(əvvəli qəzetin 18 iyul 2014 - cü il tarixli sayında)
Azərbaycan xalqının XX əsrdə yaşadığı ən dəhşətli faciələrdən biri olan Xocalı soyqırımının tanıdılması və anılması, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, bu günə qədər Amerika Birləşmiş Ştatlarının 15 ştatında, eləcə də Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Honduras, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina parlamentlərində Xocalı soyqırımı rəsmən tanınmış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilmiş, o cümlədən ölkəmiz bu dövlətlər tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilmişdir.
Göründüyü kimi, artıq müstəqil dövlətimiz bütün sahələr üzrə inkişafını davam etdirir, beynəlxalq aləmdə müqavilələrini daha da möhkəmləndirir, xüsusilə, xarici siyasət sahəsindəki uğurlarını intensivləşdirir. Məhz bunun nəticəsidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində dövlət başçısı İlham Əliyevin mövqeyi dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri tərəfindən yüksək qiymətləndirilir və müdafiə olunur. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir.
Azərbaycanın yüksələn iqtisadi gücü, dünyada artan nüfuzu bizə imkan verir ki, bundan sonra da ölkəmiz prinsipial xarici siyasət yürütsün. Bu siyasət beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılanır və Azərbaycanın beynəlxalq nüfuzu, ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Azərbaycan dünyada, beynəlxalq arenada artıq özünü etibarlı tərəfdaş və etibarlı dost kimi təsdiq edə bilmişdir.
Bunun nəticəsidir ki, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155 – nin dəstəyini qazanaraq inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan, ötən on il ərzində stabil inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki əməlləri ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır. Bu, müstəqillik illərində ölkəmizin davamlı inkişafına, dünyada qazandığı hörmətə, qlobal təhlükəsizliyə töhfələrinə verilən beynəlxalq qiymət olmuşdur.
Beynəlxalq təhlükəsizliyə töhfə verən ölkə kimi, iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüququ və ədaləti müdafiə etmişdir. Belə ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında dünyada təhlükəsizliyin və sülhün bərqərar olması, eləcə də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına dair beynəlxalq gündəlikdə duran ən aktual məsələlər üzrə müxtəlif səviyyələrdə müzakirələr və qərarların qəbul edilməsində bilavasitə iştirak etmişdir. İki il ərzində Azərbaycan iki dəfə – 2012-ci ilin mayında və 2013-cü ilin oktyabrında Təhlükəsizlik Şurasına sədrlik etmiş və bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr, eləcə də yüksək səviyyəli tədbirlər təşkil etmişdir. 2012-ci ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi və BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə Təhlükəsizlik Şurasının “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdidlər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası keçirilmiş və yekun sənəd kimi Təhlükəsizlik Şurası sədrinin bəyanatı qəbul edilmişdir.
2013-cü ilin oktyabrından etibarən BMT Təhlükəsizlik Şurasında başlayan ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə qurumun “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclası təşkil edilmişdir. Azərbaycanın Təhlükəsizlik Şurasında fəaliyyəti müddətində dörd qətnamə, o cümlədən Afrika və Yaxın Şərqlə bağlı bir sıra sənədlər qəbul olunmuşdur. Afrikadakı Böyük Göllər bölgəsinə regional səfərlər təşkil edilmiş və Afrika Birliyinin BMT Təhlükəsizlik Şurası ilə birgə tədbirləri həyata keçirilmişdir.
BMT Təhlükəsizlik Şurası ilə yanaşı, Azərbaycan BMT-nin digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığını davam etdirmişdir. Bir çox hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni formalarının müəyyən edilməsində və səmərəliliyinin artırılmasında mühüm rol oynamışdır.
Son iki il ərzində ölkəmizin İsveçrə Konfederasiyasında, Avstraliya İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulluğu, Kolumbiya və Uruqvayda isə təmsilçilik ofisləri açılmışdır. Azərbaycanda isə Əfqanıstan İslam Respublikasının, Sudan Respublikasının, Kolumbiya Respublikasının, İsveç Krallığının, İspaniya Krallığının və Malayziyanın səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluq və nümayəndəlikləri fəaliyyətə başlamışdır. Hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Bununla yanaşı, ölkəmizin dünyada artan imicinin nəticəsi kimi, MDB ölkələrindən yeganə olaraq Azərbaycan Meksikada keçirilən “Böyük iyirmilik”in (G-20) üzvü olan ölkələrin xarici işlər nazirlərinin işçi toplantısına dəvət aldı. Seulda keçirilən nüvə təhlükəsizliyinə qarşı mübarizəyə həsr olunmuş Sammitdə, NATO-nun Çikaqo zirvə toplantısında Prezident İlham Əliyevin məntiqli çıxışı çox maraqla qarşılanmışdır.
Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin mərkəzinə, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevrilmişdir. 2011 və 2013-cü illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxararaq qlobal səviyyəyə qaldırılmışdır. Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyada tanınmış ictimai-siyasi xadimlərin iştirakı ilə Bakı Beynəlxalq Humanitar Forumu artıq ənənə halını almışdır.
Bununla yanaşı, “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumuna, Madrid Klubunun toplantısına, Birinci Cənubi Qafqaz Forumuna, Avronest Parlament Assambleyasının Avropadan kənarda ilk iclasına, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assamleyasına, BMT-nin VII İnternet İdarəçilik Forumuna və digər möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bir daha göstərdi ki, ölkəmiz Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli məkandır və Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur.
2014-cü ilin iyun ayında Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsində sədrliyə başlamışdır. Dövlət başçımız Avropa Şurasının Parlament Assambleyasında nitqində dinamik şəkildə inkişaf edən ölkəmizin prioritetlərini çox məntiqlə və lakonik şəkildə Avropa parlamentarilərinin diqqətinə çatdırması mühüm əhəmiyyət kəsb edir və artıq dünyanın bir sıra aparıcı KİV-lərində geniş təhlil olunur. Eləcə də İlham Əliyevin Bakıda ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasının açılışı zamanı çıxışında Azərbaycanın sürətli iqtisadi inkişafını nümayiş etdirdiyini vurğulamaqla yanaşı, əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltmiş və qeyd etmişdir ki, bu münaqişə region üçün əsas təhlükə mənbəyidir. Gərginliyin azaldılması, etimad doğuran mexanizmlərin yaradılması tədbirlərin gücləndirilməsi üçün ən münasib yol erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması ola bilər. Dövlət başçısı Azərbaycanın ayrı-seçkiliyə əsaslanan yanaşmanın şahidi olduğunu bildirərək demişdir: “...Buna görə də ümumi meyarların, beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsi mexanizmlərinin işlənib hazırlanması Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi bizim, o cümlədən beynəlxalq ictimaiyyət üçün prioritetlərdən biridir. Belə olmasa, mühüm təşkilatların qərarları kağız üzərində qalacaqdır. Həmin təşkilatlara olan etimad da azalacaqdır.
“ Eyni zamanda, cənab Prezident beynəlxalq hüquq normalarının qlobal səviyyədə bərqərar olunması üçün mexanizmlərin işlənib hazırlanması və beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra mexanizmləri vacibliyini diqqətə çatdıtmışdır.
Göründüyü kimi, ümummili lider Heydər Əliyevin siyasi kursunu layiqincə və çox uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını daim üstün tutduğunu nümayiş etdirir. Ümummilli lider tərəfindən müəyyənləşdirilmiş prinsiplərə sadiq qalan dövlət başçısı İlham Əliyev ölkəmizin xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir.
Aparılan danışıqlar prosesində dövlət başçısı cənab İlham Əliyevin dəfələrlə və birmənalı olaraq “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır”—fikrini irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərtilə münaqişənin ədalətli şəkildə həll olunacağı ilə bağlı ümidləri daha artırmışdır. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdir ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, dünya birliyi heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaqdır.
Prezident İlham Əliyev Azərbaycan xalqı və dövlətinin və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulamışdır. Ona görə də, ancaq Azərbaycan xalqının iradəsinə, gücünə arxalanmağın vacibliyini bildirən dövlət başçısı bu məqsədlə iqtisadiyyatımızı və ordumuzu gücləndirməyin zəruriliyini də qeyd etmişdir: “Biz danışıqlar aparırıq, ancaq bununla bərabər, hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etməyə hazır olmalıyıq”.
Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, bu gün Azərbaycanın düşünülmüş konseptual yanaşmaya söykənən xarici siyasət strategiyasının çox uğurla həyata keçirilməsi respublikamızın dünya miqyasında nüfuzunu xeyli yüksəltmiş, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici siyasət strategiyasının dinamik şəkildə inkişaf etdirilməsi, müstəqil dövlətimizin artan gücü və nüfuzu hesabına dünya birliyində mövqelərinin möhkəmlənəcəyinə olan ümidləri daha da artırmışdır.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti,
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin
Qarabağ Araşdırmalar Mərkəzinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.