Azərbaycanın xarici siyasəti hər sahədə öz uğurlu nəticələrini verməkdədir

Bizim Avropa Şurasındakı uğurlu fəaliyyətimiz vəziyyəti tamamilə dəyişdiribdir. Çünki keçən ilin yanvar ayında Azərbaycana  qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni hazırlayan deputat, demək olar  ki, tamamilə biabır olmuşdur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində  geniş nitqlə çıxış edən Prezident İlham Əliyev  ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun gündən-günə artmasından, bu tərəqqi və inkişafımıza əngəl törətmək istəyən qüvvələrin getdikcə daha tez-tez ifşa olunmasından söz açmış,  həmin  işdə müvafiq qurumların öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini vurğulamışdır.

Ölkəmizin uğurlarına sevinən əcnəbi ekspertlər yazırlar ki, 2014-cü il  Azərbaycan diplomatiyası və bu ölkənin xarici siyasətini yeridənlər üçün kifayət qədər önəmli və əlamətdar olacaq. Bunu cənab dövlət başçımızın həmin müşavirədə sadaladığı çoxsaylı fakt və arqumentlər də sübut edirdi. 

Azərbaycan may ayının son günlərindən   Avropa Şurası Parlament Assambleyasının Nazirlər Komitəsinə sədrliyə başlayıb.  Bu qəbildən olan məsələlərin    tez-tez gündəliyə gətirilməsi isə Azərbaycan diplomatiyasının son günlər  kifayət qədər fəallaşması ilə əlaqələndirilir.

Dövlət başçımızın son  zamanlar eşitdiyimiz bütün çıxış və nitqlərində olduğu kimi, səfirlərlə növbəti görüşündə də xarici siyasətimizin əsas konturları barədə müfəssəl məlumatlar yer almışdı: “Xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənmişdir, müxtəlif səylər göstərilmişdir. Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir”.

Azərbaycan Prezidenti həm bu ilin aprelində Praqada, həm ötən ay Strasburqda, həm də Bakıdakı son üç möhtəşəm tədbirdə olduğu kimi, yenə də beynəlxalq ictimaiyyəti Ermənistana qarşı heç bir sanksiya tətbiq etməməkdə, Azərbaycana münasibətdə isə ikili standartlardan əl çəkməməkdə ittiham etdi. Özü də daha kəsərli , daha aydın və konkret şəkildə:  “Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik.

Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi, əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur".

Dövlət başçımız bir daha, bütün beynəlxalq təşkilatların eşidə biləcəyi tərzdə bəyan etdi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.

Diqqəti başqa bir məqama yönəldək. Ölkənin politoloq  və siyasi ekspertləri qətiyyətlə söyləyirlər ki, ümummilli liderimiizin  siyasi müdrikliyi bu gün artıq xarici siyasətimizin möhtəşəm uğurlarında  da öz təsdiqini tapır. Bu, bir həqiqətdir ki, bizim respublikamızla eyni zamanda dövlət müstəqilliyinə qovuşmuş ölkələrin heç birində Azərbaycandakı kimi hərtərəfli islahatlar aparılmaması ilə yanaşı, həmin ölkələrin heç birində bizdəki qədər diplomatik nailiyyətlər əldə edilməyib. Qeyd  edilən nəticənin bir səbəbi ulu öndər Heydər Əliyevin xarici siyasət kursumuza verdiyi tarixi önəm idisə, digər səbəbi də Prezident İlham Əliyevin peşəkar diplomat olması  və öz siyasi fəaliyyəti dövründə xalqın möhtəşəm etimadını qazanmasıdır.

Yaxud, qeyd olunur ki, coğrafi baxımdan Qərb ilə Şərqin qovuşuğunda, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən, zəngin neft-qaz ehtiyatlarına malik olan, Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanmasında və möhkəmləndirilməsində başlıca amillərdən biri olaraq qalır.  Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin uğurla yürütdüyü xarici siyasətimizin əsas istiqamətləri bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanın inkişaf etdirilməsindən, ölkəmizin  ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsindən, dövlətimizin  təhlükəsizliyinin, siyasi müstəqilliyinin təmin olunmasından, suverenliyimizin  və  respublikamızın ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılmasından ibarətdir.

  Prezidentin  son çıxışlarında dəfələrlə qeyd etdiyi kimi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması,  qonşu ölkələrlə  qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi, regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Bu zaman gənc müstəqil respublikamızın  NATO, Avropa Birliyi, Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiyasının əhəmiyyətini xüsusilə vurğulamalıyıq. 

Beynəlxalq aləmdəki dostlarımızın və siyasi tərəfdaşlarımızın respublikamız haqqında qələmə aldıqları çoxsaylı hesabatlarda qeyd edildiyi kimi ,  son 10 il ərzində Azərbaycan dövləti kəmiyyət və  keyfiyyətcə çox  ciddi nailiyyətlərə imza atıb. Məsələn,  ölkədə  daxili siyasi sabitliyin yaradılması və uzunmüddətli xarakter alması, iqtisadiyyatda əldə edilmiş uğurlar və bunun təsiri ilə dövlətin iqtisadi qüdrətinin artması, beləliklə də xarici asılılığın tamamilə aradan qalxması bizim diplomatik uğurlarımızın sırasındadır. Eyni zamanda, ölkənin xarici siyasət kursunu müəyyən edən şəxsin, yəni, dövlət başçısının milli maraq və mənafelərimizin  qorunmasını əsas şərt kimi ortaya qoyması və nəhayət,  xarici siyasətdə peşəkar yanaşmanın gücləndirilməsi də dövlətimizə xüsusi uğurlar gətirir.

2003-cü ildə keçirilmiş  prezident seçkilərindən ötən müddət   ərzində Azərbaycanın xarici siyasətinin ən mühüm nailiyyətlərindən biri kimi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması göstərilə bilər.   Azərbaycan bu strateji əhəmiyyətli layihənin reallaşması üçün diplomatik səyləri artırmış və onu regional siyasətinin əsas prioritetlərindən biri halına gətirmişdir. 2004-cü il iyunun 14-də Tiflisdə Gürcüstanın Prezidenti Mixail Saakaşvili ilə birgə keçirmiş mətbuat konfransında Prezident İlham Əliyev bu məsələnin nə qədər vacib olduğunu söyləmiş,  2004-cü il  avqustun əvvəllərində  Ankarada keçirilmiş Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin inkişafı və Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi üzrə danışıqlara həsr olunmuş görüşdə məsələ reallaşdırılmağa daha da yaxın olmuşdur.  Nəhayət , 2005-ci ilin  may ayında, Bakı şəhərində Azərbaycan Gürcüstan və Türkiyə prezidentlərinin Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsinin həyata keçirilməsinin sürətləndirilməsi haqqında birgə bəyanatı imzalanmışdır.

 Prezidentin qeyd etdiyi kimi, ölkəmizin xarici siyasətində prioritet sahələrdən biri də   Azərbaycanın Avropa İttifaqı  ilə əməkdaşlığa önəm verməsidir. Belə ki, son on ildə bu məsələ  ölkənin təhlükəsizlik ehtiyacları çərçivəsindən kənara çıxaraq iqtisadi, siyasi və sosial sahələrdə də genişlənib. Avropa Qonşuluq Siyasəti çərçivəsində 2006-cı ildə Avropa İttifaqı – Azərbaycan Fəaliyyət Planı qəbul edilmişdir. Bu plan Azərbaycan və Avropa İttifaqı  arasında siyasi dialoqu gücləndirir, siyasi, iqtisadi və institusional islahatlar sahələrində əməkdaşlığı inkişaf etdirir, əməkdaşlığın keyfiyyətcə yeni  müstəviyə qaldırılması üçün əsaslar yaradır.

 Dövlət başçımızın  peşəkar diplomat və təcrübəli dövlət xadimi kimi həyata keçirdiyi xarici siyasətin uğurlu addımlarını təkcə respublikamızın  ikitərəfli əməkdaşlıq etdiyi ölkələrlə münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsindəki çoxtərəfli əməkdaşlığımızda da görürük. Azərbaycan Respublikasının  böyük səs üstünlüyü ilə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi  də  onun ötən 10 il ərzində  dövlətimizin yeritdiyi xarici siyasətin əsas nailiyyətlərindən biridir. Ekspertlərin fikrincə, bu nəticənin əldə edilməsində Azərbaycanın fəal xarici siyasət aparması, xarici ölkələrdəki diplomatik təmsilçiliklərin sayını dəfələrlə artırması, coğrafi baxımdan uzaqda yerləşməsinə baxmayaraq yeni-yeni ölkələrlə uğurlu ikitərəfli münasibətlərin formalaşdılması, nəhayət, BMT Baş Assambleyası çərçivəsində intensiv iş, effektiv lobbiçilik və çoxsaylı xarici səfərlər əsas rol oynayıb. 

  Türkiyə mətbuatının yazdığı kimi, Prezident İlham Əliyevin xarici siyasətdə ən böyük önəm verdiyi məsələlərdən biri də formalaşdırılmış ənənəvi diplomatiyanın hücum diplomatiyası taktikası ilə  əvəz edilməsidir.  Nəticədə xarici siyasətin daha dinamik forma alması, bu siyasəti həyata keçirən qurumlar arasında koordinasiyanın gücləndirilməsi üçün Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin Bakı müşavirələrinin ənənəsi qoyulub. İlk belə müşavirə 2004-cü il iyulun 27-də keçirilib. Həmin müşavirədə çıxış edən Prezident İlham Əliyev səfirlərin qarşısında Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması üçün informasiya sahəsində “hücum diplomatiyası” vəzifəsini qoyub.

Prezidentin bu il aprelin 24-də Praqada  Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının 5 illiyinə həsr edilmiş sammitdəki kəsərli çıxışı, xüsusən, Ermənistan prezidenti Serj Sarkisyanın cəfəng bəyanatlarına tutarlı cavablar verməsi məhz həmin hücum diplomatiyasının növbəti mərhələsini təzahürü idi. Dövlət başçımız həmin çıxışı ilə təkcə Ermənistana və onun havadarlarına mesaj vermirdi. Həm də bütün dünya siyasətçilərinə xatırladırdı ki, cənablar, artıq ikili standartlardan əl çəkməyin vaxtıdır.

Dövlət başçımızın apreldə Praqada ATƏT tribunasından, iyunda Strasburqda AŞPA tribunasından, sonra Bakıda yenə də ATƏT tribunasından, nəhayət, xarici ölkələrdəki diplomatik xidmət orqanlarının rəhbərləri ilə beşinci görüşdə söylədiyi fikir və arqumentlər bir daha sübut edir ki,  gənc müstəqil respublikamızın  beynəlxalq aləmə sürətli inteqrasiyasını təmin edən Heydər Əliyev siyasi kursu cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, xarici siyasətdə də öz  uğurlu nəticələrini verməkdədir.

 

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında