Azərbaycan dövlətçiliyinin inkişafında Heydər Əliyev fenomeni

ABŞ və dünya tarixinin görkəmli şəxsiyyətlərindən olan Corc Vaşinqton çıxışlarının birində demişdir: “Yeni qurulan hər bir dövlətin ömrünün uzun olmasını onun qurucusu olan liderlərin siyasi dühası müəyyən edir”. Bu baxımdan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bir dövlət quran Azərbaycana Heydər Əliyev kimi müdrik liderin, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tariximizdə öz əhəmiyyəti ilə seçilir. Əvvəlcə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə, 1969-cu il iyulun 14-dən respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir.

Keçən əsrin 60-cı illərinin sonlarında Azərbaycanda vəziyyət acınacaqlı idi: sosial-iqtisadi göstəricilərin əksəriyyətinə, xüsusən əməkhaqqının səviyyəsinə, mənzil, məktəb, xəstəxana təminatına, sənaye, kənd təsərrüfatı mallarının, ərzaq məhsullarının istehsalına və istehlakına görə Azərbaycan SSRİ-nin 15 müttəfiq respublika arasında axırıncı yerlərdən birini tuturdu. Ermənistanın Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları da həmin dövrdə kəskin xarakter almaqda idi. Bəzi sərhədyanı ərazilərin tamahkarlıq məqsədilə ermənilərə satılması və yaxud, nəyinsə xatirinə hədiyyə olunması barədə söz-söhbətlər ara vermirdi. Hər yerdə narazılıq, bədbinlik, ümidsizlik, biganəlik hökm sürürdü. Həm Bakıda, həm də Moskvada başa düşürdülər ki, respublika rəhbərliyi Azərbaycanın qarşılaşdığı problemləri həll etməyə qadir deyil.

Ümummilli lider belə bir şəraitdə respublikanın rəhbəri oldu. Doğrusu, o vaxt az adam inanırdı ki, elə 1969-cu ildə iqtisadiyyatı qaldırmaq üçün nəsə etmək mümkün olsun. Çünki il yarıya çatmışdı, göstəricilər həddən artıq aşağı idi. Ancaq bu, Heydər Əliyev idi. İnsanları səfərbər edib arxasınca aparmaq, çoxsaylı problemlərin içərisindən başlıca olanlarını aşkara çıxarıb əsas diqqəti onların həllinə yönəltmək bacarığı sayəsində Heydər Əliyev elə həmin il respublikanın sənaye və kənd təsərrüfatı istehsalı sahəsində nəzərəçarpacaq artıma nail oldu. Respublika iqtisadiyyatının gələcək inkişafı üçün əsas yaradıldı, ermənilərin ərazi iddialarının qarşısı alındı. Nəhayət, insanlar anladılar ki, işin düzgün təşkili nəticəsində neçə illərdən bəri davam edən uğursuzluq zolağından çıxmaqla yanaşı, çox şeyə nail olmaq mümkün imiş.

Heydər Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və başqa yığıncaqlarda məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir və qarşıya yeni-yeni vəzifələr qoyurdu. Həmin illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı bütün 1970-80-ci illərdə müvəffəqiyyətlərin əsası oldu. Heydər Əliyevin qəti mövqeyi nəticəsində ermənilərin Azərbaycanın tarixi-etnik torpağı olan Dağlıq Qarabağa əsassız iddialarına qarşı müqavimət göstərildi, Azərbaycan torpaqlarının bir qarışı belə Ermənistana verilmədi.

1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasının qəbul edilməsi Heydər Əliyevin uzaqgörən bir addımı idi. Onun təşəbbüsü ilə o dövrdəki Konstitusiyamızda Azərbaycan dili dövlət dili elan edildi. Bu, həmin dövrdə dövlətçiliyimizin bərpasına doğru atılan olduqca cəsarətli bir addım, dilimizin, milli dövlətçilik ənənələrimizin inkişaf etdirilməsinə Heydər Əliyev tərəfindən göstərilən əvəzsiz xidmət idi. Əgər o dövrdə Heydər Əliyev dil məsələsində mərkəz qarşısında geri çəkilsəydi, bu addım milli-mənəvi, dövlətçilik ənənələrimizin qorunub-saxlanılmasında ən güclü silah olan dilimizin ölməsinə, millət kimi milli varlığımızın itirilməsinə və milli faciələrimizə aparıb çıxaracaqdı.

Heydər Əliyev Azərbaycan neftinin Mərkəzə daşınmasında maraqlı olmadığından qeyri-neft sahələrinə başlıca diqqət yetirir, maliyyə vəsaiti ayırır, bununla da respublikanın regionlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, yerli əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, demoqrafik inkişafına, rayon, qəsəbə və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji niyyətlərini həyata keçirirdi. 70-ci illərdə Azərbaycanda pambıqçılığın və üzümçülüyün üstün inkişafının səbəblərindən biri də məhz bu amillərlə bağlı idi. Heydər Əliyev DTK orqanlarının şəxsi heyətinin azərbaycanlılaşdırılmasına səy edir, yerli xalqın nümayəndələrini yerləşdirərək, onlara yüksək rütbələr verilməsinə nail olurdu. O, hakimiyyətə gələn kimi iqtisadi idarəçilikdə azərbaycanlıların mövqelərini möhkəmləndirdi, iqtisadiyyata rəhbərliyi onların nəzarətinə keçirdi. Bütün sovet dönəmində azərbaycanlılar ilk dəfə olaraq Azərbaycanda məhz Heydər Əliyevin hakimiyyəti illərində iqtisadi həyatda hökmran mövqe tutdular, onların özünə inamı gücləndi (Europe since 1945. An Encyclepedia. Volume 1. Bernard A. Cook. Loyola University New Orleans. Editor. New York and London, Garlond Publishing Inc., 2001.p 70).

Səksəninci illərin əvvəllərində (1982-1987) Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən sonra da Heydər Əliyev Azərbaycanın milli dövlətçilik maraqlarını daha yüksək səviyyədə müdafiə etməyə başladı. Heydər Əliyevin Azərbaycanda nüfuzunun yüksək olması və xalq tərəfindən sevilməsi 70-ci illərin sonundan etibarən Moskvanı açıq şəkildə olmasa da, gizlicə narahat edirdi. ABŞ-da dərc olunan bir kitabda qeyd olunurdu ki, Azərbaycanın Heydər Əliyevin təsiri altında olması Moskva üçün arzuedilən deyildi. Qərb şərhçilərinin bir çoxu isə belə fikirdə idi ki, SSRİ rəhbəri olan Andropov onu SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin etməklə xəstə, iclaslarda iştirak edə bilməyən 77 yaşlı Baş nazir N.A.Tixonovun boşalacaq yerinə məntiqi olaraq hazırlayırdı (Joseph L.Nogee.Soviet Politics. Russia after Brezhnev. New York: Proeger Publishers, 1985.p.140-141).

ABŞ tarixçisi Martin İvn yazır ki, Heydər Əliyev Andropovun yanında etibarlı adam idi. Lakin Andropovun yanında etibarlı, işgüzar, bilikli, bacarıqlı bir şəxsiyyət kimi tanınan Heydər Əliyev 1985-ci ildə hakimiyyətə gələn dar düşüncəli, səriştəsi olmayan M.S. Qorbaçov tərəfindən qısqanclıqla qarşılandı. Müxtəlif böhtanlarla onun nüfuzunu alçaltmaq üçün əməli fəaliyyətə keçildi. 1987-ci il oktyabr ayının 21-də keçirilən Sov. İKP MK plenumunda Heydər Əliyev “xəstəliyinə görə” vəzifəsindən azad edildi (Evon M. The Andropov file. New York, Mc. Graw. - Hill Book Company, 1983.p.82).

Lakin bununla belə Heydər Əliyev siyasi fəaliyyətindən əl çəkmədi. 1990-cı il yanvar ayının 20-də isə baş verən qanlı faciəyə görə o, Qorbaçovun yeritdiyi qanlı siyasəti kəskin şəkildə pislədi. Azərbaycan və SSRİ rəhbərliyinin mane olmasına baxmayaraq, Heydər Əliyev çətinliklə də olsa, 1990-cı il iyul ayının 20-də Bakıya qayıtdı. Buradan isə o, Naxçıvana getdi. Naxçıvanda xalq tərəfindən böyük sevgi ilə qarşılanan Heydər Əliyev həmin il Naxçıvan MR Ali Sovetinin deputatı seçildi. Bundan sonra yenidən bütün diqqətini Azərbaycanın milli dövlətçiliyinin bərpasına yönəldən Heydər Əliyevin tələbi ilə Naxçıvan MR-in adından “sovet və sosialist” sözləri götürüldü.1991-ci il, sentyabr ayının 1-də Heydər Əliyev Naxçıvan MR Ali Sovetinin sədri seçildi. Bundan sonra Azərbaycanın dövlət müstəqilliyinin və milli dövlətçilik ənənələrinin bərpası uğrunda daha qətiyyətlə hərəkət edən Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın müstəqilliyinin mühüm atributlarından olan üçrəngli dövlət bayrağımız Naxçıvan Ali Məclisi binasının üzərində dalğalanmağa başladı. Blokada vəziyyətinə alınmış Naxçıvana Heydər Əliyevin gərgin zəhməti nəticəsində yardımlar edilmişdir. Nəhayət, Heydər Əliyevin tələbi ilə imperiya qoşunları Naxçıvanı tərk etməyə məcbur oldu. Bu isə de-fakto Naxçıvanda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması demək idi.1991-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində Heydər Əliyevin mühüm rolu oldu.

1992-ci ilin oktyabrında respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Ulu öndərin qeyd etdiyi kimi: “Bizim partiya sağlam düşüncə, sağlam fikir — xalqı birləşdirmək və Azərbaycanın o mürəkkəb həyatında ölkənin problemlərinin həll olunmasında iştirak etmək, öz xidmətlərini göstərmək məqsədi ilə yarandı”.

1992-1993-cü illərdə Azərbaycanın başı üzərini yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı. Belə bir vəziyyətdə – 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. O, dərhal Azərbaycanın başı üzərini alan təhlükənin aradan qaldırılması və dövlət müstəqilliyimizin bir də əldən verilməməsi üçün bütün gücünü səfərbər etdi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm addımlar atıldı. Ulu öndər xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək, Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan etdi. Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılması Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Müstəqilliyimizin ilk illərində Azərbaycanın bir sıra problemlər yaşamasında ölkəmiz haqqında məlumatsızlıq da mühüm rol oynamışdı. 1992-ci ildə ölkəmizə qarşı tətbiq olunan “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəliş də bu məlumatsızlığın və əməli fəaliyyət sərgiləməməyin nəticəsi idi. Bu düzəlişin ölkəmizə maddidən çox, mənəvi ziyanını önə çəkən ulu öndər dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ probleminin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Erməni yalanları faktlarla ifşa olundu.

Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cü ilin sentyabr ayının 20-də isə xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft və qazla zəngin strukturlarının işlədilməsi barədə “Əsrin müqaviləsi” adlı tarixi sənəd imzalandı. Bununla da Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Xəzər neftinin dünya bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft, həmçinin Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinə verilən daha bir töhfə oldu.

Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə keçirilən ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu . Konstitusiyanın qəbulu Azərbaycanın zəngin dövlətçilik tarixinin, dövlətin bir suveren təsisat kimi mövcudluğunun təsdiqi idi.

Ulu öndərimiz neftdən əldə olunan gəlirlərin iqtisadiyyatın digər vacib sahələrinə yönəldilməsini,qeyri neft sektorunda yeni istehsal müəssisələrinin yaradılması yolu ilə yeni iş yerlərinin açılması,bir sözlə,əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsini özünün iqtisadi siyasətində daimi prioteritet vəzifə kimi nəzərdən keçirmişdir."İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" prinsipinə əsaslanaraq siyasət həyata keçirən Heydər Əliyev iqtisadi inkişafda demokratikləşmə prosesinə mühüm əhəmiyyət verməklə, iqtisadi tərəqqini digər sahələrin inkişafına təkan verən aparıcı qüvvə hesab edirdi. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” 29 dekabr 2000-ci il tarixli fərman da məhz bu ali məqsədlərin həyata keçirilməsinə xidmət etmişdi.Fondun fəaliyyətinin başlıca məramını neft və qaz hasilatından əldə olunan maliyyə vəsaitlərindən indiki və gələcək nəsillərin mənafeyi naminə məqsədyönlü istifadə təşkil edir. Heydər Əliyevin dövlət quruculuğu sahəsindəki əsas xidmətlərindən biri və bəlkə də ən əsası, sağlam qüvvələri səfərbər edərək güclü dövlət strukturları yaratması, müstəqilliyimizin, daxili, ictimai-siyasi sabitliyin real təminatçısı olan dövlət aparatı formalaşdırmasıdır.

Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında ulu öndərin böyük səyi olmuşdur. Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak etmişdir. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü idi.

Ümummilli lider demokratik, sivilizasiyalı cəmiyyətdə insan hüquqlarının qorunmasını, çoxpartiyalı sistemin yaradılmasını, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə insan hüquq və azadlıqlarının müdafiəsi üçün möhkəm təməl formalaşdırılmışdır. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzası ləğv olundu. Bu gün dünyanın bir çox qabaqcıl ölkələrində belə, ölüm cəzasının hələ də ləğv olunmadığını və mütəmadi olaraq tətbiq edildiyi nəzərə alınsa, ulu öndərin bu addımının nə dərəcədə böyük hüquqi, tarixi dəyər daşıdığı aydın olar. 1995-ci ildən əfv və amnistiya təsisatları bərpa edilmiş, həmin dövrdən etibarən imzalanmış sərəncam və fərmanlara əsasən minlərlə vətəndaşımız azadlığa qovuşmuşdur. 1998-ci il avqust ayının 6-da ulu öndərimiz Heydər Əliyevin imzaladığı xüsusi sərəncamla Azərbaycanda senzuranın aradan qaldırılması ilə mətbuatın inkişafı nəzərə çarpmağa başladı. 1999-cu ildə “KİV haqqında” Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib .

Müttəfiq respubliklar arasında birinci olaraq aqrar isalahat Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirildi. Torpağın böyük bir hissəsi öz sahiblərinə qaytarıldı. Beləliklə, ərzaq probleminin həllinə, həm də rayonların əhalisində olan maddi və maliyyə vəsaitindən istehsalın inkişafı üçün istifadə edilməyə şərait yarandı.

2001-ci il noyabrın 9-10-da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi soydaşlarımızla həmrəyliyin təmin edilməsinə, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporun təşkilatlanması üçün hüquqi bazanın əsasının qoyulmasına, görüləcək işlərin bir mərkəzdən idarə olunması üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmasında baza rolunu oynadı.

Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Prezident Heydər Əliyev beynəlxalq təşkilatlar və Avropanın mötəbər təşkilatları ilə səmərəli və işgüzar əlaqələrin qurulmasına mühüm diqqət yetirirdi. Azərbaycan liderinin NATO, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq qurumların işində fəal iştirakı da, heç şübhəsiz, Azərbaycanın xarici siyasətinin uğurları və ölkəmizin nüfuzunun göstəricisi sayıla bilər.

Heydər Əliyev tərəfindən əsası qoyulan balanslı xarici siyasət konsepsiyasının uzaqgörənliyi ondan ibarətdir ki, bu, müasir dövrdə Azərbaycan dövləti qarşısında duran problemləri həll etməyə qadir olan yeganə konsepsiyadır. Ulu öndərin qətiyyəti nəticəsində Azərbaycan Respublikası 2002-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşmuş və burada öz layiqli yerini tutmuşdur. Müasir Azərbaycanın inkişaf modelinin təzahürlərindən biri də azərbaycançılıq ideologiyasıdır. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli bir elmi irs qoyub getdi. Hansı ki, onun üzərində bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.

Azərbaycan dövlətçiliyinə, dövlətçiliyimizin inkişafına verilən əvəzolunmaz töhfələr məhz ulu öndər Heydər Əliyev şəxsiyyətində ən yüksək zirvəyə çatdı. Xalqına, onun müdrikiliyinə, intellektual potensialına sonsuz inam Heydər Əliyev şəxsiyyətini ideal səviyyəyə qaldırdı.

Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ümummilli lider bizim üçün elmi prinsiplərə və zəngin intellektual potensiala əsaslanan mükəmməl bir dövlətçilik konsepsiyası yaratmış, dövlət idarəçiliyi sahəsində zəngin elmi-nəzəri və praktiki irs qoymuşdur. Onun dövlətçilik ideyalarının elmi-nəzəri əsasları təkcə bu gün üçün deyil, gələcək üçün də əhəmiyyətlidir. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Ulu öndərin dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli Prezidentimiz İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmişdir. Qazanılan hər bir uğur isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Ulu öndərin qeyd etdiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikri artıq öz təsdiqini tapmaqdadır.

 

Nailə MƏMMƏDOVA,

“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında