir. Bu dövrlərdə muxtar respublikada 20 məktəb binası, uzunluğu 240 olan 30 körpü tikilərək istifadəyə verilmişdir. Yusif Məmmədəliyevin, M.S.Ordubadinin və Cəmşid Naxçıvanskinin ev muzeylərinin, Zərifə xanım Əliyeva adına Naxçıvan şəhər poliklinikasının, Naxçıvan Dövlət Dram Teatrının, Respublika Mədəniyyət Sarayının, tarixi Əshabi-Kəhf ziyarətgahının və İmamzadə kompleksinin binalarının əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilməsi, Hüseyn Cavidin monumental abidəsinin tikintisi, C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının fəaliyyətə başlaması və onun üçün müasir tələblərə cavab verən yeni binanın istifadəyə verilməsi 70-ci illərdən başlanan quruculuq tədbirlərinin məntiqi davamıdır.
Nəzərə alsaq ki, sadalanan bu işlər müstəqil Azərbaycan dövlətinin yenicə qurulduğu, hələ möhkəmlənmədiyi, iqtisadi çətinliklər içərisində olduğu bir zamanda yerinə yetirilmişdir, onda bu işlərin miqyası və böyük çətinliklərin dəf olunması hesabına həyata keçirilməsi haqqında aydın təsəvvür yaranar.
Qeyd etmək lazımdır ki, Naxçıvanın tarixi məsələləri, Naxçıvanın maddi-mədəniyyət abidələri müstəqil Azərbaycan dövlətinin Prezidenti kimi də daim ulu öndərin diqqət mərkəzində olmuşdur.
Naxçıvanın muxtariyyat statusuna böyük əhəmiyyət verən Heydər Əliyev 4 fevral 1999-cu ildə “Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında” xüsusi sərəncam imzalamışdı. 11-14 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının təşkil olunmasının 75 illiyində iştirak etmək üçün Naxçıvana gələn ulu öndər muxtar respublikada bu münasibətlə keçirilən tədbirlər çərçivəsində milli memarlığımızın möhtəşəm abidəsi, XII əsrdə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaratdığı Möminə xatın türbəsini ziyarəti zamanı çıxış edərkən tarix-mədəniyyət abidələrimizə Naxçıvan Muxtar Respublikasında göstərilən diqqət və qayğı məsələsinə də toxunmuş və demişdi: “Hesab edirəm ki, son illərdə gördüyünüz iş yüksək qiymətə layiqdir. Mən bunu çox yüksək qiymətləndirirəm, çox məmnun olduğumu bildirmək istəyirəm. Bu işi davam etdirmək lazımdır. Bu işi davam etdirmək üçün nə qədər vəsait lazım olsa – Naxçıvanın başçısına, Ali Məclisin sədrinə deyirəm – mən bunu əsirgəməyəcəyəm. Çünki bu, bizim müstəqil dövlətimiz üçün, gələcək nəsillər üçün çox lazımdır”.
Ulu öndərin tapşırığı ilə bundan az sonra 2003-cü ildə Möminə xatın türbəsi və Qarabağlar memarlıq kompleksində xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə əsaslı şəkildə bərpa və təmir işləri aparılmışdı. Naxçıvanın maddi-mədəniyyətinin, xüsusən Gəmiqaya abidəsinin ümumbəşəri dəyərini və xalqımızın tarixinin öyrənilməsində elmi əhəmiyyətini yüksək qiymətləndirən Heydər Əliyev 2001-ci ildə muxtar respublikanın ərazisində geniş arxeoloji tədqiqatlar aparılmasını bir vəzifə kimi qarşıya qoymuşdu.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov 26 aprel 2001-ci ildə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” sərəncam imzaladı. 2001-ci ilin avqustunda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, AMEA REM, NDU əməkdaşlarının iştirakı ilə Gəmiqayaya elmi ekspedisiya təşkil edildi, abidənin əsaslı şəkildə yenidən öyrənilməsinə başlandı. Ulu öndərin təşəbbüsü, tövsiyə və tapşırıqları əsasında Ordubad rayonunun ucqar ərazidə yerləşən Nəsirvaz kəndi yaxınlığındakı dəniz səviyyəsindən 3906 m yüksəklikdə yerləşən Gəmiqaya abidəsinin sonrakı illərdə də tədqiqinin sistemli şəkildə həyata keçirilməsi dahi şəxsiyyətin Naxçıvanın maddi-mədəniyyət abidələrinin dərindən, ətraflı və hərtərəfli şəkildə öyrənilməsinə diqqət və qayğısının parlaq ifadəsidir.
Tariximizə, mədəniyyət abidələrimizə diqqət və qayğı ulu öndərin Azərbaycanda siyasi hakimiyyətinin ikinci dövründə özünü daha qabarıq şəkildə büruzə vermişdir. İlk növbədə, tarix və mədəniyyət abidələrinin tədqiqi, təbliği və qorunması məsələlərinin qanuniləşdirilməsi, bu məsələnin qanunla tənzim olunması məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi dahi şəxsiyyətin tövsiyəsi əsasında 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsi ilə tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşılması, ona qayğı göstərilməsi, tarix və mədəniyyət abidələrinin qorunması hər bir vətəndaşın konstitusiya vəzifəsi kimi təsbit olundu. Ulu öndər Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” qanunları təsdiq etmişdi.
Ümummilli liderin Azərbaycanda hakimiyyətə qayıdışından sonra da onun fəaliyyətində Azərbaycan tarixinin bir sıra problemlərinin yaranmış şəraitdən istifadə edərək yenidən işlənməsi, sovet hakimiyyəti illərində yasaq olunmuş mövzuların tədqiqi diqqət mərkəzində olmuşdur. Bu cəhətdən Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” sərəncamları xüsusilə qeyd etmək lazımdır. Məhz bu sərəncamlardan sonra XX yüzillikdə tədqiqinə yasaq qoyulmuş, üstündən sükutla keçilmiş ermənilərin XX əsr boyu başımıza gətirdiyi müsibətlər, xalqımıza qarşı həyata keçirdiyi soyqırımları və s. sistemli tədqiqat obyektinə çevrildi, bu məsələ ilə əlaqədar dissertasiyalar müdafiə olundu, çoxlu monoqrafiya, kitab və məqalələr nəşr edildi. Bu iş indi də davam etdirilməkdədir.
Həmçinin, ulu öndərin səyləri nəticəsində Azərbaycan tarixində böyük xidmətləri olan bir sıra görkəmli şəxsiyyətlərin (Fətəli xan Xoyski, Nəriman Nərimanov və s.) üzərindən yasaq götürüldü. Bəzi şəxsiyyətlərin həddindən artıq ideallaşdırılması, bəzilərinin isə kölgədə qalması ilə barışmayan ümummilli lider hər bir şəxsiyyətin layiq olduğu qiyməti alması üçün bir sıra tədbirlər həyata keçirdi. O, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı sahəsində xidməti olan şəxsiyyətlərin xalqa tanıdılması, adlarının əbədiləşdirilməsi məqsədi ilə onların heykəllərini qoydurdu. O illərdə müasirlərinin əməyi yüksək səviyyədə qiymətləndirildi, hətta Sovet İttifaqının ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adı və digər orden-medallarla təltif olundu. Orta əsrlərdən üzü bəri görkəmli şair və yazıçılarımızın, tarixi və ədəbi abidələrimizin yubileyləri keçirildi, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayan kinofilmlər çəkildi, bədii əsərlər yazıldı.
Dahi şəxsiyyət bu dövrdə XIX-XX əsrlər tarixinin öyrənilməsinə xüsusi diqqət yetirir və qeyd edirdi ki, başqa dövrlərdən fərqli olaraq XIX-XX əsr tariximiz daha çox təhrif edilmişdir. Ona görə də o, 1997-ci il yanvarın 31-də EA-nın həqiqi və müxbir üzvləri ilə görüşündə tarixçilərin qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin obyektiv, olduğu kimi yazılmasını təxirəsalınmaz vəzifə kimi qoymuş və demişdir: “İndi akademiyanın qarşısında duran vəzifələrdən biri də Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır”.
XX yüzilliyin əvvəllərində Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə çox yüksək qiymət verən ulu öndər onu yaradan şəxsiyyətlərə də çox rəğbətlə yanaşırdı. Məhz buna görə də dahi şəxsiyyət 30 yanvar 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” sərəncam imzaladı. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 29 dekabr 2000-ci ildə “Yeni il, yeni əsr və üçüncü minillik” münasibəti ilə Azərbaycan xalqına müraciət etmişdir. Bu müraciətdə Azərbaycan tarixinə, Azərbaycan xalqının keçdiyi tarixi yola ulu öndər səriştəli bir tarixçi kimi nəzər salmış, XIX-XX yüzilliyin tarixinə xüsusi diqqət yetirmişdi.
Ümummilli lider Heydər Əliyevin həmin müraciətini “Azərbaycanın tarixi salnaməsi” kimi səciyyələndirən akademik İ.Hacıyev yazır ki, burada yaxın tarixə yığcam şəkildə və müdrikcəsinə baxılmış, baş verənlərə düzgün və obyektiv qiymət verilmişdir. Bu mühüm siyasi sənəddə Azərbaycan gerçəkliyi dünyada gedən proseslərin fonunda və onun bir hissəsi kimi məharətlə təhlil olunur. Keçmişimizin və müasir tariximizin elmi-nəzəri proqnozlarını verən bu müraciətdə xalqımızın keçdiyi tarixi yola dərindən nəzər salınır, mühüm tarixi proseslərə, hadisələrə, tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir, prinsipial münasibət bildirilir. Ulu öndər müraciətdə kamil tarixçi səriştəsi ilə dərin elmi-nəzəri təhlil aparmış, XX yüzillikdəki tariximizi dövrləşdirmiş və onu dörd mərhələyə (1. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəminin yaranması mərhələsi; 2. Çar Rusiyası dağılandan sonra ölkəmizin ilk dəfə müstəqilliyi əldə etdiyi dövr - Azərbaycan Xalq Cümhuriyyəti mərhələsi; 3. 1920-ci ilin aprelindən 18 oktyabr 1991-ci ilə qədər olan mərhələ; 4. 18 oktyabr 1991-ci ildə “Müstəqillik haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə başlanan mərhələ) ayırmışdır. Heydər Əliyev xalqımızın XX yüzillikdəki tarixini elə dövrləşdirmişdir ki, bu tarixi başqa cür etmək, ümumiyyətlə, mümkün deyil.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması və nəşr olunması barədə” 6 avqust 2012-ci ildə imzaladığı sərəncama uyğun olaraq 2013-cü ilin sonlarında Əcəmi nəşriyyatında Naxçıvan tarixinin I cildi çapdan çıxdı. Ümummilli liderin 90 illik yubileyinə, eyni zamanda, Azərbaycan tarixşünaslıq elminə böyük töhfə olan bu əsər ulu öndərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixinin obyektiv, dərindən və hərtərəfli öyrənilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində atılan növbəti nəhəng bir addım oldu.
Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin tariximizə, mədəniyyətimizə, maddi-mədəniyyət abidələrimizə hörmət, ehtiram, diqqət və qayğısı sahəsində müəyyənləşdirdiyi siyasi kursu Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət büdcəsində elmə ayrılan vəsaitin, alimlərin, o cümlədən tarixçilərin əmək haqlarının, elmi dərəcələrə görə verilən maaşların artırılması, AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya institutlarına Prezidentin Ehtiyat Fondundan böyük məbləğdə vəsaitlərin ayrılması və sair tədbirlər bu diqqət və qayğının təzahürü kimi diqqəti cəlb edir. Bu qayğının nəticəsidir ki, Azərbaycan ərazisində 40-dan artıq arxeoloji ekspedisiya tədqiqatla məşğul olur, tarix və mədəniyyətimizin müxtəlif problemlərinə aid geniş tədqiqatlar aparılır, fundamental əsərlər yazılır.
İnanırıq ki, Azərbaycan tarixçiləri yüksək dövlət qayğısına cavab olaraq öz qüvvələrini səfərbər edəcək, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixçilər qarşısında qoyduğu vəzifələrin, həmçinin Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının uğurla yerinə yetirilməsi, Azərbaycanın tarix və mədəniyyətinin tədqiqini gözləyən problemlərinin öyrənilməsi üçün səylə çalışacaqlar.
Fəxrəddin SƏFƏRLİ,
AMEA Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru,
tarix elmləri doktoru, professor, Naxçıvan MR Ali Məclisinin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.