Prezident İlham ƏLİYEV: İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz var

Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz. Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

İyulun 9-da Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir. Bu görüşün Azərbaycan diplomatik orqanlarının rəhbərlərinin beşinci müşavirəsindən bir gün sonra keçirilməsi təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, bir çox məsələlər,  adət-ənənələr, mənəvi dəyərlər, tarixi birliklər  bizim xalqlarımızı birləşdirir. Belə bir görüşün məhz müqəddəs Ramazan ayında keçirilməsi  bir daha təsdiqlədi ki, müsəlman xalqları eyni mədəni tarixi köklərə mənsubdur.

Dövlətimizin başçısı Azərbaycan diplomatik orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində bildirmişdir ki, bizim  müsəlman  ölkələri ilə əlaqələrimiz çox möhkəmdir. Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif variantlar mümkündür. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Azərbaycan investisiyalarını müsəlman ölkələrinə qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik.

Azərbaycan Prezidenti müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı demişdir: “ Mən çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır”. Belə görüşlərin mütəmadi keçirildiyini bildirən ölkəmizin rəhbəri diqqətə çatdırmışdır ki,  il ərzində müxtəlif tədbirlərdə dəfələrlə müsəlman dövlətləri, hökumət başçıları və  digər yüksək vəzifəli şəxslərin Azərbaycana səfərləri zamanı ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılması istiqamətində müzakirələr aparılır.

Müsəlman ölkələri ilə bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq edirik. Belə əməkdaşlığın iqtisadi sahədə də yüksək səviyyədə yardılmasının zəruriliyini bildirən Prezident İlham Əliyev demişdir ki,  indiki şəraitdə birgə iqtisadi təşəbbüslər, investisiya layihələri, biznes qurumlarının birgə fəaliyyəti əlaqələrimizi möhkəmləndirə bilər. Qeyd olunmuşdur ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz xarici siyasətimizin prioritetlərindən biridir.

Beynəlxalq tədbirlərdə müsəlman ölkələrinin nümayəndələrinin bir-birini dəstəkləməsi İslam həmrəylinin bariz nümunəsidir. Qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılması müsəlman xalqları arasında həmrəyliyi  gücləndirir və  bu ölkələr arasındakı birliyi daha da möhkəmləndirir. Prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşü zamanı eyni mədəni tarixi köklərə mənsub xalqların həmrəyliyini yüksək dəyərləndirərək demişdir: “Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə  BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir”.

Azərbaycan Prezidenti Ermənistanın işğalçılıq siyasətindən hələ də əl çəkməməsi  barədə müsəlman ölkələri diplomatik orqanlarının rəhbərlərinə də məlumat vermişdir. Artıq dünya birliyinə də bəllidir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş və bu işğal nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və köçkün vəziyyətinə düşmüşdür. Nüfuzlu beynəlxalq təşkilatlar Ermənistanın bu işğalçılıq siyasətini pisləyən bəyanatlar yaymış və  işğal etdikləri əraziləri qeyd-şərtsiz azad etmək barədə qətnamələr qəbul etmişlər. Təəssüf ki, həmin qətnamələr hələ də icra olunmur. Bu da beynəlxalq aləmdə ikili srandartların mövcudluğundan irəli gəlir. Beynəlxalq hüquq normalarının  Ermənistan tərəfindən kobudcasına pozulmasına laqeyd münasibətin nəticəsidir ki, işğalçı ölkənin silahlı qüvvələri atəşkəs rejimini mütəmadi olaraq pozur, günahsız insanları qətlə yetirirlər. Beynəlxalq birliyin bu ədalətsizliyə göz yumması münaqişələrin uzun müddət davam etməsinə şərait yaradır. Azərbaycan Prezidenti  Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş terror aktlarından söhbət açaraq demişdir: “Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparmışlar, Xocalı soyqırımını törətmişlər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılmışdır. Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul etmişdir. Ona görə, əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir”.

Azərbaycan tərəfi beynəlxalq tədbirlərdə, həmçinin üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda müsəlman ölkələrinin maraqlarını  həmişə müdafiə edir və sözsüz ki,  bundan sonra da müdafiə edəcək. Ölkəmiz beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də çox fəal iştirak edir, fəaliyyətini getdikcə artırır. İslam Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun  daha da qaldırılmasında, reytinqinin yüksəldilməsində ölkəmizin töhfələri danılmazdır. Son illər nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinə Azərbaycanın ev sahibliyi etməsi artıq mütəmadi hal alıb, həmçinin ölkəmiz artıq mötəbər qurumlara sədrlik də edir. Demək, bizim belə tədbirlərdə  müsəlman ölkələrinə yüksək dəstək verməyimiz üçün çox əlverişli şərait yaranıb. Bir faktı diqqətə çatdıraq ki, son  iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü olmuşdur. Qürurverici haldır ki, iki il ərzində iki dəfə bu mötəbər quruma sədrlik etmişdir. İki dəfə  tərəfimizdən irəli sürülmüş təşəbbüs nəticəsində bir sıra zəruri məsələlər müzakirəyə çıxarılmışdır. Onlardan biri beynəlxalq terrorizmə qarşı mübarizə məsələlərinə aid idi. Beynəlxalq terrorizmə qarşı mübarizə bizim ümumi işimizdir. Çünki hər bir ölkənin belə bir təhlükə ilə qarşılaşması labüddür. İkinci mövzu isə İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasındakı əməkdaşlıq məsələləri idi. Bu, əslində bizim prioritetlərimizi əyani şəkildə göstərir. Bütün bunlar ondan xəbər verir ki,  gələcəkdə də bizim ölkələrimiz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edəcək və xalqlarımız  bir-birini daim dəstəkləyəcək.

 Azərbaycan Prezidenti  mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün  respublikamız tərəfindən  praktiki addımların atıldığını da vurğulayıb. Bunun böyük əhəmiyyət daşıdığını bildirən ölkəmizin rəhbəri demişdir: “Bildiyiniz kimi, İslam Əməkdaşlıq Təşkilatı ilə Avropa Şurası arasındakı əlaqələrin inkişafında bizim xüsusi rolumuz vardır. 2008-ci ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası ölkələrinin nazirlərinin birinci birgə tədbiri keçirilmişdir. Bu təşəbbüsə “Bakı prosesi” adı verilmişdir. Artıq “Bakı prosesi” beynəlxalq aləmdə tanınan və hörmətlə qəbul edilən bir prosesdir... Çalışacağıq ki, mədəniyyətlərarası, dinlərarası dialoqun gücləndirilməsi üçün əlavə töhfəmizi verək. Buna çox böyük ehtiyac vardır. Əfsuslar olsun ki, Avropanın bəzi ölkələrində islamafobiyaya qarşı adekvat münasibət göstərilmir. Bəzi ölkələrdə antimüsəlman meyilləri güclənir və aidiyyəti dövlət qurumları adekvat tədbirləri görmürlər. Biz öz tərəfimizdən çalışırıq ki, İslam mədəniyyəti, dini, tarixi haqqında Avropa ictimaiyyətini geniş şəkildə məlumatlandıraq, göstərək ki, İslam sülh, mərhəmət dinidir".

Azərbaycanın getdikcə artan reytinqi, Asiya və Avropa ölkələri ilə münasibətlərinin yaxşılaşması, mövqelərinin möhkəmlənməsi  respublikamızın dünya birliyindəki mövqelərini daha da möhkəmləndirir. Yeri gəlmişkən qeyd edək ki, bizim Asiya ölkələri ilə  əməkdaşlığımız çox sürətlə inkişaf edir. Azərbaycan dövlət  müstəqilliyini bərpa etdikdən sonra  Avropa ölkələri - Qərb ölkələri əməkdaşlığa xüsusi maraq göstərmiş və bu ölkələrlə əməkdaşlıq bu gün də yüksək səviyyədə davam etdirilir. Baxmayaraq ki, müstəqilliyimizin  ilk illərində Asiya ölkələri ilə münasibətlərimiz bir müddət o qədər də yüksək səviyyədə olmamışdır. Ancaq bu gün bu, münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Azərbaycan Prezidentinin  səfərləri, həmçinin Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar, bəzi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün imzalanan sənədlər əlaqələri daha da möhkəmləndirmişdir.  Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlığı daha da genişləndirmək üçün çox böyük potensial vardır. Hazırda Asiya ölkələrinin Azərbaycana böyük maraq göstərməsi ikitərəfli münasibətlərin inkişafının təcəssümüdür. Bu, eyni zamanda, ölkəmizin müstəqil siyasət yeritməsinin nəticəsidir. Açıq etiraf etməliyik ki, bu  gün dünyada tam şəkildə müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Məsələn, qonşu Ermənistan dövləti. Bu ölkələrin siyasi xadimləri, yeri gəldikcə dövlət rəsmiləri də etiraf edirlər ki, SSRİ-nin süqutundan 23 il ötsə də, Ermənistan hələ də müstəqil siyasət yeritmir, bu günə qədər Rusiyanın boyunduruğundan xilas ola bilmir. Ona görə də belə dövlətlərlə əməkdaşlığa meyil edənlərin sayı demək olar ki, yox dərəcəsindədir. Azərbaycan isə heç bir ölkədən asılı olmayaraq müstəqil siyasət yeridən, öz sözünü deməyə qadir olan dövlətlərdəndir.

Azərbaycan hazırda  Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu yaxınlarda Strasburqda, Avropa Şurası Parlament Assambleyasının sessiyasında  çıxış edən Prezident İlham Əliyev  sədrliklə bağlı ölkəmizin  prioritetlərini ifadə etmiş və bu müddət ərzində qarşıya qoyulan vəzifələr barəsində ətraflı məlumat vermişdir. Ölkə başçısı demişdir: “Əfsuslar olsun ki, o təşkilatda antiazərbaycan qruplaşması vardır və uzun illərdir fəaliyyət göstərir. Diplomatlar yaxşı bilirlər ki, o qruplaşma Azərbaycanı Avropa Şurasına qəbul etmək istəmirdi. O vaxt bizə qarşı əsassız ittihamlar irəli sürülürdü. Hətta bəziləri deyirdilər ki, Azərbaycan Avropa Şurasına üzv olsa, bu təşkilatın qan tərkibi dəyişəcəkdir. Görün nə qədər rasist, ksenofob və faşist mövqedə olan insanlardır. Belə insanlar vardır və heç kim bunu dana, inkar edə bilməz. Onların arxasında dayanan erməni lobbisidir. Çünki siz yaxşı bilirsiniz ki, bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bütün səylərini birləşdirib Azərbaycana qarşı kampaniya aparırlar. Onların nümayəndələri əlbəttə ki, mediada, başqa ölkələrin hökumətlərində, ictimai qurumlarda vardır. Onlar möhkəm kök salmışlar və Azərbaycanı bir nömrəli hədəf seçmişlər, çalışırlar ki, bizi hər tərəfdən vursunlar. Ancaq buna baxmayaraq, bizim uğurlu inkişafımıza təsir edə bilmirlər. Yaxşı olardı ki, onlar indi Ermənistanın acınacaqlı vəziyyətini daha dərindən dərk etsinlər və sual versinlər ki, nə üçün Ermənistan belə bərbad vəziyyətdədir, nə üçün bu ölkə getdikcə tamamilə öz müstəqilliyini itirir və müstəqil siyasət aparmaq imkanı yoxdur, sadəcə olaraq, ona-buna qulluq etməklə məşğul olur və öz gələcəyini bunda görür?! Ona görə, erməni lobbisi, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqedə olan deputatlar əlbəttə ki, Avropa Şurası Parlament Assambleyasında vardır. Biz onların cavabını vermişik. Hələ mən orada nümayəndə heyətinin rəhbəri olan zaman onların cavabını vermişəm. Bu dəfə də cavablarını vermişəm. Çünki yenə də deyirəm, bizimlə məntiq üzərində mübahisə aparmaq mümkün deyildir. Yalan danışmaq olar, ancaq biz orada olanda o yalanın üstünü açırıq, çünki yalan yalandır. Yenə də deyirəm, tənqid əsaslıdırsa, biz bunu alqışlayırıq və bu, bizə kömək göstərir. Ancaq əsassız tənqid, sadəcə olaraq, ölkəmizə qarayaxma cəhdidir”.

Azərbaycanın düşünülmüş xarici siyasəti, üzv olduğumuz digər beynəlxalq təşkilatlarda olduğu kimi, Avropa Şurasında da öz müsbət nəticələrini verir.  Bu təşkilat çərçivəsində ermənipərəst dairələrin təsiri ilə Azərbaycana qarşı hazırlanan qərəzli məruzə iflasa uğradı. O məruzəni təqdim edən deputat isə  demək olar ki, tamamilə biabır olmuşdur. Avropa Şurası Parlament Assambleyası o əsassız, qərəzli, yalan üzərində yazılmış məruzəni rədd etdi. Bu, ölkəmizin xarici siyasətdə qazandığı böyük qələbələrdən biridir. Ona görə də müsəlman ölkələrinin nümayəndələrinin  birgə əməkdaşlıqda səylərini birləşdirməsi vacibdir. Çünki antimüsəlman qüvvələr bu gün Azərbaycana qarşı təxribatla məşğuldurlarsa, sabah öz çirkin niyyətlərini başqa bir müsəlman ölkəsinə yönəldəcəklər.

 Dövlətimizin başçısı  müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə bütün bunları nəzərə alaraq  bildirmişdir ki, müsəlman ölkələrinin çox böyük potensialı, böyük əhalisi, təbii resursları, iqtisadi potensialı vardır. Səyləri birləşdirib bundan yetərincə yararlanmaq, əlaqələri daha da möhkəmləndirmək, əməkdaşlığı genişləndirmək lazımdır.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında