Xalqın xidmətçisi olmaq vəzifə sahibinin şərəf işidir

İnsanlara diqqət və qayğı göstərmək, onları narahat edən sosial məsələləri həll etmək Prezident İlham Əliyevin ali məqsədidir. Bunu o, siyasətə gəldiyi ilk gündən bəyan etmiş və hakimiyyət elitasının zirvəsinə yüksələndə də onu əməlləri ilə təsdiqləmişdir.

Dövlət başçısı xalqa xidmət sahəsində özü şəxsi nümunə göstərməklə yanaşı, bunu tabeliyində olan bütün məmurlardan—nazirlərdən, komitə sədrlərindən, idarə rəhbərlərindən, şəhər və rayonların icra hakimiyyəti başçılarından da tələb edir. Məhz möhtərəm Prezidentimizin tapşırığı ilə son dövrdə gözəl bir ənənənin əsası qoyulmuşdur. Dövlətin yüksək ranqlı məmurları, xüsusən nazirlər, komitə sədrləri hər ay ayrı-ayrı bölgələrə gedərək vətəndaşların qəbulunu keçirirlər. Həmin görüşlərin keçiriləcəyi ünvan, vaxt və hansı rayonları əhatə edəcəyi barədə qabaqcadan mətbuatda elanlar verilir, əlavə məlumat almaq üçün əlaqə telefonları göstərilir. Hətta, kənar rayonlardan şikayətçiləri görüş yerinə gətirmək üçün nəqliyyat vasitələri ayrılır. Müraciətlərin, problemlərin çoxu yerindəcə öz həllini tapır. Xalqa xidmətin ən səmərəli forması olan belə görüşlər insanları da razı salır, onları ölkə rəhbərliyi ətrafında daha sıx birləşdirir.

Artıq on bir ildir ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir. Hətta son dövrlərdə dünyanı bürüyən maliyyə böhranı da bu sosial-iqtisadi yüksəlişə əngəl ola bilmir. Çünki ölkəmizdə aparılan quruculuq, abadlıq işlərinin hamısı hərtərəfli, düşünülmüş plan əsasında həyata keçirilir. Bütün infrastruktur dəyişikliklərin mərkəzində insan amilinin dayanması isə adamları daha həvəslə işləməyə ruhlandırır, onların həyat tərzi ildən-ilə yaxşılaşır. 

Ölkədə infrastruktur layihələrinin həyata keçirilməsi, bütün sahələrdə yeniləşmə prinsipinə üstünlük verilməsi Azərbaycanda iqtisadi siyasətin mühüm tərkib hissəsinə çevrilmişdir. Xalqımız yaxşı bilir ki, həyata keçirilən tədbirlərin hamısı insanların daha firavan və rahat yaşamasına hesablanıb, ümumilikdə ölkə iqtisadiyyatının dinamik inkişafına xidmət edir.

Bütün sahələrdə reallaşan çoxşaxəli islahatlar dövlətimizin siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Bu yol Azərbaycanın qısa müddət ərzində iqtisadi inkişaf göstəricilərinə görə, dünyada lider dövlətə çevrilməsinə gətirib çıxarmışdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi nəhəng layihələrin gerçəkləşməsi, respublikamızın ümumilikdə Avropa regionunun gələcək enerji təhlükəsizliyi missiyasını üzərinə götürməsi xalqımızın dünya arenasında layiqli yerini təmin edir.

Bu il fevral ayının 5-də Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan müşavirədə Prezident İlham Əliyev demişdir: “Bu gün Azərbaycan enerji təhlükəsizliyi baxımından qitə üçün əvəzolunmaz tərəfdaşa çevrilibdir. Keçən ilin dekabr ayında XXI əsrin kontraktı imzalanmışdır. “Əsrin kontraktı”, yəni, XX əsrin kontraktı uğurla icra edilir, XXI əsrin kontraktı imzalanmışdır. Bu salonda böyük tədbir keçirilmişdir. Müxtəlif ölkələrdən dövlət, hökumət başçılarının iştirakı ilə tədbir keçirilmişdir. Azərbaycan əsas iqtisadi yükü və əsas məsuliyyəti öz üzərinə götürüb. Biz bu məsuliyyətə hazırıq. Bu məsuliyyəti dərk edirik və biz liderlik göstərərək bu layihələri, böyük layihələri icra edə bilərik.

Hazırda bizim liderliyimizlə icra ediləcək nəhəng enerji layihələri Avropanın ən böyük enerji və infrastruktur layihələridir. Artıq bu sözlər özlüyündə bir göstəricidir. Liderlik yenə də Azərbaycanın əlindədir. Biz inamla irəliləyirik. Qarşıda duran bütün vəzifələri icra edirik. Ölkəmizin hərtərəfli inkişafı üçün çalışırıq. İki proqramın icrası nəticəsində bölgələrdə yaşanan bu inkişaf və tərəqqi, əlbəttə ki, bizi daha da gücləndirir”.

İnkişaf etmiş dövlətlərin təcrübəsi sübut edir ki, iqtisadiyyatın sabit tempini saxlamaq üçün regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunması vacib şərtlərdəndir. Bu baxımdan ölkə rəhbərinin hər beş ildən bir regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq etməsi mühüm əhəmiyyətə malikdir. Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər regionlarda sahibkarlığın inkişafını sürətləndirir, oradakı əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan kifayət qədər səmərəli istifadəyə imkan verir, iqtisadiyyatın tarazlı və davamlı inkişafına, infrastrukturun müasirləşdirilməsinə, əhalinin məşğulluğunun artırılmasına, yoxsulluğun səviyyəsinin azaldılmasına etibarlı zəmin yaradır. Hökumət üzvləri Dövlət Proqramı əsasında 2004-2013-cü illər ərzində regionlarda kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafına yardım göstərmiş, o cümlədən emal müəssisələrinin yaradılmasını, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafını və bütün bunların fonunda çoxlu yeni iş yerinin açılmasını təmin etmişlər.

Dövlət proqramları regionların tarazlı inkişafına nail olmaqla yanaşı, həm də yerlərdə enerji infrastrukturunun, nəqliyyat-kommunikasiya sisteminin bərpası, habelə elmi-texniki tərəqqi, mədəni yüksəliş, müasir informasiya texnologiyalarının tətbiqi məsələlərinin həllini özündə ehtiva etmişdir. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Son 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, sənaye məhsullarının istehsalı 2,7, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5, qeyri-neft sektoru 2,6, investisiya qoyuluşu 6,5, əhalinin pul gəlirləri 6,5 dəfə, orta aylıq əməkhaqqı 5,5, minimum əməkhaqqı 11,7, pensiyaların orta məbləği 7,2, banklardakı əmanətlər 25,4 dəfə artmış, ümumilikdə, ölkə üzrə orta aylıq məvacibin həcmi 423 manata çatdırılmışdır. Yoxsulluğun səviyyəsi 8,4 dəfə azalaraq 5,3 faizə, işsizliyin səviyyəsi 1,9 dəfə aşağı düşərək 5 faizə enmiş, regionlarda 56 minə yaxın müəssisə fəaliyyətə başlamış və 1,2 milyondan çox yeni iş yeri açılmışdır ki, bunun da 900 mini daimidir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosialyönümlü iqtisadi siyasət insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividentlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Ölkəmizin sosialyönümlü iqtisadi siyasətinin ən parlaq nəticələri yeni iş yerlərinin açılmasında, ciddi sosial bəla olan işsizlik probleminin əhəmiyyətli dərəcədə aradan qalxmasında, habelə yoxsulluq həddinin kəskin surətdə aşağı enməsində özünü göstərmişdir. Gənc ailələrin mənzillə təmin edilmələri üçün ipoteka sisteminin yaradılması, eləcə də dövlət büdcəsindən maliyyələşən strukturlarda məvaciblərin mütəmadi surətdə qaldırılması da bu istiqamətdə görülən mühüm tədbirlər sırasındadır.

Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə birləşdirir. Bu mənada bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.

Dövlət proqramlarının uğurla icra edilməsi bölgələrin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyətinə də yaxşı imkanlar açmışdır. On il ərzində dövlət proqramlarının reallığa çevrilməsi nəticəsində regionlarda 2708 məktəb, 38 mərkəzi xəstəxana olmaqla 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur.

Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 12 çadır şəhərciyi ləğv olunaraq 82 qəsəbə salınmış, burada 40 min ailə  yerləşdirilmişdir. Eyni zamanda, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi işləri davam etdirilmiş, 2788, o cümlədən regionlarda 2041 mənzilli yaşayış binaları və 450-dən çox fərdi ev tikilmişdir.

Regionların sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası, yeni şəraitə adekvat islahatlar kursunun aparılması bugünkü uğurlarımızı şərtləndirmişdir. İdarəetmə sisteminə dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı İlham Əliyev hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bölgələrin tarazlı və davamlı inkişafının təmin olunması, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün ölkə rəhbəri vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edir.

Vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və sadəliklə onların problemlərini dinləyən və qaldırılan məsələlərin həlli üçün qəti tapşırıqlar verən dövlət başçısının bu addımları ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, xalqın öz Prezidentinə olan inamını, etimadını daha da artırmışdır. Prezident İlham Əliyev ötən 10 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmişdir.

Regionlarda qeyri-neft sektorunun sürətli inkişafı, infrastruktur təminatının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi əhalinin sosial rifah halının da ildən-ilə yaxşılaşmasına əlverişli imkanlar yaradır. Bütün sahələrdə əldə olunan yüksək nəticələr bu siyasətə alternativin olmadığını bir daha sübuta yetirir.

Prezident İlham Əliyev sözügedən müşavirədəki yekun nitqində çox məsələlərdən danışıb, yaxın beş ildə ölkədə, o cümlədən regionlarda görüləsi işlərdən söhbət açıb, konkret tapşırıqlar verib. Çıxışının sonunda hamını ciddi narahat edən korrupsiya və rüşvətxorluq hallarına toxunub. Qəti şəkildə qeyd edib ki, belə neqativ hallara Azərbaycanda yol verilməməlidir. Biz korrupsiya, rüşvətxorluğa niyə göz yummalıyıq?! Ona görə də ölkə rəhbəri deyib ki, hər kəs nəticə çıxarmalıdır. Belə çirkin əməllərə qurşananlara aman verilməyəcək, cəza tədbirləri daha da gücləndiriləcəkdir.

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: “Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış kəslər çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”.

 

Telman ƏLİYEV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında