Azərbaycanın çox uğurlu xarici siyasəti vardır və əminəm ki, gələcək illərdə ölkəmizin artan gücü və nüfuzu hesabına biz beynəlxalq arenada mövqeyimizi daha da möhkəmləndirəcəyik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1993-cü ilin ortalarında ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın siyasi kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi. Bu dövrdən başlayaraq həyata keçirilən siyasət məhz ümummilli liderin adı və onun fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni siyasi kursunun əsas istiqamətlərini müəyyənləşdirən Prezident Heydər Əliyevin bu siyasi xəttində ilk növbədə bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu.
Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri, eləcə də, dünya birliyinə inteqrasiya prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi.
Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən, beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir.
Ümummilli lider çox bacarıqlı, son dərəcə təcrübəli dövlət başçısı və siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi.
1993-2003-cü illər ölkəmiz üçün həlledici illər olmuş, məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulmuşdur. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilmiş, Azərbaycan dünya birliyinə qovuşmuşdur. Respublikamız beynəlxalq təşkilatlara üzv olmaqla yanaşı, onların işlərində müntəzəm, eləcə də fəal surətdə iştirak etmişdir. Bu səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb etmişdir.
Əsası ümummilli lider tərəfindən qoyulmuş və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası, regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə də əxz edərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi reallaşdırmaq üçün Azərbaycan dövləti bir tərəfdən dünya təcrübəsini öyrənərək, özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirir, digər tərəfdən isə beynəlxalq aləmdə qəbul edilmiş prinsiplərə uyğun olaraq öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə girir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına və dinamik şəkildə davam etdirən cənab İlham Əliyevin yüksək diplomatik fəaliyyəti sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilmişdir. Nəticədə, Azərbaycan yalnız regionda gedən proseselərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində bildirmişdir: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur. Çünki güclü siyasi iradə olmasa, heç bir ölkə müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir”.
Eyni zamanda, Prezident qeyd etmişdir ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək. Ona görə, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur: “Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır. Azərbaycanda iqtisadi müstəqillik tam təmin edilibdir. Azərbaycan özünü təmin edən ölkədir”.
Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Hazırda bu istiqamətdə əsas diqqət Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avroatlantik strukturlara inteqrasiya və s. məsələlərə yönəldilmişdir.
Hazırda mühüm geosiyasi məkan kimi Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz.
Neft sektorunun inkişafı artıq ölkəmizin iqtisadi yüksəlişinə töhfə vermiş, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaratmışdır. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi Cənubi Qafqazda regional layihələr regionun əhəmiyyətini artırmış, Avropa üçün yeni və həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoymuşdur. Yalnız enerji istahsalçısı və ixracatçısı kimi Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor olaraq imkanları getdikcə artmaqdadır.
Cənubi Qafqaz regionu üzərindən beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının gücləndirilməsi ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun inkişafının vacib elementidir. Bununla yanaşı, Azərbaycan Türkiyə və Gürcüstanla geostrateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi istiqamətində əməkdaşlıq edir.
Müasir geosiyasi şəraitdə Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq, daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.
Belə ki, hazırda ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan 2004-cü ildə əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarət olan “Avropa Qonşuluq Siyasətinə” qoşulmuş, 2006-cı ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunu imzalamış, 2008-ci ildə isə İttifaqın “Şərq tərəfdaşlığı” proqramına qoşulmaqla bu siyasi, iqtisadi əməkdaşlıq daha da genişlənmiş və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. 2011-ci ilin yanvar ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Jose Manuel Barrozu tərəfindən “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan mühüm addım oldu.
Bununla yanaşı, dövlətimiz qlobal və regional məsələlərin həllində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə də sıx əməkdaşlığı inkişaf etdirərək, təşkilatın struktur və funksiyalarının daha da genişləndirilməsi, Avropa təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin yaradılması istiqamətində səylər göstərməklə qurumun siyasi rolunun artırılması və beynəlxalq problemlərin həllində təsir imkanlarının gücləndirilməsi istiqamətində fəal siyasətini davam etdirir.
Azərbaycanın İƏT ilə apardığı səmərəli və faydalı əməkdaşlığı bütövlükdə İslam aləmində qazandığı nüfuzun mühüm göstəricisi olmuşdur. Ölkəmiz bu yüksək etimadı doğrultmağa çalışaraq, mədəniyyətlər və dinlərarası dialoqun təşviqi, müxtəlif millətlər və dinlər arasında dözümlülüyün və qarşılıqlı anlaşmanın, eləcə də tolerantlığın inkişafına xidmət edən səmərəli meyarların hazırlanması, beynəlxalq ictimaiyyətdə, ilk növbədə Avropada İslamın, onun mədəniyyət, dəyər və fəlsəfəsinin düzgün dərk edilməsi məqsədilə fəal səylər göstərmiş, genişmiqyaslı bir sıra beynəlxalq təşəbbüslər həyata keçirmişdir.
Bununla yanaşı, Azərbaycanla İKT-nin müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Mehriban xanımın təşəbbüsü ilə xarici ölkələrdə dövlət siyasətini, milli maraqlarımızı ifadə edən layihələr həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair möhtəşəm tədbirlərin keçirilməsi, eləcə də, 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı qərar da, İKT ilə əməkdaşlığın yüksək səviyyədə olması da Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir.
Azərbaycan müasir dövrün hədə və təhdidlərinin əlaqələndirilmiş şəkildə qarşısının alınması, eləcə də aradan qaldırılması üçün beynəlxalq birliyin səylərini səfərbər etmək məqsədilə qlobal və regional təşkilatların işində fəal iştirak edir. Ölkəmiz sülhün və təhlükəsizliyin təmin olunmasında universal beynəlxalq təşkilat kimi BMT-nin mərkəzi rolunun daha da artırılması istiqamətində göstərilən səyləri dəstəkləməklə təşkilatın müxtəlif təsisatları və ixtisaslaşdırılmış qurumlarında təmsilçiliyini daha da artırmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə nizama salınmasının vacibliyini bildirmiş və beynəlxalq təşkilatların bu sahədə səylərini gücləndirməsinin zəruriliyini bəyan etmişdir. Bununla yanaşı, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınmış, daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclaslarında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamələr qəbul edilmişdir.
Həmin sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənirdi.
Ümumiyyətlə, münaqişənin dinc vasitələrlə nizama salınması istiqamətində bütün beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin bir daha gücləndirilməsi və məsələnin beynəlxalq hüquq prinsipləri əsasında həllinin təsdiqlənməsi deməkdir. Bu baxımdan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatının qərarları da əhəmiyyətlidir və ölkəmizin ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Son zamanlar isə, Avropa Parlamenti və NATO-nun zirvə toplantılarında qəbul olunan qərarlarda birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğala son qoyulmasının vacibliyi bildirilir.
(ardı var)
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.