Bu gün öz işğalçı mahiyyətini zərrə qədər dəyişməyən, əvəzində isə separatizmi, terrorçuluğu dövlət səviyyəsində dəstəkləyən Ermənistan rejimi nəinki qonşu dövlətlərə – Cənubi Qafqaz regionuna potensial təhlükədir, eyni zamanda, öz xalqı üçün də başabəla hakimiyyətə çevrilmişdir. Bu baxımdan Ermənistana dünyada olan münasibət birmənalıdır. Heç bir normal ölkə Ermənistanla əməkdaşlığa can atmır. Çünki onların müstəqillik əldə etdikdən sonra yeritdiyi siyasətin təməlində zorakılıq, işğal, terrorizm, narkoticarət və despotizm dayanmışdır. Bunun nəticəsidir ki, bu günlərdə Latın Amerikası ölkələrinə səfər edən Sarkisyan indiyədək yürütdüyü siyasətin bumeranq şokunu yaşamışdır. Belə ki, Argentina Prezidenti Kristina Kirşnerlə görüşə can atan Sarkisyan saatlarla gözlədikdən sonra heç nəyə nail ola bilməyib. Argentinanın dövlət rəhbəri Sarkisyana diplomatik formada rədd cavabı verib.
Bu gün Qərbin insan hüquqları institutları durmadan region ölkələri barədə hesabatlar hazırlayır, xüsusilə, Azərbaycan barədə obyektivliyə önəm vermədən siyasi məhbusların siyahısını yayırlar. Lakin düşmən dövlətdə vəziyyətin hansı səviyyədə olması barədə əllərində yetərincə sənədlər olduğu halda, nədənsə bu kriminal rejimin fəaliyyətinə göz yumurlar. Üstəlik də Ermənistanda siyasi durumun qapalılığı, internet resurslarının azad olmaması, Sarkisyan rejiminin despotik əməlləri ucbatından bu ölkə barədə kifayət qədər məlumat toplamağın özü belə müşkülə çevrilmişdir. Bu gün Ermənistan türmələri Sarkisyan iqtidarına etiraz edən müxalifət nümayəndələri ilə dolu olsa da, bu barədə hamı susur.
Ermənistanda 10 nəfərin ölümü, yüzlərlə insanın yaralanması və həbsi ilə nəticələnən 2008-ci il prezident seçkiləri Sarkisyan rejiminin, əslində, hakimiyyətə gəldiyi gündən öz xalqına düşmən olduğunu sübut etmişdi. Onların BMT-nin qətnamələrinə hörməti, dünyada sülhün və sabitliyin qorunmasına töhfəsi necə ola bilər ki, bu hakimiyyət hələ elementar insan hüquqları anlayışından bixəbərdir və bu zorakılığı öz xalqına qarşı tətbiq etməkdən belə vaz keçməmişdir. Əlbəttə, sadə vətəndaşların qanı üzərindən hakimiyyətə gələn Sarkisyan və onun komandası üçün beynəlxalq hüququn mahiyyəti bir o qədər maraqlı deyil. Çünki erməni lobbisinin ianələri və narkoticarətin hesabına bu günə qədər duruş gətirən Ermənistan iqtidarı vətəndaş cəmiyyətinin inkişafında heç bir qəti addım ata bilmir.
Hələ bir neçə il bundan əvvəl AŞ PA-da 2001-ci ildən Avropa Şurasının üzvü olan Ermənistanda insan hüquqlarının sistemli və kütləvi şəkildə pozulması ilə bağlı dəfələrlə məsələ qaldırılmış, ciddi sənədlər hazırlanmışdı. Ermənistanın Avropa Şurası qarşısında vəzifə və öhdəliklərinin müzakirələri zamanı hər dəfə bu problemlərin olması qeyd edilsə də, təəssüf ki, nə Ermənistan vəziyyəti normallaşdırmaq üçün real işlər həyata keçirib, nə də düzəlmək istəməyən Ermənistana qarşı assambleya tərəfindən təsirli tədbirlər görülüb.
2008-ci il fevral ayının 19-da Ermənistanda keçirilən prezident seçkiləri zamanı baş vermiş çoxsaylı qanun pozuntuları ilə əlaqədar xalqın etirazlarına hakimiyyətin silahlı güc tətbiq etməsi, dövlət tərəfindən dinc aksiyaların nümayişçiləri öldürülmək, dəyənəkləmək, kütləvi surətdə həbs etmək kimi qəddar üsullarla boğulması barədə kifayət qədər faktlar vardır ki, bunlar həm Avropa Şurasının bu ölkə üzrə müvafiq hesabatlarında (“Ermənistanda demokratik təsisatların fəaliyyəti” üzrə 1620 (2008) saylı qətmanə; “Ermənistan tərəfindən 1609 saylı assambleya qətnaməsinin yerinə yetirilməsi barədə” 1620 (2008) saylı qətnamə; “Ermənistan tərəfindən 1609 və 1620 saylı assambleya qətnamələrinin yerinə yetirilməsi üzrə 1643 (2009) saylı qətnamə) əksini tapmış, eləcə də ”Hyuman Rayts"ın bilavasitə Ermənistandakı bu hadisələrlə bağlı məlumatlarında, dünyanın mühüm kütləvi informasiya vasitələrinin saytlarında və digər sənədlərdə əksini tapıb.
AŞ PA-da yayımlanan sənədlərdə dəfələrlə bildirilib ki, bu gün Ermənistan həbsxanalarında yüzlərlə siyasi məhbus var: Ermənistan hakimiyyəti ölkədəki insan hüquqlarını müdafiə edən qeyri - hökumət təşkilatlarının, Avropa Şurasının bir sıra digər beynəlxalq qurumların ardıcıl çağırışlarına məhəl qoymadan öz qanunazidd fəaliyyətlərini davam etdirməkdədir. Problemin həll edilməsi əvəzinə, həbsxanalardakı siyasi məhbusların sırasına yenilərinin əlavə olunması, Ermənistanın bir çox vətəndaşının siyasi təqib və terrordan, ölkədəki antidemokratik rejimdən xilas olmaq üçün mühacirət etməsi halları getdikcə artmaqdadır.
Ermənistan parlamenti prezident Serj Sarkisyanın amnistiya təklifini qəbul edərək, guya ölkənin müstəqilliyinin 20 illiyi ilə bağlı amnistiya qəbul etmişdi. Lakin sonrakı hesabatlar və daxili siyasi durum göstərdi ki, bu, heç də vəziyyəti düzəltmədi və həbsxanalarda bu gün də erməni vətəndaşlar çürüməkdədir. Bununla bağlı ötən il Yerevanda Erməni Milli Konqresinin fəalları 2 ildən 6 ilədək müddətə həbs olunmuş gənc silahdaşlarının müdafiəsi üçün Ermənistan Baş Prokurorluğu qarşısında növbəti etiraz aksiyası keçirdilər. Təbii ki, həmişəki kimi Ermənistan iqtidarı bu etiraza da məhəl qoymadı və aksiyanı vəhşicəsinə dağıtdı. Onu da qeyd edək ki, piketçilərin əllərində prezident Sarkisyanın şəkli çəkilmiş və “siz hələ azadlıqdasınız?” yazılmış plakat tutulmuşdu. Ermənistanda daxili qeyri-sabitlik həm də sosial-iqtisadi vəziyyətin ağırlaşması fonunda müşahidə olunur. Ölkədə insan hüquqlarının, söz və fikir azadlığının qorunması sahəsində mövcud durumun gündən-günə pisləşməsi, demokratik dəyərlərin məhv edilməsi, əslində, Ermənistan iqtidarının öz maliyyə mənbələrini itirmək qorxusundan yaranır. Çünki erməni xalqı buna dözmək istəmir, əvəzində isə Sarkisyandan dəyənək yeməli olur. Əslində, Ermənistanda vəziyyətin dramatik formada acınacaqlı olmasının səbəbi Serj Sarkisyan iqtidarının bir sıra xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan olan asılılığıdır. Hakimiyyətdə qalmasını təmin etmək məqsədilə Sarkisyanın xarici qüvvələrin bütün sifarişlərini can-başla yerinə yetirməsi nə Dağlıq Qarabağ probleminin həllində irəliləyişə aparır, nə də ki, daxili sabitliyin, sosial problemlərin həllində. Bunun nəticəsində ölkəni tərk edənlərin sayı sürətlə artır. Bu barədə hətta ötən il Ermənistanın “Lragir” qəzetində ölkənin Miqrasiya Xidmətinə istinadən məlumat da dərc edilmişdi. Həmin məlumatda göstərilir ki, son üç ildə Ermənistanı 160 min nəfər tərk etmişdir. Ötən ilin 11 ayı ərzində isə Ermənistanı tərk edənlərin sayı ölkəyə gələnlərdən 71 min 374 nəfər çox olmuşdur. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur. “Armenia Today” portalında yer alan xəbərdə isə vurğulanır ki, Rusiyada yaşayan ermənilərin sayında daha 650 min nəfər artım müşahidə olunmuşdur. Araşdırmalar erməni əhalisinin Rusiyada artmasına səbəb kimi yüksək doğum göstəricilərinin deyil, məhz miqrasiya proseslərinin səbəb olduğunu göstərir. “İPSC” Siyasi və Sosial Məsləhətləşmələr İnstitutu tərəfindən hazırlanan hesabatlarda dəfələrlə Ermənistan əhalisinin təqribən 80 faizinin yaşayış səviyyəsindən narazılığı öz əksini tapmışdır. İşsizlik, əmək haqlarının olduqca az olması əhalini çıxılmaz vəziyyətə salıb. Bu barədə Ermənistan Milli Elmlər Akademiyasının Fəlsəfə-Hüquq İnstitutunun direktoru Gevorq Poqosyan keçirdiyi mətbuat konfransında bildirmişdi ki, son illər intiharların 50 faizi 30-65 yaş arasındakı kişilər arasında baş verir. Bu ölkədə 2009-cu ildə intiharların sayı 498, 2010-cu ildə 592, 2011-ci ildə isə 647 olub. İnsanların sosial vəziyyəti də buna uyğun şəkildədir. İşsizliyin səviyyəsi 57 faizə çatmışdır. Ən çox intihar halları paytaxt Yerevan və Gümrü şəhərlərində qeydə alınmışdır. Bu şəhərlərdə işsiz vətəndaşların sayı gündən-günə artır. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ekspertləri öz hesabatlarında dəfələrlə vurğulamışlar ki, Sarkisyan rejiminin idarəetməsi dünyanın ən geridə qalmış, yoxsul dövlətlərindəki sistemdən əsla fərqlənmir. Lesoto, Mali və ya Madaqaskarda olduğu kimi, Ermənistanda da əhalinin təxminən 64 faizi yoxsulluq səviyyəsində, 26 faizi isə həmin səviyyədən də aşağı, yəni səfil kökündə yaşayır. Ölkənin bütün maddi və maliyyə ehtiyatları, resursları hakimiyyətdəki şəxslərlə onların nəzarətində fəaliyyət göstərən şirkətlərə rəhbərlik edən oliqarxların əlindədir. 1992-ci ildən keçən 22 il ərzində Ermənistanda inhisarların yaranması, təşəkkül tapması və möhkəmlənməsi nəticəsində indi bütün kommersiya, biznes, emal, istehsalat və bank fəaliyyəti 21 ailənin nəzarətindədir. Həmin ailələrin hamısı da hazırda dövlətə başçılıq edən Serj Sarkisyan, onun ailə üzvləri və yaxın qohumlarının nəzarətindədir. Təbii sərvətlər baxımından kasad ölkə olan Ermənistanda əsas gəlir mənbəyi çətənə kollarının yetişdirilməsi və bunun demək olar ki, dövlət səviyyəsində alışı və satışıdır. 2010-cu ildə ABŞ-da böyük bir erməni mafiyasının ifşa olunması nəticəsində aydın oldu ki, bu işlərin digər tərəfində də erməni diasporu və İrəvan hökumətinin bir sıra üzvləri dayanır. Hətta həbs edilən erməni mafiya üzvlərinin rəhbəri Armen Kazaryanın Ermənistan prezidenti Serj Sarkisyanla yaxın əlaqələrə malik olduğunu erməni mətbuatı da gündəmə gətirir. Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzeti də bu barədə məlumat verərək yazmışdı ki, 1998-ci ildən Los Ancelesdə yaşayan “Pzo” ləqəbli Armen Kazaryanla Ermənistan prezidenti Serj Sarkisyanın qardaşı - “Saşik” ləqəbli Aleksandr Sarkisyanın birbaşa biznes əlaqələri olub. “Aleksandr Sarkisyanla Kazaryan arasında geniş biznes əlaqələrinin olması faktı hələ çoxdan bəlli idi. Lakin Ermənistanın sabiq XİN başçısı Vano Sıradyeqyan 1996-cı ildə mafiyaya qarşı müharibə elan etdikdən sonra Kazaryan ölkədən qaçmışdı. Ermənistana sonuncu dəfə gəldiyi zaman Kazaryan hətta həbs olunub. Ancaq ”Saşik" işə qarışdıqdan sonra polis onu azadlığa buraxıb". ABŞ-da erməni terror və quldur mafiyasının lideri A. Kazaryanla Ermənistanın milli təhlükəsizlik naziri Serob Arutyunyanın da sıx əlaqələrə malik olması qəzet tərəfindən işıqlandırılmışdır. Bu əsnada erməni mətbuatında nəinki Ermənistan iqtidarı, hətta müxalifətçi Levon Ter-Petrosyanın da narkotik alveri ilə məşğul olduğu barədə də məlumatlar əks olunmuşdu. WikiLeaksin bu barədə yaydığı məlumatlar düşündürücüdür. Qərb nəşrləri hətta, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da narkotik alverində əlinin olıduğu barədə məlumatlar dərc etmişdilər. Əsasən Qarabağdakı erməni separatçısı Arkadi Quqasyan, Koçaryan və Sarkisyan üçlüyünün narkoticarətdə şərikliyi barədə məlumatlar vardır.
Beləliklə, Ermənistan dövləti və hazırkı iqtidarı xaricdən göndərilən ianələrin hesabına iqtisadiyyatını, böyük dövlətlərin dəstəyi hesabına siyasətini, narkoticarət hesabına şəxsi biznes şəbəkələrini qurmuşlar. Bu iqtidarın atdığı mürtəce və bədnam addımlar nəticəsində regionda sülhün və sabitliyin mövcudluğuna ciddi əngəl yaranmış, hələ də Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapmamış, əvəzində isə erməni xalqı sosial partlayış, vəhşi bürokratiya və sözün həqiqi mənasında, despotizmin əsirinə çevrilmişdir.
Anar TURAN,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.