Azərbaycan-Fransa: siyasi dialoqun inkişaf tendensiyası

Kommunist ideologiyası və onun dünyadakı dayağı olan SSRİ-nin iflası nəticəsində müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin etibarlı təminatı üçün düzgün xarici siyasət kursunun müəyyənləşdirilməsi mühüm əhəmiyyətli məsələ idi.

Bu reallığa əsaslanaraq respublikamızın xarici siyasətinin strateji yönümlərinin təyinatında Fransa dövlətinə xüsusi prioritet verilməsi təsadüfi siyasi gediş sayılmamalıdır. Fransa dünyanın güclü siyasi, iqtisadi, hərbi və mədəni potensiala malik dövləti olaraq ümumavropa təhlükəsizliyi sisteminin formalaşmasında və “Yeni Avropa” birgəyaşayış qaydalarının yaranmasında müstəsna mövqeyə malikdir. “Böyük yeddilər”in,  BMT-nin yaradıcılarından və Təhlükəsizlik Şurasının 5 daimi üzvündən,  ATƏT-in Minsk qrupunun həmsədrlərindən, Avropa İttifaqının iki lokomotiv dövlətindən  biri olması, habelə ərazisində 200-dən artıq beynəlxalq təşkilatın (İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD), YUNESKO, İnterpol, Beynəlxalq Çəkilər və Ölçülər Bürosu, Avropa Şurası Parlament Assambleyası və s) yerləşməsi faktı da Fransanın qlobal-bəşəri problemlərin həllində geniş təsir vasitələrinə malik olduğunu təsdiqləyir.

Şərqlə Qərb arasında “dəmir pərdə”nin aradan götürüldüyü və “soyuq müharibə”yə son qoyulduğu XXI əsrin astanasında dövlətlərarası münasibətlər hərbi-siyasi motivlərə deyil, iqtisadi amillərə əsaslanır. Güclü iqtisadi potensialı olan dövlətin möhkəm və davamlı siyasi-hərbi dayaqlara da malik olacağı şübhəsizdir.

Erməni lobbisinin güclü təsir mexanizmlərinə malik olduğu Fransa dövlətini yaxın perspektivdə Azərbaycanla daha sıx münasibətlərə girməyə sövq edən amillərdən birinin nə qədər paradoksal səslənsə də, Dağlıq Qarabağ problemi olacağı istisna deyildi. Niyə? Çünki Fransanın da suverenliyi və ərazi bütövlüyü üçün daimi təhlükə mənbəyi olan Korsika problemi vardır. Rəsmi Parisin Dağlıq Qarabağ probleminə münasibətdə separatçı erməni qüvvələrinə loyallıq nümayiş etdirməsi, oxşar etnik problemi olan Fransanın milli maraq və mənafelərinə ziddir. Bunu qeyd etməklə, Dağlıq Qarabağ və Korsika problemlərini tam eyniləşdirmək, onlar arasında bərabərlik işarəsi qoymaq, təbii ki, düzgün deyil. Sadəcə olaraq, sözügedən problemlər yalnız mövcud olduğu dövlətlərdə oxşar çətinliklər doğurduqları baxımından bənzərdirlər. Əslində isə bu problemlər mahiyyəti etibarilə bir-birindən kəskin şəkildə fərqlənirlər.

Tarixə ekskurs etsək görərik ki, birbaşa Azərbaycan-Fransa münasibətlərinin bərpası yalnız Sovetlər Birliyi dağıldıqdan sonra mümkün olmuşdur. Belə ki, 1992-ci il yanvarın 3-də Fransa Azərbaycanın müstəqilliyini tanımış, fevralın 21-də isə iki dövlət arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanmışdır. Sənədi Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini A.Salamov, Fransa tərəfindən isə beynəlxalq və humanitar məsələlər üzrə dövlət katibi B.Kuşner təsdiqləmişdir.

Martın 16-da isə Fransanın Bakıda səfirliyi açılmış, Fransanın respublikamızda ilk səfiri J.Perren olmuşdur. O, öz etimadnaməsini Azərbaycan rəhbərliyinə 1992-ci il martın 26-da təqdim etmişdir.

“Fransa Qarabağ müharibəsinin aradan qaldırılmasına yardım göstərməyə hazırdır” – fikrinin müəllifi fransalı diplomat B.Kuşnerin rəhbərliyi ilə nümayəndə heyəti 1992-ci il martın 19-20-də Bakıda rəsmi səfərdə olmuşdur. Bu, respublikamıza gəlmiş ilk yüksək səviyyəli Fransa hökumətinin nümayəndə heyəti hesab olunurdu.

Qeyd edək ki, 1992-ci il martın sonundan 1993-cü ilin axırlarınadək Azərbaycan-Fransa münasibətlərində soyuqluq özünü göstərmiş, ikitərəfli əlaqələrdə qarşılıqlı inamsızlıq və etimadsızlıq hökm sürmüşdür. Bu da səbəbsiz deyildi. Bakı-Paris münasibətlərinin həmin dövrdə aşağı səviyyəsini bu amillər şərtləndirirdi:

Birincisi, Azərbaycan rəhbərliyi Fransanın dünya birliyində tutduğu yeri, ümumavropa təhlükəsizliyi sistemində oynadığı həlledici rolu düzgün qiymətləndirməyərək ikitərəfli əlaqələrin inkişafına səy göstərməmişdir. Belə mövqeni əsaslandırmaq üçün Ermənistanla Fransa arasında dostluq münasibətlərinin mövcudluğu faktını qabartmış, lakin dövlətlərarası münasibətlərdə “daimi dostlar yox, daimi mənafelər var” reallığını nəzərə almamışdır.

İkincisi, Ermənistanın təbliğat maşınının fransızların ictimai fikrində “vəhşi” və “köçəri” azərbaycanlı, “məzlum” və “cəfakeş” erməni obrazı yaratması da ikitərəfli münasibətlərin inkişaf imkanını xeyli dərəcədə məhdudlaşdırmışdır.

Üçüncüsü, Fransadakı güclü erməni lobbisinin antiazərbaycan fəaliyyəti bu iki ölkənin əməkdaşlıq perspektivlərini böyük sual altında qoymuşdur. Təxmini hesablamalarda, ərazisində məskunlaşan ermənilərin sayına görə Fransa ABŞ-dan sonra ikinci yerdə durur. Bu ölkənin əsasən Marsel, Lion, Paris və Bordo şəhərlərində yaşayan ermənilərin ümümi sayı təqribən 450 min nəfərdir.

Fransanın hakimiyyət eşelonunda belə geniş təmsilçilik və təsir imkanları olan erməni diasporunu neytrallaşdırmaq və ikitərəfli münasibətləri qarşılıqlı anlaşma və dostluq səviyyəsinə qaldırmaq üçün Azərbaycanın o zamankı rəhbərliyi konkret diplomatik addımlar atmalı, maraq və mənafelər arasında çoxsaylı təmas nöqtələri tapmalı, son nəticədə isə Azərbaycanın Fransaya, Fransanın isə Azərbaycana lazım olduğunu xüsusi olaraq ön plana çəkməli idi. Lakin təəssüf ki, mövcud imkanlardan lazımi səviyyədə istifadə olunmamış, verilmiş şanslar əldən buraxılmışdır.

Deməli, Azərbaycan-Fransa münasibətlərində həllini gözləyən çoxsaylı problemlərin mövcudluğu faktını qəbul etsək, xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ölkə Prezidenti Heydər Əliyevin Avropa səfərinə məhz Fransadan başlamasının təsadüfi olmadığı qənaətinə gələrik.

Azərbaycan Prezidentinin Fransaya ilk rəsmi səfəri 1993-cü il dekabrın 19-dan 23-dək baş tutmuşdur. Səfərin kulminasiyasını hər iki ölkənin dövlət başçılarının dekabrın 20-də Yelisey Sarayında olan görüşü təşkil etmişdir. Bu görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları haqqında geniş fikir mübadiləsi aparılmış, planetin qlobal problemləri, regional və ümumavropa təhlükəsizliyi məsələləri müzakirə olunmuşdur. Görüş zamanı Fransa Prezidenti birmənalı şəkildə bildirmişdir: “Fransa heç zaman sərhədlərin dəyişdirilməsinə və Azərbaycan da daxil olmaqla hər hansı bir ölkənin ərazi bütövlüyünün zorla pozulmasına razı olmayacaqdır.”

Yelisey Sarayında hər iki ölkənin prezidentləri tərəfindən imzalanan “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilənin əhəmiyyətinə toxunan Prezident Fransua Mitteran bildirmişdi ki, imzalanmış sənəd iqtisadiyyat, siyasət, elm, texnika, mədəniyyət, təhsil, təhlükəsizlik sisteminin yaradılması sahələrində əməkdaşlığın çərçivəsini genişləndirir. Azərbaycan Prezidenti Heydər Əliyev isə imzalanmış müqaviləyə yüksək qiymət verərək qeyd etmişdi ki, “biz birlikdə uzunmüddətli əməkdaşlığın bünövrəsini qoyduq.”

Səfər gedişində həmçinin Yeni Avropa üçün Paris Xartiyasının imzalanması ilə Azərbaycan Respublikası ümumavropa təhlükəsizliyinə qoşulmaq istiqamətində olduqca mühüm addım atdı.

Beləliklə, Fransa Respublikasına davamlı rəsmi səfərlər Azərbaycan-Fransa siyasi dialoqunun intensivləşməsinə olduqca böyük təsir göstərmişdir.

XXI əsrdə də davam etdirilən əməkdaşlıq prezidentlərin qarşılıqlı rəsmi səfərləri ilə aktuallıq qazanır. Lakin bu gün də çox güclü erməni lobbisi təbliğat maşınının daim işlək vəziyyətdə olduğu Fransanın Azərbaycanla bağlı, xüsusən də Dağlıq Qarabağla bağlı mövqeyində bu təsir özünü kəskin şəkildə büruzə verir.

Amma bununla belə, Fransa Respublikasının Prezidenti Fransua Ollandın 2014-cü il mayın 12-də Cənubi Qafqaza etdiyi rəsmi səfərə Azərbaycandan başlaması faktı erməni lobbisinin güclü təsir mexanizminin olmasına baxmayaraq, artıq regionun ən güclü dövləti olan Azərbaycanın da özünü dünya dövlətlərinə müsbət mənada tanıtmasından və xarici siyasətində qərəzsiz, düşünülmüş və şəffaf istiqamət seçməsindən xəbər verir. Həmçinin Azərbaycan Fransanın Cənubi Qafqaz ölkələri içərisində iqtisadi cəhətdən ən sıx münasibət qurduğu ölkə olması da səfərin Azərbaycandan başlaması üçün məntiqli səbəblərdəndir.

Fransa Prezidenti Fransua Olland Azərbaycana sərəfindən sonra mətbuata verdiyi bəyanatda da qeyd etdi ki, səfərin əsas məqsədi Ukraynadakı vəziyyətin Cənubi Qafqaz ölkələri arasında da reallaşmasına mane olmaqdır: “Biz bu haqda söhbət apardıq ki, siz də Fransanın, Avropanın bu məsələ ilə bağlı mövqeyinə əmin olasınız, ölkələrin ərazi bütövlüyünə sadiq olduğumuzu görəsiniz. Beləliklə, uzun müddət çəkən münaqişələrin həllinə nail olmaq üçün dialoqa açıqlığın vacibliyini qeyd edirik. Mənim Qafqaza, bu gün Azərbaycana səfərimin də məqsədi məhz bundan ibarətdir. Fransa münaqişənin mərhələli şəkildə həllinin tapılmasında yardım etməyə hazırdır. Siz burada müəyyən elementləri təsvir etdiniz. Hər iki tərəfdən etimad doğuran tədbirlərin görülməsi vacibdir. Sonra isə uyğun statusun tapılması üçün müvafiq vaxt ayrılmalıdır.”

Bütün bunlarla yanaşı, qeyd edək ki, Azərbaycan-Fransa münasibətləri təbii ki, yalnız münaqişənin həlli istiqamətində aparılmır. Siyasi, iqtisadi, enerji, elmi-mədəni, humanitar və digər sahələrdə də aparılan əməkdaşlıq da görüş çərçivəsində müzakirə olunmuş və aşağıdakı müqavilələrə imza atılmışdır:

1) Azərbaycan Respublikası Prezidenti və Fransa Respublikası Prezidentinin Birgə Bəyanatı;

2) Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və Fransa Respublikasının Milli Elmi Araşdırmalar Mərkəzi arasında elmi əməkdaşlıq sazişi;

3) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Fransa Respublikasının Kənd Təsərrüfatı, Ərzaq Emalı Sənayesi və Meşəçilik Nazirliyi arasında əməkdaşlıq haqqında saziş;

4) Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında Anlaşma Memorandumu;

 5) Azərbaycan Respublikasının Energetika Nazirliyi və Fransa Respublikasının Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu;

 6) Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Respublikasının Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq haqqında inzibati anlaşma;

 7) Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi arasında universitet əməkdaşlığı sahəsində Niyyət Məktubu.

Göründüyü kimi, Azərbaycanın mühüm tərəfdaşı olan Fransa Respublikası ilə əlaqələrin əsas istiqaməti enerji sahəsində olsa da, ikitərəfli əməkdaşlıq, həmçinin biznes forumu çərçivəsində, nəqliyyat sahəsində, mədəniyyət və təhsil sahəsində də davam etdirilir.

Həmçinin, Azərbaycanla Fransa arasında parlamentlərarası əlaqələr də sıx və dolğundur. Bu məqsədlə hər iki ölkənin parlamenti daxilində yaradılmış parlamentlərarası dostluq qrupları ölkələr arasında, demək olar ki, bütün istiqamətlərdə əməkdaşlığa töhfə verir. 2010-cu ilin noyabrında parlament seçkilərindən sonra yenidən təşkil olunan dostluq qrupuna  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etməsi ölkəmizin mədəniyyəti, incəsənəti, musiqisi və ədəbiyyatının nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün əlavə fürsət yaratmışdır. Onun fəaliyyəti nəticəsində Fransanın müxtəlif şəhərlərində mütəmadi şəkildə Azərbaycan mədəniyyətini təbliğ edən konsertlər, görüşlər, sərgilər keçirilir. Xüsusən, Fransanın müxtəlif bölgələrində Azərbaycan mədəniyyəti günlərinin keçirilməsində, böyük şəhərlərdə Azərbaycanın mədəniyyət mərkəzlərinin açılmasında Mehriban xanım Əliyevanın çox böyük xidmətləri olmuşdur.

2013-cü il mayın 20-23-də Mehriban xanım Əliyevanın rəhbərliyi altında deputatlardan ibarət nümayəndə heyətinin Fransaya səfəri zamanı Fransa Milli Assambleyasının sədri Klod Bartolone, assambleyanın Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Marianni, xarici əlaqələr komissiyasının sədri Elizabet Qiqu, Avropa məsələləri komissiyasının sədri Daniel Orua ilə görüşlərin keçirilməsi və fikir mübadiləsinin aparılması iki ölkə arasında parlamentlərarası əlaqələrin dərinləşməsinə, ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına təkan vermişdir.

Nəticə olaraq qeyd edək ki, bütün bu rəsmi və işgüzar səfərlər çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər Azərbaycan-Fransa münasibətlərinin inkişafına olduqca güclü təkan verir, ikitərəfli münasibətlərin perspektivlərini şərtləndirən mühüm əhəmiyyətli sənədlərin imzalanması əlaqələrin bütün sonrakı dövr yüksəlişinə əsaslı təminat verən hüquqi normativ bazanı formalaşdırır. Həmçinin Azərbaycanın balanslaşdırılmış xarici siyasət yeritməsi, düşünülmüş addımlar atması ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ probleminin həllində obyektivliyin artmasına stimul yaradacaqdır.

 

Ləman XƏLİLOVA,

“Azerbaijan Realities” analitik təhlil qrupunun üzvü

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında