Prezident İlham Əliyevin AŞPA sessiyasındakı proqram xarakterli nitqi Azərbaycan diplomatiyasının zəfəridir

Sədrliyimiz Avropa Şurasında üzvlük tariximizdə mühüm mərhələdir... Bu, bizim üçün ölkəmizi təqdim etməkdə gözəl fürsət olacaq və həmçinin müxtəlif Avropa ölkələrində narahatlıq doğuran mühüm məsələləri həll etmək imkanını yaradacaqdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident  İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik  beynəlxalq aktor statusunda dövlət başçısıdır. Bu statusa tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcısı olan Prezident İlham Əliyev harada  çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin – Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu, sırf zaman məsələsidir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq.  İyun ayının 24-də Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının yay sessiyasındakı möhtəşəm nitqi də bu həqiqətin növbəti dəfə təsdiqi  kimi dəyərləndirilə bilər.

Cənab İlham Əliyevin proqram xarakterli həmin nitqi, əslində, natiqlik elminin sirlərinə mükəmməl yiyələnmək istəyən istənilən kateqoriyalı siyasətçilər üçün stolüstü əyani vəsait rolunu oynaya bilər. Problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu,  auditoriya ilə  işləmək və onu ələ almaq   qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət, ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə  dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları  “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bildi.

Prezident İlham Əliyevin Strasburqda AŞPA-nın yay sessiyasındakı möhtəşəm nitqində səslənən fikir, mühakimə və tezislərin böyük siyasi aktuallıq və əhəmiyyət kəsb etdiyinin fərqinə vararaq, onların  təhlil və təbliğ  edilməsini,  geniş ictimaiyyətin nəzərinə çatdırılmasını vacib hesab edirik.

Bu baxımdan xüsusi olaraq qeyd edək ki, İlham Əliyev bu sessiyada təkcə Azərbaycan Respublikasının Prezidenti kimi deyil, həm də növbəti 6 ay ərzində AŞPA-nın Nazirlər Komitəsinə sədrlik edəcək bir dövlətin rəhbəri kimi çıxış etmişdir. Bu nitqində dövlət başçısı Azərbaycanın quruma sədrlik dövründə 2 mühüm vəzifənin yerinə yetirilməsi üçün əlavə imkanların yaranacağını bəyan etmişdir. Birincisi, Azərbaycanın təqdimatı üçün gözəl fürsət əldə olunacaqdır. İkincisi, müxtəlif Avropa ölkələrində narahatlıq doğuran mühüm məsələləri həll etmək imkanı yaranacaqdır. Cənab Prezident narahatlıq doğuran məsələlər dedikdə, ilk növbədə, demokratiya, qanunun aliliyi və müxtəlif ölkələrdəki vəziyyətə bəzən selektiv yanaşma kimi məqamları nəzərdə tutduğunu vurğulamışdır.

Əslində, Azərbaycanın dövlət başçısının nitqini dinləyən auditoriya 6 ay ərzində təmsilçisi olduqları nüfuzlu qurumun hansı prioritet istiqamətlərdə fəaliyyət göstərəcəyinə dair məlumatları ilkin və ən etibarlı mənbədən aldıqlarının fərqində idilər. Bu faktın özü Prezidentin nitqinə olan marağı şərtləndirən olduqca ciddi amil idi.

Prezident İlham Əliyevin məntiqi ardıcıllığa və siyasi analitikaya söykənən nitqində qaldırdığı məsələləri öz forma və məzmun mündəricəsi baxımından şərti olaraq 3 qrupa bölmək olar.

 Birinci qrup məsələlər Azərbaycanın Avropa Şurasının fəaliyyətinin prioritet sahələri olan insan haqlarının qorunması, qanunun aliliyi və demokratik islahatlarla bağlı  atdığı əməli addımların təhlilini özündə ehtiva edirdi.

İkinci qrup məsələlər Azərbaycanın AŞPA Nazirlər Komitəsinə sədrlik müddətində  müəyyən etdiyi hədəflərə çatmaq yolundakı fəaliyyətinin əsas istiqamətlərini əks etdirirdi.

Üçüncü qrup məsələlər isə Azərbaycanın iqtisadi inkişaf sahəsində əldə etdiyi  böyük uğurların, regionda sabitləşdirici amilə çevrilməsi ilə bağlı reallıqların, ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsi və dünyada etibarlı tərəfdaşa çevrilməsi ilə əlaqədar həqiqətlərin və xüsusilə də həllini  tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gerçəkliklərin dərin təhlilini inikas etdirirdi.

Birinci istiqamət üzrə  Prezident İlham Əliyevin nitqinin ana xəttini təşkil edən əsas məsələlərdən biri Azərbaycanda iqtisadi və siyasi islahatların paralel olaraq aparılması haqqında mövqeyi oldu. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, müstəqillik illərində Azərbaycanın uğurlu inkişafı göstərdi ki, iqtisadi və siyasi islahatlar paralel şəkildə həyata keçirildiyi təqdirdə uğurla nəticələnir. Cənab Prezident Azərbaycanın Avropa Şurasına daxil olmaqla bağlı tarixi seçimində bu amilin xüsusi rol oynadığına toxunarkən qeyd etdi ki, Avropa Şurasına qoşulmaq bizim düşünülmüş seçimimiz oldu. Çünki biz islahatların genişləndirilməsi üçün bu təsisatın üzvü olmaq istəyirdik. Əlbəttə, bilirdik ki, Avropa Şurasına qoşulmağımız, həmçinin öhdəlikləri nəzərdə tutacaqdır. Biz isə bunlara hazır idik. Bu günə qədər biz öhdəlikləri yerinə yetiririk. Xanım sədrin qeyd etdiyi kimi, biz demək olar ki, 60-a yaxın konvensiyaya qoşulmuşuq. Qanunvericiliyimizi təkmilləşdirmişik. Bu gün həyata keçirdiyimiz islahatlar cəmiyyətimizdə çox müsbət mühit yaradır.

Prezident İlham Əliyev ölkəmizdə siyasi islahatlar kontekstində fundamental azadlıqların qorunması sahəsindəki vəziyyətə diqqəti cəlb edərək qeyd etdi ki, Azərbaycanda bütün azadlıqlar təmin edilir. Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. Qırxdan artıq gündəlik və təxminən iki yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində doqquz televiziya kanalı vardır. On dörd bölgə və on dörd kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır.

Prezident İlham Əliyev nitqində siyasi islahatların həyata keçirilməsini şərtləndirən amilə də diqqəti cəlb edərək vurğuladı ki, bu, ölkəmizi müasirləşdirmək məqsədindən irəli gələn addımdır. On il öncə qeyd etdiyim kimi, güclü demokratik təsisatlar olmadan iqtisadi uğurumuz davamlı ola bilməz.

Heç şübhəsiz, dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyillərin bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər. Təsadüfi deyildir ki, bu məntiqdən yanaşaraq Prezident İlham Əliyev nitqinin ikinci istiqaməti üzrə məsələlərin dərin təhlilinə həsr edilmiş hissəsində Azərbaycanın dini azadlıq, mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm  sahəsində  ciddi uğurlara imza atdığını təkzibedilməz faktlar və arqumentlərlə əsaslandırdı. Dövlət başçısı qeyd etdi ki, bizdə dini azadlıq vardır. Bu da ölkəmizin ən böyük varlığıdır. Biz çoxmillətli və çox dinlərin olduğu cəmiyyətik. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələri Azərbaycanda sülh şəraitində layiqli həyat sürüblər. Multikulturalizm dəyərləri sədrliyimiz zamanı diqqət yetirəcəyimiz prioritetlərdən biri olacaqdır. Cənab Prezident sivilizasiyalararası dialoq sahəsinə ölkəmizin böyük töhfələr  verdiyinə və bu sferada geniş təcrübəyə malik olduğuna diqqəti cəlb edərək Azərbaycanın  2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı olduğunu  da sessiya təmsilçilərinin nəzərinə çatdırmışdır.  Fikrini davam etdirən Azərbaycanın dövlət başçısı  xüsusi olaraq vurğulamışdır ki, biz həmin tədbirə İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət nazirlərini dəvət etdik. Bu, tarixdə ilk dəfə idi ki, iki mühüm beynəlxalq təşkilatın nümayəndələri Bakıya toplaşmışdılar. Növbəti il, 2009-cu ildə əksinə etdik: biz Avropa Şurasının mədəniyyət nazirlərini İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən tədbirinə dəvət etdik. Bir sözlə, multikulturalizm üstünlüklərdən, böyük varlıqlardan biridir. Sədrliyimiz zamanı biz bu məsələyə birmənalı olaraq diqqət yetirəcəyik. Çünki bunun üçün böyük ehtiyac vardır. Əfsuslar ki, dünyanın müxtəlif yerlərində, qonşu bölgələrdə, Orta Şərqdə və Avropada müəyyən narahatlıq yaradan meyillərin şahidi oluruq. Təcridolunma, ayırma və bəzən ədavət meyillərini görürük. Biz bu məsələləri həll etməliyik. Çünki dünyaya töhfə vermək, daha yaxşı dünyanı, hamı üçün müvafiq olan dünyanı qurmaq üçün yaşayırıq. İstəyirik ki, bütün xalqların, dinlərin nümayəndələri yaşayış tərzindən asılı olmayaraq, layiqli şəraitdə dinc həyat sürsünlər. Dini hisslərə əsaslanan gərginlik halları bütün ölkələr, o cümlədən çoxmillətli cəmiyyəti olan ölkələr üçün çox təhlükəlidir.

Prezident İlham Əliyev AŞPA Nazirlər Komitəsinə sədrlik dövründə Azərbaycanın prioritet elan etdiyi sahələr sırasında korrupsiyaya qarşı mübarizə məsələsinin xüsusi aktuallıq kəsb etdiyini vurğulamışdır. Bu da təsadüfi deyildir. Əslində, bu, bir həqiqətdir ki, korrupsiya bütün postsovet ölkələri üçün təhlükə mənbəyi miras qalmışdır. Bu problemin aradan qaldırılması mənafeyinə xidmət edəcək addmların atılmasının vacibliyinə diqqəti çəkən Prezident İlham Əliyev ölkəmizin  bu yönümdə  malik olduğu təcrübə ilə sessiya iştirakçılarını tanış etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlər görürük, o cümlədən inzibati və təsisat islahatlarını həyata keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri bu yaxınlarda dövlət xidmətləri proqramının qəbul edilməsi oldu. O, il yarımdır ki, icra edilir və artıq iki milyona yaxın insan bu dövlət xidmətləri mərkəzlərinə müraciət edib və lazımi sənədləri alıb. Bu, Azərbaycanda korrupsiyanın azaldılmasına böyük təsir göstərdi. Hesab edirəm ki, bu təcrübə üzv dövlətlər üçün də maraqlı ola bilər.

Prezident İlham Əliyev quruma sədrlik edəcəyimiz dövrdə prioritet elan edilən sahələr sırasında gənclər və təhsil sahəsininin də yer alacağını qeyd etmişdir. Dövlət başçısı vurğulamışdır ki, cəmiyyətimiz gəncdir, çox dinamikdir və yaxşı təhsilə malikdir. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Aydın şəkildə anlayırıq ki, yalnız yaxşı təhsil səviyyəsinə malik olan cəmiyyət uğurlu inkişafın qarantıdır. Bu, radikalizm və fundamentalizmə qarşı qarantiya ola bilər. Bu səbəbdən, təhsil hökumətimiz üçün ən yüksək prioritetlərdən biridir. Son on ildə Azərbaycanda üç yüzdən artıq yeni məktəb binası tikilmişdir. Təhsilin keyfiyyəti də yaxşılaşır. Eyni zamanda, biz dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq proqramlarını həyata keçiririk. Gənc tələbələrimizi iqtisadi potensialımıza uyğun intellektual potensiala da malik olmaları üçün təhsil məqsədilə xaricə göndəririk. Bu, sədrliyimiz zamanı diqqət yetirəcəyimiz əsas prioritetlər olacaqdır.

Bu, bir həqiqətdir ki, müasir beynəlxalq koordinatlar sistemində etimad böhranı mövcuddur. Beynəlxalq birliyin subyektləri arasında ikitərəfli və çoxtərəfli formatda özünü göstərən bu mənfi tendensiyanın formalaşmasını şərtləndirən amillər sırasında bədnam “ikili standartlar” həlledici mövqeyə malikdir. Ərazisinin 20 faizi Ermənistanın işğalı altında olan Azərbaycan bu  əcaib standartlardan ən çox əziyyət çəkən dövlətlərdən biridir. Elə bu məntiqdən çıxış edərək Azərbaycanın AŞPA Nazirlər Komitəsinə sədrliyi dövründə prioritet elan etdiyi istiqamətlər sırasında beynəlxalq siyasətdə hökm sürən “ikili standartalar”  siyasətindən imtina xəttinın əlahiddə olaraq üstünlük təşkil edəcəyi proqnozlaşdırılan məsələ idi. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev öz nitqində bu məsələyə xüsusi diqqət ayıraraq qeyd etmişdir ki, sədrliyimiz dövründə birmənalı şəkildə qaldıracağımız məsələlərdən biri eyni regionda olan ölkələrə tətbiq edilən yanaşmada fərqlərin aradan qaldırılmasına aid olacaqdır. Buna görə, “ikili standartlar” yanaşmasından imtina, fikrimcə, sədrliyimiz dövründə assambleyada bacardığımız təqdirdə, böyük töhfə ola bilərdi.

Prezident İlham Əliyev yuxarıda qeyd olunan “ikili standartlar” kontekstində aktuallaşan digər mühüm prioritet məsələyə də diqqəti cəlb etmişdir. Bu, beynəlxalq təşkilatların qətnamə və qərarlarının yerinə yetirilməsinin vacibliyi ilə bağlı məsələdir.  Bu sahədəki ikili yanaşmalara toxunan dövlət başçısı bildirmişdir ki, konkret olaraq Ermənistan ilə Azərbaycan arasında münaqişəyə dair BMT-nin Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT-in qəbul etdiyi bir sıra mühüm qərar və qətnamələrdən heç biri icra olunmamışdır. Nüfuzlu beynəlxalq təsisatlar tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi mexanizmlərinin yaradılmasının vacibliyinə diqqəti cəlb edən Prezident İlham Əliyev  xəbərdarlıq etmişdir ki, belə mexanizmlər olmadığı təqdirdə  qəbul edilmiş qətnamələr öz mahiyyətini itirir.

Prezident İlham Əliyevin nitqinin şərti olaraq adlandırdığımız üçüncü qrup üzrə məsələlərin təhlilinə həsr olunmuş hissəsində Azərbaycanın malik olduğu böyük iqtisadi imkan və potensilalın təqdimatı və təbliği ilə paralel olaraq üzləşdiyi ən mürəkkəb problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərı əsasında ədalətli həlli məsələsi prioritet istiqamət kimi irəli sürülmüşdür. Azərbaycan dövlətinin rəhbəri AŞPA tribunasından Ermənistanın işğalçılıq siyasətinin bütün “anatomiyası”nı açıb göstərən, onu ifşa edən, eyni zamanda, münaqişənin həlli prosesində beynəlxalq birliyin selektiv yanaşma tərzini tənqid edən nitqində bir sıra mühüm əhəmiyyətli tezislər irəli sürmüşdür:

– Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. “Qarabağ” sözünün özü Azərbaycan mənşəlidir. Bu sahədə bütün coğrafi toponimlər Azərbaycana məxsusdur.

– Beynəlxalq hüquq normaları baxımından Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Heç bir ölkə, o cümlədən Ermənistan qeyri-qanuni Dağlıq Qarabağ rejimini müstəqil qurum kimi tanimamışdır.

– Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Təəssüf ki, bu qətnamələr icra edilməmişdir. Bu, bir daha “ikili standart” siyasətini göstərir. Çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bizə gəldikdə isə bu, iyirmi ildən çox çəkir. Mexanizm isə yoxdur.

– ATƏT-in Minsk qrupu və həmsədrləri, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri – Birləşmiş Ştatlar, Rusiya və Fransa – onların prezidentləri dəfələrlə aydın bəyan ediblər ki, status-kvo qəbuledilməzdir. Bu, o deməkdir ki, Ermənistan işğal edilmiş ərazilərdən öz işğalçı qüvvələrini çıxarmağa başlamalıdır. Lakin onlar beynəlxalq hüquqa sadəcə məhəl qoymur. Onlar dünyanın aparıcı dövlətlərinin bəyanatına məhəl qoymurlar. Onlar Avropa Şurası Parlament Assambleyasının 2005-ci ildə qəbul etdiyi qətnaməsinə məhəl qoymurlar. Müvafiq qətnamələr Avropa Parlamenti tərəfindən də qəbul edilib. ATƏT-in qərarları vardır. Bütün bu qərarlarda işğala son qoyulması, erməni işğalçı qüvvələrin zəbt edilmiş ərazilərdən çıxması tələb olunur.

– Ermənistanın əvvəlki prezidenti burada, demokratiya sarayında çıxış edərkən bildirmişdir ki, ermənilər ilə azərbaycanlılar arasında milli uyğunsuzluq vardır. Onun davamçısı, Ermənistanın indiki rəhbəri münaqişəyə dini don geyindirir. Bu, tamamilə qəbuledilməz yanaşmadır. Ondan başlayaq ki, azərbaycanlıların heç bir digər millətlə uyğunsuzluğu yoxdur. Bəlkə, ermənilərdə bu meyar vardır. Özü də tək bizimlə deyildir. Bu gün həmin ölkə monoetnikdir. Ermənistan əhalisinin 99,9 faizi ermənilərdən ibarətdir. Bütün azlıqlar, o cümlədən azərbaycanlılar qovulublar. Bu səbəbdən, belə irqçi yanaşma danışıqlarda üstünlük təşkil edə bilməz. Biz bu məsələni həll etməliyik, ədaləti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməliyik. — Rusiya imperiyasının dağılması nəticəsində 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikasının ən birinci fərmanlarından biri İrəvanın paytaxt kimi Ermənistan dövlətinə verilməsi idi. Bir sözlə, onların artıq öz dövləti vardır. Onlar bununla neçə erməni dövlətinə nail olmaq istəyirlər? Onlar yaşadıqları hər bir yerdə öz dövlətini yaratmaq istəyirlər? Nəyə görə Azərbaycanda bu gün belə dövlət olmalıdır? Buna görə, öz müqəddəratını təyinetmə ərazi bütövlüyünü pozmalı deyildir. Münaqişə hamımızın, o cümlədən Ermənistanın tam məhvinə və fəlakətə aparan bugünkü hökumətindən əziyyət çəkən erməni xalqının xeyri üçün mümkün qədər tez həll olunmalıdır.

Çıxışının sonunda Prezident İlham Əliyev  işğalçı dövlətə sərt ismarıcını da ünvanladı: hər kəs, o cümlədən ermənilər anlamalıdır ki, bu proses daim davam edə bilməz. Gec ya tez nə isə baş verə bilər. Buna görə, Ermənistan rəhbərliyi digər ölkənin ərazisinin XXI əsrdə zəbt edilməsinin qəbuledilməz olduğunu nə qədər tez anlasa, bir o qədər onlar üçün yaxşı olar.

Heç şübhəsiz, Azərbaycanın dünyada analoqu olmayan iqtisadi inkişaf sürəti, güclü ordusu, demoqrafik üstünlükləri, demokratik islahatlara sadiqliyi, Ermənistandan fərqli olaraq, ölkəmizdə siyasi sabitliyin hökm sürməsi və ən başlıcası isə xalqın öz Prezidentinə intəhasız məhəbbbəti işğalçı dövlətin  mövqelərini sarsıdan amillərdir. Bu reallıqları nəzərə alaraq Ermənistan rəhbərliyi praqmatik siyasət yeridərsə, bu halda baş verməsi istisna olmayan müharibədən və onun fəlakətli nəticələrindən sığortalanar, əks təqdirdə isə bu işğalçı dövlətin labüd iflası prosesinin katalizatoru ola bilər.

Prezident İlham Əliyevin  tarixi Strasburq nitqinin ardınca prosedur qaydalarına müvafiq olaraq ona ünvanlanmış müxtəlif suallara verdiyi  mükəmməl cavablar  təkcə məlum auditoriya daxilində deyil, onun hüdudlarından çox-çox uzaqlarda da geniş rezonansa səbəb olmuş, dövlət başçısının  siyasi erudisiya və intellektinə  dərin hörmət və etimad hissi doğurmuşdur. Suallar, əsasən, 6 istiqamət üzrə məsələləri əhatə etmişdir:

a) Ölkəmizdə insan haqlarının müdafiəsi sahəsindəki cari vəziyyət və bu istiqamətdə həyata keçirilən islahatlar;

b) Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı durumu və onun perspektivləri;

c) korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş tədbirlər;

d) Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi;

e) gender bərabərliyi ilə bağlı vəziyyət;

f) GUAM-ın fəaliyyətinin qiymətləndirilməsi.

Xüsusilə birinci istiqamət üzrə verilən suallarda  məsələyə qərəzli, qeyri-obyektiv və təxribatçı yanaşmalar  üstünlük təşkil etmişdir. Prezident İlham Əliyev qoyuluşunda həqiqətin büsbütün təhrif olunduğu  bu suallara cavabında obyektiv olduğu qədər də sərt və qətiyyətli mövqe ortaya qoymuşdur. Dövlət başçısı yalnız təkzibedilməz faktlara və arqumentlərə, iti fəhmə və güclü məntiqə, analitik düşüncə qabiliyyətinə və fitrətən istedadına güvənərək yalan və iftiranı öz fəliyyətlərinin əsas təsiretmə rıçaqına çevirmiş və daha böyük qüvvələrin əlində  bir alət rolunu oynayan  “psevdosiyasətçilər”i “tərksilah”a nail olmuşdur.

Prezident İlham Əliyevin obyektivliyin və ədalətin antipodu olan qatı siyasi əleyhdarlarına xitabən söylədiyi “İnsan haqları, qanunun aliliyi və demokratik islahatlarla bağlı vəziyyət bizim üçün prioritetdir”, “Azərbaycanda siyasi məhbuslar yoxdur və ölkəmiz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin üzvüdür. Məhbuslarla əlaqəli bütün məsələlər öz həllini orada tapa bilər və biz İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmət edirik”, “Bizdə mətbuat azadlığı, azad internet vardır. Bizdə azad internet varsa, senzura yoxdursa və internet istifadəçilərinin sayı 70 faizə çatıbsa, biz mətbuatın azadlığını necə məhdudlaşdıra bilərik?”,  “Sonuncu dəfə keçirilən prezident seçkilərindən əvvəl və sonra müxalifətin mitinqləri oldu, onlara qarşı heç bir məhdudiyyət tətbiq olunmadı və bu gün kimsə mitinq keçirmək fikrinə düşərsə, müvafiq qaydada bildiriş verməklə 3 gün ərzində Azərbaycanın mərkəzində onlara mitinq keçirmək üçün yer ayrılacaqdır. Digər məsələ isə ondan ibarətdir ki, seçkilərdən sonra müxalifətin təşkil etdiyi sonuncu mitinqdə yalnız 840 nəfər iştirak etdi. Prezident seçkilərindən razı qalmayan 840 adam olub. Lakin Azərbaycanda müxalifətin zəif olması faktı bizim hansısa zərərli fəaliyyətlə məşğul olmağımız anlamına gəlmir. İqtisadiyyat və sosial inkişafla bağlı bildirdiklərimə məhəl qoyulmaya bilməz. Azərbaycana gələn və inkişafı görən hər bir kəs başa düşə bilər ki, belə böyük iqtisadi artım cəmiyyətimiz tərəfindən qəbul edilməyə bilməz. Ona görə də insanlar bizim etdiklərimizi, bizim hökumətimizi dəstəkləyir” kimi həqiqətə ayna tutan fikir və mühakimələr  qarşı tərəfdə təlaş, çaşqınlıq, acizlik və “siyasi  depressiya” effekti doğurdu.

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun qeyd etdiyi kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün əvvəl Strasburqda, Avropa Şurası Parlament Assambleyasının sessiyasında iştirakı və nitqi bir daha təsdiq etdi ki, Azərbaycanın daxili və xarici siyasətinə təsir etmək, onu idarə etmək cəhdləri səmərəsizdir və heç bir nəticə verməyəcəkdir. Cənab Əli Həsənov fikrini davam etdirərək vurğulamışdır ki, Azərbaycan Prezidenti qlobal düşüncə tərzi, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı və qətiyyəti ilə bir daha bu qüvvələrə göstərdi ki, Azərbaycan istənilən təzyiq və təhdid cəhdinə layiqli cavab vermək iqtidarındadır.

Sonda daha bir məsələ üzərində xüsusi olaraq dayanmağa lüzum görürük. Prezident İlham Əliyevin AŞPA-nın yay sessiyasındakı möhtəşəm və tarixi nitqi bir daha göstərdi ki, Azərbaycanın dinamik inkişafı və yüksəlişini təqdir edən qüvvələr olduğu kimi, bu tərəqqidən narahat olan, ölkəmizdəki siyasi sabitliyi heç bir vəchlə həzm edə bilməyən, xalqla hakimiyyətin həmrəyliyindən təlaş keçirən elə bu səbəbdən də “yuxusuna haram qatılan” qatı əleyhdarlarımız da mövcuddur. Onlar hər zaman səfərbər olmağa və bu inkişafın qarşısına  sədd çəkməyə hazırdırlar. Bu vəziyyətin təhlili  2 vacib nəticə çıxarmağa əsas verir:

— Bütün sahələrdə qazandığımız  uğurlara baxmayaraq, heç bir halda arxayınlaşmaq olmaz. Əleyhdarlarımız və düşmənlərimiz ayıqdir və ölkəmizə münasibətdə “Axilles dabanı” axtarışındadırlar.

— Dövlət iki halda beynəlxalq güclərin təzyiq obyektinə çevrilir. Birinci hal dövlət zəif olanda baş verir. Həmin dövlətin ilk növbədə ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan anoloji vəziyyəti yaşamışdır. İkinci hal isə, nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda labüdləşir. Azərbaycan bütün parametrlərə görə regional gücə — liderə çevrilmişdir. Deməli, bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlaltısına çevrilmiş daxili qaragüruhçu seqmentin naqis planlarını alt-üst etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq.

Ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların,  müasirləşmənin, ugurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı  olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik.

 

Elman NƏSİROV,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru,

Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr komissiyasının katibi,

siyasi elmlər doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında