“Ermənistan işğalçı və terrorçu dövlət olduğu üçün NATO Parlament Assambleyasından çıxarılsın”

Bu fikir Bakıda keçirilən NATO PA-nın 86-cı Rouz-Rout seminarında səslənmişdir

Azərbaycanın nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevrilməsi artıq dünya birliyində də öz təsdiqini tapıb. Son illər belə əhəmiyyətli tədbirlərin respublikamızda keçirilməsi  ölkəmizə olan inam və etimaddan irəli gəlir. Digər tərfdən isə, belə mötəbər  tədbirlərin məhz  Bakıda  keçirilməsi iqtisadi qüdrətimizin getdikcə artmasından xəbər verir.

Bu günlərdə  NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də bir daha təsdiqlədi ki, Azərbaycan dünya birliyinin etibarlı dövlətləri sırasına qoşulmaqdadır. “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusunda keçirilən seminarda NATO Parlament Assambleyasının  prezidenti Hu Beyli, 28 üzv ölkənin, eyni zamanda tərəfdaş ölkələrin nümayəndələri iştirak etmişlər. Göründüyü kimi, çox əhəmiyyətli və nüfuzlu bir tədbir idi.

 NATO Parlament Assambleyasının  Rouz-Rout seminarı üçüncü dəfədir ki, Bakıda keçirilir.  Bu, Azərbaycanın  nüfuzlu qurumla əməkdaşılığının yüksələn xətt üzrə inkişafının nəticəsidir. Xatırladaq ki,  bu yaxınlarda “Sülh naminə tərəfdaşlıq” Proqramının və Azərbaycanın bu proqrama qoşulmasının 20-ci ildönümü tamam olmuşdur. Bu müddət  ərzində Azərbaycan ilə NATO-nun münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Ümumiyyətlə, Azərbaycanın Şimali Atlantika Alyansı ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak, təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə, təhlükəsizlik və müdafiə islahatları ilə bağlı məsələlərdə praktik əməkdaşlıqdan ibarətdir.  Azərbaycan bu sahədə qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. NATO rəhbərliyi də dəfələrlə vurğulayıb ki,  Azərbaycan təhlükəsizliyin möhkəmləndirilməsi prinsipindən çıxış edərək,  sülhü dəstəkləmə əməliyyatlarına yaxından qoşulmuşdur. Bununla yanaşı, ölkəmizi bu  təşkilatda  təmsil edən  nümayəndə heyəti assambleyanın bütün tədbirlərində, o cümlədən,  sessiyalarında  fəal iştirak edir. Bu tədbirlərdə NATO-Azərbaycan münasibətləri, terrorizmə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq, təhlükəsizlik sahəsində qurumun rolu, Avratlantik təhlükəsizliyi və digər məsələlər barəsində aparılan fikir mübadiləsi əlaqələrin daha da möhkəmləndirilməsində,  münasibətlərin dərinləşməsində  və digər sahələrdə böyük əhəmiyyət kəsb edir.

Seminarda Ermənistan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin  üzvləri  də iştirak etmişlər. Ermənistan nümayəndə heyətinin tərkibinə İrs Partiyasının parlament fraksiyasının üzvü, deputat Tevan Poqosyan və İrəvandakı Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirakosyan daxil idi. Nümayəndə heyətinə hakim Respublika Partiyasının deputatı Koryun Naapetyan başçılıq edirdi.

İlk baxışdan bəzilərinə çox qəribə görünür ki, torpaqlarımızın 20 faizini iyirmi ildən artıqdır  işğal altında saxlayan və bir milyondan artıq soydaşımızı öz doğma ocaqlarından didərgin salan düşmənlərimizin bizim ölkəmizdə nə işi var? Hətta, buna etiraz edən qurumun nümayəndələri də aksiya keçirməyə cəhd etdilər. Ancaq bu fikrə düşənlər yanılırlar. İlk növbədə ona görə ki, Azərbaycan bütün dünyaya sülhsevər ölkə olduğunu bəyan edib və həyata keçirdiyi xarici siyasətində də bunu prioritet vəzifə kimi qarşıya qoyub. Artıq dünya birliyi də ölkəmizin sülhsevər olduğu, münaqişələrin danışıqlar yolu ilə, qan tökülmədən aradan qaldırılmasına çalışdığı barədə  məlumatlıdır. Elə Bakıda keçirilən tədbirdə də Azərbaycanın sülh tərəfdarı olması fikri  növbəti dəfə səslənmişdir.  NATO-nun Əfqanıstan üzrə yüksək səviyyəli mülki nümayəndəsinin müavini Li Litzenberqerin Azərbaycanın qurumla sıx əməkdaşlığına və ölkəmizin dünyada sülhü, təhlükəsizliyi dəstəklədiyinə görə minnətdarlıq etməsi və bu istiqamətdə  görülən işlərə  təşəkkürünü bildirməsi dediklərimizi bir daha təsdiqləyir.

NATO Parlament Assambleyasının keçirdiyi sessiya və seminarlarda, həmçinin, digər nüfuzlu beynəlxalq tədbirlərdə səsləndirilən obyektiv fikirlər Azərbaycana qarşı  münasibətlərin müsbətə doğru  dəyişdiyini nümayiş etdirir. Bütün bunlar onu təsdiqləyir ki,  Azərbaycan  dünyada çox etibarlı tərəfdaş kimi qəbul edilir. NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı Rouz-Rout seminarında iştirak edən  Ermənistan nümayəndələri də bunun şahidi oldular. Bundan başqa, ermənilər Azərbaycanın necə sürətlə inkişaf etdiyini, Bakının  necə  dəyişdiyini öz gözləri ilə gördülər. Bunu onların özləri də etiraf etdilər. Ölkəmizin bu inkişafını, beynəlxalq aləmdə reytinqinin sürətlə yüksəlməsini həzm edə bilməyən tarixi düşmənlərimiz Bakıda keçirilən belə bir əhəmiyyətli tədbiri pozmağa cəhd göstərdilər. Bu, ermənilərin xislətini, paxıllığını, xainliyini bir daha ortaya qoydu. Təbii ki, onlar iç üzlərini göstərməli idilər. Bu, seminar iştirakçıları üçün də  gözlənilən idi. Ona görə də Ermənistan nümayəndələrinin şantaj və qızışdırıcı  çıxışlarının qarşısı alındı və onların təmsil etdikləri dövlətin işğalçı olması bir daha  faktlarla öz əksini tapdı. Seminarda iştirak edən müxtəlif dövlətlərin nümayəndələri tərəfindən səsləndirilən fikirlərdə də Ermənistanın işğalçı dövlət olması bu ölkənin nümayəndələri üçün tutarlı cavab oldu.

 LİNKS Təhlil Mərkəzinin direktoru Denis Sammutun çıxışı Ermənistan nümayəndələri üçün layiqli zərbə oldu. O, “Cənubi Qafqaz: Dəyişkən regional və beynəlxalq təhlükəsizlik çağırışları” mövzusunda çıxış etmiş və son dövrlər Azərbaycanda gedən iqtisadi inkişafı xüsusi vurğulamışdır. Müsbət dəyişikliklərdən danışan, iqtisadi cəhətdən qüdrətli  dövlətə çevrilən Azərbaycanın yeganə probleminin — Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayan D.Sammut demişdir: “Burada əsas prinsip kimi ərazi bütövlüyü götürülməlidir. Azərbaycanın ərazi bütövlüyü pozulub və bərpa olunmalıdır”.

NATO PA-nın 86-cı Rouz-Rout seminarı bir sıra məsələləri ortaya qoydu.  İlk növbədə aydın oldu ki, artıq beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır və buna hörmətlə yanaşır. Daha  erməni yalanlarına, böhtanlarına və iftiralarına inanan yoxdur. Əvvəllər bir sıra beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarının  20 faizini işğal etməsi ilə bağlı deyilənlərə inanmır, hətta, bu barədə danışılanları eşitmək belə istəmirdilər. Çox vaxt isə bu mövzudan  yan keçirdilər. Açıq-aşkar işğalçı dövlətin nümayəndələrinə daha çox dəstək verilirdi. Ancaq son vaxtlar vəziyyət dəyişib, zaman Azərbaycanın xeyrinə işləyir. Bakıda keçirilən sonuncu tədbirdə də beynəlxalq təşkilatların, NATO Parlament Assambleyasının təmsilçiləri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu dəfələrlə səsləndirdilər. İşğalçıların qeyd-şərtsiz  Azərbaycan torpaqlarından çıxmasını istədilər. Beynəlxalq təşkilatların təmsilçiləri görürlər ki, Azərbaycan mütərəqqi bəşəriyyətin yanındadır, işğalçı dövlətin yox.  Ölkəmizin mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyini öz üzərinə götürməsi, Avropa İdman Oyunlarına ciddi  hazırlıq işlərinin aparılması, beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak etməsi, münaqişənin sülh yolu ilə həllinə çalışması, Krım məsələsində BMT Təhlükəsizlik Şurasında qətiyyətli mövqe nümayiş etdirməsi  Azərbaycanın həqiqətən də Avratlantik strukturlara inteqrasiyasının sübutudur.

Bütün bunlardan sonra Ermənistan nümayəndə heyətinin üzvlərinin yalanları “ayaq tutub yeriyə bilməzdi”. Seminarda çıxış edən Ermənistan parlamentinin üzvü Korun Nahapetyanın, guya,  Ermənistanın  Cənubi Qafqazda sabitlikdə maraqlı olması fikrinə heç kim inanmadı.  Erməni deputatın  “Danışıqlar prosesinə Dağlıq Qarabağın da tərəf kimi  cəlb olunmalıdır”- fikri isə bu xalqın beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirməsinin bariz nümunəsi idi. Ona görə də həmin cəfəng fikri səsləndirən erməni deputatı layiqli cavabını aldı.  Milli Məclisinin deputatı Siyavuş Novruzov dedi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və o, tərəf  kimi tanına bilməz: “Dağlıq Qarabağla yanaşı, ətrafdakı daha 7 rayon da Ermənistan və digər ölkələrin köməyi ilə işğal olunub. Beynəlxalq sənədlərdə münaqişə ilə bağlı tərəf kimi Dağlıq Qarabağın yox, Ermənistanın adı gedir”.

S.Novruzov bildiridi ki, erməni xalqı öz müqəddəratını çoxdan təyin edib və öz dövləti var: “Əgər ermənilər yaşadığı hər yerdə öz müqəddəratlarını təyin etsələr, onda dünyada 30-dan artıq erməni dövləti yaradılmalıdır. ABŞ-ın Kaliforniya ştatında Dağlıq Qarabağdakından 3 dəfə çox erməni yaşayır. İndi Kaliforniyada da erməni dövləti yaradılmalıdır?”

 Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə tədbiri pozmaq istəyən Ermənistan nümayəndələrinə daha sərt cavab verdi: “Ermənistan  nümayəndə heyətinin üzvü bildirir ki, BMT Təhlükəsizlik Şurasının  qətnamələrini  oxumaq lazımdır. O qətnamələr mənim əlimin altındadır. Orada yazılıb ki, Ermənistan ilkin şərt olmadan Azərbaycan ərazilərini tərk etməlidir. Bunu sizin prezidentiniz də etiraf edir ki, Ermənistanın Dağlıq Qarabağa silahlı müdaxilə edib. İndi siz prezidentinizdən qabağa getmisiz? ”

Z.Əsgərov Ermənistan nümayəndə heyətinin üzvlərinə müraciətlə dedi: “Mən məruzəçilərə sual verirəm ki, işğal olunmuş torpaqları nə vaxt qaytaracaqsınız? Siz Azərbaycanda 30-dan çox terror törətmisiniz. Terror Ermənistanın siyasətidir. Ermənistanın başında terrorçu Sarkisyan durur. Söhbət mənim ölkəmin taleyindən gedir”.

 Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu əsas gətirən Z.Əsgərov bu ölkənin NATO Parlament Assambleyası sıralarından xaric olunmasını təklif edib: “Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın”.

Seminarda diqqətçəkən məqamlardan biri də hüquq müdafiəçisi Leyla Yunusun yersiz haray-həşir salması, ermənilərin böhtanlarına, qarayaxmalarına rəvac verməsi, sonda isə ermənilərlə bir sırada oturması olmuşdur. Leyla Yunus artıq ermənilərlə qohumluğunu açıq şəkildə nümayiş etdirmişdir. Özünü azərbaycanlı adlandıran üzdəniraq hüquq müdafiəçisinin əsl-nəcabətinin erməni olması heç kimdə şübhə yeri qoymadı. Çıxışını şantaj və yalan üzərində quran Leyla Yunusun sonda ermənilərin mövqeyini müdafiə etdiyi bəlli oldu. Bununla da L.Yunus bu vaxta qədər onun haqqında erməni əsilli olması barədə deyilənləri təsdiqlədi.  Seminara yekun vuran NATO Parlament Assambleyasının prezidenti Hu Beylin tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə bir daha ölkəmizə təşəkkürünü bildirdi və baş tutan tədbirdə açıq, səmərəli müzakirələrin keçirildiyini dedi. Əlavə etdi ki, Azərbaycan 20 il bundan əvvəl Sülh Naminə Tərəfdaşlığa ilk üzv olduğu vaxtdan NATO üçün fəal və önəmli tərəfdaşdır. Assambleya prezidenti təhlükəsizlik və stabilliyə verdiyi töhfələrinə, hərtərəfli yardımlarına görə bir daha Azərbaycana təşəkkürünü bildirdi.

 

Əliqismət BƏDƏLOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında