Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra digər sahələr kimi, xarici siyasətdə də tədricən uğurlar əldə olunmuş, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması istiqamətində qətiyyətli addımlar atılmışdır. Bu nailiyyətlərə görə xalqımız, ilk növbədə, ümummilli lider Heydər Əliyevə minnətdardır. Böyük dövlət xadiminin hakimiyyətə qayıdışı ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Bu gün müstəqilliyimizin möhkəmləndirilməsi, əbədiləşdirilməsi, iqtisadi imkanlarımızın və hərbi qüdrətimizin artırılması, respublikamızın dünya birliyindəki reytinqinin getdikcə yüksəlməsi və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş xarici siyasət strategiyamız Prezident İlham Əliyevin müəyyən etdiyi kursa uyğun olaraq daha çevik və qətiyyətlə həyata keçirilməkdədir.
Son illər ölkəmizin uğurlu xarici siyasəti respublikamızın dünya birliyinə inteqrasiyasını sürətləndirmiş, mövqelərimizi daha da möhkəmləndirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı getdikcə artır. Ölkəmiz dünyada, beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi təsdiq edə bilmişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.
Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də diplomatik korpusun qarşısına qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyətli tədbirlərin reallaşdırılmasıdır. Bakıda Azərbaycanın diplomatik xidmət orqanları rəhbərləri ilə iki ildən bir keçirilən müşavirə artıq ənənə halını alıb. Dövlətimizin başçısının da iştirak etdiyi bu müşavirələrdə xarici siyasətimizin müxtəlif aspektləri müzakirə edilir, yeni istiqamətlər müəyyənləşdirilir və qarşıya qoyulan prioritet vəzifələrin icrası məqsədilə tövsiyələr verilir. Belə tədbirlər xarici siyasətin ardıcıl və uğurla həyata keçirilməsində mühüm rol oynayır. İlk növbədə, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri yerli əhali ilə, ictimai-siyasi xadimlərlə və ziyalılarla daha sıx təmasda olurlar.
Diplomatik xidmət orqanları rəhbərlərinin 2012-ci ildə keçirilmiş dördüncü müşavirəsindən sonrakı müddət ərzində – son iki ildə ölkəmizin İsveçrə Konfederasiyasında, Avstraliya İttifaqında və Vyetnam Sosialist Respublikasında yeni səfirlikləri, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş konsulluğu, Kolumbiya və Uruqvayda isə təmsilçilik ofisləri açılmışdır. Azərbaycanda isə Əfqanıstan İslam Respublikasının, Sudan Respublikasının, Kolumbiya Respublikasının, İsveç Krallığının, İspaniya Krallığının və Malayziyanın səfirlikləri, habelə bir sıra digər dövlətlərin fəxri konsulluq və nümayəndəlikləri fəaliyyətə başlamışdır.
Göründüyü kimi, respublikamızın dünya birliyindəki əlaqələri getdikcə genişlənir, tərəfdaşların sayı isə artmaqda davam edir. Təbii ki, bütün bunların əsas səbəbi Azərbaycanın xarici siyasətinin prinsipiallığı və müstəqilliyi ilə seçilməsidir. Digər səbəb isə güclü siyasi iradənin mövcudluğudur. Güclü siyasi iradə olmayan yerdə, müstəqil siyasət aparmaqdan danışmağa dəyməz. Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində nitqi zamanı, bu məsələyə münasibət bildirərkən demişdir: “Bu siyasi iradə vardır. Bu siyasi iradə özünü həm daxili, həm xarici siyasət məsələlərində göstərmişdir. Eyni zamanda, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə imkan verir ki, xarici arenada da öz sözümüzü deyək, öz maraqlarımızı müdafiə edək. Ona görə, son illərdə həm siyasi, həm iqtisadi islahatların aparılması ölkəmizin çox böyük inkişafına səbəb olmuşdur. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, gələcəyini özü müəyyən edir, tam şəkildə müstəqil siyasət aparır”.
Azərbaycanın həyata keçirdiyi xarici siyasətin prioritetlərini açıqlayan dövlətimizin başçısı bir daha vurğulayıb ki, bizim xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Ölkə başçısı deyib ki, diplomatların fəaliyyəti, ilk növbədə, bu istiqamətə yönəlməlidir. Çünki hələ geniş dünya ictimaiyyəti Qarabağla bağlı əsl həqiqətləri bilmir. Erməni lobbisi çalışır ki, faktları dünya ictimaiyyətinə təhrif edilmiş şəkildə çatdırsın. Biz isə çalışmalıyıq ki, real faktları dünya ictimaiyyətinə çatdıraq, o cümlədən İrəvan xanlığı ilə bağlı olan həqiqətləri çatdırmalıyıq.
Bu bir həqiqətdir ki, İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları beynəlxalq ictimaiyyətə məlum deyildi. Bu məsələni ilk dəfə Prezident İlham Əliyev qaldıranda bəzilərinə təəccüblü görünürdü. Artıq bu reallığı Azərbaycanda hər kəs bilir. Ölkə başçısı imkan düşdükcə bu həqiqətin beynəlxalq konfranslarda, forumlarda, tədbirlərdə mütəmadi olaraq səsləndirilməsi barədə diplomatlara tapşırıq vermişdir. Çünki bu tarixi həqiqəti dünya ictimaiyyətinin də bilməsi vacibdir.
Azərbaycan alimləri və tədqiqatçıları Prezident İlham Əliyevin təşəbbüsü ilə son illər İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar. Bunu yüksək dəyərləndirən dövlətimizin başçısı demişdir ki, bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Azərbaycan Prezidenti qeyd etmişdir ki, bununla kifayətlənmək olmaz. Ona görə də daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır. Qərara alınmışdır ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə belə broşürlər hazırlasınlar və müxtəlif dillərdə nəşr edilərək xarici ictimaiyyətə çatdırılsın.
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hər hansı bir irəliləyişə nail olunmamasına aydınlıq gətirən Azərbaycan Prezidenti bunun əsas səbəbini Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləri ilə əlaqələndirmişdir. Minsk qrupunun həmsədrlərinin bölgəyə dəfələrlə səfərlər etməsinə baxmayarq, yenə də hər hansı bir irəliləyiş olmamışdır. Digər tərəfdən, bir sıra beynəlxalq təşkilatların ikili mövqe nümayiş etdirmələri, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi təsir göstərilməməsi, sanksiyalar tətbiq olunmamsı işğalçı dövləti daha da azğınlaşdırmışdır.
Prezident İlham Əliyev münaqişənin həllinin başqa yolla da mümkün olduğunu bildirmişdir: “Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, əfsuslar olsun, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. “Kim güclüdür, o da haqlıdır” prinsipi, əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur. Yəni, bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq. Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq, hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər”.
Ölkə başçısı diplomatların diqqətinə çatdırmışdır ki, öz fəaliyyətlərini, ilk növbədə, bu istiqamətə yönəltməlidirlər. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Tarixi və hüquqi nöqteyi-nəzərdən Qarabağ həmişə Azərbaycan torpağı olmuşdur. Azərbaycan xalqı Dağlıq Qarabağda və işğal edilmiş digər torpaqlarda əsrlər boyu yaşamış, yaratmışdır. Bütün tarixi abidələrimiz, toponimlərimiz, kəndlərin, şəhərlərin adları Azərbaycan mənşəlidir. Bu, həqiqətdir. Əlbəttə ki, biz bunu bilirik, dünya da bunu bilir və bilməlidir.
Dövlətimizin xarici siyasətinin prioritetlərini açıqlayan Azərbaycan Prezidenti qeyd etmişdir ki, bizim qonşularla münasibətlərimiz çox müsbətdir. Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Artıq bütün qonşularla münasibətlərimiz ikitərəfli maraqları təmin edir. Belə də olmalıdır. Biz bu bölgədə, bu coğrafiyada yaşayırıq. Ona görə qonşu ölkələrlə sağlam, mehriban qonşuluq münasibətləri hər bir ölkə, o cümlədən Azərbaycan üçün önəmlidir. Mən çox şadam ki, bizim bütün qonşularla çox gözəl bərabərhüquqlu və əsaslı münasibətlərimiz vardır. Burada həm siyasi, həm iqtisadi komponent mövcuddur. Əlbəttə ki, tarixi, mədəni əlaqələr də öz rolunu oynayır və hesab edirəm ki, biz gələcək illərdə qonşularımızla münasibətlərimizi daha da möhkəmləndirəcəyik. Çünki biz də istəyirik ki, hər yerdə inkişaf, hər yerdə sülh olsun və əlbəttə ki, qonşuluğumuzda da vəziyyət daim sabit olsun.
Müsəlman ölkələri ilə əlaqələrimizin çox möhkəm olduğunu bildirən ölkə rəhbəri vurğulamışdır ki, Azərbaycan İslam aləminin bir parçasıdır. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Bu təşkilatın xətti ilə Azərbaycanda çoxsaylı tədbirlər keçirilmişdir. İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Azərbaycan Prezidenti demişdir: “Əlbəttə ki, beynəlxalq arenada, xüsusilə BMT-də müsəlman ölkələrinin dəstəyi çox əhəmiyyətlidir. Bu qarşılıqlı dəstək artıq bir reallığa çevrilibdir. Əlbəttə ki, bu, bizi daha da gücləndirir. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Ona görə bundan sonrakı illərdə də müsəlman ölkələri ilə əlaqələr daim inkişafda olmalıdır. Burada əlbəttə ki, müxtəlif variantlar mümkündür. Siyasi əlaqələr təbii ki, çox yüksək səviyyədədir. Hesab edirəm ki, biz iqtisadi sahədə fəaliyyəti gərək bir az artıraq. Buna imkan vardır. Hesab edirəm ki, Azərbaycan investisiyalarını müsəlman ölkələrinə qoymaqla biz iqtisadi sahədə də vəziyyəti yaxşılaşdıra bilərik”.
Avropa ölkələrinin bizim ənənəvi tərəfdaşlarımız olduğunu diplomatların diqqətinə çatdıran Prezident İlham Əliyev işgüzar və səmimi münasibətlərin bundan sonra da davam etdirilməsini vacib hesab etmişdir. Çünki Avropa Azərbaycan üçün əsas ticarət tərfdaşıdır. Ölkə başçısı vurğulamışdır ki, biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Bu, bizim üçün çox önəmlidir. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Çünki bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır. Eyni zamanda, Avropa texnologiyaları bizə lazımdır.
Asiya ölkələri ilə əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bu münasibətləri bundan sonra da qoruyub saxlamağı tapşıran dövlətimizin başçısı beynəlxalq təşkilatlarla da əlaqələri möhkəmləndirməyi tövsiyə etmişdir. Ölkə başçısı diqqətə çatdırmışdır ki, beynəlxalq təşkilatlarla əməkdaşlığımız artıq uzun illərdir ki, aparılır. Azərbaycan beynəlxalq təşkilatlarda çox uğurlu siyasət aparır. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bunu əyani şəkildə göstərir. BMT-də bizim fəaliyyətimiz, əlbəttə ki, prioritet təşkil edir. Çünki BMT yeganə təşkilatdır ki, bütün dünya ölkələri orada cəmləşir.
Azərbaycan Prezidenti digər beynəlxalq təşkiatlarla da əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsinin vacib olduğunu bildirmişdir.
Ölkə başçışı İlham Əliyevin Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsindəki nitqində səsləndirilən faktlar bir daha təsdiqlədi ki, respublikamız prinsipial, ardıcıl xarici siyasət aparır. Bir daha vurğulanmışdır ki, Azərbaycan diplomatiyası özünün inkişaf dövrünü yaşayır.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.