Naxçıvan: strateji inkişaf hədəflərinə doğru Naxçıvan Muxtar Respublikası - 90

Birinci Dünya müharibəsinin yaratdığı qlobal proseslər nəticəsində Qafqaz regionunun siyasi xəritəsində də dəyişikliklərin əsası qoyulmuş və çar Rusiyasının regiondakı mövqeyi xeyli zəifləmişdi. Lakin Rusiya imperiyası bu məğlubiyyətlə barışmaq istəmirdi.  1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin iki il sonra hərbi işğala məruz qalması imperiya siyasətini davam etdirən sovet Rusiyasının təcavüzkar niyyətinin nəticəsi idi.

Çar Rusiyası kimi,  Sovet İttifaqı da erməni millətçilərindən istifadə etməklə, Azərbaycana qarşı hərbi-siyasi təzyiqləri artırırdı. Ermənilər gah “əzilən irq” adı altında silahlandırılır, gah da rusların müttəfiqi kimi təqdim olunurdu. Bütün bu proseslər Naxçıvan bölgəsində də ictimai-siyasi sabitliyi pozurdu. Belə olan şəraitdə Naxçıvanın  ziyalıları, siyasi və dövlət xadimləri yaranmış təhlükələri dəf etmək üçün çıxış yolları axtarırdılar. 1918-ci ildə paytaxtı Naxçıvan şəhəri olmaqla, Araz-Türk Dövlətinin yaranması da məhz bu istiqamətdə atılmış mühüm tarixi addımlardan idi. Tarixi araşdırmalar təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Araz-Türk Respublikası rəhbərliyi arasında Azərbaycan torpaqlarının birləşdirilməsi və təhlükələrin qarşısının alınması məsələlərinə dair heç bir fikir ayrılığı olmamışdır.  Araz-Türk Respublikasının yaradılmasında yeganə məqsəd Naxçıvanın üzləşdiyi təhlükələri aradan qaldırmaq idi.

Tanınmamış Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil edilməsi ilə regiondakı təhlükələr  tədricən aradan qaldırılırdı. Lakin 1920-ci il aprelin 28-də sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi Naxçıvan üçün yeni işğal təhlükəsi yaratdı. Bundan üç il sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası təsis edildi.

SSRİ-nin yaranmasından sonra erməni millətçiləri və təcavüzkar Ermənistan dövlətinin rəhbərləri Sovetlər Birliyində daim dəyişən ictimai-siyasi proseslərdən yararlanaraq Naxçıvana qarşı əsassız ərazi iddialarını gerçəkləşdirməyə cəhdlər etmişlər.  Ötən əsrin 60-cı illərində SSRİ-yə rəhbərlik etmiş N.S.Xruşşovun siyasi hakimiyyəti dövründə bu təhlükələr daha da şiddətlənmişdi. Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ermənilərin Naxçıvanla bağlı mənfur planlarını pozdu.

SSRİ-nin süqutu ərəfəsində ermənilərin Naxçıvana qarşı əsassız iddiaları yenidən siyasi gündəmə gətirildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətdən daha təhlükəlisi Naxçıvanın işğalına hesablanmış  planlar idi. Həmin gecə erməni basqınçıları Ermənistandakı sovet ordusunun hərbi hissələrinin birbaşa köməyi ilə bütün imkanlardan istifadə edərək Naxçıvanın ən strateji yüksəkliklərindən sayılan Sədərək məntəqəsinə hücum etdilər.

 Məqsəd, ilk növbədə, Türkiyə ilə Azərbaycan arasında  yeganə quru əlaqəsi olan həmin ərazini ələ keçirmək idi. Bunun üçün Sədərəkin müdafiəsinə cəmlənmiş muxtar respublikanın qüvvələrini yayındırmaq üçün düşmənin Şada, Buzqov, Axura, Havuş, Günnüt və digər kəndlər istiqamətində hücumları daha da intensivləşdi. Sədərək kəndinin yüksəklikləri isə bir neçə saatlığa erməni daşnaklarının əlinə keçsə də, sonradan düşmən geri oturduldu. Qeyd etmək lazımdır ki, 1990-cı il yanvarın 15-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdur.

Belə bir vaxtda Naxçıvan MSSR Ali Soveti SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etdi. Naxçıvanın muxtar statusu ilə bağlı 1921-cu ildə imzalanmış “Qars müqaviləsi”nin şərtləri Naxçıvanın SSRİ-nin tərkibindən çıxması  barədə Naxçıvan MSSR Ali Sovetinin bu qərarına hüquqi əsaslar verirdi. Qeyd etmək yerinə düşər ki,  Naxçıvanın erməni yaraqlılarından təmizlənməsində Osmanlı ordusunun sərkərdəsi Kazım Qarabəkir paşanın, “Qars müqaviləsi”nin hazırlanmasında dövrünün nüfuzlu siyasi və dövlət xadimi Behbud ağa Şahtaxtinskinin misilsiz tarixi xidmətləri olmuşdur. Naxçıvana muxtar status alınmasının “Qars müqaviləsi”nə daxil edilməsi istiqamətində B.Şahtaxtinskinin apardığı bütün danışıqlarda bölgənin qədim Azərbaycan torpağı olması, əhalinin mütləq əksəriyyətini müsəlman azərbaycanlıların təşkil etməsi və əhalinin heç bir halda Azərbaycan dövlətindən ayrı yaşamağa razılaşmayacağı kimi ciddi həqiqətləri önə çəkilmiş və bütün bunlar öz bəhrəsini vermişdi.

1988-1993-cü illərdə  Azərbaycanda yaranmış hərbi-siyasi gərginlik, hərtərəfli böhran həddi Naxçıvanda da normal həyat tərzini pozmuşdu. Ermənistan tərəfi muxtar respublikanı işğal etmək üçün bütün imkanlarını işə salmışdı. Ulu öndər Heydər Əliyev məhz belə bir ağır vəziyyətdə özünü Naxçıvanın harayına çatdırdı.  Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: “...O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi dünyanın nəzərini Naxçıvana yönəltdi. Ulu öndərimizin  siyasi fəaliyyətinin çoxşaxəliyi və dəqiq strategiyası Naxçıvanın gələcək işıqlı həyatını təmin etdi, işğal təhlükəsi arxada qaldı. Heydər Əliyev 1992-ci il  yanvarın 19-da qardaş Türkiyənin, aprelin 1-də ATƏT-in, mayın 27-də Birləşmiş Millətlər Təşkilatının Naxçıvana göndərdiyi xüsusi nümayəndə heyətlərini,  iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Maylsı,  iyulun 23-də Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ  münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə rusiyalı vasitəçi nümayəndəliyinin rəhbəri  Vladimir Kazimirovu,  1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı daimi nümayəndəsi Harold Fomstoku,  yenə həmin gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Jan Perreni  qəbul etdi.

Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə özünün uzaqgörən  siyasəti ilə muxtar respublikanın başı üstünü almış işğal təhlükəsini tədricən aradan qaldırır, əhalinin minimum tələbatını təmin edirdi. Ermənistan silahlı qüvvələrinin Naxçıvana basqınlarının ciddiliyini nəzərə alaraq 1992-ci il mayın 22 və 23-də Heydər Əliyev yaranmış vəziyyətlə bağlı yerli televiziya ilə  muxtar respublika əhalisinə müraciət etdi. Məlum oldu ki, görülən diplomatik tədbirlər nəticəsində 57 dövlət Ermənistanın Naxçıvana qarşı təcavüz cəhdlərini rəsmi şəkildə pisləmişdir. Ulu öndərimizin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə qayıdışı isə  ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da yeni inkişaf mərhələsinin əsasını qoydu.

Məlumdur ki, 1988-ci ildən başlayaraq  Azərbaycanda hərtərəfli tənəzzül prosesi baş vermişdir. Dövlət müstəqilliyimizin bərpası ərəfəsində Naxçıvan Muxtar Respublikasında mövcud olan hərtərəfli vəziyyət  və Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən strategiya nəticəsində sonrakı illərdə muxtar respublikada baş vermiş inkişaf dinamikası haqqında aydın təsəvvür yaratmaq məqsədi ilə ötən 20 ilin (1991-2011) statistikasından bəzi məqamlara nəzər yetirək. Naxçıvanın iqtisadi inkişafının xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Tikinti sektorunda iş həcminin artmasının nəticəsidir ki, əgər keçmiş Sovetlər Birliyinin yüksək inkişaf mərhələlərindən hesab olunan 1989-cu ildə muxtar respublikada tikinti sektorunda bir ay ərzində 2535 ton beton istifadə olunurdusa,  hazırda bu göstərici bir gün ərzində inşaat işlərinə sərf olunan betonun ümumi həcminə bərabərdir.

 Təhsilə göstərilən yüksək qayğı hazırda Azərbaycanın  dövlət siyasətinin başlıca prioritetlərindəndir. Bu qayğı Naxçıvan Muxtar Respublikasında da açıq-aydın hiss olunur. Belə ki, ötən 20 ildə muxtar respublikada 189 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər Birliyi dövründə bu qədər məktəbi inşa etmək üçün  44 il vaxt lazım gəlmişdi. Naxçıvanın qızıl dövrü kimi xarakterizə olunan son 20 il ərzində muxtar respublikada 188 səhiyyə ocağı  tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Qeyd edək ki, muxtar respublika ərazisində bu sayda tikilini təhvil vermək üçün keçmiş Sovetlər Birliyində 50 il vaxt sərf olunmuşdu.

Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulu kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfə üstələyir. Əgər 20 il əvvəl muxtar respublikada istehsal olunan ümumi daxili məhsulda aparıcı yeri kənd təsərrüfatı və ticarət tuturdusa, hazırda üstünlük sənaye və tikinti sahələrinə məxsusdur. Bu da muxtar  respublika iqtisadiyyatının sənaye təmayüllü baza üzərində inkişafını təsdiqləməkdədir.

Ötən 20 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10462 hektar sahədə yaşıllıqlar - meşə massivləri, meyvə bağları və s. salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 8 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində isə bu göstərici 0,6 faiz həddində olmuşdur.

Naxçıvanda 2993 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 125 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq 142 ədəd yeni müasir tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara buraxılmışdır.

Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşünün 2009-cu ilin oktyabrında Naxçıvan şəhərində keçirilməsi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun 2010-cu il aprelin 26-dan 29-dək Türkiyə səfərinə qardaş ölkənin yüksək rəhbərliyi tərəfindən xüsusi diqqət göstərilməsi, İran tərəfi ilə ali rəhbərlik səviyyəsində qarşılıqlı səfərlərin təşkili və birgə iqtisadi layihələrin davam etdirilməsi, beynəlxalq missiyalı müşahidəçilərin və səfirlərin Naxçıvana ardıcıl səfərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının “İpək Yolu yük avtomobilləri karvanı” layihəsi əsasında 2010-cu il sentyabrın  22-də Tehran şəhərindən yola salınan maşın karvanının oktyabrın 20-də Sədərək sərhəd-buraxılış məntəqəsindən Türkiyə ərazisinə daxil olması kimi mühüm məqamlar Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına, müasir həyatına ayna tutan xarakterik faktlardır.

 

Ruslan MƏMMƏDOV,

AMEA Naxçıvan bölməsinin əməkdaşı

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında