Azərbaycan-İtaliya əməkdaşlığında yeni mərhələ başlanır

Son illərdə ölkəmizdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sahəsində qazanılan uğurlar bir daha təsdiqləyir ki, Azərbaycan sürətli iqtisadi inkişaf yolundadır. Enerji sahəsində əməkdaşlıq həm də Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirib və güclü iqtisadi potensial ölkəmizin Avropanın enerji təchizatında oynadığı rola da öz töhfəsini verir. Bu baxımdan Azərbaycan Avropanın aparıcı iqtisadiyyatlarından birinə  sahib olan İtaliya ilə əlaqələri də inkişaf etdirir. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri böyük maraq doğurmuşdur.

İtaliyanın nüfuzlu qəzetləri, tanınmış xəbər agentlikləri, informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri ilə bağlı məqalələr dərc etmiş, dövlətimizin başçısının səfər çərçivəsində keçirdiyi  görüşlər, müzakirə olunan məsələlər və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfəsi ilə bağlı məqamlar təhlil olunmuşdur. Məsələn, İtaliyanın “La Repubblica” qəzetində dərc olunan məqalədə deyilir ki, Azərbaycan ilə İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıq növbəti mərhələyə qədəm qoydu. Nüfuzlu “İl Messaggero” qəzetində dərc olunan məqalədə bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri  Azərbaycan və İtaliya arasında mövcud əlaqələrə verilən önəmin göstəricisi sayıla bilər. Səfər çərçivəsində Roma və Bakı arasında bütün Avropanın enerji strategiyası üçün mühüm rol oynayacaq sazişlər imzalanmış, iki ölkənin iqtisadi və mədəni əməkdaşlığının daha da genişləndirilməsi üçün danışıqlar aparılmışdır.

Məqalədə iki ölkə arasındakı əməkdaşlığa yüksək önəm verilməsi ilə yanaşı, Azərbaycanın iqtisadi qüdrətinin getdikcə artması da xüsusi vurğulanır. Bildirilir ki, 2014-cü ilin ilk üç ayının məlumatlarına əsaslanaraq qeyd etmək olar ki, artıq 7 ildir İtaliya Azərbaycanın birinci iqtisadi tərəfdaşıdır: 2013-cü ildə bu ikitərəfli mübadilənin gəliri 7,4 milyard avronu keçmişdir. Karbohidrogenlərin idxalı nəticəsində İtaliya üçün mənfi saldo təxminən 6,4 milyard avro olmuşdur. Keçmiş sovet respublikaları arasında Azərbaycan ən yüksək inkişaf tempinə malik olan bir ölkədir. Bu ölkədə qeyri-enerji sahələrində 9,5 faiz artıma nail olunmuş, 74 milyard dollarlıq ümumi daxili məhsul istehsal edilmişdir. Azərbaycanın xarici borcu qibtəediləcək rəqəmlə ölçülür – 9,1 faiz, işsizliyin səviyyəsi 5,6 faizdir.

Qəzet yazır ki, 53 yaşlı İlham Əliyev artıq üçüncü dəfədir ki, Prezident vəzifəsinə seçilib. Beynəlxalq münasibətlər üzrə professordur, artıq 33 yaşında dövlət neft şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb, daha sonra deputat və Yeni Azərbaycan Partiyasının lideri seçilmişdir. Bir neçə xarici dili (rus, ingilis, fransız və türk) mükəmməl bilən Prezident İlham Əliyev öz siyasətində müasirləşməyə, qonşu ölkələrlə balanslaşdırılmış əlaqələrin qurulmasına böyük diqqət yetirir.

Göründüyü kimi, İtaliyanın nüfuzlu kütləvi informasiya vasitələri Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfərini yüksək qiymətləndirmişlər. Bu səfərin iki ölkə arasında əməkdaşlıqda yeni mərhələnin əsasını qoyacağı əminliklə ifadə olunmuşdur.

Ümumiyyətlə, Azərbaycan-İtaliya münasibətlərinin keçmişinə nəzər saldıqda  iki ölkə arasında əməkdaşlığın qədim tarixə malik olduğunu görərik. İtaliya-Azərbaycan münasibətləri qədim dövrlərdən mövcud olub. Hələ orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlər Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlayıblar.

1918-1920-ci illərdə müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də İtaliya və Azərbaycan arasında diplomatik münasibətlər yaradılıb. Həmin vaxt Bakıda İtaliyanın  diplomatik təmsilçiliyi fəaliyyət göstərib. Sovet hakimiyyəti dövründə, 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış  şəhərlər elan ediliblər. Azərbaycan və İtaliya arasında mədəni əlaqələr həmin vaxtdan daha da sürətlənib.

Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra İtaliya ölkəmizlə diplomatik əlaqələrini yenidən qurub. 1992-ci il yanvarın 1-də  İtaliya Azərbaycanın müstəqilliyini tanıdığını rəsmən bəyan edib. İki dövlət arasında diplomatik münasibətlər  isə 1992-ci il mayın 8-dən etibarən  yaradılıb. İtaliya öz səfirliyini Cənubi Qafqaz respublikalarında ilk dəfə 1997-ci ildə Azərbaycanda açıb. İtaliyada Azərbaycan səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün 1992-ci ilin martında yaradılmış ATƏM-in (indiki ATƏT) Minsk qrupunun ilk sədri İtaliya olub. O zaman İtaliya nümayəndəsi Mario Rafaelli münaqişənin dayandırılması üçün bir sıra diplomatik addımlar atıb.

Ulu öndər Heydər Əliyevin  müstəqil Azərbaycana rəhbərliyindən sonra digər ölkələr kimi, İtaliya ilə də  əməkdaşlığa xüsusi önəm verilmişdir. Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri 1997-ci il 25-28 sentyabrda reallaşmışdır. Bu səfər iki dövlət arasında  bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addım olmuşdur. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti Oskar Luici Skalfaro, Baş nazir Romano Prodi, Senat sədri N.Mançio, Deputatlar Palatasının sədri L.Violante ilə görüşmüşdür. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər.

Heydər Əliyev səfər zamanı həmçinin çoxsaylı görüşlər keçirmiş, yerli qəzetlərə və informasiya agentliklərinə müsahibələr vermişdi. Səfər zamanı siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə sazişlər imzalanmışdı. Ulu öndər Heydər Əliyevin səfərindən sonra əməkdaşlığı daha da inkişaf etdirmək məqsədilə İtaliya hökuməti nümayəndələrinin Azərbaycana səfərləri ardıcıl xarakter alıb. 1998-2003-cü illərdə İtaliya Xarici İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri səviyyəsinə qədər ölkənin müxtəlif dövlət orqanlarının təmsilçiləri Azərbaycana səfər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə növbəti müqavilələr bağlanıb.

1999-cu ilin aprelində Bakıda İtaliya səfirliyinin yeni binasının açılışı mərasimində qarşılıqlı münasibətləri daha da yüksək səviyyəyə qaldırmaq niyyətinin ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və İtaliya xarici işlər nazirinin müavini də iştirak edib. Heydər Əliyev açılış mərasimində çıxış edərək İtaliya və Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün Azərbaycan tərəfinin bütün lazımi tədbirlər görəcəyini bildirib.

2000-ci ilin mayında İtaliyanın milli bayramı münasibətilə nitq söyləyərkən Azərbaycan Prezidenti Heydər Əliyev İtaliyanın Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün konstruktiv addımlar atmasından razı qaldığını bildirib. Sonrakı  illərdə də İtaliya və Azərbaycanın xarici işlər,  əmək və sosial müdafiə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi haqqında razılıqlar əldə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin  2005-ci il fevralın 24-də  İtaliyaya iki günlük rəsmi səfəri Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan vermişdir. İtaliyanın dövlət rəhbərliyi ilə görüşən  Prezident İlham Əliyev ölkənin mətbuat orqanlarına müsahibə vermiş və İtaliya Xarici Ticarət İnstitutu tərəfindən təşkil olunan “Azərbaycanın təqdimatı” adlı biznes forumda iştirak etmişdir. Bütün bu görüşlərdə tərəflər arasında münasibətlərin sıx inkişaf  imkanları, ticarət, iqtisadiyyat sahələrində birgə fəaliyyət məsələlərindən danışılıb. Dövlətimizin başçısının  səfəri zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalanmışdır.

2005-ci ilin iyununda İtaliya senatının Xarici və Miqrasiya Məsələləri üzrə Komitəsinin rəhbəri Azərbaycanda səfərdə olarkən dövlət başçısı İlham Əliyevlə görüşündə İtaliyanın Avropa Şurası Parlament Assambleyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini bildirmişdir. Sonrakı illərdə də ölkəmizdə səfərdə olmuş İtaliyanın dövlət rəsmiləri Prezident İlham Əliyevlə görüşmüşlər. Dövlətimizin  başçısı Azərbaycanla İtaliya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirmiş, iki ölkə arasında ticarət dövriyyəsinin ildən-ilə artdığını müsbət hal kimi dəyərləndirmişdir.

İtaliya nümayəndə heyətinin başçısı Umberto Ranyeri də Azərbaycan – İtaliya münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq İtaliyanın ticarət sahəsində Azərbaycanın bir nömrəli tərəfdaşı olduğunu qeyd etmişdir. 2008-ci il 25-26 noyabrda  Azərbaycan  Prezidenti İlham Əliyevin  İtaliyaya rəsmi səfəri reallaşmışdır.  Azərbaycan Prezidenti səfər çərçivəsində  bu ölkənin “Rai İnternational” telekanalının “Foks neks” proqramına müsahibə vermiş və demişdir ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Müstəqilliyi əldə etdiyimiz ilk illərdən İtaliya ilə əlaqələrimiz çox sürətlə inkişaf edir, siyasi əlaqələrimiz də çox yaxındır. Bu, mənim son üç il ərzində ölkənizə ikinci rəsmi səfərimdir. Bu, əlaqələrimizin səviyyəsinin mühüm göstəricisidir. İtaliya şirkətləri Azərbaycanda uğurla çalışır, enerji sektoruna və digər sahələrə böyük sərmayələr yatırırlar. Azərbaycanda bəzi İtaliya şirkətləri müxtəlif sənaye layihələrində podratçı qismində çalışır və eyni zamanda, kənd təsərrüfatı sahəsində təmsil olunurlar. Ölkələrimiz arasında humanitar sahədə güclü mədəni əlaqələrimiz, geniş fəaliyyət var. Ümumiyyətlə, bunlar çox tarazlaşdırılmış əlaqələrdir, yaxşı gələcəyi var. Çünki siyasi və iqtisadi sahələrdə əlaqələri inkişaf etdirmək üçün yaxşı imkanlar var.

Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-İtaliya münasibətləri artıq yeni mərhələyə qədəm qoyub. Onu da qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İtaliya Azərbaycanın mövqeyini dəstəkləyir. 2013-cü il avqustun 11-də  İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti, sabiq Baş nazir Enriko Letta  Azərbaycanda səfərdə olarkən verdiyi bəyanatda  bildirmişdir: “Biz hesab edirik ki, bu məsələdə status-kvo qəbuledilməzdir. Uzun sürən münaqişənin həlli regionda sülh və təhlükəsizliyin təmin edilməsinə tarixi töhfə olacaqdır. İtaliya bu münaqişənin beynəlxalq praktikaya uyğun həlli istiqamətində səylərini əsirgəməyəcəkdir. Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən bir həll olmalıdır. Ənənəvi olaraq biz bu münaqişəyə böyük diqqət yetirmişik. Sizi əmin etmək istərdim ki, biz bu münaqişənin beynəlxalq səviyyədə həllinə nail olmaq üçün əlimizdən gələni edəcəyik”.

Azərbaycan Prezidentinin İtaliyaya sonuncu səfərinin böyük əhəmiyyət kəsb etdiyi gözlənilən idi. Bunu keçirilən rəsmi görüşlər və əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə imzalanmış sənədlər də təsdiqlədi. Dövlətimizin başçısının İtaliyada yüksək səviyyədə qarşılanması cənab İlham Əliyevin  beynəlxalq aləmdə yüksək reytinq qazanmasının və Azərbaycanın dünya birliyində nüfuzunun  getdikcə artmasının  göstəricisidir. İtaliya kimi inkişaf etmiş bir ölkədə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə abidə ucaldılması da Azərbaycan mədəniyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərinin gündəliyi  zəngin olmuşdur. Dövlətimizin başçısı bu səfər çərçivəsində İtaliya Prezidenti Corco Napolitano və  İtaliya Senatının sədri Pietro Qrasso ilə görüşmüşdür. Bu  görüşlərdə  Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilmişdir. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanmış, Azərbaycanın Avropa Şurasının Nazirlər Kabinetində, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilmişdir. Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanmış, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilmişdir.

Görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır . Dövlətimizin başçısı  Romanın “Mercati di Traiano” muzeyində olmuş, burada şəhərin meri İqnatsio Marino ilə görüşmüş və İtaliya jurnalistlərinə müsahibə vermişdir.

Roma şəhərinin meri İqnatsio Marino Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji sahələrində əlaqələrin genişləndiyini bildirmiş və  ölkəmizdə gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırmışdır. O, Azərbaycan ilə mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını bildirmiş, bu əlaqələrin xalqlarımızın bir-birini daha yaxından tanımaları üçün yaxşı imkan yaratdığını diqqətə çatdırmışdır. Roma şəhərinin meri Heydər Əliyev Fondu ilə geniş əməkdaşlıq əlaqələrinə də  toxunaraq fondun dünyada ümumbəşəri dəyər olan bir çox mədəni və humanitar layihələri uğurla həyata keçirdiyi barədə məlumatı olduğunu bildirmişdir. İqnatsio Marino Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə Romada keçirilən görüşünü xatırlatmış, Heydər Əliyev Fondu ilə birgə reallaşdırılan layihələrin əhəmiyyətini qeyd etmişdir. “Mercati di Traiano” muzeyinin ərazisində arxeoloji qazıntı işlərinin aparılmasında Heydər Əliyev Fondunun xidmətlərini yüksək qiymətləndirən mer buna görə təşəkkürünü bildirmişdir.

Prezident İlham Əliyev bu memarlıq və mədəniyyət nümunəsinin təkcə Romaya deyil, bütün bəşəriyyətə aid olduğunu demiş, arxeoloji qazıntı işlərində Azərbaycanın da iştirak etməsindən fərəh hissi keçirdiyini vurğulamışdır. “Düşünürəm ki, bu, bizim ikitərəfli əlaqələrimizin vacib elementidir”, – deyən dövlətimizin başçısı mədəniyyət sahəsində əlaqələrin inkişafının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır.  Prezident İlham Əliyev İtaliya tarixinin və mədəniyyətinin Azərbaycanda yaxşı tanındığını, ölkəmizin mədəniyyətinin də İtaliyada təbliğinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Görüşdən sonra Prezident İlham Əliyev muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır. Dövlətimizin başçısı  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında sazişin imzalanması mərasimində iştirak etmişdir. Bu saziş “Mercati di Traiano” muzeyinin yerləşdiyi ərazidə arxeoloji qazıntı işlərinin aparılmasına maliyyə vəsaitinin ayrılmasını nəzərdə tutur.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliyanın Baş naziri Matteo Renzi tərəfindən “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” qəbul olunmuş, ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə bir sıra sənədlər imzalanmışdır.

Azərbaycan  Prezidenti İlham Əliyev İtaliyaya rəsmi səfəri çərçivəsində  Romada BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə də  görüşmüşdür. Görüşdə Azərbaycan ilə FAO arasında əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd edilmiş, ölkəmizdə iqtisadi sahədə qazanılan nailiyyətlərdən danışılmışdır. Həmçinin Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Bu səfər Azərbaycan–Avropa  İttifaqı  əməkdaşlığının  daha da genişləndirilməsinə xüsusi töhfələr verəcəkdir.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında